1 Mayıs 2023 Pazartesi

Özünə vətən ol! (dərdləşmə)

   


   Nə çox gözləmisən onun yolunu, deyilmi?!... Uşaqlığından, ağlın kəsəndən həmişə ehtiyac duymusan varlığına... Hər kəsdə, hər yerdə, hər şeydə onu axtarmısan. Sevinəndə, üzüləndə, ağlayanda, güləndə yanında olmağını istəmisən...

 Ən çox da qəlbin qırıldığı zamanlarda...Təkləndiyin, anlaşılmadığın zamanlarda... Gözlərin yol çəkib gəlişinə... Gəlsin istəmisən tutsun əlindən bilmədiyin, tanımadığın, amma çox arzuladığın o yerə aparsın səni... Aid olduğun o yerə... Özün olduğun o yerə... Vətəninə... Bəzən, sadəcə, dinləsin istəmisən, heç kimə deyə bilmədiyin hisslərini... Bəzən göz yaşlarını silməyini, sənə sarılıb anlayıram, mən səni çox yaxşı anlayıram, deməyini... Sənə dəyər verməyini, dəyərlisən, mənim üçün çox dəyərlisən deməyini... Nə çox arzulamısan.

 Bəzən inanmısan, önünə çıxanları o zənn etmisən... Amma hər dəfə də aldanmaq həqiqəti ilə üzləşmisən... 

   Maraqlı odur ki, kimdir o, nədir heç bilmirsən də... Gələndə  tanıyacaqsanmı, bəlli deyil! Tanımadığı birinin yolunu niyə gözləyər ki, adam?  Sənə bu qədər yaxın, səni bu qədər tanıyan, bilən kim ola bilər ki?!..

Düşün, lütfən, yaxşıca düşün...

Bəlkə o yolunu gözlədiyin elə özünsən! Əlbəttə ki, başqa kim ola bilər?! 

   Sən ki, hər kəsin dərdinə dərman olan, hər kəsi dinləyən, sevən, hər kəsə güzəştə gedən, anlayış göstərən... Amansız olduğun tək biri var... Səhvini bağışlamadığın, xoş sözünü əsirgədiyin, qınadıqca qınadığın, inanmadığın, sevmədiyin və əsla dinləmədiyin tək biri - özün... 

Sən ki, sənin həsrətini çəkmisən bir ömür... Bir gün səsini eşitməyini istəyib o içindəki uşaq... Onu dinləməyini, anlamağını istəyib... Sən demə özündən ayrılıqmış ən böyük qürbət... Sən demə vətən elə öz yanınmış...

Əslində yazıldı: 10 may 2025 / 01:42 (Lənkəran)

Hiç yorum yok:

Yorum Gönder