25 Ocak 2021 Pazartesi

Bloqum 5 yaşında! 🎉

 


   Salam canım, gözüm, biricik bloqum! Ay bitmədən, nəhayət, yaza bildiyim üçün çox sevincliyəm. Bu aralar telefonum gün boyu uşaqlarda olur. İkincimin telefonunun xarab olması aləmi vurdu bir-birinə. Online dərslərə qoşulmaq üçün mənim telefonuma ehtiyac yarandı. Səhərlər məktəb dərsləri, günortadan axşam saat 6, 7-yə qədər kurs dərsləri 🤦‍♀️


   Bəzən dəli olacam kimi gəlir mənə. Bitsin, Allahım, noolarr bu pandemiya bitsin artıq 🤲


   Nə isə... Bu ay axı sənin ad günündür. Artıq tam 5 yaşın var sənin. Tam 5 ildir ki, qəlbimin sirlərini, zövqlərimi, hədəflərimi, sevinclərimi, kədərlərimi, hər şeyimi paylaşıram səninlə. Varlığından bircə an belə peşman olmamışam. Tam əksinə, bəlkə də indiyə qədərki addımlarım içərisində yeganə özümü təqdir etdiyim addımımdır səni açmış olmağım. Sən məhz mənə aid, tamamilə mənim qərarım, mənim təşəbbüsüm, mənim dünyamsan... Bunun nə demək olduğunu anlaya bilməzsən! 


   Nə yaxşı ki, tam 5 il əvvəl qarlı bir qış günü səninlə bir macəraya başlamağa, səninlə həyatımı bölüşməyə qərar verdim... Nə yaxşı ki, nə yaxşı ki, sən varsan canım bloqum!


   Ümid edirəm ki, hər zaman da bərabər olacaq yollarımız. Mən səndən ayrılmaram... Ara verərəm, bəzən aylarla yazmaram bəlkə, amma yenə də səndən ayrılmaram!


   5 yaşın mübarək olsun, artıq böyüməyə başlayan körpəm! Neçə-neçə illərin olsun! Səni çoox sevirəm! 

2 Ocak 2021 Cumartesi

Şəhərə məhkum



Hər səhər günəşin doğuşunu izləyirəm, 

yataq otağımın pəncərəsindən...

Alnımı, burnumu şüşəyə yapışdırıb uşaq kimi, 

verirəm nəfəsimi, 

buğlandırıram şüşəni...

Sonra o buğlu pəncərənin arxasından yeni il işıqları kimi işıldayan 

işıqlara baxıram...


Nə qədər çox işıq var...

Aydınlandıqca hava 

sönür bir-bir işıqlar.

Ortaya tək-tək çıxır 

qaranlıqda qalanlar.

Bir-birinə yapışmış

Sıx-sıx evlər, binalar...

Sıxır məni buralar.


Betonların, daşların arasında qalmışam,

Şəhərə uyub mən də onun tək bozarmışam... 

Rənglər itib qarışıb ayıra da bilmirəm,

Bəzən olur ki, hətta nəfəs ala bilmirəm... 


Cismim burda, xəyalım dolanır uzaqlarda,

Çadır qurur yerimə çiçəkli yaylaqlarda.

Gah meşədə azıram, gah gur çaydan keçirəm.

Hərdən də buz bulaqdan əyilib su içirəm.


Bir taxta daxmacıq var dağın düz ətəyində, 

Ağacların altında, ot-ələfin içində.

Pəncərəyə  sırmaşıb

Saçaqlı sarmaşıqlar,

Damda yuva qurubdur 

qaranquşlar, qumrular.

Ağ boyalı taxtadan çəpəri var,

barı var.

Yanından gecə-gündüz 

Şırıltıyla çay axar.


Mən isə yenə erdən

 bir səhər oyanmışam .

Bulaq suyu ilə dolu mis çaydanı qaynadan 

Çırta-çırt yanan sobaya bir az odun atmışam.

Bir adyala bürünüb büzüşüb oturmuşam.

Əlimdəki kitabı bir kənara qoyaraq

Yenə soyuq şüşəyə 

səssizcə yapışmışam.

İzləyirəm qarşı dağdan

doğub qalxan günəşi...

Qulaqlarımda yaxından

axan çayın zümzüməsi.


Uşaq kimi verirəm nəfəsi,

Buğlandırıram şüşəni...

İtir dağlar, dərələr,

O yamyaşıl meşələr...

Yenə çoxlu işıq var

Sıxır məni buralar...


Umman Aslan