Nəhayət, az qala bir il sonra yarım qalmış Avropaya səyahət yazımı bu pandemiya günlərində həm xatırlayıb xəyalən o günlərə dönmək, həm siz oxuyan canların bir az olsun könlünü açıb əyləndirmək, həm də o unudulmaz günləri bloqumun yaddaşına həkk etmək üçün davam etdirirəm. Doğrusu, internetdə öz dilimizdə Budapeştdə gəziləcək yerlərlə bağlı az məlumat olduğunu görüncə bu yazımı gəzdiyimiz yerlərlə bağlı bir sıra qeydlərlə hazırlamaq qərarına gəldim. Bəlkə axtarış edən birinin qarşısına çıxıb faydalı ola bilər deyə. Odur ki, yazı çoox uzun alındı. Ona görə hissə-hissə yayımlamağa qərar verdim.
Avropaya səyahət yazılarımın əvvəlini oxumaq istəyərsiniz bəlkə deyə aşağıya linklərini qoyuram:
1. Payız cənnəti - Dunaujvaros
Əvvəl Budapeşt haqqında qısa məlumat :
Bildiyimiz kimi Budapeşt Macarıstanın paytaxtıdır. Əslində bu şəhər Dunay çayının hər iki sahilində yerləşən Buda və Peşte şəhərlərinin 1873-cü il 17 noyabrda birləşməsindən yaranmışdır. İki sahili bir- birinə bağlayan uzunlu qısalı 10-a yaxın körpü var. İkinci Dünya Müharibəsində bu körpülərin bir çoxu zərər görmüş lakin sonradan əslinə uyğun yenidən bərpa edilmişdir.
Budapeşt Berlindən sonra Mərkəzi Avropanın ən böyük ikinci şəhəridir, hətta bura Mərkəzi Avropanın Parisi də adlandırılır. Bir ara Osmanlının hakimiyyəti altında olarkən Osmanlının nazlı Budini belə demişlər.😊 Eyni zamanda coğrafi mövqeyi, tarixi memarlıq abidələri və bir çox cəhətdən Avropanın ən gözəl şəhərlərindən biri hesab olunur.
Budapeşti ilk gəzişimiz bir az ürəyimcə olmamışdı demişdim xatırlayırsınızsa bir əvvəlki yazıda.
Deməli, bizim avtobusla Praqaya gediş biletimiz günortadan sonra, hətta axşamçağına idi. Artıq Dunaujvarosda işimiz bir gün öncə bitdiyi üçün yoldaşı elə səhərdən yola düşüb Budapeştə gəlməyə çətinliklə də olsa razı saldım. Çünki Praqadan sonra Budapeştdə də cəmi 1 gün gəzmə imkanımız olacaqdı. O vaxt nə qədər yorğun və ya həvəsli olacağımızı də əvvəlcədən təxmin etmək olmazdı. Mən isə mümkün qədər çox yer görmək istəyirdim. Odur ki, bu fürsəti dəyərləndirib bir neçə saat da olsa Praqaya getmədən bu şəhərdə gəzmək istədim.
İnternetdən araşdırıb xəritədən gedəcəyimiz yerləri əvvəlcədən müəyyənləşdirmişdim. Nəzərdə tutduğum gəziləcək yerlərin demək olar ki, hamısı bir-birinə yaxın məsafədə yerləşirdi. Bir tək görməyi çox çox istədiyim tarixi New York kafe bambaşqa yerdə idi. Vağzalda bizi sağ olsun yenə yoldaşın burda magistratura oxuyan tələbələrindən biri qarşıladı. Və gedəcəyimiz yerləri öz aramızda danışarkən şiddətli israrlarıma rəğmən getmək istədiyim New York kafenin uzaq olduğunu vurğulayıb, Praqadan sonra bir günlük Budapeşt gəzintimizdə fürsət olsa gedə biləcəyimizə qərar verdilər.Deyim ki, sonradan fürsət də olmadı. Və mənə bu kafeni çox istəsəm də görmək nəsib olmadı. Ah bu kişilər... 😤
Sonra guya gəzməyə çıxdıq. Deməli, öndə ikisi söhbət edə-edə özləri də hiss etmədən sürətlə gedirlər, arxada da mən gah ətrafa baxmağa çalışıram, gah foto çəkməyə... Sonra bir baxıram xeyli aralı düşmüşəm, qaça-qaça çatmağa çalışıram. Qısacacı, o qədər əsəbləşdim ki... Bir şey deyə də bilmirəm... Onsuz da New York kafeyə də gedə bilmədim... Qaş qabağımı elə sallamışdım ki, çox güman ki, tələbə həmyerlimizin zəhləsi getdi məndən 😅
1. Saint Stefan Bazilikası
Bircə yaxşı şey o oldu ki, Saint Stefan Bazilikasını rahatca gəzə bildik.
Kilsə haqqında:
Macarıstanın ilk kralı Stefanın şərəfinə tikilmiş bu bina Parlament Binası inşa edilənə qədər 96 metr yüksəkliyindəki qübbəsi ilə şəhərin ən yüksək binası idi. 1851-ci ildə inşa edilməyə başlansa da qübbədə yaranan çöküntülərə görə tikintisi ancaq 1906-cı ildə başa çatmışdır. Kilsənin 364 pillə ilə və ya liftlə çıxa biləcəyiniz qübbəsindən şəhərin möhtəşəm mənzərəsini seyr edə bilərsiniz (Bizdə fürsət olmadı😒). Eyni zamanda xəzinə bölməsində adını daşıdığı Macar kralının müqəddəs sayılan sağ əli də daxil olmaqla bir çox dini əşya sərgilənir.
İçinə girib qısa bir tur atdıq. Və nəyi hiss etdim bilirsinizmi? Kilisələr hər nə qədər divarlarından tavanına qədər əl işləmələri ilə bəzənmiş, möhtəşəm sənət əsərləri olsa da məscidlər qədər insana huzur vermir.
Ordan ayrılıb sonradan da gəzəcəyimiz yerlərdə bayaq dediyim şəkildə arxadan qaça-qaça çatmağa çalışaraq bir az gəzişib, həmyerlimizdən ayrıldıq. Yoldaşa rahatca əsəblərimi dilə gətirəcəyim(😑) vağzala gəldik. Avtobusa minmədən buranın məşhur küçə şirniyyatlarından sayılan kürtös kalacs (Makara şirniyyatı və ya baca keksi) də aldıq (haram halallığına görə digər yeməklərdən yeyə bilmirik, barı bunun dadına baxaq dedik). Sonra bir baxdıq ki, bu şirniyyatı çexlər də özünküləşdiriblər. Gerçəkdən macarlara yoxsa çexlərə aid bir şirniyyatdır, anlamadıq. 🤷♀️
Və beləcə Praqaya yollandıq.
Praqadan dönüş biletimizi gecəyə almışdıq. Vaxt itirməmək, həm də boşuna otelə pul ödəməmək üçün gecə yatmaq işini də avtobusda etdik. Və təbii ki, nə qədər olmaya rahat yata bilmədik. Budapeştdə düşəndə ikimiz də əzinik və yorğun hiss edirdik özümüzü. Bu yorğunluq sonradan səyahətimizə də təsir etdiyinə görə tam qənaət gətirdik ki, bir şəhəri gəzmək üçün mütləq ən az iki gün və heç olmasa gecəni oteldə keçirmək lazımdır. Ağlınızda olsun. Amma o qısa zamanda və yorğunluqla bir çox yeri görməyə müvəffəq olduğumuz üçün də şanslıyıq, məncə.
Vağzalda qəlyanaltı üçün ayrılmış xüsusi yerdə, Praqada qonaq getdiyimiz canım qonaqpərvər həmyerli xanımın bizə yol üçün büküb qoyduğu poğaça, kek və aldığımız qəhvə ilə səhər yeməyini həll etdik. 2 fincan qəhvə məni xeyli özümə gətirmişdi. Artıq səyahətə hazır idim.😊
Budapeştdəki həmyerlimiz də axşam bizimlə birgə Azərbaycana dönəcəyi üçün xeyli işləri vardı. Odur ki, onu bir az gözəlməli olduq. Və bu vaxtı vağzalda keçirəcəyimizə çıxıb özümüz şəhəri kəşf edək dedik. Deyim ki, bu indiyə qədər təkbaşına çox gəzmədiyimiz üçün o qədər də asan deyil. Mən həmişə xəyal edirdim ki, belimdə səyahət çantam, əlimdə xəritə (və ya telefonumda naviqatorum) ilə hər yerə gedə bilərəm. Amma yox... Bu o qədər asan deyilmiş... Ən azından təcrübəsiz olduğumuz üçün və vaxtımız az olduğuna görə...
2. Elizabet körpüsü (Bəyaz körpü)
Nə isə gəzərək gəlib çıxdığımız ilk körpü Elizabet Körpüsü və ya Bəyaz Körpü oldu.
Körpü haqqında :
Elisabeth Bridge(və ya White Bridge) Buda və Pest'i Dunay çayı boyunca bir-birinə bağlayan Budapeştin və Macarıstanın üçüncü ən yeni körpüsüdür.
İmperator Franz Josephin xanımı və Macarıstan kraliçası olan kraliça Bavyera Elizabeth-in adını daşıyır. Ümumi uzunluğu 380 metrdir. Dunay çayının ən dar qismində olduğundan çay üzərindəki uzunluğu isə sadəcə 290 metr uzunluğundadır. Körpü 1897-1903-cü illər arasında inşa edilmişdir (daha sonra ikinci dünya müharibəsi zamanı uçmuş və 1964-cü ildə yenidən tikilmişdir). Digər körpülərdən fərqli olaraq bu körpü əslinə uyğun şəkildə bərpa olunmayıb. Sadə ve modern görüntüsü ilə digər körpülərin kölgəsində qalsa da məncə yenə də görülməyə dəyər bir körpüdür.
Səhərin ilk işıqları və günboyu davam edəcək xəfif dumanla şəhərin körpülü mənzərəsi mükəmməl görünürdü. Bir xeyli körpüdən şəhəri və Dunayı izlədik. Sonra körpünün piyada keçidindən keçərək Dunayın digər sahilinə gedib çıxdıq. Qeyd edim ki, səyahət zamanı təəssüf ki, körpülər, onların tarixi, hekayələri haqqında çox bir bilgim yox idi. Yazı üçün araşdırdıqca bir çox şeylərdən xəbərsiz şəkildə səyahət etdiyim üçün özümü çoox qınadım.
3. Saint Gellert abidəsi
Və burada tam bitişdə şəlaləli, pilləli və qırmızı sarmaşığı, qızılı yarpaqlı ağacları ilə və hündürdə görünən yaşıl bir heykəllə çox gözəl bir yer bizi qarşıladı. Bu yazını hazırlamaq üçün axtarış edərkən bunun məşhur Saint Gellert heykəli olduğunu öyrəndiyimdə şok oldum. Yarıya qədər çıxıb yoldaşın "boş ver gecikirik axıra qədər getməyə ehtiyac yoxdur" dediyi üçün vaz keçib, sonra bütün gün adını internetdən gördüyüm üçün Gellert təpəsini axtardığımı (hələ də eyni yermi dəqiq bilə bilmədim) xatırladığımda isə "dəli bir ağlamaq keçir könlümdən" 😭.
Abidə haqqında:
Saint Jerard Heykəli Gellert Təpəsinin şimal-şərq tərəfində, Dunaydan 235 m yüksəklikdə ucalan bir qayalıqda yerləşir. Abidə, ilk Macar yepiskopu və erkən xristian müjdəçisi Saint Gellert Sagredonun (980-1046) şərəfinə yüksəldilib. Heykəl bürüncdən hazırlanıb və hündürlüyü 12 metrdir. Bura Dunay, Elisabeth Bridge, Pest və kənarındakı təpələrə panoramik mənzərə təqdim edir.
Pillələrlə qalxdıq, şəlalənin üstündən dolandıq, yüksəkdən şəhərin mənzərəsini bir xeyli seyr etdik. Deyim ki, Bəyaz Körpünü də uzaqdan seyr edə biləcəyiniz ən gözəl yerdi bura.Nəhayət, bura ilə vidalaşıb zəng edən həmyerlimizlə görüşmək üçün piyada digər körpüyə yola düşdük.
Ps: Hal-hazırkı duyğularım : Axı niyə, axı niyə bu təpəni axıra qədər çıxmadıq ?!
Çıxarılan nəticə : Bir yerə səyahət etmədən öncə sadəcə yerlərin adlarına baxma. Ətraflı araşdır, öyrən, əzbərlə ki, sonra belə yanıb tökülmə!!!
Ardı növbəti yazılarda... 🥰
Qəşəng postdur. Bu da var Budapestde gezmeli yerler
YanıtlaSil