Sayfalar

4 Haziran 2018 Pazartesi

ATAM getdi




   Mən atamın heç böyüməyən qızı idim... Onun hələ də balaca, şıltaq, nazı çəkilən qızı... 

   Bir gecədə böyüyərmiş insan...

   Bir gecədə böyütdü məni atam...

   Hamı bayram edirdi 28 May günü... Atam bizə gəlmişdi... Mənim də bayramım idi... Bizə gələn kimi paltarını dəyişdi... Gecə heç yatmamışam, bir az uzanacam dedi... Atası-babam ölüm döşəyində can çəkişirdi... Onun fikrini çəkmişdi bütün gecə...

   Sevinc və həyəcanla iftar hazırlayırdım... Atamla birgə iftar edəcəkdik... Mənim bişirdiyim yeməkləri xoşlayırdı... Mən də onun yeməklərimi ləzzətlə yeməsini... Tez-tez saata baxırdım... İftara lap az qalmışdı... Ən son salatı həll edib atamı oyadacaqdım... Hər şeydən xəbərsiz... Digər otaqda nələr olduğundan bixəbər salat hazırlayırdım...

   Mətbəxin qapısını açıb içəri girən yoldaşımın qaçmış rəngi, əsən əlləri naxoş bir hadisə olduğunu söyləyirdi mənə amma atama bir şey olacağı ağlımın ucundan da keçmirdi... "Atan nasazdı, həkim çağırmışam" dedi... Sadəcə bu qısa cümlə... Bütün dünya başıma uçdu... Altında inildədim... İnildədim... Uşaqları düşün dedi... Qışqırma, özünə gəl... Səsini çıxarmadan parçalanan ürəyin dərdini hayqırmaq neçə çətin imiş, Allah!... Mən ki hayqırmaq istəyirdim var gücümlə... Yeri-göyü inlətmək istəyirdim... Eşidin dağ boyda atam gedir... Arxam, dayağım gedir deyə... Necə çətin imiş səssiz hayqırmaq...

   İnfarkt keçirib, qəlbi durub atamın... Səssiz-səmirsiz... Bütün ömrünü elə yaşadı... Nə bir ağrısını dedi, nə bir dərdini bölüşdü bizimlə... Həmişə hər şeyi içində çəkdi... Bizi narahat etmək istəmədi... 58 il necə səssiz-səmirsiz, dinməz-söyləməz yaşamışdısa, eləcə də çəkib getmişdi həyatımızdan...

   Atam bizə qonaq gəlib birdəfəlik getmişdi... Nə tuta bildim, nə saxlaya bildim... Ölümün qarşısındakı acizliyimizi bütün qəlbimin sızıltısızyla anlaya-anlaya yola saldım atamı... Evimdən evinə deyil, evimdən əbədi yurduna... Ömrümdən axirətinə yola saldım atamı... 

   Yanır ürəyim, dağ boyda dağ qoydu mənə atam... Bilsəm deyirəm, son nəfəsində olduğunu bilsəm... Qoymazdım yatmağa... Oturardım yanında... Əlləri əlimdə, gözlərimi gözlərinə dikərdim... 

   Son anında çoxmu canın ağrıdı, atam?! Nə düşündün, kimi axtardı gözün?! Nəvənə son bir baxış atıb gedərkən nələri demək istədin? Heç vaxt bilməyəcəm... Yanıram-tökülürəm...

   "Atasının kəfənini əlindən aldı" dedilər sənin üçün; bundan belə babamın ölümü toy-bayram imiş sənin gedişinin yanında... 

   Babam 5 gün sənin adını sayıqladı atam... 5 gün səni çağırdı... Axırda gəlmədiyini görüb yumdu gözlərini bu dünyaya... Yasımız yasa qarışdı, acımız bir az da qatılaşdı...

   Və ölüm adiləşdi beləcə gözümdə... Həmişə bizə çox-çox uzaq düşündüyüm, biz tərəflərə gəlməyəcəkmiş kimi yaşadığım ölüm adiləşdi gözümdə... Ölüm bircə addımlığımızda imiş, atam... Əlimi atsam tuta biləcəyim qədər yaxın imiş...

   Hisslərim donub, atam... Nə düşünə bilirəm, nə hiss edə... Hələ də sənin yoxluğuna inanmıram, inanmaq istəmirəm... Hər an bir yerdən çıxıb gələcəksən, bir anda oyanıb hər şeyin yuxu olduğunu görəcəm kimi gəlir... Kaş ki... Kaş ki...

   Hər ata kəlməsi keçən mahnıda duyğulanıb gözü dolan, xoş günündə, bəd günündə, bayramında, ad günündə gözü qapıda qalan, boynu bükük atasız qızlar siyahısına bir ad da qatıldı 28 may günü...

   Söz verirəm sənə, bütün ömrümü sənə layiq şəkildə keçirməyə çalışacağıma and içirəm... Xeyirli övladın hər xeyirli əməlindən valideynə də savab yazılırmış ya bütün həyatımı sənə bol savab yazılacaq şəkildə keçirəcəm, atam... Kaş ki əlimdən daha çox şey gəlsə... Kaş ki daha çox şey edə bilsəm...

   Sən həyatın boyu heç kimin qəlbinə dəymədin, heç kimi narahat etmədin... Məclisinə gələn el-oba sənin yaxşılığından danışıb, gedişinə yandı, atam...

   Rəbbim səni tutduğun iftarsız orucuna bağışlasın... Cənnətində iftarını verib, xoş xəbərlərlə müjdələsin... Bizi də cənnətində qovuşdursun...

   Bizə iman nəsib edib, ayrılığın acısına dayanma gücünü verən Rəbbimə minlərlə şükürlər olsun!



19 yorum:

  1. Allah rahmet eylesin, mekanı cennet olsun inşallah. Sizlere de sabırlar versin. Âmin

    YanıtlaSil
  2. Allah rahmet eylesin babacığına da dedeciğine de. Sizlere de sabır versin.

    Babacığın bence çok güzel . Kızının evinde, sevgi dolu bir ortamda, bütün yüklerinden arınmış, uykusunda huzurla çıkmış son yolculuğuna. Senin ona sevgiyle yaptığın yemekle bozmuştur orucunu, yanıbaşındadır ve mutludur şimdi.

    19 yıldır babasından ayrı bir kız olarak diyebilirim ki babalar kızlarını asla yalnız bırakmaz.

    YanıtlaSil
    Yanıtlar
    1. Her kes ele deyir. Atan sevdiklerinin yanında ruhunu tapşırdığı üçün huzur bulmuşdur deyir. Teki ele olsun. Oruclu getmesi tek tesellim. Allah sizin atanıza da rehmet elesin. Nur içinde yatsın.

      Sil
  3. Canımm çok üzüldüm başınız sağolsun:((

    YanıtlaSil
  4. Allah rahmet eylesin.Başınız sağolsun canim.

    YanıtlaSil
  5. :((
    Başınız sağ olsun. Hayattaki tek gerçek ölüm, hep ensemizde aslında...

    YanıtlaSil
    Yanıtlar
    1. Eynen söylediyiniz kimi. Ölümün bize bu qeder yaxın olduğunu başımıza gelince ferq edirik teessüf ki. Sağ olun.

      Sil
  6. Allah rahmet eylesin.Işıklar içinde uyusun...

    YanıtlaSil
  7. Nə yazacağımı bilmirəm. Nə yazılar ki kəlimələr yetməz. Yazını 3 dəfə yarımçıq saxladım,ağladım göz yaşlarıma hakim ola bilmədim. Necə də duyğu yüklü bir yazıdır. İlk sevdasidir bir qızın atasına olan məhəbbəti. Başın sağ olsun. İn şa Allah məkanı cənnət olar ,bir gün qovuşarsiniz orda. Hər adama nəsib olmaz oruclu ikən dünyadan köçmək. Dünyanı bir tərəfə itələyib,səni secdim Rəbbim dedikdən sonra Rəbbinə qovuşması. Acı üstünə acı yaşamısınız o anlar. Yaşamayan bilməz o hissi deyirlər. Kəlimələrim aciz qaldı amma dinimiz tək təsəllimizdir. Ölüm haqdır. Atanız yatmadı əslində oyandı. Rəbbinə qovuşdu. Sevdiyinə qovuşdu. Həmdə Onun ayında ,Onun üçün oruc tutmuşkan. Məkani cənnət olsun inşallah .... Təkrar Allah rəhmət eləsin həm babaniza həm atanıza....

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol birdənəm. Ramazanda vəfat edənlərin sorğu-sualı mübarək ay bitənə qədər başlamazmış deyə bir məlumat öyrəndim. Çox sevindim. Rəbbim vəfat etmiş bütün valideynlərin yerini behişt etsin🙏🏻

      Sil
  8. Umman kızım.Nasıl duygulu yazmışsın. Dilinizi bilmesem de az-çok anladım yazdıklarını. Ata kaybı bir şeye benzemez.Başın sağ olsun. Mekânı cennet olsun kızım :(((

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm Ece ablam. Yaxınını itirmək yerini heç bir şeylə doldura bilməyəcəyin qosqocaman bir boşluq yaradır insanın həyatında. Atamın gedişiylə bunu anladım mən.
      Ziyarətiniz sevindirdi məni.❤

      Sil