20 Ekim 2023 Cuma

Bəs mən niyə bilmirəm?!

 

   

   Gözlərini açar-açmaz soğançanın qoxusu burnunu qıdıqladı. Anası hər zamankı kimi səhər erdən günorta yeməyini hazırlayırdı deyəsən. Mətbəxdən od üstündə qışqırışan soğanların xışıltısı və ara bir onları yerinə oturdan qazana dəyib taqqıldayan taxta qaşığın səsi gəlirdi.

    Bayırda isə hiss olunurdu ki, artıq şəhər günə başlayıb. Uşaqların səs-küyü, eyvandan hərdən övladını səsləyən ananlardan birinin çığırtısı, səyyar meyvə satanın exolu səsi və ara-bir maşın siqnalı... 

   Deyəsən, bu gün bir az gec oyanıb. "Nə əcəb anam səsləməyib?" deyə düşündü. "Onun sevmədiyi şeydir gec qalxmaq. Sübhdən durub günortaya qədər bütün işlərini qaydasına qoymalıdır."

    Ağlı kəsəndən belə idi anası, heç bir işini təxirə salmaz, hər işini vaxtında edərdi. Xəyalları onu dartıb uşaqlığına, anasının gənc, həm çöldə, həm evdə dincəlmədən işləyən, bununla yanaşı övladına ayırdığı zamanı, ondan qayğısını bir an əksik etməyən vaxtlarına apardı. Bu xəyalların hiss etdirdikləri qəlbində anasına qarşı şiddətli bir şəfqət oyatdı. "Mənim zəhmətkeş anam, deyə, düşündü. Həyatdakı tək dayağım, yeganə övladını heç kimə möhtac etmədən təkbaşına böyüdən mətanətli anam. İndi növbə mənimdir. Zəhmətinin meyvəsini dərmək vaxtın çatıb artıq, xoş günlərin qabaqdadır, anam. Çəkdiyin bütün əziyyətləri unutduracağam sənə." 

   Heç yeri olmasa da bu hisslərin arasına onu son günlərdə narahat edən ananın qəmli siması gəlib oturdu. "Mənə bildirməsə də bir dərdi var sanki, soruşuram demir də". Bir az da düşüncələrlə boğuşduqdan sonra qalxdı yerindən. Yatağını yığdı. Ananın səliqəsi otağın hər tərəfində özünü nümayiş etdirirdi. Kitab dolabının yanıdan keçib pəncərənin önündə dayandı. 

   Ağappaq, sabun qoxan tül pərdənin arxasından həyəti seyr edərkən yenə xoş bir duyğu yayıldı qəlbinə. Bu gün gözlənilən görüşün xəbərçi duyğusuydu bu. Bir müddət fikrə daldı, bu daldığı düşüncələrdən ürəyinin döyüntüsü ara-ara şiddətlənir, yanaqları qəlbinin yüksək templə vurduğu qandan allanır və üzünə bir təbəssüm yayılırdı. 

"O da belə hiss edirmi görəsən?! Hər dəfə ilk dəfə imiş kimi həyəcanlanırmı? Ah, Dilbərim ahh"

    Saatına baxdı. Bir az da keçsə bu romantik düşüncələrin ağuşunda bir ömür təkbaşına çırpınacağını hiss elədi. 

   Hazırlanmağı çox çəkmədi. Otağından çıxıb mətbəxə tərəf getdi. Anası indi də qab yuyurdu. Qapı aralığına söykəndi "Anacan, mən çıxmalıyam. Dilbərlə bu gün görüşümüz var, bilirsən. Səhər yeməyini onunla yeyəcəm " dedi. Xəfifcə başını sallayaraq cavab verən ananın, deyəsən, dərin fikrindən ayrılmağa heç niyyəti yox idi. Bundan inciyənfason olsa da, arvadın üstünə çox getmək istəmədi. Anasının pəncərədən düşən işığın altında parlayan gümüşü tellərinin və üzündə özünə yol açmış incə qırışların artdığını bir anda ürək ağrısı ilə hiss elədi. Köks ötürüb "Mən getdim" dedi.

    Məhəlləyə çıxıb binanın yola baxan tərəfinə yönəldi. Çöldə boz dumanlı, ilıq bir payız havası olsa da, qəlbində bahar günəşi çiçəklər açdırırdı. Burnuna dəyən xəzan qoxusu belə, ona əsrarəngiz bahar çiçəklərini xatırladırdı. Görüş anının xoş xülyası sayəsində kefi kök idi. Odur ki, tələssə də yanlarından keçərkən məhəllədə futbol oynayan uşaqların toplarına bir təpik vurmağından, həmişə pəncərədən həyəti güdən Məsmə nənəyə salam verməyindən, səkidə uzanıb özünü günə verən pişiyi sığallamağından qalmadı. İki-üç yarpağını tökmüş çinar ağacı, bir ədəd də yaşlı ərik ağacı olan, altında kişilərin yayda gecəyarılarına kimi domino çırpdıqları rəngi solmuş taxta oturacaqlar yerləşən bu məhəlləni nə qədər çox sevdiyini düşünməyə belə macal tapdı. 

    Yolu keçib, o tərəfdə qonşu məhəllədə yaşayan Dilbərgilin binasına, bloklarının önünə yanaşdı. Hər həftə gözlədiyi eyni yerdə dayandı. Qəlbi səbirsizliklə çırpınır, vüsal anının həsrəti hisslərini çuğlayırdı. Nədənsə, həmişə vaxtında gələn Dilbər gecikir, gecikdikcə gəncin həyəcanı daha da artırdı. Bir xeyli gözlədikdən sonra gül üzlü Dilbəri göründü blokun qapısında. Narahatlığın yerini hədsiz sevinc aldı. Dilbər ona tərəf baxıb bir az dayandı. Gənc gülümsəyib bir neçə addım önə getdi. Başını aşağı saldı Dilbər, yavaş-yavaş ona yaxınlaşdı, düz yanına çatanda başını qaldırdı, gəncin gözlərinin içinə baxıb dərin bir kədərlə köks ötürdü və heç nə demədən keçib getdi. "Dilbər, Dilbərim!" yanından ötüb keçən qızın arxasınca təəccüb içində dönüb baxdı.

    Gözlərinin ona göstərdiyi şey qarşısında birdən bütün qanı dondu sanki, hiss elədi ki, yer ayağının altında durmur, göylə yerini dəyişdirməyə çalışır. Dilbər əlində bir buket gül tutmuş hündürboy, əsmər bir gəncə yaxınlaşdı, əvvəl duruxdu, dodağının ətradındakı əzələlər yuxarı dartınmaq üçün xeyli səy göstərdi, dərin-dərin nəfəs çəkdi, gülü aldı və müti bir şəkildə gəncin yanında dinməzcə uzaqlaşdı.

    "Necə yəni? Necə axı? Dilbər! Dilbər!" Qız dönüb geriyə belə baxmadı. Onların ardınca dəhşətli bir iztirabla baxan gənc nə düşünəcəyini bilmirdi. Vücudundakı bütün qanlar beyninə hücum edib, onu partlatmağa çalışırdı sanki. Qəlbi döyünməkdən imtina edib öləzimiş, dayanmaq üçün fürsət gözləyirdi. 

   "Bu nə deməkdir? Niyə? Nə üçün?" evə sarı addımlayarkən dolu kimi yağan sualların altında ruhu dəlik-deşik olurdu. Anasının yanına tələsirdi, ona danışacaqdı hər şeyi, həmişəki kimi onunla tapacaqdı suallarının cavabını və təsəllisini.

    Qəfil ananın son günlərdəki halı düşdü yadına, ikinci dəfə ildırım vurmuş kimi səndələdi. "Bilirdin, dedi, sən də bilirdin. Ona görə gülmürdü üzün, ona görə üzümə baxa bilmirdin. Bunu məndən necə gizlədərsən axı? Necə? Heç olmasa çıxanda deyərdin. Bu vəziyyətə düşməyimə necə razı oldu ürəyin?" Qəlbində yaranmış hiddət anbaan artır, dolaşan ayaqlarına baxmayaraq evə bir an öncə çatmaq üçün can atırdı.

    Çöl qapıdan girəndə anasının həzin ağlar səsi ilk dəydi qulağına, amma hiddəti o qədər çox idi ki, bunun səbəbini düşünməyi ağlına belə gətirmədi. Səsi izləyərək öz otağına tərəf getdi. Qapıdan tənginəfəs girib sual dolu baxışlarını anasının sel kimi yaşlar boşalan üzünə zillədi. Ana kədərində elə qərq olmuşdu ki, oğlunun gəlişini hiss etmədi belə. Onun yatağında oturmuş, köksünə basdığı bir şeylə önə-arxaya yırğalanıb dururdu. Bu mənzərə qarşısında donub qalmış oğlan əməllicə özünü itirdi. Ana bir ara dayandı, içini çəkə-çəkə əlindəkini köksündən araladı, dizlərinin üzərinə qoydu. Gənc qara lent bağlanmış, bayraq fonunda hərbi geyimdə çəkdirdiyi qəhvəyi çərçivəli şəkli görəndə duruxdu, nəzərlərini qaldırıb çarpayısının yanındakı divara, günlərdir buradan niyə asıldığını heç cür anlaya bilmədiyi əsgər formasına baxdı. 

   Ana isə hələ də hıçqıra-hıçqıra ağlayırdı.