Sayfalar

19 Mayıs 2016 Perşembe

Hicrət




      “Vallahi, sən Allahın yaratdığı yerlərin ən xe­yirlisi, Allah qatında ən sevgili olanısan! Mənə səndən daha sevgili, daha gözəl yurd yoxdur! Çıxmağa məcbur buraxılmasaydım , səndən əsla ayrılmaz, səndən başqa yerdə yurd yuva tutmazdım." Məkkədən Mədinəyə hicrət üçün ayrıldığı zaman Peyğəmbərimizin bu mübarək şəhərə dönərək məhzun-məhzun söylədiyi cümlələr qəlbimi göynədib, gözlərimi yaşardır hər qarşıma çıxdığında.
Yaşamayan çox anlamaz bəlkə , amma suyunu içib, havasını udub, torpağına basıb böyüdüyün yerləri tərk etmək məcburiyyətində qalmaq nə deməkdir bunu çox yaxşı bilirəm mən. Vətənin hər qarışını özləyib, qoxusunu burnunda, dadını damağında hiss etməyin, bir gün bunları unudacam deyə hər günə qorxu ilə başlamağın nə demək olduğunu mən bilirəm. Kilometrlərcə uzaqlarda olub vətənə sarı boylanmağın, bəlkə oraların havasını gətirər deyə ordan əsən rüzgarın qovaladığı havanı ciyərlərinə çəkməyin necə bir hissiyat olduğunu mən bilirəm... Amma ən acısı nədir bilirsinizmi?? Bizi vətəndən çıxaran düşmən qorxusu olub bəlkə. Ya o gül qoxulu Əfəndimizi... Dünyaya gözlərini açdığı ilk gündən peyğəmbərlik sifətini daşıdığına,  gəncliyində Əmin ismini alıb, bir dəfə də olsun yalan söyləmədiyinə, tərtəmiz ruhuna, qüsursuz insanlığına şahid olan, heç birinə zərrəcə ziyanı dəyməyən öz həmşəhərliləri tərəfindən hicrət etməyə məcbur buraxılmışdı o gül üzlü Sultanımız... İçindəki buruqluqla, könlündəki qırıqlıqla tutmuşdu Məkkə yolunu...Rəbbinin ona vəhy etdiklərini daha yaxşı təbliğ edib, daha çox insanın axirətini qurtara bilmək idi tək məqsədi... Rəbbim ata-anasız böyüdərək yetimlərin, mal-mülksüz buraxaraq yoxsulların, övladlarını alaraq qəlblərinin meyvəsi qoparılmış valideynlərin halından anlamasını təmin etdiyi kimi, yurdundan hicrət etdirərək həyatın qəriblik səhifəsini də yaşatmışdı ən sevdiyi Quluna... Heç kim şikayət etməsin deyə imtahanların ən ağırını yaşatmışdı kainatı üzü suyu hörmətinə yaratdığı Nəbisinə... Odur ki, dini təbliğ adına, Rəbbimizin və Rəsulunun ismini duyurmaq adına gələcək nəsillərə buraxılmış bir peyğəmbər mirası ucalığında məqama çevrildi hicrət... Gənc varislər din adına, İslam adına, Yaradan adına bütün sevdiklərindən vaz keçib hicrətlə qazandılar əbədi həyatlarını...
    Hal-hazırda belə dünyanın dörd bir tərəfində ilayi kəlimətullahla, "əmri bil maruf, nəhyi ənil münkər " vəzifəsi ilə məşğul olan, insanları Yaradan və onun rızasını qazandıracaq əməllərdən hali etmək üçün bağrına daş basıb qürbətdə ömür keçirən bir çox ali ruhun davranışı peyğəmbər mirası deyil də bəs nədir???
Amma Cənab-ı Haqqın , Həbib-i Ədibini və onun təmsilində bütün varislərini təsəlli edən bu ayət vətən həsrətilə alovlanan qəlblərə rəhmətiylə su səpir:
“Əlbəttə, o Qur’anın təbliğini üzərinə fərz qılan Allah, səni yenə dönəcəyin yerə (Məkkə’yə) geri döndərəcəkdir."
Yəni səni əsl yurduna döndərəcəkdir, həsrətində olduğun, hicran odu ilə yandığın, vüsal gününü dörd gözlə gözlədiyin yurduna... Kim bilir, bəlkə də əsl yurduna, baki vətəninə...

Hiç yorum yok:

Yorum Gönder