Kitabın arxa qapağından :
Adəm Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgilisi, dostu və hər kəs çox dəyişib. Adəm yaddaşına səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək və əbədi həqiqət bir daha təkrarlanacaq: Xatirələr əzab verir.
Azərbaycanlı yazıçının qələmindən çıxmış, sevərək oxuduğum bir əsər daha...
Gülüstan məcburi köçkünlərin məskunlaşdırıldığı bir qəsəbədir. Bütövlükdə Azərbaycan həqiqətlərinin cəm edilib önümüzə qoyulduğu bir qəsəbə...
"İnsan zülmə tabedir" deyə bir söz işlədərdi həmişə rəhmətli nənəm . Yəni insan hər şəraitə uyğunlaşır, hər vəziyyətə alışır. Elə zülmə, ədalətsizliyə də...
Bəli, insanoğlu ətrafında hər gün, az qala hər saat baş verən ədalətsizliyi zaman keçdikcə uyuşdurulmuş qəlbi və keyləşdirilmiş beyni ilə hiss edə bilmir artıq.
Bu zaman onun gözünü açmağa, oyandırmağa bir səbəb lazım gəlir. Və ən çox bu səbəbi yaradan, bu dəyərli vəzifəni çiyinlərində daşıyan, yəni xalqın gözünün həqiqətlərə açılmasına vəsilə olanlar da məhz dövrünün nəbzini tutub, ətrafını boyasız, çılpaq gözlə görə bilən yazıçılardır, məncə.
Şərif Ağayar da cəmiyyətimizdə mövcud olan rüşvətxorluq, yaltaqlıq, qorxaqlıq, saxtakarlıq, riyakarlıq, zülümkarlıq və başqa mənfi xüsusiyyətləri bir qəsəbənin sakinlərinin timsalında göstərir. Və sonda səbir kasaları daşan, boğaza yığılıb ayaqlanan əhali ilə mütləq sonu da nəzərə çatdırır.
Müharibə və köçkünlük... Əsərdə mənə doğma olan və qanayan yaramıza çevrilmiş bu mövzuların ələ alınması isə çox diqqətəlayiqdir.
Buz kimi suyu, tərtəmiz havası, dizə çıxan otları, yamyaşıl ağacları, bərəkətli bağ-bostanlarını qoyub, kəndçiləri ilə birlikdə düşməndən canını qurtarıb sapsarı, qupquru, ot bitməz, yaşanılmaz Hacı Süleymanın şoran çöllüyünə gəlib yerləşən Adəmgilin burda susuzluq, isti, cücü-mücü, ilan-əqrəblə verdiyi həyat mücadiləsini oxuyarkən göz yaşlarımı tuta bilmədim. Özüm yaşamasam da eyni əziyyətləri yaşayan minlərlə köçkünün olduğunu bilirəm çünki. Və mənə elə gəlir ki, bu duyğunu, yəni cənnət kimi torpaqlardan uzaqlarda cəhənnəm kimi bir çölün ortasında hiss edilən qəribliyi, ürəyi ən dərindən sızladan həsrəti yalnız yaşayan ən gözəl şəkildə anlaya, hiss edə bilər.
Qısacası, əsəri çox bəyəndim və müasir dövrün problemlərini əks etdirməsi baxımından yüksək qiymətləndiriləcək bədii nümunə olaraq gördüm.
Lakin qəti bəyənmədiyim cəhətini də söyləmədən keçə bilmərəm. Yenə də ara-sıra qarşımıza çıxan yersiz açıq-saçıq səhnələr, ifadələr. Kim nə deyir desin həqiqi mənada incə sənət olan ədəbiyyatda mən belə bayağı cümlələri və səhnələri qəbul edə bilmirəm. Ümumiyyətlə, buna ehtiyac görmürəm. Və rastlaşdığım hər açıq-saçıq hissə nəzərimdə əsərin ülviliyini, zərifliyini verdiyi ictimai mesajın effektivliyini bir mərtəbə aşağı salır.
Son olaraq, əsərdəki açıq-saçıqlığı nəzərə almasaq, daha çox romantika oxuyub, xəyali, pəmbə bir dünyada yaşayan bir çox gəncimizə, bir az da real dünyamızda baş verənləri görməsi üçün əsəri mütləq oxumağı tövsiyə edərdim.
Seçdiklərim:
Sevgidə tərəddüt olmur axı, hər əzabına dözürsən, gileylənmirsən. Gileylənirsənsə, demək sevgi deyil...
***
***
İnsan nəfəsi dəyən nə varsa möcüzəsini itirir, doğmalaşır...
***
***
Ulduz o qədər yaxın idi ki, Adəm əlini uzadıb tutmaq istədi, ancaq qaranlıqda əlini tapa bilmədi...
Kitabın ismi çok güzel, manzaraya da vuruldum Umman.😍
YanıtlaSil😊 Teşekkür edirem. Bu "Gülüstan" adını daşıyan menim bildiyim 4-cü eserdir. Demek ki, adda bir az poetiklik ve celbedicilik var ki, müxtelif dövrlerde, müxtelif şair ve yazıçılar ona müraciet etmişler.❤
Sil