Çox xəyal qurmuşdum, qələbəni eşidəndə nələr hiss edəcəm, necə reaksiya verəcəm deyə çox düşünmüşdüm... Həm doğma yurdum Füzulinin azad olunduğu günü, həm də ümumi qələbəni neçə dəfə canlandırmağa çalışmışdım gözlərimdə... Amma heç biri, heç biri xəyal etdiyim kimi olmadı...
Füzulim alınanda Gəncə bombalandı, sevincimiz ürəyimizdə dondu qaldı... Heç nə hiss edə bilmədik... O günahsız ölürülən canların ağrısı, acısı daha ağır basdı...
Olsun dedim, qabaqda böyük qələbə var... Kim olur olsun mane ola bilməyəcək xalqın o böyük sevincinə, coşğusuna...
Həftəsonu rayon qaçamaqlarından biri idi. Ertəsi səhər tezdən yola düşəcəkdik. Odur ki, erdən başımı atıb yatmışdım. Sübh namazı vaxtı yatmağa gələn yoldaş xəbər verdi mənə müharibənin bitdiyini... Şok oldum, necə yəni? Bir gecədə, bir anda necə bitdi? Özü də o qədər məyus idi ki, sanki ola biləcək ən pis şey olmuşdu. Onun əzginliyi, bu qəfil qələbənin çaşqınlığı ilə toparlanıb çıxdıq. Yolboyu izah etdi bizə məsələnin nə yerdə olduğunu. Əlbəttə ki, hər zaman bizə düşmən mövqeyində olan bir ölkənin ordusunun vətənimizdə yerləşməsi qəti istədiyimiz bir şey deyildi. Ümumiyyətlə, bu sazişdə bir çox məqamlar var ürəyimizcə olmayan, bizi narahat edən...
Amma elə yol boyu bir şey beynimi qurcalayıb durdu - nə olursa olsun, yenə də bu bizim qələbəmiz deyilmi?! Bunu bizim xalqımızın birliyindən güc alan qəhrəman, igid əsgərlərimiz öz qanları hesabına qazanmadılarmı? Nə olur olsun bu bizim qələbəmiz deyilmi?
Bu necə təvafüqdür ki, biz müharibənin başladığı gün də rayondan Bakıya gəlirdik, bitdiyi gün də... O vaxt Bakıya yaxınlaşdıqca yoldan ard-arda keçən hərbi sürsat və əsgər daşıyan maşınlar, təcili tibbi yardımlar məni elə həyəcanlandırmışdı ki, durmadan ağlamışdım, hətta zənglər gəldi yolda, Füzulinin bəzi kəndlərinin azad olunduğu müjdəsi verildi... Qaradağdan keçərkən yol qırağında dəstə-dəstə əllərindəki bayraqlarla cəbhəyə gedən əsgərləri alqışlayan xalqı gördükcə ürəyimin böyüyüb dağa döndüyünü hiss eləmişdim...
İndi də bir qırıq qələbə sevinci ilə dönərkən yenə yolboyu xalqın qələbə sevincinə şahid olurduq... Bu duyğunu anlatmaqla izah etmək çox çətindir... Əllərində bayraqlarla yenə uşaqlar, böyüklər tökülmüşdülər yol qırağına... Maşınalar siqnal verə-verə keçir, hər kəs qucaqlaşır, bir-birini təbrik edirdi... Hamının üzündə qələbə sevinci var idi... Mən isə iki duyğunun arasına sıxışıb qalmışdım... Bir tərəfim xalqın qələbə sevincinə şərik olmuşkən, bir tərəfim görəsən doğurdanmı nəticə bizim lehimizə oldu deyə düşünüb dururdu...
Şəhərə çatdıq... Hələ səhər idi... Xalq dünən gecə yuxusuz qalmışdı, odur ki, gözlədiyim qədər izdiham falan görmədim Bakı küçələrində... Amma yenə də hər yerdən hüzünlü bir qələbə fışqırırdı... Bayraqlara bürünmüş insanlar, maşınlar, ötən maşınların pəncərəsindən çıxıb "qələbə" qışqıran insanlar...
Qısacası, çox uzatmayım, canım oxucu... O gün axşamacan məni hədsiz yoran düşüncələrlə boğuşdum... Biz indi qələbə çaldıqmı? Yoxsa özümüzümü aldadırıq? Sosial medya hesabalarına göz atdım, oralar da qarışıq idi, eyni mənim başımın içi kimi... Bir ovuc məsələni həqiqətən analiz edə bilən insanlar və bir yığın də sadəcə onların yazdıqlarına etimad edib, öz süzgəcindən keçirməyə ehtiyac belə duymayan təqlidci və pessimist postlar, hər şeyə rəğmən qazanılan qələbənin məhz bizim uğurumuz olduğunu, düşünən optimist postlar...
Mənim diqqətimi isə qələbəni böyük sevinc və coşğu ilə qeyd edən insanaların görüntüləri çəkirdi...
Sonra axşama doğru içimdə böyük bir sıxıntı olduğunu kəşf etdim... Bu sanki bir peşmanlıq, əldən verilmiş bir fürsətin narahatlığı idi... Özümlə baş-başa qalıb uzun-uzun düşündüm... Biz iki ay öncəyə qədər illərdir nə qədər çalışsaq da bir metr torpağı geri ala bilməyən və ədalətsiz dünyanın böyük və öz məqsədlərini güdən güclərinin nəzarəti altında bu torpaqlara bir daha sahib olmağı sadəcə ümidsiz bir şəkildə xəyal edən bir xalq idik...
Sonra bir şey oldu... Başçımız bir addım atdı... Xalq ayağa qalxıb bir yumruq kimi birləşib onun arxasında durdu... Saysız-hesabsız oğullar tərəddüd belə etmədən könüllü cəbhəyə yollandı, qadınlarımız bişirdiklərini, toxuyub tikdiklərini və ən əsası gecəli-gündüzlü dualarını göndərdi cəbhəyə...
Hər gün gələn şəhid xəbərlərinə bütün xalq evində yas qurdu, qələbə xəbərləri hamı üçün toy-bayram oldu... Yəni bu torpaqları biz, biz özümüz qanımız hesabına qazandıq! Bəs indi bu qələbə bizim deyil də kimin?! Qanlı müharibə zamanı birliyimizin haqlı qürurunu yaşayarkən hər şey bitdiyində düşüncələr parçalandı, fikir ayrılıqlarına düşdük...
Nəticə ürəyimizcə deyil, bu çox aydındır... Bəs öz gücümüzlə çaldığımız qələbəni niyə gözdən salırıq? Sonrası necə olacaq heç birimiz bilmirik. Pis də ola bilər, yaxşı da (ki mən yaxşı olacağına bütün qəlbimlə inanıram)... Bu gün qazanadığımız qələbə bizə əsgərlərimizin, şəhidlərimizin əmanətidir... Onu layiqincə qiymətləndirdikmi?...
Odur ki, əziz oxucu, axşama doğru bütün bu qarışıq duyğu, düşüncələrdən süzülüb ortaya çıxan bir şey oldu - peşmanlıq...
Bu tarixi və önəmli günü qaçırdığım üçün, sevincini haqqıyla yaşaya bilmədiyim üçün çox peşmanam çox... Meydanalarda qələbə coşğusunu yaşayanları çox qısqandım çox... Və bu fürsət insanın ömründə bir dəfə ələ düşür, fərdilikdən sıyrılıb xalqın sevinci ilə bütünləşmək insana nadirən qismət olur... Və bizə qismət olmadı təəssüf ki...
İndi gözümü dikmişəm 1 dekabra. Laçın da boşalınca Azərbaycan ərazisi murdar düşməndən tamamilə təmizlənmiş olacaq. Əsas qələbəmiz bəlkə də o gün hesab olunacaq. Əsgərlərimiz qayıdacaq, onların yürüyüşü təşkil olunacaq və biz xalq olaraq belə qarışıq və pərakəndə şəkildə deyil, təntənəli bir şəkildə onların yürüyüşünü böyük bir qürur və fəxr hissi ilə izləyib, alqışlayacaq, əsl qələbəmizi bütöv bir xalq olaraq qeyd edəcəyik... Bu mənim yenə də xəyallarım təbii ki... Rəbbim qismət eləsin 🤲
Hələlik isə gözün aydın, Azərbaycan, deyirəm. Qələbən mübarək!
Amma əsl qələbə təbrikim və yazım qalsın 1 dekabra... Sevgilər...
Qələmini sevdiyim bloq yoldaşım. Hər zamanki kimi öz fikirlərini mukəmməl izah etmişsən. Bloq aləmində darixdiğim şeylərdən biridə sənin yazılarını oxumaq, fikirlərin ilə tanış olmaqdır. Bu arada təbrik edirəm ,Qəbələ münasibəti ilə. Xalq olaraq bir daha bu ağır günləri yaşamamaq duasi ilə🤲🤲
YanıtlaSilÇox sağ ol, birdenem. Men de seni tebrik edirem. Allahdan tek dileyim, bizi meyus edib xeyal qırıqlığına uğratmasın. Bu qelebe sevincini ürekden, haqqı ile yaşatsın. Çünki bizim xalqın buna haqqı var. Tarix ve qeder üzümüze gülsün artıq 🤲❤
Sil