26 Şubat 2024 Pazartesi

Günlük

 


05.11.99

 

   Yorğunluqdan və yuxusuzluqdan gözlərim yumulur, amma bu gün yaşadıqlarımı mütləq qeyd etməliyəm deyə düşünürəm. Hər nə qədər yazmaq mənə çətin olsa da...

   Anarla Lalənin məni təbdən çıxaran davranışlarına biganə qala bilmədim artıq bu gün. Onların hamının gözü önündə utanmadan, çəkinmədən olan yaxınlığı ilk gündən gözümə batırdı onsuz. Hər ikisi ayrı-ayrılıqda ağıllı, tərbiyəli uşaqdırlar. Hər ikisi yaxşı oxuyan, dərslərinə həmişə hazırlıqlı gələn şagirdlərimdəndirlər. Di gəl abır-həyadan yoxsundular sanki. Başa düşürəm, yeniyetməliyin xüsusiyyətlərini də lap gözəl bilirəm. Amma bu qədər də olmazdı axı! Heç olmaya müəllimlərdən çəkinməlidirlər ya yox? Çox vaxt yan-yana eyni partada oturmaları, dərsə bir gəlib getmələri bu yana dursun, Lalənin Anarın kitab dəftərini də daşıması məni əməllicə cin atına mindirirdi. Bu qızda heçmi qürur yoxdur, deyə fikirləşə-fikirləşə içim içimi yeyirdi. Oğlanlarımız onsuz da çox vaxt qarınlarına taxdıqları bircə dəftərlə gəlirlər məktəbə. Bir dəftəri daşımaq çoxmu çətindir Anar üçün görəsən? Bir neçə dəfə yaxın müəllimələrin yanında bu söhbəti açmaq istəsəm də, həya elədim düzü. Fürsət gözləyirdim elə hər ikisini acılamaq, ürəyimi boşaltmaq üçün. O fürsət də bu gün doğdu. Dəftərlərdə yoxlama aparmaq istəyəndə Anarın dönüb qaşla-gözlə dəftərini Lalədən istədiyini gözaltı müşahidə elədim. Qız da çantasını açıb bir az qurdalandıqdan sonra Anara baxıb təəssüflə başını buladı. Yoxlama növbəsi Anara çatanda durub deməsinmi "Müəllimə, Lalə dəftərimi gətirməyib." Qan beynimə sıçradı. O ki var danladım oğlanı ki, sənin dəftərinin Lalədə nə işi var? Sən niyə dəftər-kitabını özün daşımırsan?" Oğlan qızarıb-bozarsa da heç nə demədi. Əslində dərdim təbii ki, dəftər deyildi. Əsas dərdim bu "cütlüyü" utandırmaq idi. Ona görə sonra Laləni də ayağa qaldırıb soruşdum ki, "Ay bala Anarın dəftərinin səndə nə işi var, axı? Niyə özündə, öz evində deyil?" Qız bir anlıq təəcübdən iriləşən gözlərini üzümə zilləyib duruxdu. Sonra "Müəllimə, Anarla biz eyni evdə yaşayırıq da, qardaşımdır" deyəndə elə bil başımın üstündə ildırımlar çaxdı. Güclə çıxan səslə "Siz bacı-qardaşsınız?" deyə soruşa bildim. "Bəli, Anar qardaşımdır" dedi. "Nə olsun ki, qardaşındır. Dəftər kitabını özü niyə gətirmir?" deyə soruşaraq vəziyyətdən çıxmağa çalışdım. Qız qardaşına baxıb çiyinlərini çəkdi. Daha bir söz deməyib yoxlamaya davam etdim. Amma aylardır bu iki uşaq haqqında bəslədiyim sui-zənnlərim qəfil dəyən bir sillə kimi yanaqlarımı yandırırdı. Arada jurnala göz atdım. Doğrudan da soyadları eyni idi. Mən bunu necə gözdən qaçırmışdım?! 

    Hal-hazırda bunları hələ də ürəyimi əzməyə davam edən utanc duyğusu içərisində yazıram. İxtisasımla bağlı bir dərs daha aldım bu gün. Maraqlıdır mən uşaqlara dərs keçib elm öyrədirəm. Onların sayəsində isə həm həyatı, həm də peşəmin incəliklərini öyrənirəm. Hələ nə təcrübəm var ki, cəmi 6 ay. Ümid edirəm zamanla önümdəki uşaqlara həqiqi pedaqoq kimi yanaşa biləcəm. Onları heç bir bədgümanlıq içərisində olmadan olduqları kimi sevəcəm... Və heç bir məsələnin iç üzünü bilmədən, fikir yürütməyəcəm.

Belə... Sabah yenə tez durmalıyam. Gedim yatım. Əgər yata bilsəm...