Cabbar kişi iki gün idi bilmirdi başına haranın külünü töksün, bilmirdi dərdini daha kimlərə danışsın ki bir az ürəyinin yükü yüngülləşsin.
Heç bir həftə deyildi ki evin təmiri bitmişdi. Pəncərələri ağappaq tüllərlə bəzənmiş, içi təptəzə mebellərlə döşənmişdi. Həyət-bacanı cənnət kimi etdirmişdi... Haralardan gül-çiçək, ağac gətirdib əkdirmişdi. Hovuz tikdirmişdi, hətta kiçik fəvvarə belə qoydurmuşdu hovuzun ortasına...
Bəs necə? Gözünün ağı-qarası bircə oğluna toy hədiyyəsi idi bu ev. Gərək hamı biləydi, görəydi ki, Cabbar necə cah-cəlalla gətirir gəlinini. Darvazadan içəri girən kimi açarı verəcəkdi gəlinin əlinə, alnından öpüb xeyir-dua edəcəkdi. Amma deyir, sən saydığını say, gör fələk nə sayır... Toya ikicə gün qalmış bir gecə yarısı ev qəfil öz-özünə od tutub yanmışdı. Nə yanğınsöndürənlər, nə də camaat çata bilmişdi haya... Eləcə başdan ayağa yanıb kül olmuşdu o boyda iki mərtəbəli, yaraşıqlı ev...
Odur ki, yer-göy Cabbar kişini tutmurdu. Bütün gün yanmış evin xarabalığının yanında o yan-bu yana gedib dodaqaltı "Nə təhər olar?" "Necə oldu?" deyə mızıldana-mızıldana var-gəl edirdi. Arvad- uşaq kişinin başına hava gələcək deyə qorxmağa başlamışdı.
Axır ki, işi araşdıran Rayon Polis idarəsi Cabbar kişinin "necə oldu?" sualına cavab tapmışdı. Sən demə ev qəsdli şəkildə yandırılmışdı. Evin yaxınlığında tapılan benzin bidonu və bəzi polisə məlum ipucları bu reallığı açıq-aydın ortaya qoymuşdu. İntəhası, bu fakt Cabbar kişinin cəmi bir sualının cavabını verib, əvəzində çoxlu sayda suallar yaratmışdı. "Yaxşı, bəs niyə?" "hansı günaha görə?" Əsas olaraq da "kim?"...
Cabbar kişi eşidəndə ki, Mahmud Bakıdan gəlib ki, torpağını satsın, sevindiyindən az qaldı çırtıq çalıb oynasın. Çoxdandır oğluna qəşəng bir ev tikdirib, toy eləmək istəyirdi. Bilirdi ki, arvadı gəlin yola verən deyil. Odur ki, əvvəldən planlamışdı ki, oğluna ayrıca ev eləsin, amma çox da gözündən uzaq olmasın. Bu baxımdan Mahmudun həyəti lap ideal idi. Deyir istədiyi yar idi, yetirdi Pərvərdigar.
Sövdələşməni də elə bu həyətdə yarı tikili evin yanında aparmışdılar.
--- İnsafın olsun, ay Cabbar! 20 min nədir? Özün bilirsən ki, bu həyətin ən az 50 min qiyməti var. 26 sot torpağı, içində bu qədər meyvə ağacı, üstəlik də yarıyacan qaldırılmış ev. Mən onsuz da dəyərindən aşağı verirəm. 35 mindən 15 min düşməyimi istəmək də düz deyil axı... Məndən olsa, vallah, heç vaxt satmazdım. Amma neyləyim ki, mənimki də belə gətirdi.
--- Canın üçün, Mahmud, mən heç 20 mini bilmirəm hardan tapıb verəcəm. Üstəlik illərdi yoxsan, gör həyat baca nə gündədir. Buranı təmizlətmək üçün də xərcim çıxacaq. Evi də sökdürməliyəm...
Mahmud narazı halda başını bulayıb ölgün baxışlarını yarı tikili evə tikdi. Cabbar onun sarımtıl simasına, solğun dodaqlarına, çuxura düşmüş gözlərinə baxdıqca "Gör xəstəlik insanı nə hala salırmış! Kim deyər ki, bu çəlimsiz, buruşmuş kişi bir vaxtlar rayonun ən özündən deyən, sözü gedən kişilərindən biri idi. Camaat kabinetinin qabağında növbəyə durardı onunla görüşə bilmək üçün" deyə düşündü.
Mahmud fikrə getmişdi, deyəsən bir qərara gəlməkdə çətinlik çəkirdi. Amma Cabbar çox yaxşı bilirdi ki, Mahmud bu torpağı ondan başqa heç kimə sata bilməyəcək.
Uzun illər öncə Mahmud rayonda Baş Planlama idarəsinin rəisi vəzifəsində işləmişdi. Və bir gün camaat eşitdi ki, necə olubsa Qasım kişinin ata-babadan qalmış torpağı dövlət mülkiyyətinə keçirilib. Həmin gün idarəni Qasımın qışqır-bağırı basmışdı: "Bu qansızlıqdır, dədə-babadan qalmış torpağımı əlimdən ala bilməzsiniz siz! Hara lazımdırsa yazacam!"
Yaza bilmədi Qasım kişi. Bir axşam qəfil ürəktutmadan vəfat etdi. Heç kim açıq-aydın deməsə də hamı bilirdi ki, kişinin ürəyini bu torpaq haqq-hesabı partlatdı. Qısa müddət sonra Qasımın ailəsi də tarımar oldu. Oğlu başını götürüb Rusiyaya əmisinin yanına getdi, qızını da ana qohumlarından fərsiz bir oğlan qaçırıb özünə arvad elədi. Deyilənə görə arvadı Zərnişanın isə başına hava gəlmişdi, qardaşları gəlib kəndə - öz yanlarına apardılar.
Bir müddət sonra Qasım kişinin torpağının paslanmış, köhnə tel çəpərləri söküldü, səliqə ilə dörd bir tərəfdən daş divarlar hörüldü. Dəmir darvaza qoyuldu. Və dərhal içəridə ikimərtəbəli bir evin inşası başladı. Rayon sakinləri evi Mahmudun tikdirdiyini bilirdi, hamısı öz aralarında xısın-xısın danışır, həyətin önündən keçəndə narazılıqla başlarını bulayırdılar.
Hələ tikinti işləri gedərkən, birdən dövran tərsinə döndü sanki. Mahmud qəfil işdən çıxarılaraq idarədən uzaqlaşdırıldı. Deyilənə görə fəaliyyətində saxtakarlıq, rüşvət, dövlət sənədlərində maxinasiyalar üzə çıxarılmışdı. Mahmud rayonda çox yaşaya bilmədi. İndiyə qədər etdiyi haqsızlıqlar, aldığı bir çox insanın ahı onun canına qorxu salmışdı deyəsən.
Bir gün sakinlər eşitdilər ki, Mahmud yaşadığı evin qapısını da, yarımçıq qalmış tikilinin olduğu həyətin darvazasını da bağlayıb birdəfəlik Bakıya köçüb. Sonradan qulaqlarına çatdı ki, Mahmud üç övladının heç birindən yarımayıb, hərəsi bir pis yolun yolçusu olan uşaqlarının dərdindən özü də xərçəng xəstəsi olub. Bütün əlində olan qalanını bir tərəfdən uşaqlarının törətdiyi hoqqaları ört-bas etməyə, bir tərəfdən öz müalicələrinə xərcləyərək əridib. İndi son ümid yeri kimi əlində qalmış yeganə mülkiyyətini, rayondakı torpağı satmağa gəlmişdi.
Başıbəlalı torpağı almağa heç kim yanaşmırdı. Odur ki, Cabbar kişi bu fürsəti qaçırmayıb tez zamanda Mahmudu evi dəyərindən qat-qat aşağı ona satmağa razı salmışdı.
Həmin gün oğlu ilə yarı tikilinin önündə durub həyəti nəzərdən keçirəndə, çiyinləri atıla-atıla sevinclə ürəkdən gülürdü Cabbar. İri əli ilə oğlunun kürəyinə şappıldadıb, digər əli ilə gicgahını göstərib dedi :
--- Bax, buna ağıl deyərlər, ağılll... Ha hahaa...Fürsət düşdümü əlinə, qaçırmayacaqsan. Atan sənin üçün burda bir cah-cəlal düzəltdirsin ki, gəl-görəsən. Ha ha haaa...
Yanğın olan gecə səhərə yaxın Mahmudun telefonuna bilinməyən bir nömrədən uzun bir mesaj gəlmişdi:
" Həə Mahmud. Necədir? Xoşuna gəldi əl işim? Hələ bu harasıdır?! Sənin bəxtin onda gətirdi ki, qardaşımın başına o oyunları açanda türmədə idim mən. Amma and olsun Allaha eşitdiyim andan bəri gün gün sayırdım, çıxacağım günü necə səbirsizliklə gözləyirdim bir bilsən. Gəlib bütün elədiklərini sənin o burnunun deşiyindən tökmək üçün gün-gün sayırdım. Türmədən çıxan kimi birinci işim bilet almaq oldu. 3 gündür qatarla necə yol gəldim mən bilirəm. Çıxdığımı, gəldiyimi bir adama da deməmişəm. Çünki and içmişdim birinci işim sənin o həyətdə tikdirdiyin evə od vurmaq idi. Sən kimsən əəə bizim ata-baba torpağımıza göz qoyasan? Haranın itisən? Yaxşı ki, evdə deyildin, bilirdim ki, ev boşdur. Heç belə asan ölməyini istəmirdim çünki. Həə Mahmud burdayam artıq. Kişi döyüləm elədiklərini zidin-zidin sənin burnundan gətirməsəm... Atamın, qardaşımın goru çatdasın səni əgər bu dünyaya gəldiyinə peşman etməsəm... Hələ hər şey indi başlayır..."
Umman Aslan / 03.2025
Qeyd: Kursdan tapşırığımız hansısa xəbər saytından konkret və qısa bir xəbəri götürüb ondan hekayə yazmaq idi. Mən də bir xəbər oxudum saytların birindən: Biləsuvar şəhərində 2 mərtəbəli bir ev yanıb. Və burdan yola çıxıb yuxarıdakı hekayəni yazdım.
Hiç yorum yok:
Yorum Gönder