Sayfalar

22 Temmuz 2016 Cuma

Çiçəklərə aşiqəm

       Dünyanı rəngləndirən, yaşanılır hala gətirəndir çiçəklər... Rəbbimin cənnəti qullarına xatırladan, o tərəflərə aid kiçik bir. sərgisidir çiçəklər aləmi... Ürəkləri riqqətə gətirən, xoş əhval-ruhiyyə oyadan, qəlblərdə bahar coşğusu, aşıb-daşan duyğu seli əmələ gətirən, gözümüzü, könlümüzü oxşayıb bizə min cür gözəlliklər bəxş edəndir bu ilahi lütf, bu zərafət mücəssiməsi olan güllər aləmi...
       Qızılgül... Eşqin, məhəbbətin təmsilçisi... Adına əfsanələr qoşulan, bülbülün eşqindən bağrını qan etdiyi, sevənin sevdiyinə sevdiyini elan edən elçisi, ən əsası isə qoxusu Əfəndimizin (s.ə.s) qoxusuna bənzədilən, "Güllərin Əfənfisi" olaraq adının Peyğəmbərimizin adı ilə qoşa çəkilmə şərəfinə sahib yeganə gül...Gözəlliyi ilə məni də ofsunlayıb kameramda iz salan zərafət...
Burda yeniyetmə yaşlarımda yazdığım bir şeir yadıma düşdü :
Al rəngli qızılgülə söylə diqqət etmisən?
Doyunca əmmək üçün günəşin şəfəqindən
Açılır baxmaq üçün o parlaq simasına.
Sonra isə dağıdır ləçəyin sevincindən
Özünü qurban verir vəfalı sirdaşına...

Bir də çəmənlikdə, yol kənarında, hasar dibində bitən çiçəklər var...Məsumiyyətin, saflığın, səmimiliyin və sadəliyin təmsilçisi... Heç bir gözəllik iddiasında deyillər onlar... Kənd qızları kimi bəzəksiz-düzəksiz, lakin Cənabı Hakkın bəxş etdiyi təbii gözəlliyə, zərifliyə malikdirlər...Eləcə safiyanə varlıqları ilə otların arasında, kolların, ağacların dibində, yol kənarında  kaprizsiz, ilgi istəməyən, hər cür göstərişdən uzaq, sanki gözəlliklərindən xəbərsiz, utancaq bir şəkildə gizlənirlər... Kim bilir bəlkə də "əzilməmək" üçün...






Qapqara torpağın bağrından bu qədər fərqli rəng və fərqli formada çiçək çıxaran Rəbbimə şükürlər olsun...
Bu çiçəklərin məndə yeri ayrıdır... Uşaqlığımda bahar gəldimi xalça kimi bütün həyət döşənərdi yaşıl otla... O xalçanın ən gözdə naxışları isə bu mavi rəngli xırdaca çiçəklər olurdu...

Və ağac çiçəkləri... Baharın gəlişiylə qup-quru budaqları şənləndirən, bağları bəzəyən, sevinc,coşqu bəxş edən narın çiçəklər...
Bir də insanların özənə-bəzənə becərdikləri evlərini, bağçalarını  gözəlləşdirdikləri çiçəklər var... Rəngarəng... Növbənöv...
Beləcə çiçək qoxulu, hər rəsmindən gülab damlayan yazımı bitirirəm:) Ümid edirəm ki, oxuyan hər kəsdə eyni təəssüratları oyatmışam. 
Bu arada təbii ki çəkdiyim çiçək rəsmləri sadəcə bunlar deyil. Hər dəfə daha çox rəsm yükləmək adıyla bu postum gecikdiyi üçün artığına səbrim çatmadı.

2 yorum:

  1. Cicek qoxulu yazina bayildim🌺

    YanıtlaSil
  2. :)) Təşəkkürlər bacı. Çiçəkləri sevirsən sən də demək ki...

    YanıtlaSil