Sayfalar

21 Haziran 2016 Salı

Amerika ilə aramızdakı fərqlər

      


       
      İki il öncə can yoldaşım Amerika universitetlərindən birində tətqiqat aparmaq imkanı verən bir proqram qazanınca 6 ay kimi qısa müddətlik də olsa ailəcək getməyin daha uyğun olacağını düşündük. Uzun sürən sənəd-sünəd işi və hazırlıqdan sonra ailələrimizin göz yaşları və xeyir-duaları ilə yola düşdük. 
      Bu səyahət olduqca uzun və əziyyətli idi.Üstəlik hamiləliyimin ilk aylarında olduğunu nəzərə alsaq ora hansı vəziyyətdə gedib çatdığımı təxmin etmək heç də çətin deyil. 3 təyyarə dəyişərək gün yarıma çatdığımız Amerikaya- daha dəqiq desək, Arizona ştatının Phoenix şəhərinə endiyimizdə gecə saat 1-2 arası idi.
Hamımız sonuncu təyyarədə doyunca yatdığımız üçün özümüzü şən və gümrah hiss edirdik. Yoldaş ev kirayələyənəcən bir evdə qonaq qalası olduq. Səhər oyanan kimi diqqətimi ilk çəkən fərq səssizlik oldu. Gün boyu pəncərədən bir amerikalı görmək marağı ilə boylana-boylana qaldım, amma nafilə...Bəzi evlərin önünüdə maşın görməsəm bu yaşayış kompleksində təkcə biz varıq zənn edəcəkdim. Sonrakı günlərdə də bu fərq açıq-aydın özünü büruzə verdi. Səsli-küylü camaatı, cürbəcür maşın siqnalları, uşaqların çığırtısı, qadınların balkonlardan uşaqlarını çağırarkən istifadə etdikləri səsin ən yüksək səviyyəsindən :) fərqli olaraq burada insanı ürküdən qəribə bir səssizlik hökm sürürdü. Sonradan çox axtardığım bu səssizliyə təbii ki, ilk vaxtlar alışmaq şəxsən mənim üçün çətin oldu. Səssizliyin  səbəbləri isə müxtəlifdir.Ən əsas səbəbi isə zənnimcə istidir.Biz Arizona kimi yaşamaq üçün tərtib olunmasına kondisionerlərin ixtirasından sonra qərar verilən, gündüz vaxtı bilmədən əlini avtomobilin dəmiri üzərində saxladığında ora yapışıb yandığını bir çoxlarından eşitdiyim, sadəcə yay mövsümünün yaşandığı quraq və çox isti bir ştatatda idik. Burada evlər və bütün digər obyektlər hamısı mərkəzi soyutma sistemi ilə elə soyudulurdu ki, bir çoxunda bir müddət qalanda dişimiz-dişimizə dəyirdi (xüsusən xəstəxanalarda).Maşına oturanda əməlli-başlı isti bir təndirə oturmuş kimi olurduq.Maşının soyutma sistemi bu istini dəf edənəcən biz bir təhər olurduq.Amma hava quraq olduğundan qəti tərləmirdik (bu da bir fərq) və orda olduğumuz 6 ay müddətində cəmi bir antiperspirant işimizi görməyə bəs oldu. Belə isti bir yerdə insanların çölə-bayıra çox çıxmaması o qədər də təəccüblü deyil yəqin ki. 
       Amerikada evdən çıxıb ətrafı kəşf etmək ikinci gün axşamüstü nəsib oldu mənə. Ev yiyəsindən yaxınlıqda bir parkın olduğunu eşidən yoldaş bizi darıxmayaq deyə ora gəzməyə çıxardı. Evdən çıxıb küçə boyu irəlilədikcə ikinci bir fərq də diqqətimi çəkdi. Burdakı evlər müxtəlif quruluş, ölçü və rənglərdən ibarət olan bizim evlərdən fərqli olaraq, rənglərindən quruluşuna kimi eyni idi. Hər yaşayış kompleksinin belə desək öz stili var və burdakı evlərin hamısı o sitilə uyğun tikilir. Əlində dəqiq, yazılı, nömrəli ünvan olmasa hansısa evi şifahi təriflə tapmaq mümkün deyil. Eyni zamanda bu evlərin hamısının ön qapısı birbaşa küçəyə açılır və evin önündə qəti hasar filan olmur.Hər evin yığcam həyəti olur o da evin arxasında və hər kəsdə eyni ölçüdə. Onu da qeyd edim ki, burda insanlar şəhər mərkəzindən uzaqda yaşamağı üstün tuturlar. Downtown adlanan  mərkəzdə universitet, alış-veriş mərkəzləri, tələbələr və xaricdən gəlmiş müəllimlər üçün apartmanlar var. Yollar rahat olduğundan universitetdə işləyən müəllimin evi lap1 saat uzaqlıqda belə yerləşə bilər. Bizdən fərqli olaraq onlar bunu qəti problem etmirlər.


     İndi isə keçək parka... Mərmərlə döşənmiş, qızılı oturacaqlar, musiqili fontanlar, xaricdən od qiymətinə gətirilmiş gül-çiçəklə bəzəli , müxtəlif atraksionlu parklarımızdan sonra qarşılaşdığımız Amerika parkı bizi ilk görüşdə "məyus" etdi. Sadəcə çox geniş yamyaşıl çəmənlik, oturub dincəlmək üçün bir neçə sadə bisetka və ətrafı qum, zəmininə uşaqlar yıxılanda yaralanmasın deyə qalın süngərəbənzər bir örtük çəkilmiş yelləncək və pilləkənli sürüşkənlərdən başqa parkda heç nə yox idi. Küçələrdəki səssizliyin əvəzinə burda xeyli adam var idi. Tum çırtlayıb söhbət edən, ara bir nəzarət etdiyi uşağa acıqlanıb, yönləndirən böyüklərin, mərmər zəmində sürüşmədən qaçıb oynamağa çalışan, tez-tez dalaşan uşaqların yerinə burda böyüklü-kiçikli hər kəs oyun oynamaq üçün yaşıl çəmənliyə tökülmüşdü. Amerikan futbolunu məşq edən bir qrup uşaq və trenerləri, Futbol oynayan atalar və oğullar, uşaqlarını yeritməyə çalışan, onlarla oynayan analar, təkərlikli ayaqqabı ilə ətrafda o yan-bu yana şütüyən yeniyetmələr sanki bir-birlərini görmürdülər heç.Heç kim heç kimə mane olmurdu.Hər kəs öz dünyasında idi? Digər fərqimiz də elə budur.
Amerika insanı səbəbini heç cür tapa bilmədiyim bir hörmət hissi ilə yanaşır hər kəsə. Məsələn, marketdə yoldaş ilə başımız nəyi isə seçməyə qarışdığı vaxt çox zaman birdən arxamızda öz alış-veriş arabası ilə bizim arabamızı yoldan çəkməyimizi böyük bir səbirlə gözləyən amerikalını fərq edirdik. "Sorry"- lərlə yol açarkən adamın narahatlıq verdiyi üçün bizdən üzr istəməsinə mat-məəttəl qalırdıq. Bir də tanımadığımız adamların küçədə rastlaşarkən gülümsəyərək bizə salam vermələrinə... Bir problem olduğunda eşitdiklərimiz və düşündüklərimizin əksinə amerikalı əlindən gələn hər şeyi etməyə çalışırdı. Geyimimizə, uşaqlarımızın çoxluğuna, yaşımızın gəncliyinə, qısacası, hər şeyə kompliment söyləyən bu adamlarda insana çox xoş təsir bağışlasalar da, heç cür izah edə bilmədiyim bir şeylər əksik idi. Bizim insanımızın istiliyimi, səmimiyyətimi bilmirəm. Amma bir şeylər çatmırdı...
      Amerika macəramızın ilk bir həftəsini qonaq qaldığımız evdə keçirdikdən sonra, nəhayət, yoldaş bir ev kiralamış və böyük sevinclə müvəqqəti yuvamıza köçmüşdük. Uşaqların məktəbinə yaxın bir yaşayış kompleksində - Coronado Crossingdə 6 ay həyatımın ən stressiz, əsəbsiz, sakit və xoşbəxt, eyni zamanda vətən və doğmaların həsrəti ilə yanıb tutuşduğum günlərini yaşadıq.

                    
Amerikada qaldığımız yaşayış kompleksi -                     Coronado Crossing

Burrda qarşıma digər fərq də çıxdı. Bizim cah-cəlallı, bərbəzəkli evlərimizdən fərqli olaraq amerikalıların evləri həddən artıq sadə və rəngsiz idi. Bəyəndinmi deyə soruşsanız cavabım "yox" olacaq yəqin ki. Qonaq qaldığımız villa ilə, kirayə qaldığımız apartman dairəsinin təmiri eyni idi. Ümumiyyətlə bundan sonra qonaq getdiyim hər yerdə standart bir amerikan ev stilininin hər yerdə hökm sürdüyünü gördüm: Açıq rənglə boyanmış divarlar, döşəməyə yapışdırılmış uzun saplı xalılar, açıq mətbəxt, ən az iki hamam. Sadəcə evin əşyaları idi fərq yaradan, divara asılan tablolar idi evə bəzək verən.

   Vətənə dönərkən çəkdiyim bizim evin boş halı

 Bir xörək bişirdiyimdə evdəki bütün əşya və paltarlara yemək qoxusunun hopmasına səbəb olan salondakı açıq mətbəx anlayışını isə ilk vaxtlar heç cür mənimsəyə bilmirdim.Sonradan amerikalıların niyə bundan narahat olmadıqlarını anladıq. Çünki onlar evdə yemək bişirməkdən daha çox mikrodalğalı sobada tez-bazar başa gələn hazır qidalara üstünlük verirlər.Buna görə də bizim market səbətimiz meyvə-tərəvəzlə, onlarınkı isə qutu-qutu hazır qida ilə dolu olurdu. Dolayısı ilə mətbəxi yemək bişirməkdən çox yemək isitmək üçün istifadə edən amerikalılar üçün açıq mətbəx və qoxu problem təşkil etmirdi.
        Bir-iki gün sonra uşaqlar məktəbə başladılar. İngilis dilinə çox az bələd olan uşaqların bu həyəcanlı günündə onları tək qoymayıb bərabərcə məktəbə yollandıq. Məktəb özəl olduğu üçün xüsusi formaları var idi. Amma bizim alışdığımız ağ köynək, qara şalvarın yerinə əksinə sarı, göy və zoğalı kimi üç seçim imkanı verən rəngli köynəklər və safari və tünd göy rəngli şalvarlardan ibarət idi məktəb dəsti. İlk gün bir müəllimin bizim uşaqlara "daralı saçlar və ütülü paltarlardan görünür ki yenisiniz" deməsi mənə qəribə gəlsə də, sonradan bizim hər gün yuyub səylə ütülədiyimiz ağappaq köynək və qara şalvardan fərqli olaraq burada heç vaxt ütülənməyən, hətta çox vaxt kirli və bəzən bir yerindən deşilmiş şəkildə forma geyinib məktəbə gələn uşaqları görəndə məsələni anladım. Nəinki paltarlar, nə uzanıb gedən saça nə də dırnağa qarışan var idi. Bizim məktəbdə uşaqların saçı təraş olunandan bircə həftə sonra "saçlarınızı vurdurun" deyə xəbərdarlıq alırdıq halbuki... Uşaqları sadəcə geyim baxımından deyil, tədris cəhətdən də rahat buraxırlar Amerikada. Bizim uşaqlar heç vaxt çox üst səviyyədə oxumayıblar, açığı bunu onlardan heç vaxt tələb etməmişik də. Tək istəyimiz təməl biliklərə yaxşı yiyələnib, dərslərinə qarşı məsuliyyətli olmalarıdır. Onları yarış atı kimi rəqabət aparıb hamıdan birinci olmaqları üçün təşviq etməyi doğru bir davranış hesab etmirik.Ona görə də Azərbaycandakı məktəbdən heç vaxt, təqdiredici və ya həvəsləndirici bir xəbər almamışdıq. Amerikada isə hər həftə  uşaqlarla bağlı tərif dolu mail və  ya birinin hansı xüsusiyyətinə görəsə həftə birincisi seçildiyini duymaq açığı bizi təəccübləndirdiyi qədər, sevindirdi də. Burda bizim məktəblərdən fərqli olaraq uşaqları danlayıb, davamlı xəbərdarlıq etmək əvəzinə, onların  ən kiçik müsbət davranışları belə diqqətə alınır və dəyərləndirilirdi. Uşaqların saçına, geyiminə qarışıb, dərslər üçün sıxışdırılmaq yerinə, gələcəkdə ölkəyə yararlı olacaq özünə inanan, güvənən, sərbəst qərar qəbul edə və strategiya qura bilən vətəndaşlar yetişdirməyə çalışırlar amerikalılar. Bir də hər tərəf tər-təmiz olduğuna görədir ya nə onlar bizim kimi uşaqları "ora əl vurma, bura əl vurma" kimi mikrobdan qorumaq zəhmətinə qatlanmırlar. Uşaqlar yerlərdə rahatca oturur, uzanır, torpaqla oynayır və s. Nədənsə amerikalılar bizim kimi uşaqlarını zərərli qidalardan da çox qorumurlar. Onların ən çox sevdiyi yeyəcəklər pizza, cipsi, rəngli kremli muffinlər, donat, nutella və də ən vaz keçilməzləri kola ...  

   Bu da Amerikada ikən harda gəldi        oturmağı adət etmiş bizimkilər:)

 Fərqlərdən danışmışkən Amerikadakı yol və yol qaydalarından danışmadan keçə bilməyəcəm. Geniş və rahat yollar çox şükür yavaş-yavaş bizə də gəlib çıxsa da, yol qaydalarına riayət və yol mədəniyyəti nə vaxt gələcək bilmirəm. Bizim kimi sırf polis cəza yazmasın deyə bağlamaq əvəzinə başlığını altına qoyub oturan sürücüdən fərqli olaraq əmniyyət kəmərindən istifadəyə verilən hədsiz önəm, bəzən bir-birinin qucağında oturaraq, maşından düşüldüyündə ətrafdakıları "bu qədər adam maşına necə sığmışdı?" deyə şok edən arxa oturacaqdan "bezrazmer" :) olaraq istifadənin əvəzinə 3 nəfərdən çox adamın oturmasının qəti qadağan olması, müəyyən yaşa qədər uşaqların bizimki kimi təbii ana qucağından fərqli olaraq, maşına kəmərlərlə bağlanan xüsusi uşaq oturacaqlarından istifadə (hətta uşaq anadan olanda bu oturacağı görmədən xəstəxanandan çıxışa izin verilmirmiş) və yollardakı sürücülərin hər zaman əsəbi olub, qan-qan deyən bizimkilərdən fərqli olaraq hər zaman nəzakətli və güzəştə gedən olması Amerika ilə aramızdakı yol fərqlərindən bəziləri...
       Amerikalılar ilə aramızda gördüyüm bir fərq də onların geyim-gecim və davranışlarındakı hədsiz rahatlıqları idi. Evdən istədiyiniz kimi, lap cırıq paltarda belə çıxsanız bizdəki kimi heç kimin dönüb sənə baxmayacağından, məzəmmət edici nəzərlərin üzərinə yönəlməyəcəyindən arxayın ola bilərsiniz. Hətta əksinə bir şey tapıb mütləq sənə iltifat edəcəklər. İstədiyin kimi atıl-düş, qaç oyna... Kimsə "utanmır bu yaşda etdiyi hərəkətlərə bax" deyə düşünməyəcək belə. Yəni hər kəs öz zövqüncə, istədiyi kimi yaşayır. Başqalarının nəzəri onlar üçün qəti önəmli deyil. Bu müəyyən mənada insana rahatlıq gətirsə də bir müddət sonra üst-başına çox da fikir verməyən, zövqsüz birinə çevrilirsən. Ona görə də açıqcası bu baxımdan bizdəki səliqə mənə daha xoş gəlir.

Məktəbdə Halloween bayramı 

  Geyimə çox fikir verilməyən Amerikada doğru-düzgün paltar tapmaq da çox müşkül məsələ idi. Mən hər zaman spor və rahat geyimləri sevmişəm. Burada paltarların bir çoxunun belə tərzdə olduğunu düşünmüşdüm. Amma spor tərzdə belə olsa rəngi, forması bizim zövqümüzə uyğun bir geyim tapmaq o qədər çətin olurdu ki, bizim üçün. İstədiyimizə yaxın bir şeyi tapmaq üçün saatlarca gəzəsi olurduq. Ən pisi də bizim qaldığımız ştat çox bahalı bir yer idi. Vətənə dönərkən qohumlara hədiyyə almaq üçün çəkdiyimiz əziyyətləri varın siz düşünün... :)
     Amerika ilə aramızdakı fərqləri təbii ki belə saymaqla bitirmək, hamısını əhatə etmək olmur. Mənim ağlımda qalanlar bunlar idi sadəcə.
   Amerikanın hər nə qədər bizdən üstün cəhətləri çox olsa da vətənin adicə havasını, suyunu, ən çox da adicə çörəyini (xüsusən də təndir çörəyini :)), səsli-küylü, dəli-dolu, amma yumşaq qəlbli, mərhəmətli insanını çox arayıb, çox həsrətini çəkdik. Qürbətdəki qəriblik duyğusunu qələmə almağı bir başqa postumuza saxlayıb, orda ikən görüşdüyümüz, bizim kimi müvəqqəti olaraq Amerikaya getmiş həmvətənlim Gülnar xanımla hisslərimizi və düşüncələrimizi paylaşarkən dediyi və hisslərimə tam tərcüman olan, hər şeyi özətləyən bir cümlə ilə bitirirəm yazımı:
" Amerikada hər şey var, amma elə bil heç nə yoxdur".
      

2 yorum:

  1. Qurbetin en zor terefi nedir bilirsenmi?bezen ozleyersen hemde coox ozleyersen.bir qohum eqraba evine getmek,yaxin bir ezizini gormek isteyersen,ama araya mesafeler girer.sen sadece ozlediyinle qalarsan..icindeki ozlem gozlerinden yas olaraq suzuler ve elece qalarsan...

    YanıtlaSil
    Yanıtlar
    1. Səni çox yaxşı anlayıram bacı. Nə qədər ətrafda dost-tanış da olsa bir doğmanın yerin vermir. Rəbbim sizinlə birgə bütün qəriblərin yatdımcısı olsun.

      Sil