Sayfalar

23 Mart 2020 Pazartesi

Bir də belə baxaq...


   
 (5 il sonra)

Yadındamı, dünya, 5 il bundan öncə idi... Bir virus peyda oldu birdən-birə... Güdəlik həyatımızı, bütün adətlərimizi dəyişdi... Xatırlayaqmı o günləri?

Bu virus həyatın canlandığı, günəşin yavaş-yavaş torpağı isitməyə başladığı, gül-çiçəyin, kəpənəklərin insanı riqqətə gətirdiyi bahar günlərində gəlib çıxdı ölkəmizə...
İndi düşünürəm də, o zamanalar sanki çiçəklər də açmaq üçün gecikmişdi... İlıq yaz günlərinin əvəzinə bitmək bilməyən buludlu və yağışlı günlər əvəz etmişdi bir-birini...

Nə qədər pozitiv olmağa çalışsaq da hər kəsin qəlbini bürümüş qorxu və ümidsizlik hissi bahara da qara və buludlu fon vermişdi sanki...
Həyatımda ilk dəfə olaraq ölkəmizdə ən sevimli milli bayramımız olan Novruzun kütləvi şəkildə qeyd olunmamağına şahid oldum. Evlərdə insanlar səməni göyərdib süfrə açdılar, amma bu bayram o bayramlardan deyildi.

Məktəblərdə, bir çox iş yerlərində tətil elan olundu. Maskalar apteklərdən yoxa çıxdı. Hər kəs evinə qapandı. Biz də pal-paltarımızı toplayıb kəndə getdik. Sonra rayonlardan Bakıya giriş qadağası qoyuldu.

Gündə azı 20 dəfə sabunlanıb, spirtlənirdik. Artıq insanların bir-birinə sarılmağı uzaq keçmişdə qalmışdı. Hamı kənardan salamlaşır, yaxın durmamağa çalışırdı.

Fəthlər paylandı, dünyanı saran bu bəladan qurtuluş üçün dualar oxundu.

Bütün dünya tək ürək olmuşdu sanki... Ortaq problem ölkələri yaxınlaşdırdı bir-birinə... Artıq müharibələr, torpaq iddiaları da unudulmuşdu...Yeganə dərd var idi - KORONAVİRUS...

İnternetdə güncəl ststistika qoyulmuşdu... Hər kəs dünyadakı bəlanın son durumunu ölkələr üzrə görə bilirdi... Ölkələrdən gələn yoluxma və ölüm sayları insanları müxtəlif mülahizələrə sürükləyirdi...
Bəzisi bioloji silah dedi, bəziləri qara güclərin planının bir hissəsi, bəzisi isə xirtdəyə qədər çirkaba batmış insanlığa Allahın göndərdiyi bəla...

Sosyal medya bu bəla ilə bağlı informasiyalarla dolub daşdı... 

Qıtlıq olacaq düşüncəsi ilə rəflər boşaldı, qidalar ehtiyat olaraq evlərdə  depolandı...                 

Tətillər təkrar-təkrar uzadıldı... Məktəblər, kurslar, universitetlər, distant - online dərslərə başladılar...

Xəbərlərdə, reklamlarda, verilişlərdə tək gündəm koronavirus oldu...

Və kiçicik bir virusun qarşısında qosqoca dünyanın acizliyi çox şey düşündürdü bizə... 

İnsanlar böyük hərisliklə bağlandıqları, bütün həyatlarını həsr etdikləri, uğruna sevdiyi insanlardan  vaz keçdikləri  bir çox şeyin boş və əbəs olduğunun fərqinə vardılar...

Evdə qaldıqları bu uzun günlərdə ailəsi ilə, övladları ilə zaman keçirməyin, sürətli və səsli-küylü bir yaşamdan kənarda sakitliyin fərqinə varmağın, bir az özünün, qəlbinin səsini dinləməyin nə qədər müthiş bir duyğu olduğunu anladı ömrünü işlərinə adamış qadın və kişilər...

Sevdiklərini hər an itirmə qorxusu ilə üz-üzə qalmaq insanlığa ətrafındakılara dəyər verməyi, onların qayğılarına qalmağı və onlara zaman ayırmağı da öyrətdi...

Uşaqların  hər gün çanta bellərində məktəbə getməkləri, çıxıb parklarda oynamaqları, insanların çöldə görüşüb, sinemaya, alış-verişə getməkləri, istədikləri yerlərdə oturub yemək yeməkləri kimi ən adi həyat məşğələləri belə nə qədər şükür ehtiva edirmiş içində bunu öyrətdi insanlığa virus...

İllərlə can çəkişən xəstələrlə, aclıq səbəbi ilə hər gün ölüm təhlükəsi ilə üz-üzə qalan insanlarla, gələcək planları qurmaqdan uzaq, sadəcə bir gün daha çox yaşaya bilmək mücadiləsi verən müharibə insanları ilə empatiya qurmağı öyrəndi dünya...

Və bu çətin, sonu müəmmalı günlərdə Rəbbə əl açmağı, dua etməyi, artıq bütün məna və dəyərini itirmiş dünyəvi arzu və işlərdən sıyrılıb, sadəcə ona yönəlməyi öyrəndi bir də...

Sadəcə öz kiçicik dünyasında yaşayıb ətrafı görə bilməyənlər belə bir anda nə qədər böyük olsa da bütün dünyanın əslində, doğma evimiz olduğunu anladı... Onu təmiz saxlamaq, qorumaq, sevmək və bu evdə yaşayan digər üzvlərin də qayğısına qalmaq lazım olduğunu da... 

Qısacası, o günlər hər nə qədər dəhşətli günlər olsa da, itirdiklərimiz çox olsa da bu virusun dünyaya öyrətdikləri də çox oldu.

Ondan qurtuluş günü də bütün dünyada bu qədər çoşğu ilə qeyd olunan yeganə ümumdünya bayramı oldu.

Artıq o bəlalı günlər geridə qaldı. Günəş yenidən isti, mehriban şüaları ilə vurmağa başladı. Gül-çiçəklər əvvəlki əlvanlığına qovuşdu... Mavi buludsuz səmamızı quşların cəh-cəhi, kəpənəklərin uçuşu daha da gözəlləşdirdi...

Və insanlıq...
İnsanlıq bu virusdan sonra çox dəyişdi, dünyamız daha yaşanılır hala gəldi...
Müharibələr bitdi... Aclıq bitdi... Çünki yardımlaşmağı, haldan anlamağı, tək ürək olmağı öyrətmişdi bizə Korona...

Odur ki, hər nə qədər yaddaşlarda azğın düşmən imici buraxıb getsə də, hərdən ona təşəkkür etməyimizin lazım olduğunu da düşünürəm... 

Bir gün dünya yenə pozulmağa üz tutsa onun təkrar qonağımız olmayacağına də heç kəs zəmanət verə bilməz... 

Odur ki, sevgi dolu, sayğı dolu, empatiyalı olmağa davam et, dünya !!!

3 yorum: