Niyə közərirsən, əzizim? Hanı sənin gur işığın? Hanı ətrafı nura boyayan o günəş? O günəş ki, ən qaranlıq künclərə salırdı işığını, qəlbi tutmuş buzları əridirdi... O işıq ki, güllər açdırırdı qara qış könüllərdə... Niyə öləziyib işığın, gülüm?! Kim azaltdı işığını, kim soldurdu səni?!
Sən ki, əbədi günəş olmağa niyyətliydin... Sən ki, yolunu axtaranlara nicat olacaqdın... Nə oldu bəs?
Yoruldunmu? İşığından gözləri qamaşdığı üçün sənə qıcıq olanlar, inadından qaranlığı özlərinə dost edənlər, işığından kölgəyə daldalanıb sən yoxmuşsan kimi görməzdən gələnlər, sənin parlaqlığının yanında sönük qaldığı üçün daim şüalarını pisləyənlər çoxmu yordu səni?
Ah, gülüm, ah... Bilmirsənmi həyatın qanununu? Bilmirsənmi yaxşı pisin, böyük kiçiyin, dost düşmənin və işıq məhz qaranlığın qarşısında dəyər qazanır... O qaranlıqlar sənin işığını açığa çıxarmaq, sənin işığını daha da gurlaşdırmaq üçündür, əslində... Bəs sən niyə küsürsən? Niyə düşürsən o qaranlıq tələlərə? Hər düşdüyündə işığından bir parça daha itirdiyini görmürsənmi?
Bəsdir! Topla özünü və dön içindəki işığa... Sən o işıqdan güc aldıqca daha da parladığını görəcəksən... Sənin başqa bir mənbəyə ehtiyacın yoxdur... Öz işığına dön, gülüm... Və qoru onu, qaranlıqdan çevir üzünü, əsla ümidsizliyə düşmə və əsla işığını sönməyə qoyma!
Əslində yazılıb : 8.04.2025 / 00:30
Hiç yorum yok:
Yorum Gönder