Sayfalar

25 Haziran 2018 Pazartesi

Prosper Merime - Novellalar



   Əslində bir romandan ibarət kitabları oxumağı sevsəm də, kitabxanada kitab seçərkən öncə üz qabığı ilə sonra da içərisində ilk qarşıma çıxan "Novellalar ustası" başlıqlı rəylə diqqətimi çəkdi bu kitab. Novellaları sevən biri olaraq biganə qala bilmədim və  oxuyacaqlarım sırasına qatdım bu kitabı da. Sonunu öncədən təxmin edə bilmədiyim film və kitabları nə qədər sevdiyimi təkrar qeyd etməyə ehtiyac yoxdur, yəqin ki :)

   P. Merime XIX əsrin birinci yarısında yazıb-yaratmış fransız yazıçıdır.  Onun sadəcə bir irihəcmli əsəri varmış: " IX Karl dövrünün xronikası". Yazıçı eyni zamanda bir sıra pyeslərin də müəllifidir.
   Oxuduğum kitab 2 hekayə və 4 povestdən ibarətdir.
   "Mateo Falkone" adlı hekayədə Mateonun evinə pənah gətirmiş bir qulduru bir zəncirli saat qarşılığında ələ verən balaca oğlu Fortünatonu belə satqınlığına və bu hərəkətilə nəslinin adına xələl gətirdiyinini düşündüyü üçün ölümlə cəzalandırdığını görürük.
   "İstehkamın alınması" hekayəsində isə Şövörino istehkamı uğrunda rus və fransız əsgərləri arasında gedən qanlı mübarizənin və fransızların qalibiyyətinin şahidi oluruq.
   "Etrusk vazası" povestində sevgi duyğusuna uzun illər həsrət qalmış və nəhayət ki, qrafinya Matilda dö Kursi ilə qarşılıqlı, lakin gizli eşq yaşayan Ogüst Sən-Klerin Temin adlı bir şəxslə qrafinya ilə bağlı şayiələrinə görə duelə çıxması və əslində tam bütün şübhələrdən qurtulub xoşbəxt olacağı bir zamanda dueldə gülləyə qurban getməsi, Matildanın isə sonradan bu dərddən vərəm tapıb ölməsi kimi ağır faciəni öyrənirik.
   "Məhəbbət iləhəsi" bir az fantastik-mistik povestdir. İl qəsəbəsində yaşayan müsyö dö Peroradın həyətində bürünc bir qadın heykəli tapılır. Heykəl tapıldığı gün onu torpağın altından çıxaranlardan birinin ayağına düşüb, onu şikəst buraxır. Bununla bütün qəsəbədə bu bütlə - onun qəzəbli və uğursuz olması ilə bağlı şayiələr yaranır. Ən son Peroradın oğlu Alfons toy günü həmin heykəl tərəfindən öldürülür... Nə isə... Qəribə hekayətdir :)
   "Tamanqo"  afrikalı yekəpər və kobud, öz xalqının məzlumlarını toplayıb kapitan Lödu kimi avropalılara satan bir şəxsdir. Ta o günə kimi ki, Lödu onu kifayət qədər sərxoş olana qədər içirib əlindəkilərin hamısını, hətta Tamanqonun sevimli arvadı Ayişəni də dəyər-dəyməzinə alır. Tamanqo birdən oyanır və qayıqla arvadının da aparıldığı gəmiyə doğru üzür. Onu da qul kimi əvvəl satdığı digər kölələrin yanına qoyurlar. Zamanla o həmyerlilərini hazırlayıb gəmidəkilərə qarşı qiyam qaldırır və qalib gəlir. Lakin bir problem var. Gəmidəki ağdərili düşmənlərinin hamısının axırına çıxan zəncilərdən heç biri gəmini necə idarə edəcəklərini bilmirlər... Sonrası yenə acı hadisələr...
   Kitabdakı son povest olan "Karmen" İspaniyada normal bir həyat yaşayan, lakin sonradan Karmen adlı qaraçı bir qıza aşiq olub bütün həyatını dəyişdirən, bu qız sayəsində sadə vətəndaşdan qorxulu quldura çevrilən don Xose Lizarra Benqoanın həyat hekayəsidir. Xose Karmen üçün bütün həyatını fəda edir lakin qızın hər zaman azad olmaq və istədiyi vaxt istədiyi adamla sevgili olmaq arzusunu gözardı edir. Bu da sonda onun üçün faciə ilə nəticələnir.

   Kitab haqqında kiçik bir məlumatdan sonra gələk yazıçı ilə bağlı düşüncələrimə. P. Merimenin diqqətimi çəkən ilk cəhəti zəngin dünyagörüşü oldu. Belə ki, həm Afrika, həm İspaniya, həm qaraçılardan bəhs edə bilməsi üçün onun bu xalqların mədəniyyətini bilməsi lazımdır. Bu baxımdan yazıçını təqdir etməmək doğru olmaz.

    Eyni zamanda onun əsərlərində "insanın  məhəbbəti, ləyaqəti, ehtirasları, azadlıq və ədalət arzuları, həqiqət və sədaqət axtarışları" özünü göstərir.
   Amma üslub və dili açığı mənə mürəkkəb gəldi. Bu tərcümə ilə də bağlı ola bilər. Kitabda həddən çox tanış olmayan və yad dildə ifadə və kəlamlar var. 

   Bir də hadisələr çox yavaş irəliləyir. Odur ki, çox tez bitirəcəyimi düşündüyüm halda kitab ağır getdi və gözlədiyimdən gec bitdi.
Amma oxuduqlarım cərgəsinə bir fransız yazıçısını da qatdığım üçün məmnunam.

8 yorum:

  1. İlk dəfədir bu yazıçını eşidirəm. Amma maraqli əsərə oxşuyur. Oxunacaqlarim siyahım genişlənir 🤗🤗. Qələminə sağlıq...

    YanıtlaSil
    Yanıtlar
    1. Ahh oxunacaq o qədər çox kitab var ki. Hal-hazırda bestseller kitablara və müasir yazıçıların əsərlərinə çox böyük rəğbət olsa da mən belə tarixin tozu üzərinə çökmüş, çox da məşhur olmayan kitabları qəsəbəmizin kiçik və təmirsiz kitabxanasının azsaylı kitab düzülmüş rəflərindən tapıb çıxarmağı və oxuyub yeni bir yazıçı və kitab tanımağın sevincini yaşamağı sevirəm.😊

      Sil
  2. instaya da koymuştun, sevmişsin aklımda olsuuun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Gerçəkdən sevmişmiyim əcaba?!🤔 Bir az tərəddütdəyəm😊

      Sil
  3. Derin'in tanıtımıyla sizi tanıdık.
    Merhaba...

    Blogunuzdu ziyaret edenleri ne derin bir sözle karşılıyorsunuz. Çok beğendim :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. Mən sizi ara bir ziyarət edirəm. Xoş gəlmisiniz.

      Sil
  4. İlk defa gördüm bu kitabı. Konular ağır işliyorsa benim de pek ilgimi çekmez sanırım. :')

    YanıtlaSil
    Yanıtlar
    1. Müasir gəncliyin sizin kimi cıvıl-cıvıl gəncləri üçün maraqsız bir kitabdır məncə də😊

      Sil