Sayfalar

30 Temmuz 2018 Pazartesi

Mücərrəd dünyanın inciləri - Vəfa


         

   Bizim bir andımız var Yaradana...
Borcumuz var, vəfa borcu...
İlk öncə Yaradana sonra bütün yaradılmışlara...

   Bizi dünya adlı bir aləmlə tanış edən, dil bilməz, yol bilməz bir körpə ikən doğru yolu göstərib murad-ı mənzilə yetirən valideynlərimizə heç bitməyən sevgimizdir, yaşlanıb qulağı, gözü, könlü övladının yoluna dikilən zaman sayqıda və qayğıda etmədiyimiz qüsurdur vəfa...

   Bəlkə heç bir zaman dilimizə gətirməsək belə baxan hər kəsin sevdiyimizə qarşı baxışlarımızdan axan eşqi,  qəlbimizdən dilimizə nüfuz etmiş duyğu selinin kəlimələrimizin arasına ilişib qalmış qırıntılarını və hər şeydən önəmlisi bir ömür bitməyən qədirşinaslığımızı görməsidir vəfa...

   Övladımızı Rəbbin istədiyi ölçüdə yetişdirib, yalanlardan uzaq doğru insan olmağı, nifrətdən arınmış sevgi ilə dolmağı, hər kəsin düşüncəsinə, baxışına sayqı ilə yanaşmağı, lazım gəldiyində haqq üçün, ədalət üçün cəsurca savaşmağı öyrədə bilməkdir vəfa...

   Vəfa dosta etibarlı bir liman, qaranlığına işıq, dərdinə dərman olmaqdır və bir günəş olmaqdır - qışında buzlarını əridəcək,  bağçasında çiçəklərini isidəcək, ən ayazlı bir günündə qəlbində ilıq bahar mehi əsdirəcək...

   Küçələrdə ac-yalavac dolaşan  itə, pişiyə,  göydə süzən quşa, otların arasında gizlənmiş çiçəyə, ləçəklərin arasında dolaşan böcəyə, bir zamanlar istidən nəfəsi kəsilmiş, dincəlmək istəyən hər bir kəsə comərdliklə qol-budaq gərib kölgəlik edən, indi qurumuş, bir kənarda qol-budaqsız boynunu bükmüş bir kötüyə, tərk edilmiş, divarları yaşanmışlıq qoxan yarı uçuq bir evə, qısacası, Rəbbin yaratdığı hər canlıya, hətta cansıza belə mərhəmət və şəfqətlə yanaşmaqdır vəfa...

   Gül üzlü Güllər Sultanının abd, əmin, rəhim, sadiq, həbib sifətlərinin nurunda aydınlanaraq onun Kövsərindən doya-doya içən, şəfaətindən nəsibdar olan, "ümmətim" dediyi qismətlilər ordusu arasında olmağa çalışmaqdır vəfa.

   Bir də Yaradana andımız var demişdik... Qalu-bəlada "Mən sizin Rəbbiniz deyiləmmi?" soruşduğunda cismən, ruhən, nəfsən onu təsdiq edib bağladığımız əhd-peyman, "Əmr-i bil-maruf nehy-i anil-münkər" əmrinə dediyimiz "ləbbeyk" və də bir ömür O'nun yoluna sadiqliyimizdir vəfa...

Mücərrəd dünyanın digər incilərinə baxmaq istəyirsinizmi?

1. Sevgi
2. Ümid



23 Temmuz 2018 Pazartesi

Annemi bir kez daha görebilsem - Zana Muhsen



"Bütün qərarlarını başqa insanların verməsinə, edəcək seçiminin olmamasına alışıq isən, azadlıq qorxunc bir şey ola bilər."

Xəbərdarlıq: Yazı başdan sona spoiler tərkiblidir :)

   Çox həyəcanlı idi... Həyatında ilk dəfə təyyarəyə minəcək, ilk dəfə uzaq bir ölkəyə səfər edəcəkdi... Ingiltərədə yaşadığı 16 illik həyatında ilk dəfə atasının çox tərifləyib, dəfələrlə gözəlliklərindən danışdığı vətəninə gedib gəzəcək, qohum-əqrabaları ilə tanış olacaqdı... Üstəlik çox sevdiyi bacısı Nadia da arxadan gələcək bərabərcə ekzotik bir ərəb ölkəsi olan Yəməndə maraqlı tətil  keçirəcəkdilər...
   Bu səfərə əylənmək ümidi və xoş xəyallarla çıxan Zana daha Yəmənə çatar-çatmaz təbiətini, havasını bəyənmədiyi, dilini bilmədiyi insanların arasında özünü qəribə hiss etdiyi, qızmar çöllərin ardında, çılpaq qayaların üzərindəki, dar, işıqsız, susuz, şəraitsiz evləri görmək şokundan ayılmamış, atası tərəfindən satılıb özündən də balaca 13 yaşlı bir uşaqla evləndirildiyi və ömürlük burada qalacağı kimi acı və dəhşətli xəbərlə sarsılır. Üstəlik bir neçə gün sonra eyni saf xəyallarla buraya gələcək 15 yaşlı bacısı Nadianı da eyni aqibətin gözləməsi düşüncəsi Zananı məhv edir...
   Beləliklə, 1980-ci ildə bir tətil sevdası ilə çıxdıqları yolda hər iki bacının ağır həyatı başlayır. Kilometrlərlə uzaqdan su daşımaq, əkin-biçin, heç bitməyən ev işləri, nəfəs alacaqları, bir az olsun günlük qayğılardan sıyrılacaqları bir an, bir gün belə yoxdur. Bütünlükdə evin kişilərindən asılı vəziyyətdə olmaq, heç bir haqlarının olmaması, sadəcə onlara əmr olunduğu kimi yaşamaq iztirablı həyatlarından sadəcə bir neçə fraqmentdir. Üstəlik xəstə olduqlarında onları müayinə edəcək bir həkimin belə olmadığı, körpələrini evdə, heç bir müdaxilə olmadan özlərinin dünyaya gətirməsi insanı oxuduqca dəhşətə gətirir.
   Bütün bunlara alışmaq o qədər də asan olmur ki, Zana da Yəməndə yaşadığı 8 il müddətində bir an olsun bu həyatla barışmır, hər gün, hər an burdan qurtulub vətəninə dönəcəyi günün xəyalını qurur. Və sadəcə bunlarla da kifayətlənmir. Əlindən gəldiyi qədər çırpınır, bacısını və özünü qurtarmaq üçün hər cür təhlükəyə atılır. 
   
   Nəhayət, əziyyətləri bəhrə verir. Anası onların halından xəbərdar olur. Onları xilas etmək üçün məsul şəxslərə, müxtəlif vəzifəli insanlara müraciət edib, kömək istəyir. Bir çox addımlar atılıb, irəliləyişlər əldə edilsə də Zana və bacısı ikili vətandaş olduqları üçün onları Ingiltərəyə geri qaytarmaq mümkün olmur.

   Bundan sonra ana medyanın gücünə əl atıb məsələni ictimailəşdirir.  Qısacası, bütün bu çətinliklərin sonunda Zana Ingiltərəyə qayıtmağa müvəffəq olur. Bacısı Nadianı isə Yəməndən  çıxarmaq mümkün olmur.
   Bütün bu oxuduqlarının yazıçı təxəyyülü deyil, yaşanmış gerçək bir həyat hekayəsi olduğunu bilmək isə bambaşqa nota kökləyir insanı.
   Əsər məndə ziddiyyətli duyğular oyatdı.Kitabdakı hadisələrə, köləliyə, geridə qalmışlığa,  haqsızlığa qarşı əlbəttə ki, hər bir oxucunun qəlbində böyük bir nifrət və qəzəb yaranır. Hətta bir çox yeri göz yaşları içərisində, ürək ağrısıyla oxudum. Bunun izahı, müdafiə ediləcək heç bir tərəfi yoxdur.
   Lakin nədənsə, sanki İslamın qaralanıb, bütün bu haqsızlıqların və vəhşiliklərin mənbəyi kimi göstərildiyi hissinə də qapıldım ki, bu da mənə təbii olaraq xoş çatmadı.
   Bunu niyə dünya bir dəfəlik dərk etmir ki, zalımlıq, zorbalıq, haqsızlıq, köləlik, qəti şəkildə İslamla, müsəlmanlıqla əlaqəsi olmayan, əksinə, müqəddəs kitabımız və Peyğəmbərimizin(s.ə.s) hədislərində hər zaman pislənən məziyyətlərdir.
   Geridə qalmışlığın, cəhalətin İslamla bir bağı yoxdur. Amerikanın, Afrikanın, Uzaq Asiyanın bir çox ölkələrində də biz bu tip zorbalığı, cəhaləti rahatlıqla görə bilirik.

   Bir də ürək ağrıdan məqamlardan biri -  Ingiltərədə rahat bir mühitdə böyüyən Zana Yəmənin dağ kəndlərindəki şəraitsizliyə, ağır həyat şərtlərinə dözə bilmir. Bir an öncə burdan canını qurtarıb qaçmaq istəyir. Bu onun haqqıdır. Səhv anlaşılmasın. Heç kim istəmədiyi həyatı yaşamaq məcburiyyətində deyil. Lakin o şəraitdə dünyaya gəlib, ömrünün sonuna qədər o cür yaşayan ərəb qadınlarının heçmi haqları yoxdur? Onların sırf ərəb olub, o regionda yaşadıqları üçün bütün həyatlarını o ağır şəraitdə keçirmək məcburiyyətində olmaları insanı düşündürür.
   Kitab Zananın özü tərəfindən bəlkə bacısını qurtarmağa köməyi olar məqsədilə yazılıb və Avropada xeyli səs-küyə səbəb olub. Bir çox dilə tərcümə olunaraq böyük oxucu kütləsi toplayıb. Əminəm kitabı oxuyan hər bir kəs Zana və bacısı Nadianın başına gələnlərə təəssüflənir, onların qurtuluşunu ürəkdən arzulayır. Bəs görəsən arxa plandakı, qara çarşaflı və o çağdaş köləlik zənciri altında qalan yerli qadınların halını düşünən oldumu? Ölkələrinin yoxsulluğunda və geridə qalmışlığında o qadınların heç bir günahının olmadığını avropalılar düşündümü heç... İnanmıram...
   Bir də əsərdə hiss və duyğulara çox az yer verilib, əsas olaraq hadisələr dilə gətirilsə də yaşananlar məni doğurdan da çox sarsıtdı, kitabı əlimdən yerə qoya bilmirdim. Nə ilə nəticələnəcəyini böyük maraqla gözləyirdim. Amma bununla yanaşı, bəzi məqamlar düşüncə dünyama taxılıb qaldı. Məsələn, Zananın anasının qızlarını qurtarmaq üçün əlindən gələni etməsi, hər cür yola baş vurması çox təqdirəlayiqdir. Lakin Zananın hələ 3 və 4 yaşlarında ikən Yəmənə, nənə-babasını görmək üçün göndərilən və sonradan bir daha gəlməyəcəkləri, ataları tərəfindən bir dəfəlik göndərildikləri öyrənilən bacısı Leilah və qardaşı Ahmedin qaytarılması üçün niyə ana eyni canfəşanlığı göstərmir. Körpə yaşlarından ailəsindən, yaşadığı mühitdən, ən əsası, ata-anasından ayrı düşən uşaqların sonradan necə ağır bir uşaqlıq yaşadıqlarını biz Zananın sayəsində öyrənirik. Belə bir müsibəti bir dəfə yaşamış ana hansı ürəklə iki qızını Yəmənə tətilə göndərməyə razı olur.
   Bir də Zananın öz azadlığı üçün oğlu Marcusu Yəməndə qoyub getməsi... Onun qarşısına iki seçim qoyulur. Ya övladı ilə Yəməndə qalacaq, ya da oğlunu qoyub gedəcək. Azadlığı üçün illərlə çırpınan bir ana üçün çox ağır seçimdir bilirəm, ancaq övladını qoyub getməsinə heç cür bəraət qazandıra bilmədim qəlbimdə nə yalan deyim. Mən olsam necə hərəkət edərdim heç bir fikrim yoxdur. Lakin məndən başqa heç kimdə qalmayan, bütün günü ətəyimdən yapışıb məni gözdən qoymayan balamı başqasının qucağına buraxıb getməyə də qəlbim dayana bilməzdi yəqin ki...
   Nə bilim anladacaq hələ çooox şey var... Amma bitməz ki...
   Bu arada Zana ölkəsinə döndükdən sonra Ahmed və Leilah  da Ingiltərəyə dönməyə nail olurlar. Nadia sonradan dönə bildimi, başına nələr gəldi  deyə axtardım İnternetdə. Fərqli məlumatlar var. Nadianın 6 uşağının olduğunu və Zanadan fərqli olaraq uşaqlarından ayrılmaq istəmədiyi üçün Yəməndə qalmağa davam etdiyini də oxudum. 2003-də həyat yoldaşı və uşaqlarla birlikdə Ingiltərəyə gəlib orda yaşamağa başladıqlarını hətta Zananın oğlu Marcusu  gətirdiklərini də oxudum. Hansı doğrudur bilmirəm.
   Tək bildiyim Zana Muhsenin " Nadyaya söz verdim" adlı ikinci kitabının da çapdan çıxmasıdır. O kitabı da tapıb oxuya bilsəydim çox sevinərdim. Qismət...

16 Temmuz 2018 Pazartesi

Mim - Kitablar qəlbimdən vurur



   Salam olsun hər bir kəsə. Ümid edirəm ki, hamınız bu nəfəs kəsən yayın istilərinə baxmayaraq, yaxşısınız. 

   Tətilə çıxa bildinizmi? Ahhh, biz ara bir rayona get-gəl eləsək də hələ ki şəhərdəyik :( 
  Bir mim yazısı görmüşdüm qardaş bloqqerlərin səhifəsində - kitab və də oxumaqla əlaqəli.  Oxumağa aşiq biri olaraq laqeyd qala bilərdimmi bu mimə?! Elə isə başlayaq. 

   Mimi başladan Hayat kitapla güzel bloqunun sahibəsi gözəl bloqdaşımıza burdan qocaman təşəkkür edib, onun yazısını da oxumaq istəyərsiniz bəlkə deyib bura qoyuram.

1. Oxumağı sizə sevdirən nə oldu?

   Oxumağı mən nənəmin sayəsində sevmişəm.  5 yaşından üzdən oxumağı çözüb, evdəki əlinə keçən hər cür kitabı vərəqlədiyimi görən nənəm işlədiyi bağçaya uşaq qoyan bir kitabxanaçıdan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. 3-3 gətirilən kitabları qısa müddətdə böyük həvəslə bitirib, yeni kitabların yolunu gözləyirdim. Hələ məktəbə belə başlamadan kitabxanadan  kitab götürüb oxuya bilmək hər kəsə nəsib olmur məncə. Bunun üçün rəhmətlik nənəmə çox şey borcluyam.

   2. Heç hər hansı bir kitabı səhifələrini çevirərək biri ilə oxudunuzmu?

   Oxudum. Uşaq vaxtı yadıma gəlir ki, bir dəfə nağıl kitabı oxuyurdum. Nənəm dedi "yüksək səslə oxu mən də qulaq asım". Nənəm nağılı necə bəyəndisə bir müddət bütün nağılları yüksək səslə oxuyası oldum 😊 Sonrakı dövrlərdə də övladlarımla bir çox kitabları bərabər oxuduq.

3. Səyahətə gedərkən yanınızda nə qədər kitab götürürsünüz?

   Yola çıxarkən çox yaxın bir yerə belə getsəm mütləq çantamda 1 kitab olur. Avtobusda gedərkən və ya hər hansı bir yerdə gözləmək məcburiyyətim olanda kitab sayəsində zamanı sürətləndirmiş oluram. Əgər bir neçə gün qalacağım yerə getsəm az qala oxumağı planladığım bütün kitablarımı götürməkdən özümü güclə saxlayıram, hətta bəzən götürürəm də. Sanki səyahətdə sehirli gücü tapıb qısa müddətdə hamısını oxuyub qurtaracaqmış kimi😊

4. Əsla oxumaram dediyiniz kateqoriya hansıdır?

   Yəqin ki, sarı ədəbiyyat nümunələrindən hər hansı birini əsla oxumaq istəmərəm. Qalan hər növ kitaba qapım açıqdır

5. Kitablarınızı rənglərinə görə, yoxsa əlifba sırası ilə düzürsünüz?

   Doğrusu qalınlığına və ölçüsünə görə Əvvəl iri və qalın kitablar, ardınca sırasıyla qalın və böyükdən nazik və balacaya. Kitab rəfinin dağınıq olması ürəyimi ağrıdan məsələlərdəndir.

6. Yanınızda hər hansı bir heyvanla birlikdə kitab oxumaq istəyərsinizmi?

   Xeyr desəm. Açığı, heç insan da istəmirəm yanımda kitab oxuyarkən. Tək oturub oxuyacam ki, ordakı aləmə daxil ola bilim. Amma sağ olsun "Balaca"(pişiyimiz) Nə vaxt ki, həyətdə oturub oxumaq istəsəm ayaqlarımın arasında var-gəl edir. Konsantrasiya falan saxlamır məndə😊

7. Bookstagram olarak kendi özgün stilinizi oluşturduğunuzu düşünüyor musunuz?

   O nədir?🤔 Zarafat bir yana bookstagramın nə olduğunu hələ indi-indi anlamağa başlamışam. Stil falan bilmərəm mən. Arada kitab, arada da  telefonumun ekranına yansımış və bəyəndiyim fotoları paylaşıram, o qədər.

   Vəə bir mim yazısının da sonuna gəldik. Bəyənəcəyinizi ümid edərək sağollaşıram hər birinizlə.

9 Temmuz 2018 Pazartesi

Bir yumak mutluluk - Dabbie Macomber



   "Doğduğumuz andan itibaren hepimize birer yumak iplik veriliyor; bundan mutluluğun desenlerini örmek ise bizim elimizde..."
 
   Qadın dediyin elə bir məxluqdur ki, zərif çiyinlərində dünyanın yükünü daşıyar, qəlbi bəzən sıxıntılardan dayanacaq kimi olar, düşüncələri min cür qayğı məskəni, xəyallarında min cür gələcək əndişəsi...

   Susar, atar içinə bütün mənfilikləri... Çünki ya övladı vardır arxa-dayaq olması gərəkən, ya yoldaşı vardır ondan güc olan, ya ata-anası vardır gözünü ona dikmiş... Qadın hər dəm ayaqda olmalıdır... Güclü, sarsılmaz, möhkəm dayanmalıdır... Dünya öz tarazlığını itirər yoxsa...

   Qadınların həyatın hər sahəsində, yaşının hər dövründə yenə, yenidən başlaya bilmə bacarığından bəhs edən romanlardandır "Bir yumak mutluluk".(Əsəri türkcə oxuduğum üçün adını da olduğu kimi yazdım.)

   Anladığım qədəriylə kitab oxucular tərəfindən təqdir görmüş "Küçük  Muciziler Dükkanı" adlı bir kitabın davamı kimi yazılıb.

   Qadınların özünə inam qazanıb, necə deyərlər, dişi ilə, dırnağı ilə bir yerlərə gələ bilmə hekayəsindən danışan əsərləri hədsiz sevirəm. Bir ruh yüksəkliyi, qadın olma qüruru, ana olmaq sevinci kimi xoş bir haləti-ruhiyyə içərisinə girirəm:)

   "Bir yumak mutluluk" adı qızıl hərflərlə yaddaşıma yazılan kitablardan oldu.
Kitabda xərçəng xəstəliyi ilə uzun illər mübarizə aparıb qalıb gəlmiş və həyata tutunmaq üçün özünə bir dükan açmış Lydia Hoffman elə həmin dükanda corab toxuma kursu başladır.  Kursa gələn bir neçə qadının hər birisi həyatdan fərqli zərbələr almışlar.

   Elise Beaumont kitabxanaçılıqdan pensiyaya ayrıldıqdan sonra illərlə yığdığı pulla şəhərdən kənarda kiçik bağçalı bir evdə təkbaşına rahat yaşaya bilmək üçün bir ərazi alır. Lakin ərazini satan adam fırıldaqçı çıxır. Pulları batan, aylarla məhkəmələrdə sürünən, müvəqqəti olaraq qızının evinə sığınan Elise üçün həyat başqa sürprizlər də hazırlayır. Qızı körpə ikən qumarbazlığına görə boşandığı keçmiş həyat yoldaşı illər sonra onu, qızını və nəvələrini görmək üçün gələcəyini bildirir. Bundan sonra onun həyatı bambaşqa olacaqdır...

   Bethanne Hamlin- mənim favorit obrazım:) Bethanne bir sevgililər günü həyat yoldaşının 2 ildir ona xəyanət etdiyini öyrənir. Yoldaşından dərhal boşanan qadın ailə qurduğundan bəri heç bir işdə işləmədiyi üçün bundan sonra 2 övladı ilə necə  yaşayacaqları ilə bağlı bir əndişə içərisindədir. Üstəlik qızı Annie bu travma ilə atasından qisas almaq üçün pis vərdişlərə qurşanıb böyük problemlər çıxarmağa başlayır. Qısacası, Bethanne sanki bir bataqlığın ortasında əli heç yerə çatmadan batdıqca batır... Amma qədərin  onu daha güclü və özünə inamlı bir qadın olmaq üçün torunu qurduğundan xəbəri yoxdur...

   Vəə Courtney Pulanski... 16 yaşlı gənc qızımız:) Anasını vaxtsız itirən və bununla çox çətinliklə barışan qız atasının uzaq əyalətlərə qazanc dalınca getməsi, özündən böyük qardaş və bacısının fərqli əyalətlərdə oxuması səbəbiylə nənəsi Veranın yanına göndərilir. Köhnə əşyalarla dolu bir evdə yaşlı qadınla yaşamaq onun üçün heç də ürəkaçan bir hal deyil. Bütün dost və rəfiqələrini tərk edib, heç kimi tanımadığı bir yerdə məktəbə başlamaq onu çox narahat edir. Üstəlik Courtneyin kilo problemi də var. Kök olduğu üçün özünə inamı zəif və utancaqdır.

   Beləliklə, bu 4 qadını bir araya gətirən toxuma kursu onların həyatlarında bir şeyi bacara bilmək, bir şeyin öhdəsindən gəlmək, öz güclərini özlərinə sübut etmək üçün atdıqları ilk addım olur. Bundan sonra hədəfləri ilə aralarında duran divarın kərpicləri bir-bir tökülməyə başlayır.

   Əsəri oxuyan oxucu hər qadında özündən bir parça görür. Onların müvəffəqiyətlərinə sevinib, sıxıntılarına kədərlənir. Heç bir şeyin gec olmadığını, içində ümidi hər zaman yaşatmağı, xəyallardından vaz keçməməyi, ömür adlı həyat kitabımızda önümüzə çıxan hər bir hadisə və məsələlərin mütləq bir hikmətə bağlı olduğunu öyrədir "Bir yumak mutluluk".

   Dabbie Macomberin başqa əsərlərini də tapıb oxumağa çalışacam mütləq.

2 Temmuz 2018 Pazartesi

Empatiya lazımdır bizə!



   Ölməyəcəkmişik kimi yaşayırıq biz həyatı...

   Daim var olacaq, dünyanı tutub gedəcəkmişik kimi...

   Hər şeyin sahibi olduğumuzu düşünüb, hər şeydən sonuna qədər ləzzət alaraq yaşamağa çalışırıq ömrümüzü...

   "Mən" adlı dar bir küncə sığınıb qapadırıq duyğularımızı ətrafa...