12 Temmuz 2024 Cuma

Sənə qəzəl yazdım




Nədir səni mənə çəkən, ey həbibim, adəmizad.

Əvvəl çəkib indi edir bütün qəlbim ahü-fəryad.


Sən ki zalım, sən ki yola gedilməyən bir bədnihad.

Sənlə keçən an bəs niyə olur mənə bəhcətavad?

 

Özün cəllad, danışdığın hər bir sözün cəfəngiyyat.

Di gəl səsin mənim üçün çağlayan bir eynülhəyat.


Rəhm elə gəl məhbubuna, qıyma ona dilisəyyad,

Etmə bu Ümmana zülüm, olmaginən bədetiqad.


Umman Aslan

3 Haziran 2024 Pazartesi

Miqren


 

    Sən hardan biləsən?! Heç vaxt məni görmədin. Bir dəfə də adam yerinə qoyub, gözlərimin içinə baxıb danışmadın. Sənə olan hisslərimi anlamadın. Əgər bilsəydin... O dərmanı Nüsrətin deyil, mənim aldığımı bilsəydin... Telefonumu, saatımı, dərs kitablarımı sənə dərman almaq üçün satıb sonra buna görə imtahandan kəsildiyimi bilsəydin, görərdinmi məni? Nüsrətin necə əclaf olduğunu anlayardınmı? Çəkindiyimi, sənə yaxın durmağı belə özüm üçün əlçatmaz hesab etdiyimi bildiyi üçün bütün etdiklərimi öz hesabına yazıb, bütün dediklərimi öz sözləri kimi sənə danışdığını bilsəydin nə edərdin görəsən? Məni qınama... Kənd uşağı olduğumu bilirsən. Bəlkə də elə ona görə məni bəyənmirsən. Sən Nüsrət kimi cırıq şalvarlı, ağzı saqqızlı, özündən razı şəhər uşaqlarına öyrəşmisən. Meylini onlara salmısan. Bizim kimi nimdaş şalvarlı, danışarkən yanaqları qızaran, özünü itirən rayon uşaqlarına da olsa olsa lağ edərsən... Halbuki, heç olmasa bircə dəfə mənə də hamı kimi davransaydın, mənimlə də hamı kimi danışsaydın, bəlkə də ... Ehh... Heç narahat olma... Gec də olsa ağlımın başına gəldiyini də bil... Qəlbimin hələ də səni deməyinə baxma, səndən mənə heç vaxt yar olmayacağını, görmək istəməyənə etdiklərinin çifayda olduğunu artıq anladığımdan agah ol... Get... Xoşbəxt ol... Sən elə Nüsrət kimilərə layiqsən... 

Umman Aslan


Qeyd: Yazıçılıq kursunda müəllim dərslərin birində xəbəri sadəcə 2-ci şəxsə aid olan əsərlərdən də bəhs etmişdi. Və bu əsərlərin sayca az olduğunu vurğulamışdı. Mənə çox maraqlı gəldiyi üçün özümü yoxlamaq istəyərkən bu hekayə ortaya çıxmışdı.

Və hekayənin adı... Əlaqəsiz kimi görünə bilər, amma bu ağrının psixosomatikası tam da qəhrəmanımızın hissləri ilə səsləşir...
 


 

2 Haziran 2024 Pazar

Aydınlıq arzusu




Bu dumandan çıxar məni Allahım!

Önümü görüm, 

yolumu görüm...

Bu dumandan çıxar məni, Allahım!

Özümü görüm.. 

Heç olmasa ölmədən

görüm ətrafda nə var,

Görüm necə görünür 

aydınlıqda buralar?!


Bu dumandan çıxar məni, Allahım!

Heç olmasa görüm ki mən hardayam?!

Getmişəmmi irəli,

Yoxsa yarı yoldayam.

Bəlkə çıxıb cığırdan

İtirmişəm yolumu?

Bəlkə də səhv salmışam

Mən sağımı solumu.


Bu dumandan çıxar məni, Allahım!

Aydınlığa apar məni, Allahım!


Umman Aslan


31 Mayıs 2024 Cuma

Duman




 - Tək görə bildiyim qatı bir duman idi, başqa heç nə...

- Sizin yanınızda biri var idimi?

- Bilmirəm...

- Orda neyləyirdiniz, niyə gəlmişdiniz?

- Bilmirəm...

- Xatırladığınız nə var? Ən xırda detal belə ola bilər.

- Heç nə xatırlamıram. Nə əvvəl, nə sonra... Sadəcə ağappaq, qatı bir duman...

- Yaxşı, siz dincəlin bir az. Sonra danışarıq yenə. 

Qapıdan çıxarkən bir an ayaq saxlayıb:

- Ağlınıza hər hansı bir şey, çox kiçik və sizə mənasız görünəcək belə olsa bir nüans gəlsə, mütləq xəbər edin -dedi.

   Fikrə dalmış gözlərini və solğun bənizini divardan çevirib həkimə baxaraq "oldu" mənasında başını tərpətdi.

   Həkim çıxdıqdan sonra yenə ağrı verən yaddaşını işə salmağa çalışdı. Xatırlamağa çalışdıqca zehninin sanki kombayınla şumlanan torpaq kimi şırım-şırım yarıldığını hiss etdi sadəcə. Sanki orda, başının içində yaşananları xatırlamasına mane olmaq üçün heç bir işgəncədən çəkinməyən amansız bir faşist oturmuşdu...

Gözlərini pəncərədən görünən bir parça buludsuz maviliyə zillədi. Fikirləri maviliyin içində əridikcə başındakı ağrılar da səngiməyə başladı. 

   Günlərdir bu ağrılarla boğuşurdu. Onları kənarlaşdırıb zehnindəki qarışıqlığa bir əl gəzdirmək, yerləri dəyişik düşmüş, bir-birinə keçmiş xatirələri səliqəyə salmaq, ardıcıllıqla düzmək istəyirdi. Bu vəsilə ilə onu günlərdir az qala dəli edən bir sualın: "Mən kiməm?!" sualının cavabını tapa biləcəkdi bəlkə də. Amma hər dəfəsində ağrılar özünü yetirib bütün xatirələri əzablı dumanla ört-basdır etməyi bacarırdı.

   Eləcə gözü o mavilikdə nə qədər zaman keçdiyini bilmədi. Mavilik əvvəl qurşuni, sonra isə zülmət qaralığa keçəndə, axşamın düşdüyünü, nəticəsiz bir günü də başa vurduğunu anladı.

   Ertəsi gün həkim qısa, hər gün təkrarlanan sorğu-sualdan sonra:

- İndi sizə bir şey göstərəcəm, bu siz tapılanda cibinizdə olub. Bəlkə də bəzi şeyləri xatırlamağınıza kömək olar deyə düşünürəm. Hazırsınız?

- Əlbəttə, ha-hazıram, göstərin, tezzz... 

   Həkim əlindəki qovluqdan bir şəkil çıxardı. Onun gözlərinin önünə tutdu:

- Görün şəkildəkilər tanış gəlirmi sizə?

   Şəkli görən kimi "Anaa" deyə bir səs cingildədi əvvəl qulaqlarında, sonra "istəmirəm" deyə qışqıraraq ağlayan başqa bir səs, "səni çox istəyirəm" deyən bir səs daha, sonra sürətli maşın səsi, maşın siqnalı, "niyə belə edirsiniz?" hönkürtüylə danışan öz səsi. Kiminsə "qorxuram" fəryadı... Parça-parça yanıb-sönən anlar beyninin içində qiyamət qoparmışdı sanki... O parçalar bir-birilə birləşir, ayrılır, çarpışıb toz kimi hissələrə dağılır və bu toz dumanda hər şey qarışdıqca qarışırdı...

   İki məsum uşaq baxırdı şəkildən ona. Saf gülüş var idi hər ikisinin üzündə. Bir də özü vardı, üzündə xoşbəxt bir təbəssümlə. Divanda əyləşmişdilər. Özü ortada biri qız, o biri oğlan olan iki uşaq isə hərəsi bir tərəfində. Qollarının arasına almışdı onları. Çox xoşbəxt görünürdü.

    Qəlbini qəribə bir sıxıntı bürüdü. Nə qədər çalışsa da, nə şəkildən ona gülümsəyən uşaqları, nə şəkil çəkilən o evi, o günü xatırlaya bildi. Bəs bu səslər nə idi belə?!

   Yaddaşındakı bu böyük boşluğun harasından gəlirdi səslər?

- Xatırlaya bildinizmi nəsə?

   Həkimin səsindən oyanan kimi oldu. Gözləri dolu başını bulaya bildi sadəcə.

- Eybi yox, narahat olmayın. Hər şey qaydasındadır. Şəkil sizdə qalacaq. Birdən birə hər şeyi xatırlamağınızı gözləmirik əlbəttə. Səbirli olun, özünüzə vaxt verin bir az. Vaxt keçdikcə yavaş-yavaş, az-az xatırlayacaqsınız. Bu günlük bu qədər kifayətdir- deyib qalxdı həkim.

   Göz yaşlarını əlinin tərsi ilə silib, başı ilə həkimə razılıq etdi.

   Həkim çıxan kimi cəld şəkli qaldırıb tutdu yenə gözünün önünə... 

   Heç nə... Boşluq, sadəcə, dumanlı bir boşluq...

   Sonrakı günlərdə xatirələr yaddaşına təşrif buyurmadığına görə fərqli versiyalarla doldurmağa başladı zehnindəki o boşluqları...

   Uşaqların onun övladları olduğu şübhəsizdir. Şəkli ilk gördüyündə qulağında "Anaaa" deyə cingildəyən səsin başqa açıqlaması ola bilməzdi. Həm də şəkildəki oğlanın gözlərinin quruluşu, qızın dodaqları eyni özü idi. Görəsən sadəcə iki övladımı vardı? İlk günlər qəlbini titrədən həyəcandan başqa hansısa bir hiss yoxdu içində. Sonra zamanla qəlbində şəkildən ona gülümsəyən uşaqlara qarşı sevgi və şəfqət duymağa başladı. Eyni zamanda beynində qurduğu versiyaları da bitmirdi, hər gün yeni bir fikir, yeni bir çalar artırıdı onlara. 

   Görəsən necə ana olmuşdu? Əsəbi, sərt, deyingən yoxsa mehriban, gülərüz, sevəcən? İçindən bir səs deyirdi ki, o yaxşı ana olub. Şəkildə uşaqları qucaqlayışından bəllidir. Gözləri sevgi, üzü sevinc doludur. Mən uşaqlarımla çox xoşbəxtəm, başqa heç nə lazım deyil mənə həyatda- deyir sanki o gözlər. Bəs o? Uşaqlarının atası? Qəribədir ki, indiyə kimi bu haqda heç düşünməmişdi. Ailəm, yoldaşım varmı, keçməmişdi ağlından. Amma şəkili görəndən sonra bütün fikri uşaqlar idi. "O" kim idisə elə də çox çəkmirdi marağını nədənsə.

   Bəs indi uşaqları hardadılar? -qəfildən bu sual tok kimi vurdu onu. İndi kimin ümidinə qalıblar. Aman Allah görəsən yaxşıdılarmı? Xatırlamalıdır, balalarına qovuşmaq üçün bir an öncə kim olduğunu xatırlamalıdır.

   Fərqli versiyalı xəyallar bir-birini izlədi günlərlə... Uşaqlarını əzizlədi, danladı, sevdi, acıqladı... Hər bir ana kimi onların yaxşılığı üçün vacib idi bunlar... Bütün bu hisslər... Hərdən gileyləndi də öz ürəyində. Niyə bəs axtarmırlar onu, heçmi darıxmayıblar anaları üçün. Necə övlad idi bəs bunlar?! 

   Sonra qorxmağa başladı. Başlarında bir iş olmasın? Niyə heç səs-səmir çıxmır?!

   Suallarını həkimlər də cavabsız qoyurdular. Biri ağzını açıb heç olmaya təsəlli üçün də nəsə deməyə ehtiyac duymurdu sanki.

   Arada yenə şimşək kimi bəzi anlar çaxırdı beynində, uşaqlarını birlikdə məktəbdən götürməyi çox ani, çox sürətli, kiçik bir fraqment kimi görünüb yox olurdu. Sonra axşam qızını harasa yola saldığını görürdü. Və bu yola salışından doğan ürək ağrısı, can sıxıntısını xatırlayırdı. Axşam-axşam qız uşağını hara yollayırdı, görəsən? Buna niyə icazə verirdi?

   Sonra maşın... Uşaqları və özü... Mahnı oxuyurlar, sonra oğlan ağlayır, sonra özü ağlayır... Hər şey yaxşı olacaq deyə evdə qızının başını köksünə sıxdığı bir başqa fraqment daha... Get gedə bu kəsik-kəsik fraqmentlər çoxalır, çoxaldıqca daha da qarmaşıqlaşır. İçindən çıxılmaz hala gəlirdi. 

    Artıq kim olduğundan çox, balalarına nə olduğunu öyrənmək istəyi onu dəli edirdi. Çox qorxurdu. Onların başına nəsə gəldiyini düşünmək ürəyini partladırdı az qala... Yoxsa o maşındamı baş vermişdi hər şey?! Yoxsa özümü törətmişdi qəzanı? O qəzada... "Allah eləməsin, yox yox Allah eləməsin!.."

    Hər gün zehnində qurduğu ssenarilər onun əsəblərini əməllicə korlamağa başladı. Bəzən günboyu ağlayır, özünə ölüm diləyir, bəzən də hansısa xəyalla yaranan ümid onu yaşamağa həvəsləndirirdi.

    Düşüncələri ilə hər şeydən küsüb, bu dünyadan əlini ətəyini çəkib gemək istədiyi günlərin birində ona qulluq edən tibb bacısına boşaltdı ürəyini. Yana-yana ağlayaraq artıq dözə bilmədiyini dedi. Hər şey bir yana balalarının aqibətinin məchulluğu dəli edirdi onu... Bu daha nə qədər sürəcəkdi?! Bu bilinməzlikdə, bu dumanda daha nə qədər qalacaqdı?! Buna daha nə qədər dözəcəkdi?! "Balalarım...balalarım... Bircə onlara nə olduğunu bilsəm..." Baxışlarını yerə zilləmiş yaşlı tibb bacısı dinməz dayansa da hiss olunurdu ki, içində mübarizə gedir. Arada baxışlarını qaldırıb xəstənin sel kimi göz yaşı tökən gözlərinə baxır, tez də nədənsə ehtiyatlanaraq gözlərini qaçırıb yenə yerə zilləyirdi. 

   Lakin xəstənin əzablı hıçqırıları ilə daha çox davam gətirə bilmədi. Onun gözlərinə uzun-uzun baxdı əvvəl, sonra:

- Bu düz hərəkət deyil, amma istəyirəm sizə bir söz deyim, dedi. 

   Ayağa durdu qapını açıb koridora boylandı, sonra yenə örtüb xəstəyə yaxınlaşdı. 

 - Özünü hər gün belə üzməyinə çox pis olur ürəyim. Məncə bəzi şeyləri bilməlisən. 

   Xəstənin özü də, yanağındakı göz yaşları da bir anda dondu sanki. Həyəcanla atan ürəyinin səsi qulaqlarında eşidildi. Yoxsa, yoxsa günlərdən bəri çəkdiyi iztirablarına bir cavabmı alacaqdı, o zəhlətökən dumanda yolunu tapmaq üçün bir işıq ucumu görünürdü?! Bu dəfə də baxışları tibb bacısının gözlərində donub qaldı.

- Nə bilim vallah, - deyirdi tibb bacısı - bilə-bilə, belə ağlamağına hər gün durub baxmaq da insafsızlıqdır axı! Bircə şeyi bilməyini istəyirəm, qoy ürəyin rahat olsun. Canım-gözüm, eşidirsən məni? Bunu bil ki, sənin övladın yoxdur. Heç vaxt da olmayıb. Şükür qurban olduğumun hikmətinə. Elələri var doğub atır bir qırağa, nə balasının qayğısını çəkir, nə analıq edə bilir. Eləsi də var sənin kimi... Nə bilim...

   Tibb bacısının səsi yavaş yavaş uzaqlaşıb lap quyunun dibindən eşidilir kimi oldu. Bir anda günlərlə içində yolunu azdığı ağ duman, qara boğanağa çevrilib onu əzməyə başladı. Bu qaranlıq onu boğur, nəfəs almağını çətinləşdirirdi. "Sənin övladın yoxdur", "Heç vaxt da olmayıb" tibb bacısının eyni cümlələri təkrar edən səsi bu qaranlıqda şimşək olub çaxırdı. Hər dəfəsində də bir xatirəsini işıqlandırıdı onun. 

   Dilbəri xatırladı, gülərüz Dilbəri. O evə köçəndən bəri ondan köməyini, dəstəyini əksik etməyən qapıbir qonşusunu. 

   Sonra... Sonra... Dünya başına yıxıldı sanki... Sonra uşaqları xatırladı.

   Dialoqlar, hadisələr ard-arda uçuşdu beynində.

"-Xala anam açarı sizə verib? 

 - Hə quzum al, aça biləcəksən özün?.." 

"- Allah köməyin olsun, ay qonşu, sən burdasan ürəyim rahat gedirəm işə. Səni elə Allah mənim üçün göndərib bura."

" - Ay Dilbər, gör nə deyirəm, sən evə gec gəlirsən, uşaqlar da bütün gün tək qalırlar evdə. Baxma uşaqdılar, bir xəta edərlər. Mən də evdə bayquş kimi otururam səhərdən axşama... Deyirəm bəlkə elə bizdə gözləsinlər səni, mənim də başım qarışar..."

   Axşamacan qayğısına qaldığı, bərabər oyun oynadığı uşaqların axşam ürəksiz evə dönüşlərini xatırladı... Sonra bir gün anasından danlaq eşitmiş qızcığazın ağlaya-ağlaya ona şikayətləndiyi an düşdü yadına:

"- ...Nifrət edirəm ona... 

 - Aaa elə demə Leylam, o sənin anandır... Nə deyirsə, sənin yaxşılığına deyir...

 - Elə ana olar?! Özü bütün günü işdə, xəbəri də olmur bizdən. Üstəlik bilib-bilmədən də danlayır məni camaatın içində, qızların yanında necə pərt elədi məni, bilirsən?!... Olmaz olsun belə ana... Kaş sən bizim anamız olardın!"

   O anda qəlbindəki duyğuların beynində oyatdığı fırtınaları xatırladı...

 "Kaş sən bizim anamız olardın!"... 15 illik qəlbi həsrətdə, qucağı boş keçirdiyi ailə həyatı... Sevdiyi halda boşanmaq məcburiyyətində qaldığı həyat yoldaşı... Hər şey çox başqa ola bilərdi... Əgər... Bəlkə heç gec də deyil... Bəlkə hər şeyi düzəltməyin bir yolu var...

 Və o məşum gün... Uşaqlarla xoşbəxt bir həyata qaçdıqlarını düşündüyü o gün... Hər şeyi düşünmüşdü... Uzaq rayonların birində ev tutmuşdu... Bir müddət orda yaşayacaqdılar...

   Nə oldusa maşında uşaqların məsləni anladığı andan sonra oldu... O qədər əmin idi ki... Onların bu xəbərə sevinəcəklərinə o qədər inanırdı ki... Bəs nə olmuşdu?! Az qala hər gün analarında şikayət edən bu uşaqlar indi niyə geri dönmək istəyirdilər? Niyə ona qalmaq üçün yalvarırdılar?! Axı belə olmamalı idi... Balaca oğlan "Anaaa" deyib fəryad etməyə başlamışdı... Qız "Səni çox istəyirəm, amma sən axı anamız deyilsən, ola da bilmərsən..." deyə dilə tutmağa çalışırdı onu. Bir anda dünyası tərsinə dönmüşdü sanki. Hönkürərək, "Susun" deyə qışqıraraq sakitləşdirməyə çalışırdı onları..."Niyə belə edirsiniz? Nə oldu sizə?" Sonra sözünə baxmayan maşın rulu... Ən son xatırladığı maşının yoldan çıxıb böyük bir ağaca çarpması idi... O anda bütün ətraf ağappaq duman idi...

 - Ay qızım nə oldu sənə? Ay Allah nə qələt idi elədim?! Yaxşısanmı, bala, yaxşısanmı? 

   Tibb bacısı onun ağappaq olmuş üzündən gözlərini ayırmadan həyəcanla çiyinlərindən tutub silkələyirdi. O isə sel kimi boşalan göz yaşları ilə islanmış üzünü yana çevirib yastığa basdı...

- Kaş, dedi, - Allahım, kaş elə o dumanda itib qalardım... Kaş o dumandan heç çıxarmayardın məni...

30.05.2024

Ps: Bu hekayəmi başlayanda əlimdə, həqiqətən də, sadəcə duman vardı. Bir aydan çox bir vaxtda arada 1-2 cümlə artırmaqla hekayəm istiqamətini özü müəyyənləşdirdi. Bu mənim üçün yepyeni və fərqli bir təcrübə oldu.😇