26 Şubat 2017 Pazar

Qanayan yaramız - Xocalı


   Tam 25 il öncə, lopa-lopa qarın yağdığı sərt bir qış günü idi.  7 min əhalisindən  4 aylıq mühasirə və hücumlardan sonra 3 mini qalmış Xocalı sakinləri səksəkə, qorxu içərisində bir gecəni də keçirmək üçün yataqlarına girmişdilər.Başına gələcək dəhşətli faciədən xəbərsiz... 

   Kim bilir o gecə neçə ana öz körpəsinin gələcəyini narahatçılıq içərisində düşünmüş, neçə gənc bu qara günlər bitdikdən sonra sevdiyi qızla quracağı ailənin xəyallarını qurmuş, neçə ata övladını tələbə görməyi arzulamış, neçə nənə-baba " Sən bizim ömrümüzdən al balalarımızın ömrünə cala, onlar hələ cavandılar nə gün görüblər ay Allah!" deyə dua etmişdilər Uca Yaradana əl açaraq.
   
   Fevralın 25-dən 26-na keçən gecə... Qəfil başlayan hücumla camaat başını itirdi. Ağır artilleriya ilə atəşə tutulan kənd qısa bir müddətdə alovlar içərisində qaldı. Əhali canını götürüb qaçmağa başladı. Çoxu ayağı yalın, başı açıq buz kimi havada qarın dizə çıxdığı meşələrə, dağlara  qaçdı. Sağ qalanların hər birisinin anlatdığı roman olacaq hadisələr yaşandı o gecə... 
  
   Soyuq qaranlıq meşə... Arxada düşmən... Ana baladan, bala anadan xəbərsiz hər kəs canını götürüb qaçır... Arxadan açılan düşmən gülləsinə tuş gələnlər, qaçmağa gücü yetməyib gizləndiyi yerdən tapılıb əsir götürülənlər... Bütün bir gecəni qaçarkən qar yeyib susuzluğunu yatıranlar... Üstündəkiləri çıxarıb ayaqlarına sarısalar da ayağını don vuranlar... Hər kəs bir ümidlə qaçır...

    Əsir götürülənlərə elə ordaca amansız işgəncəlır verilir. Diri-diri dişləri sökülür, başlarının dərisi soyulur, hamilə qadınların qarınları yarılır, uşaqların gözlərinin önündə ataları min bir işgəncəylə öldürülür, körpələrin gözü çıxarılır, neçə-neçə igidin başı erməni qəbirlərinin üstündə kəsilir.
   
   Salatın adlı yeni doğulmuş körpəsiylə qaçır bir ana da. Götürülən əsir qadınların başına gətiriləndən xəbərdardırlar. Yanında başqa qadınlar da var. Bir kolluqda gizlənirlər. Düşmən yaxınlaşır. Körpə aclıq və soyuqdan ağlayır. Ana iki od arasında qalır.  Özü və yanındakı qadınların namusumu, körpəsimi? Əlini körpəsinin ağzına aparır ana. Sinəsində ürəyini, əlində körpəsinin ağzını sıxdıqca sıxır. Düşmən uzaqlaşır. Əli boşalır ananın. Yanındakılar nitqi qurumuş, mərhəmət və günahkar baxışlarla baxırlar anaya. Körpə yoxdur artıq aralarında. Körpə bu gecənin dəhşətindən qurtarmışdı anasını və qonşu qadınları. Yenə də ana körpəsini buraxa bilmir meşədə. Hara gedirəm mənimlə gəlsin deyir. Bağlayır onu öz belinə.  Tam iki gün  yol gedirlər.  Üçüncü gün düşmənin əlindən qurtula bilmirlər. Əsir götürülürlər.  Bir erməni kəndində tövləyə salınırlar. Qadın donmuş baxışlarını divara zilləyib öldürülmüş ərini və körpəsini düşünür. O artıq bu həyatda kimsəsizdi. Lakin o anda Rəbbim bir möcüzə göndərir bu soyuq və qaranlıq tövləyə. Qonşu qadın heyrət dolu baxışlarla ananı silkələyir. Körpə tərpənir deyir. Ana böyük təəccüb və həyəcan içərisində körpəsini bağrına basır. İki gündür hərəkətsiz və ac qalmış körpəsini əmizdirmək istəyir.  Lakin aclıq və yorğunluqdan onun südü tamam çəkilmişdir. Qonşu qadın divarın diblərinə tökülmüş buğdalardan yığıb anaya yedizdirir südü olsun deyə. Bir neçə günə onları erməni əsirləri ilə dəyişdirirlər. Ana ilə körpəni müalicə üçün təcili Bakıya göndərirlər. Hal-hazırda Salatın faciənin il dönümü ilə  eyni yaşda - 25  yaşındadır. Körpə vaxtı boğulduğu üçün gözləri zəif görür. Və Salatın Xocalı faciəsinin məğdurlarından sadəcə biri...

   Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
   Ürək ağrıdan əsas məsələ nədir bilirsinizmi? Bütün bu olanlara dünya hələ də susur. Hər yerdə demokratiya, insan haqları deyib yalandan sloqan atanlar bu soyqırımı görməzdən gəlir. Türklərin tarixin izi tozu arasında qalmış, doğru-düzgün isbatı olmayan ermənilərə qarşı törədildiyi iddia edilən yalançı soyqırımı dillərdən düşmür. Lakin daha 25 il öncə sənədlərlə, fotolarla, videolarla açıq-aydın gözlər önündə olan bu gerçəyə göz yumulur. ( Həmin fotoları deyil bloquma qoymaq, baxmağa belə gücüm yetmir. İstəyənlər Google-dan tapıb baxa bilərlər)

   Hər il danışırlar Xocalılar öz faciələrini, xatırladırlar bizlərə. Hər il bu yazını yazdığımda olduğu kimi sadəcə göz yaşları ilə deyil hönkürtü içərisində izləyirəm televizordan. Bu insanlığın üz qarası, əsrin faciəsini düşündükcə içimdəki nifrət və öfkə böyüyür. Hayqırmaq istəyirəm - Gözləri kor olmuş ey dünya "böyükləri", nə zaman dini ayrıseçkiliyə son qoyub məsələlərə sadəcə insani dəyərlər baxımından yanaşacaqsınız?! Nə zaman yalandan deyil doğurdan  haqqın-ədalətin yanında olacaqsınız?!  -deyə.
  
Qeyd: Xocalı soyqırımını dövlət səviyyəsində tam qətliam kimi sadəcə iki dövlət - Pakistan və Sudan qəbul edib.

12 yorum:

  1. 2013 yılında Türkiye Büyük Millet Meclisi'nde Hocalı soykırım kabul edilmesi için CHP ve MHP önerge /teklif sunuyorlar ama AKP reddediyor.
    Değil resimlere bakmak yazılanları bile okumaya yürek dayanmaz. :(
    Canilik, sadistlik başka bir şey değil....:( :(
    ben de bloğuma yazı yazmıştım izninle senin yazının da linkini eklemek isterim.

    YanıtlaSil
    Yanıtlar
    1. Nə demək?! Bu məsələyə laqeyd qalmayıb bloqunuzda yer verdiyiniz üçün çox təşəkkür edirəm.

      Sil
  2. Yazıklar olsun diyorum. Bu katliamı bir blog arkadaşım yazmıştı, yeniden içim yandı. Ah Umman, hangi dünya milleti kaldı hakları savunup, bunları kınayacak? Halklara zulmetmeye devam ediyor acımasız hainler. Allah rahmet eylesin hepsine. Nurlar içinde olsunlar.

    YanıtlaSil
    Yanıtlar
    1. Amin. Haqlısınız özümüz də bir şey edə bilmiriksə, hesab gününə buraxmaqdan başqa əlimizdən heç nə gəlmir təəssüf ki :(

      Sil
  3. Allah tekrar yaşatmasın o günleri canım. Asla unutmuyoruz...

    YanıtlaSil
    Yanıtlar
    1. Amin. Kimsəyə yaşatmasın. Təşəkkürlər.

      Sil
  4. Men de Xocalı haqqında televizorda verilenlere hec baxa bilmirem..İcin sızlayır.Yazdığın hadiseni de ilk defe d indi oxudum.Cox duyğulandım.Rabbim bu günahsızların qanını yerde qoymayacaq. Bu dünyada olmasa da hesab gününde..

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah bacı. Kaş ki, elə bu dünyada da gücümüzü toplayıb intiqamımızı ala bilsək...

      Sil
  5. Ah bacım,ah soydaşım,yürek dayanmaz.Hele hele Türkiye devletinin bu yapılanları soykırım olarak tanımaması en derin üzüntü sebebidir.Bilesin ki Türk halkı,Azerbaycan halkını kardeş bikir,kendi özü bilir,iki devlet tek millet olarak görür,acınızı acımız biliriz.Allah bir daha yaşatmasın.

    YanıtlaSil
    Yanıtlar
    1. İnanın buna heç şübhəm yoxdur. Amma elə bir dövrdəyik siyasi hiylələr, oyunlar qardaş dövlətlərin də əl qolunu bağlayır.Çox təşəkkür edirəm gözəl yorumunuza görə.

      Sil
  6. Urek agrisiyla,gozyaslariyla oxudum.Sozun bitdiyi yer...

    YanıtlaSil
  7. O göz yaşları hər il axır gözlərimizdən, qəlbimizi hər il sızladır o ağrı. Yəqin ki, qiyamətəcən bu cür davam edəcək. Hesab gününə qalıb artıq bizim intiqamımız :(

    YanıtlaSil