29 Nisan 2023 Cumartesi

Günahkar (hekayə)


 

   Gecədir. Böyük səsli-küylü şəhərin hündür mərtəbəli binalarının gur işıqlarının arasında köhnə beşmərtəbəli binalardan birinin pəncərəsindən közərən bir işığın da payı var. Pəncərənin önündə əlləri qoynunda dayanmış bir qızın gözləri yol çəkir. 

   Sabah tətil bitir, universitetdə dərsləri başlayırdı. Amma onun əvvəllər dərs başlayacağı üçün, tələbə yoldaşlarını təkrar görəcəyi üçün sevinən qəlbi, indi bir pencər kimi sıxılır, ona iztirab verirdi. Evdəkilər məcbur etməsə qəti şəkildə getməyəcəkdi,  hətta təhsilini yarıda saxlamağı, universitetdən sənədlərini götürüb birdəfəlik getməyi çox istəyirdi. Sadəcə evdəkilərə gücü çatmırdı. İlk dərs günü düşdü yadına. Qızı ali məktəbdə oxuyacaq deyə qürurlanan, sevinci yerə-göyə sığmayan atası taksi olaraq işlətdiyi maşınında özü aparmışdı onu dərsə. Yol boyu bol-bol gəncliyindən, o vaxtkı imkansızlıqlardan danışmış, bu günün imkanlarına şükür etmişdi ata.

- Şükür bu günə... Sən oxu mənim balam. Oxu iş-güc sahibi ol. Qardaşın baxmadı sözümüzə. O qədər əlləşdim, dil tökdüm, oxumadı ki, oxumadı. Sözümü eşidən sən oldun bircə. Atan qurban olsun gözlərinə...

 - Ay bala niyə uzanıb yatmırsan? Sabah dərsə gedəcəksən.Nəyə baxırsan orda? - deyib pəncərəyə boylanan ananın səsi Aytəni xəyalından ayırdı.

-Eşşş... Yatıram da, əl çəkmərsiniz aaa... - deyib, hirslə yatağa doğru addımladı qız.

   Son vaxtlar qızının kobudlaşan cavablarına artıq alışmağa başlayan ana bir söz demədən çıxdı otaqdan.

   Universitetin həyətində gözləri sevinc və həyəcanla parlayan qrup yoldaşları ilə rastlaşdı. Qızlar uzun bir yay tətilindən sonra darıxdıqları tələbə yoldaşları ilə qucaqlaşıb görüşür, uzun-uzadı hal-əhval tuturdular. Aytən onlara görünmədən yanlarından sivişib keçmək istəsə də alınmadı. Qızlar onu dövrəyə alıb bir-bir görüşdülər. Can dərdi qızlarla görüşən Aytən onların suallarını cavabsız qoyub universitetin binasının qapısından içəri atdı özünü. 

   Bundan sonra isə onun qaradinməz günləri başladı. Heç kimsə ilə kəlmə kəsməyən, dərs boyu, tənəffüs boyu dinməzcə gözlərini pəncərəyə dikib oturan, dərslərinə hazırlıqsız gələn Aytənin halı tezliklə bütün sinifin diqqət mərkəzinə çevrildi. Onsuz da əvvəldən soyuqqanlı və iti dilli olan, lakin dərslərində çalışqan olan bu qız indi demək olar ki, qrupda heç kimsə ilə ünsiyyət qurmurdu, adamayovuşmaz və acıdil birinə çevrilmişdi. Qızlar öz aralarında çox baş çatlatdılar "görəsən, Aytənə nə olub?" deyə çox müzakirə etdilər. Axırda bu qərara gəldilər ki, Aytən tətildə nakam bir eşq macərası yaşayıb. 

 - Hətta qızın halına baxsaq, bu elə belə gəldi-gedər bir macəra da olmayıb, demək ki, çox yaxın olublar - deyə nöqtəni qoymuşdu qızlardan biri. Aytənlə danışmağa can atdılar, zarafatyana, ciddi eşq macərasına eyham da vurdular hətta, amma qız elə sərt və kobud şəkildə qarşılıq verdi ki, axırda onunla münasibət qurmaqdan, dərdinə yanmaqdan vaz keçdi hər kəs.

- Heç nə, daha maraqlanan deyiləm. Özü bilər. Elə bil bircə bunun dərdi var. Bah böyük şey olub, sevgi oxu daşa dəyib. Dünyada bircə sən deyilsən ki... Adam da bu qədər acıdil olar?!

- Demə day. Vallah bir söz deyim, mənim onun atası kimi bir atam olsaydı, heç nəyi özümə problem etməzdim. Kişi yazıq əldən-ayaqdan gedir qızı üçün. 

-Heç demə...

   Qısa bir müddət sonra isə müəllimlərdən biri Aytənin universitetdən çıxmaq istədiyini, bunun üçün rektorla görüşdüyünü qaçırdı ağzından. Beləcə, bu söhbət yenidən qızışdı. Qrupdakı xətri sayılan qızlar, təkrar danışmaq istədilər Aytənlə. 

- Yaxşı dərdini bizə danışmadın, özün bilərsən. Amma təhsili yarımçıq qoymaq nə deməkdir, Aytən?! Sən axı elə-belə də oxumurdun. Hayıf deyil əziyyətlərinə?  

- Özünə heyfin gəlməsə belə evdəkiləri, atanı düşün. Yazıq deyil o kişi? Yadımdadır hər imtahan günü işin-gücün atıb gəlib qalırdı həyətdə. Çıxan kimi sən də qaçırdın onun yanına. Kişinin yaxşı yazdığını biləndə sevinci yerə-göyə sığmırdı. İndi sən kiməsə, nəyəsə görə həm özünə yazıq edirsən, həm də o kişinin arzularını ürəyində qoyursan. 

Bu dəfə acı cavab vermədi Aytən. Sadəcə pəncərəyə zillənmiş gözlərindən yaş diyirləndi aşağıya. Heç bir həftə keçməmiş Aytən qızlarla həmişəlik sağollaşmaq üçün dərsə gəldiyini bildirdi. Artıq sənədlərini götürmüş, universitetlə yollarını birdəfəlik ayırmışdı. Sakitcə heç bir şey demədən görüşdü qızlarla. Heç kim də heç nə soruşmadı. Çünki deyiləcək hər bir sözün artıq olacağını anlamışdı hamı. Hətta Aytənin bu qərarını yerinə yetirməklə sanki bir az yüngülləşdiyini hiss elədi qızlar.

   Bir vaxtlar onunla yaxın olan Gülnarə aşağıya düşüb ötürmək istədi Aytəni. Həyətdə qızın əllərindən tutub bir kənara çəkdi:

-Aytən,- dedi, sənin xətrini necə istədiyimi bilirsən. Elə hamımız istəyirik səni. Heyif ki, son vaxtlar pozdun münasibətləri. Belə ayrılmaq istəməzdik səninlə... Nə isə... Ümid edirəm ki, bu addımına sonra peşman olmayacaqsan. Hələ də bilmirəm ki, Şamxal dayı necə imkan verdi sənə, onu necə razı sala bildin bu qərarına...

   O anda Gülnarə əlində tutduğu qızın hər iki əlinin bir anda buz kimi soyuduğunu hiss etdi. Yaşlar Aytənin gözlərindən yaz yağışı kimi boşalmağa başladı.

- Hanı Şamxal dayın, Gülnarə? Haradadır? İki ay yarımdır yoxdur o... İki ay yarımdır, heç yuxumda da görə bilmirəm onu...

- Necə, necə yəni? Nə danışırsan Aytən? - Gülnarənin təəccübdən irilənmiş gözləri kiprik belə çalmadan Aytənin üzünə dikilmişdi. 

- Sonuncu imtahan günü... Söz vermişdi mənə... Hamısı "beş" olsun, demişdi, gəlib səni götürərəm, ata-bala yeməyə gedərik, bütün axşamı bərabər vaxt keçirərik demişdi... Həyatımın ən gözəl günü olacaqdı o gün, Gülnarə... Ən gözəl günü... Geyindim, bəzəndim, zarafatyana qısqanc sözlər atan anama, bu gün atamla mənim günüm, bağışlayın, sadəcə ikimizin günü deyib güldüm. Sonra pəncərənin önündə durub həyətə girməsini, siqnal verməsini gözlədim. Necə gözlədim, ilahi! O yolunu gözlədiyim köhnə sovet maşını mənim üçün necə dəyərli idi o anda... Hardan bilərdim ki, bir az sonra əzilmiş, sıradan çıxmış halda gətiriləcək o maşın həyətimizə... Atam tələsmişdi, o da mənim kimi səbirsizlənmişdi, bir an öncə qovuşmaq istəmişdi qızına, sürət həddini aşmış, bir yük maşının altında qalıb əzilmişdi... Elə ordaca tapşırmışdı canını... Mənim ucbatımdan... Mənə görə yarımçıq qaldı atamın həyatı... "Universitetə girməsəydim, o "beş"ləri almasaydım, yaşayırdı bəlkə də atam, eybi yox arzusu ürəyində, amma özü bizimlə qalardı" deyə düşünməkdən o gündən bəri nə gecəm var, nə gündüzüm. İndi, səncə, mənim burda oxumağımın nə mənası var?! Deyə bilərsən? Bilirsənmi, Gülnarə, hələ də inanmıram, bəlkə pis bir yuxu görmüşəm deyə düşünürəm. Pəncərədən gözümü yığa bilmirəm heç cür. Atam o köhnə maşını ilə indicə gələcək, indicə siqnalı basacaq deyə hələ də gözləyirəm... Hələ də...


01.03 2023


Tapşırıq : Girişi məhdudlaşdırma ilə başlayan bir hekayə yazmaq (məndə tam alınmasa da... 😅)

23 Nisan 2023 Pazar

Qaçış (şeir)

 


Bir yol verin, bir yol mənə 

Bu günümdən o başlayıb 

Qoy uzansın keçmişimə.

Bu günümdən addımlayım

 Yavaş-yavaş dünənimə

Baxa-baxa keçənlərə 

Gedib çıxım ötənlərə...


Bu yolumun gəlişi var gedişi yox

O günlərə bu yolun bir dönüşü yox

Görüm səssiz, kimsəsizdir uzun yolum,

Odur ki, ot-ələf basıb hər bir yanın.


Görüm burda yaxın gəlir uzaq mənə

Boylanım ötən ömürə bir də baxım

Gəldiyim sürətlə deyil, dünənimə 

Asta-asta, yavaş-yavaş gedim çıxım.


Həyatımın hər anında bir az durum,

Baxım bahar qoxan ürkək gəncliyimə.

Qayğı dolu o qızı qoy, qucaqlayım

Dərman olum qəlbi qırıq günlərinə.


Gedim gedim, 

qaçım bir az mən qabağa.

Bir də baxım uşaqlığım önümdədir.

Görüm addımım balaca,

Görüm dünya böpböyükdür.

Görüm yenə uzun saçım hörüklüdür.

Görüm anam lent bağlayıb uclarına

Mən qaçdıqca onlar uçur ora-bura.


Qaçım belə qayğısızca, 

Bir az daha irəlləyim...

Görüm yenə o günlər tək 

sevinclə dolub ürəyim...


Qaçım qaçım...

Baxım durub atam yolda,

Xanım-xatın nənəm yolda.

Baxım mənə qucaq açıb hər ikisi.

Baxım əsir xoş günlərin əsintisi...


Sığınıb sevdiklərimin  qucağına

Unudum dünyanın dərdini ,sərini

Şirin röya kimi varınca dadına

Qalım orda bir daha dönməyim geri.

19 Nisan 2023 Çarşamba

Sönməyən işıq (hekayə)

                         


                   Sönməyən işıq

 - Necə yəni gecələri də sönmür? Elə şey olar? - Hə vallah... Gecə gündüz o evin işıqları yanır. Hələ bu bir yana, qadın ayaqlarını dirəyib ki, çıxmaram bu evdən. Bütün bina köçüb ey. Adam baxanda vahimələnir. O qədər qaranlıq, tərk edilmiş evlərin arasında bircə ev nə işığından vaz keçir nə də canlılığından... 

   Dayanacaqdan görünən köhnə, bir hissəsi artıq sökülməyə başlanan xruşovka binalara baxa-baxa canfəşanlıqla danışan Xalidənin sözlərimi, yoxsa payızın yarpaqları qovalayan küləyimi üşütmə saldı canıma bilmədim... 

Tezliklə gözlədiyimiz avtobus da gəldi. Avtobusda Xalidə artıq söhbətin mövzusunu dəyişib tələbə yoldaşımız Sənubərin nişanlısı ilə yaşadığı problemlərindən danışmağa başlamışdısa da mənim o işığı sönməyən ev heç cür ağlımdan çıxmırdı. "Bir evin işığı axı nəyə görə gecə-gündüz yanar ki? Ev sahibəsini bir evə bu qədər möhkəm bağlayan nə ola bilər?" Bu sual bütün gün universitetdə də beynimdə dolanıb durdu. Hətta o günü aşıb bütün günlərimi öz əsarətinə saldı.

....

- Az dəlisən sən, nə deyəcəyik arvada? Heç tanımırıq da... Deyəcəyik nəyə gəlmişik? Sizin bu evin sirrini çözməyə? Booyy...

 - Bilirəm, asan deyil. Vallah çox götür qoy elədim, amma öyrənməsəm ürəyim partlayacaq, Xalidə. Nə olar gəl razı ol, lütfən, lütfən.

 - Bilsəydim heç danışmazdım sənə. Yox ey vallah, utanıram mən...

....

- Salam, bağışlayın narahat edirik...

   Saçlarına ara-ara dən düşmüş, səliqəli geyimi və gözlərindən oxunan dərin kədəri ilə qarşı tərəfdə özünə hörmət oyandıran, təxminən 50 yaşlarında xanım-xatın bir qadın açmışdı üzümüzə qapını. Hər gün dəfələrlə tikinti işçiləri tərəfindən döyülən qapısında bu dəfə iki gənc qızı görmək təəccübləndirmişdi, deyəsən, onu...

 - Buyurun, dedi çaşqınlıqla.

   Xalidə böyrümə bir dürtmə vurub göz-qaşı ilə "di soruş görüm, necə soruşursan?!" dedi. 

 - Şey biz, yəni mən... Narahat etdik ey bağışlayın... 

   Qadın dinməzcə sual dolu baxışlarını üzümdən çəkmədən gözləyirdi. Bir az da uzatsam tək şansımı əlimdən qaçıracağam kimi gəldi mənə. Bütün cəsarətimi topladım.

   O evdə utancaq bir şəkildə oturduğumuz səliqəli çay süfrəsi ətrafında, qadının bulud kimi dolub boşalan gözləri və bəzən də bəndini qırıb üzü aşağı axan bir sel kimi göz yaşları ilə anlatdığı hekayəsi məsələni aydınlatmışdı bizə. 

   Üç övladı vardı Qəmər xalanın. İki oğlu, bir qızı. Bu binada doğulub, bu binada böyümüşdülər. Ən kiçik qızı Nərgiz... Qardaşları kimi o da yaxınlıqdakı məktəbdə oxumağa başlamışdı... Amma bir gün məktəbdən evə dönməmişdi. 10 yaşı vardı Nərgizin. Qonşu qızları ilə gedib gəlirdi məktəbə. Hamı tanıyırdı, hamı bilirdi onu... Amma o gün dərsdən sonra heç kim görməmişdi qızı... Elə bil qız iraq olsun, yer yarılıb içinə girmişdi, elə bil dili-ağzı qurusun qız heç olmamışdı... Günlərlə dəli kimi axtardılar hər yanı, ələk-vələk elədilər hər yeri, qızdan əsər-əlamət tapmadılar... Günlər günləri əvəzlədi, aylar ayları, illər illəri... Hamı əlini üzdü Nərgizdən... Onu tapmaq ümidindən... Bircə Qəmər xala, heç itirmədi ümidini... Hər gün eyni həyəcanla gözlədi qızının yolunu... Bilirəm dedi, bir gün gələcək... Aşağıdan boylanacaq evimizə... Görəcək ki, işıqlarımız yanır, biz gecələr belə onun yolunu gözləyirik, biləcək... Ana ürəyi aldadarmı heç? Ana ürəyi yalan deyərmi? Gələcək qızı... İndi bu evi qoyub gedə bilərmi heç? Siz deyin, qoyub gedə bilərmi?

                      

21.02.2023

Səhifəmin yeni düzəni


  

    Deməli belə canım bloqum. Bura yazmadığımdan bəri həyatımda nələr dəyişdi, tək-tək oturub yazmağı çox istəyərdim, amma buna nə vaxtım var, nə də ki, yaddaşım elə güclü deyil. Bir dəyişikliyi isə qeyd etməsəm günah olar. Deməli, mən iki aydır yazıçılıq kursu alıram. Bu həyatda ən çox istədiyim şeylərdən biri idi. Yazıçılığa hələ ki, tam qabiliyyətli olduğumu düşünmürəm. Amma çox çalışmaqla  zamanla olacağına da əminəm. Buna görə tez-tez yazmalıyam. Açığı ən çox ideya və mövzu tapmaq baxımından əziyyət çəkirəm. Amma yaza-yaza bunu da aşa biləcəyimizi söyləyir mütəxəssislər. Odur ki, hekayələrim hələ primitiv ola bilər, mövzusu çox da dərin olmaya bilər. Heç önəmli deyil. Əsas olanı yazmaqdır.

   Qısacası, bu platformada daha çox hekayələrimlə olacağam artıq. Arada şeirlərim və eləcə dərdləşmə yazılarım da ola bilər təbii ki...

   Çox həyəcanlıyam. Eynən bloqumu ilk açdığım günlərdəki kimi hiss edirəm. Uzun müddət yenə heç kim oxumayacaq bu yazılarımı. Sadəcə mənə aid bir dünya olacaq! 

O zaman, canım yazıçı xanım, səhifənə xoş gəldin😎

10 Nisan 2023 Pazartesi

Geri döndüm



Bahar gələndə mən də...

 Salamlarrr!!! Yenidən burda olmaq necə gözəl duyğudur ilahi... Mən gəldim yenə. Döndüm dolaşdım yenə bu isti yuvama gəldim. Heç vaxt digər sosial medya məcralarının bloqumu əvəz etməyəcəyini bilirdim onsuz da, amma rahatlığı saqqızımı oğurladı, nə yalan deyim. 

   Niyə yazıram yenə? Uzun müddətdən sonra birdən ürəyimə düşdü. Girim bir göz atım dedim yazılarıma. Və oxuduqca oxudum... Yazılarımın səmimiyyəti, uzun olsa oxumazlar, bəyənməzlər dərdindən uzaq rahatlığı necə xoşuma gəldisə, digər məcralarda sərhədləndiyimi hiss etdim bir anda... Mənim söz azadlığım məhdudlaşıb, xəbərim yox! Mən artıq ürəyimdən keçənləri yazmaq əvəzinə, bəyəniləcək mövzuları işləmək riyasına qarışıbmışam. Və başqalarını düşünərək yazdıqca yazı yazma qabiliyyətim koralıb,öz parlaqlığını itirbmiş... Mən burda daha öncə yazdığım kimi yaza bilmirəm məncə... Odur ki, arada gəlib yazacam... Özüm kimi, istədiyim kimi yazacam...