16 Temmuz 2018 Pazartesi

Mim - Kitablar qəlbimdən vurur



   Salam olsun hər bir kəsə. Ümid edirəm ki, hamınız bu nəfəs kəsən yayın istilərinə baxmayaraq, yaxşısınız. 

   Tətilə çıxa bildinizmi? Ahhh, biz ara bir rayona get-gəl eləsək də hələ ki şəhərdəyik :( 
  Bir mim yazısı görmüşdüm qardaş bloqqerlərin səhifəsində - kitab və də oxumaqla əlaqəli.  Oxumağa aşiq biri olaraq laqeyd qala bilərdimmi bu mimə?! Elə isə başlayaq. 

   Mimi başladan Hayat kitapla güzel bloqunun sahibəsi gözəl bloqdaşımıza burdan qocaman təşəkkür edib, onun yazısını da oxumaq istəyərsiniz bəlkə deyib bura qoyuram.

1. Oxumağı sizə sevdirən nə oldu?

   Oxumağı mən nənəmin sayəsində sevmişəm.  5 yaşından üzdən oxumağı çözüb, evdəki əlinə keçən hər cür kitabı vərəqlədiyimi görən nənəm işlədiyi bağçaya uşaq qoyan bir kitabxanaçıdan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. 3-3 gətirilən kitabları qısa müddətdə böyük həvəslə bitirib, yeni kitabların yolunu gözləyirdim. Hələ məktəbə belə başlamadan kitabxanadan  kitab götürüb oxuya bilmək hər kəsə nəsib olmur məncə. Bunun üçün rəhmətlik nənəmə çox şey borcluyam.

   2. Heç hər hansı bir kitabı səhifələrini çevirərək biri ilə oxudunuzmu?

   Oxudum. Uşaq vaxtı yadıma gəlir ki, bir dəfə nağıl kitabı oxuyurdum. Nənəm dedi "yüksək səslə oxu mən də qulaq asım". Nənəm nağılı necə bəyəndisə bir müddət bütün nağılları yüksək səslə oxuyası oldum 😊 Sonrakı dövrlərdə də övladlarımla bir çox kitabları bərabər oxuduq.

3. Səyahətə gedərkən yanınızda nə qədər kitab götürürsünüz?

   Yola çıxarkən çox yaxın bir yerə belə getsəm mütləq çantamda 1 kitab olur. Avtobusda gedərkən və ya hər hansı bir yerdə gözləmək məcburiyyətim olanda kitab sayəsində zamanı sürətləndirmiş oluram. Əgər bir neçə gün qalacağım yerə getsəm az qala oxumağı planladığım bütün kitablarımı götürməkdən özümü güclə saxlayıram, hətta bəzən götürürəm də. Sanki səyahətdə sehirli gücü tapıb qısa müddətdə hamısını oxuyub qurtaracaqmış kimi😊

4. Əsla oxumaram dediyiniz kateqoriya hansıdır?

   Yəqin ki, sarı ədəbiyyat nümunələrindən hər hansı birini əsla oxumaq istəmərəm. Qalan hər növ kitaba qapım açıqdır

5. Kitablarınızı rənglərinə görə, yoxsa əlifba sırası ilə düzürsünüz?

   Doğrusu qalınlığına və ölçüsünə görə Əvvəl iri və qalın kitablar, ardınca sırasıyla qalın və böyükdən nazik və balacaya. Kitab rəfinin dağınıq olması ürəyimi ağrıdan məsələlərdəndir.

6. Yanınızda hər hansı bir heyvanla birlikdə kitab oxumaq istəyərsinizmi?

   Xeyr desəm. Açığı, heç insan da istəmirəm yanımda kitab oxuyarkən. Tək oturub oxuyacam ki, ordakı aləmə daxil ola bilim. Amma sağ olsun "Balaca"(pişiyimiz) Nə vaxt ki, həyətdə oturub oxumaq istəsəm ayaqlarımın arasında var-gəl edir. Konsantrasiya falan saxlamır məndə😊

7. Bookstagram olarak kendi özgün stilinizi oluşturduğunuzu düşünüyor musunuz?

   O nədir?🤔 Zarafat bir yana bookstagramın nə olduğunu hələ indi-indi anlamağa başlamışam. Stil falan bilmərəm mən. Arada kitab, arada da  telefonumun ekranına yansımış və bəyəndiyim fotoları paylaşıram, o qədər.

   Vəə bir mim yazısının da sonuna gəldik. Bəyənəcəyinizi ümid edərək sağollaşıram hər birinizlə.

9 Temmuz 2018 Pazartesi

Bir yumak mutluluk - Dabbie Macomber



   "Doğduğumuz andan itibaren hepimize birer yumak iplik veriliyor; bundan mutluluğun desenlerini örmek ise bizim elimizde..."
 
   Qadın dediyin elə bir məxluqdur ki, zərif çiyinlərində dünyanın yükünü daşıyar, qəlbi bəzən sıxıntılardan dayanacaq kimi olar, düşüncələri min cür qayğı məskəni, xəyallarında min cür gələcək əndişəsi...

   Susar, atar içinə bütün mənfilikləri... Çünki ya övladı vardır arxa-dayaq olması gərəkən, ya yoldaşı vardır ondan güc olan, ya ata-anası vardır gözünü ona dikmiş... Qadın hər dəm ayaqda olmalıdır... Güclü, sarsılmaz, möhkəm dayanmalıdır... Dünya öz tarazlığını itirər yoxsa...

   Qadınların həyatın hər sahəsində, yaşının hər dövründə yenə, yenidən başlaya bilmə bacarığından bəhs edən romanlardandır "Bir yumak mutluluk".(Əsəri türkcə oxuduğum üçün adını da olduğu kimi yazdım.)

   Anladığım qədəriylə kitab oxucular tərəfindən təqdir görmüş "Küçük  Muciziler Dükkanı" adlı bir kitabın davamı kimi yazılıb.

   Qadınların özünə inam qazanıb, necə deyərlər, dişi ilə, dırnağı ilə bir yerlərə gələ bilmə hekayəsindən danışan əsərləri hədsiz sevirəm. Bir ruh yüksəkliyi, qadın olma qüruru, ana olmaq sevinci kimi xoş bir haləti-ruhiyyə içərisinə girirəm:)

   "Bir yumak mutluluk" adı qızıl hərflərlə yaddaşıma yazılan kitablardan oldu.
Kitabda xərçəng xəstəliyi ilə uzun illər mübarizə aparıb qalıb gəlmiş və həyata tutunmaq üçün özünə bir dükan açmış Lydia Hoffman elə həmin dükanda corab toxuma kursu başladır.  Kursa gələn bir neçə qadının hər birisi həyatdan fərqli zərbələr almışlar.

   Elise Beaumont kitabxanaçılıqdan pensiyaya ayrıldıqdan sonra illərlə yığdığı pulla şəhərdən kənarda kiçik bağçalı bir evdə təkbaşına rahat yaşaya bilmək üçün bir ərazi alır. Lakin ərazini satan adam fırıldaqçı çıxır. Pulları batan, aylarla məhkəmələrdə sürünən, müvəqqəti olaraq qızının evinə sığınan Elise üçün həyat başqa sürprizlər də hazırlayır. Qızı körpə ikən qumarbazlığına görə boşandığı keçmiş həyat yoldaşı illər sonra onu, qızını və nəvələrini görmək üçün gələcəyini bildirir. Bundan sonra onun həyatı bambaşqa olacaqdır...

   Bethanne Hamlin- mənim favorit obrazım:) Bethanne bir sevgililər günü həyat yoldaşının 2 ildir ona xəyanət etdiyini öyrənir. Yoldaşından dərhal boşanan qadın ailə qurduğundan bəri heç bir işdə işləmədiyi üçün bundan sonra 2 övladı ilə necə  yaşayacaqları ilə bağlı bir əndişə içərisindədir. Üstəlik qızı Annie bu travma ilə atasından qisas almaq üçün pis vərdişlərə qurşanıb böyük problemlər çıxarmağa başlayır. Qısacası, Bethanne sanki bir bataqlığın ortasında əli heç yerə çatmadan batdıqca batır... Amma qədərin  onu daha güclü və özünə inamlı bir qadın olmaq üçün torunu qurduğundan xəbəri yoxdur...

   Vəə Courtney Pulanski... 16 yaşlı gənc qızımız:) Anasını vaxtsız itirən və bununla çox çətinliklə barışan qız atasının uzaq əyalətlərə qazanc dalınca getməsi, özündən böyük qardaş və bacısının fərqli əyalətlərdə oxuması səbəbiylə nənəsi Veranın yanına göndərilir. Köhnə əşyalarla dolu bir evdə yaşlı qadınla yaşamaq onun üçün heç də ürəkaçan bir hal deyil. Bütün dost və rəfiqələrini tərk edib, heç kimi tanımadığı bir yerdə məktəbə başlamaq onu çox narahat edir. Üstəlik Courtneyin kilo problemi də var. Kök olduğu üçün özünə inamı zəif və utancaqdır.

   Beləliklə, bu 4 qadını bir araya gətirən toxuma kursu onların həyatlarında bir şeyi bacara bilmək, bir şeyin öhdəsindən gəlmək, öz güclərini özlərinə sübut etmək üçün atdıqları ilk addım olur. Bundan sonra hədəfləri ilə aralarında duran divarın kərpicləri bir-bir tökülməyə başlayır.

   Əsəri oxuyan oxucu hər qadında özündən bir parça görür. Onların müvəffəqiyətlərinə sevinib, sıxıntılarına kədərlənir. Heç bir şeyin gec olmadığını, içində ümidi hər zaman yaşatmağı, xəyallardından vaz keçməməyi, ömür adlı həyat kitabımızda önümüzə çıxan hər bir hadisə və məsələlərin mütləq bir hikmətə bağlı olduğunu öyrədir "Bir yumak mutluluk".

   Dabbie Macomberin başqa əsərlərini də tapıb oxumağa çalışacam mütləq.

2 Temmuz 2018 Pazartesi

Empatiya lazımdır bizə!



   Ölməyəcəkmişik kimi yaşayırıq biz həyatı...

   Daim var olacaq, dünyanı tutub gedəcəkmişik kimi...

   Hər şeyin sahibi olduğumuzu düşünüb, hər şeydən sonuna qədər ləzzət alaraq yaşamağa çalışırıq ömrümüzü...

   "Mən" adlı dar bir küncə sığınıb qapadırıq duyğularımızı ətrafa...

25 Haziran 2018 Pazartesi

Prosper Merime - Novellalar



   Əslində bir romandan ibarət kitabları oxumağı sevsəm də, kitabxanada kitab seçərkən öncə üz qabığı ilə sonra da içərisində ilk qarşıma çıxan "Novellalar ustası" başlıqlı rəylə diqqətimi çəkdi bu kitab. Novellaları sevən biri olaraq biganə qala bilmədim və  oxuyacaqlarım sırasına qatdım bu kitabı da. Sonunu öncədən təxmin edə bilmədiyim film və kitabları nə qədər sevdiyimi təkrar qeyd etməyə ehtiyac yoxdur, yəqin ki :)