Sayfalar

25 Şubat 2016 Perşembe

Sara Oğuz Nəzirova "Beton evdən yazılar"

    


Ötən yazımda kitab oxumaq üçün qollarımı çirmələdiyimi yazmışdım. İlk kitab Sara Oğuz Nəzirovanın "Beton evdən yazılar"ı oldu. Açıq söyləyim ki, bu mənim yazıçı ilə ilk tanışlığımdır. Kitabı bitirməyim bir həftədən çoxdur amma, oturub özüm üçün qeydlər götürməyə, dəyərləndirmə yazmağa heç cür fürsətim olmadı. Hətta yeni kitabım da gəldi. Nəhayət bu gün bu böyük yükü götürdüm üzərimdən. Kitab haqqında fikirlərimi yazmağa başlayıram eləysə...


    Xəyal qırıqlığı, kədər, peşmançılıq, məhrumiyyət, təəssüflər... Sara Oğuz Nəzirovanın əsərlərinin oxucuda buraxdığı təəssüratlar bunlardan ibarətdir.
    Kitabda heç bir əsərin nikbin xarakterdə yazılmaması diqqət çəkir. Lakin yazıçının bütün povest və hekayələrindəki bu əhval-ruhiyə təbiidir, səmimidir. Bəlkə də elə ona görə oxucu sıxılmır, onu axıracan oxumaq ehtiyacı duyur. Hadisələrin nə ilə nəticələnəcəyini görmək istəyir. Bu təbiilik yaşanmışlığın - yazıçının özünün bu əziyyətli həyatın içindən keçib gəldiyinin açıq-aydın isbatıdır. Oxuduqlarında birbaşa müəllifi görməsən də, eşitməsən də onu duyursan. O öz hiss və düşüncələrini, ürək ağrılarını, puç olmuş xəyallarını obrazların həyatına köçürərək göstərir, onların dili ilə səsləndirir. Və oxucu elə obrazların vəsiləsilə müəlliflə diz-dizə, göz-gözə oturub onu dinləyir.
    Yazıçıda diqqət çəkən bir başqa məqam obrazlarına olan münasibətidir. O heç bir obrazını pisləmir, mənfi xüsusiyyətlərini açıq aydın göstərmir. Dolayısı ilə mühakimə yürütmür. Sara Oğuz sadəcə təsvir edir. Obraz daxili aləmini öz davranışları ilə, danışığı ilə özü açıb ortaya qoyur. Bəzən oxucu ikiləmdə qalır, obrazı necə dəyərləndirəcəyini bilmir. Çünki bir qisim davranışlar və ətrafdakıların həmin obraza münasibəti onu müsbət olaraq qələmə verir. Lakin əsərin sonuna yaxınlaşdıqca hər şey gün işığına çıxır. Beləliklə, müəllif oxucunu düşünməyə vadar edərək özünün nəticə çıxarmasını istəyir. Bunu edərkən isə özünü ustalıqla gizləyir. Yəni oxucu müəllifin varlığını tamamilə unudur.
    Sara Oğuz Nəzirova cəmiyyətdəki qüsurları açmaq və onların tərbiyəsinə yol göstərmək üçün böyük-böyük obrazları seçib, böyük-böyük hadisələrdən danışmır. Onun qəhrəmanları "balaca", adi, sadə adamlardır. Əsərlər bütünlükdə bu " balaca" adamların ətrafında dövr edən hadisələrdən ibarət olur. Çox vaxt bu hadisə  qısa sürəli olur. Lakin bu kiçik zaman dilimi özündə keçmişin keşməkeşi ilə gələcəyin ümid və arzularını qovuşdurur. Beləcə, zaman məfhumunu öz qələmilə qeyri-adi işləyən Sara Oğuz Nəzirovanın oxucusu hadisələrin qısalığının fərqinə belə varmır.
    "Ümid ulduzu" povestini bu aspektdən dəyərləndirmək daha maraqlı olar. Əsərin əvvəlində tanış olduğumuz, saf bir piano xəyalının yaşadığı dövrün məhrumiyyətləri sayəsində əlçatmaz olduğunu duyan balaca bir kənd qızını biz bir anda şəhərdə bacılarına qol-qanad gərən, həmin xəyalı qəlbində sızlayan yaraya çevrilmiş və elə yenə məhrumiyyətlərin sayəsində arzulamadığı, aid olmadığı bir həyatı yaşamaq məcburiyyətində qalan bir gənc müəllimə olaraq görürük.
    "Tale damğası"nda isə gecə yuxusunda rəhmətə getmiş xalasını görüb xatirələrlə uşaqlığına dönən yenə bir gənc qızı görürük. Lakin burdakı xəyallar, daha doğrusu desək, xəyal qırıqlıqları, ağrılar tamam başqa səbəblərdən doğur. İki əsərin ortaq nöqtəsi qəhrəmanlarının arzu və istəklərinin xilafına olan bir həyatı məcburi yaşamalarıdır. Sibirə sürgün olunmuş ata və qardaşlarının həsrəti ilə böyüyən Şamxatun bu başsızlığın qurbanı olaraq sevmədiyi Şamxal tərəfindən qaçırılır. İlk zamanlar israrla bu evliliyə qarşı dursa da sonradan körpəsinin xatirinə boyu  əymək məcburiyyətində qalır. Və ömrünün sonuna qədər istəmədiyi bir həyatı yaşamağa məhkum olur.
    Bu povestdən danışarkən onun dilini nəzərdən qaçırmaq çox yalnış olar. Sara Oğuz həm köhnəlmiş, həm də dialekt sözlərdən istifadə edərək elə zəngin bir dil ortaya qoyur ki, oxucu heyran qalır. Eymənmək, uralanmaq, uruğur, alamançı, sədəmə, diringi çalmaq, kütül barmaqlar, qarın şoğu kimi söz və söz birləşmələri ilk dəfə rastlansa da mətn daxilində öz yerinə oturub, hadisələr haqqında tam təsəvvür və düzgün təəssürat yaradır.
    "Bayatı oxşaması" povestində bir qaçağın ailəsinin başına gətirilən amansız faciələrdən, qaçağın bacısının ailənin  namus və şərəfini qorumaq xatirinə canını cəsarətlə fəda etməsindən bəhs olunur. Başqa sözlə desək, povest mərdlik və namərdliyin çarpışmasından ibarətdir.
    Bu əsərin şifahi ədəbiyyatdan qidalanmış ecazkar dili isə başlı-başına yazılı ədəbiyyatımızda yeni bir hadisədir.
     "Beton evdən yazılar"da Sara Oğuz Nəzirova şəxsiyyətə pərəstiş olunan bir dövrün ziyalı və sənət adamlarını necə manqurdlaşdırıb köləyə çevirməsini, istedadların bu təsirlərdən koralıb dəyərsizləşdiyini özünü danışıq və davranışları ilə ifşa edən obrazların yardımı ilə açıb göstərir.
    "Kəpənək ömrü" də bu səpkidə yazılmış əsərdir. Ali təhsilli olan, ziyalı təbəqədən sayılan xanımların qazanc üçün iqtisadi balansı pozulmuş mühitin cahil və köntöy pullularına heç onlara aidiyyatı olmayan bir işi görmək məcburiyyətində qalmalarından danışılır.
    "Çərxi fələk" povestində yazıçı sayəsində ilahi ədalət anlayışını əyani olaraq görürük. Xədicənin qəlbini qırıb, həyatını məhv edən Ələkbər sonda tanımadığı halda saatlarla onun meyidinin keşiyini çəkərək bir növ günahının bir qismini yumuş olur. Tanıdıqdan sonra isə ölümündə təqsiri olmasa da əslində onu çoxdan "öldürdüyünün" fərqinə varıb Xədicənin qatili kimi polislərə təslim olur.
    Sara Oğuz Nəzirovanın hekayələrinin mövzusu rəngarəngdir. Amma hamısında milli mentalitetimizin qoxusunu, istisini duyursan. Bunların bəziləri spesifik, önəmli dəyərlərimiz olsa da, əksəriyyəti geridə, cahillikdə qalmış və yenilənməsi gərəkən fikirlərin hadisələrlə özünü biruzə verməsidir.
    Son söz olaraq bunu deyə bilərəm ki, Sara Oğuz Nəzirovanın başqa bir kitabı əlimə keçsə bəlkə çox böyük həyəcanla bir an öncə oxuyub bitirmə həvəsi olmaz məndə, ancaq, onun fərqli yazı tərzi və maraqlı dilinin Azərbaycan ədəbiyyatında özünəməxsus bir yeri olduğu da danılmaz faktdır .
   

2 yorum:

  1. Usaqlıqdan hemişe bir arzum olub,kaş ki,dünyadakı bütün kitabları oxuyub qurtara bilecek qeder ömrüm olaydı.o qeder sevirem kitab oxumagı.heyif ki,insan aile ,meişet qaygılarından buna vaxt tapa bilmir.halal olsun sene bacı,hem oxuyub,hemde oxuduqlarını bele aydın şekilde açıqladıgın üçün.

    YanıtlaSil
    Yanıtlar
    1. Ahh bacı eyni səbəbdən deyilmi bir kitabı ən yaxşı ehtimal bir aya qurtara bilməm. Əldən bu qədər gəlir neyləməli:(((

      Sil