26 Kasım 2019 Salı

Avropa səyahəti 1 / Payız cənnəti - Dunaujvaros



 Salamlar...🤗

   Nəhayət, yenə bir səyahət yazısı ilə sizlərlərləyəm. Doğrusu bu yazım səyahət yazısından daha çox bloqumda və beləcə yaddaşımda qalmasını istədiyim, bu səfərdəki bir sıra xatirələrimin bir qismini qeyd etdiyim günlük kimi oldu. Buna görə də bir az uzun alınan, bol payız rəsimləri ehtiva edən bu yazımı ümid edirəm ki, sıxılmadan oxuya bilərsiniz. İndidən yazını sonuna qədər oxuyub, unudulmaz xatirələrimə ortaq olan canlara sevgilərimi göndərərək başlayıram anlatmağa...

   2018-in baharında Macarıstanın Duanujvaros şəhərindəki universitetə  qonaq məruzəçi kimi gedən yoldaş, oranın təbiətinin tam mənlik olduğunu, bəyənəcəyimi düşünüb, növbəti dəfə bərabər getməmizə qərar verib(sağ olsun 😊).

   Beləliklə, 2019-un baharında yoldaş bərabər getməyimiz üçün təkrar  müraciət etdi. Lakin bu gedişimiz alınmadı. Üzülsəm də xeyirlisi deyib payızda yenə müraciət etmək üçün səbrimi basıb gözləyəsi oldum. 
Və sentyabrda müraciətimiz qəbul olundu. Bundan sonra viza və sənədləri hazırlamaq üçün qollarımızı çirmələdik. Macarıstan Avropa Birliyi ölkələrindən olduğuna görə ora getmək üçün "Şengen vizası" alınmalıdır ki, bu da o qədər də asan proses deyil. Amma onu da qeyd edim ki, bütün sənədləriniz düzgün və yerində olduğunda vizanın verilməməsi üçün bir səbəb qalmır. Nə isə uzatmıyım, beləcə bizə səyahət imkanı çıxmış oldu. Uzun müddətdir uzaq bir səyahətə çıxmayan və gəzməyi çox sevən biri olaraq mənim həyəcanımı təsəvvür edirsiniz yəqin ki...

   Oktyabrın 21-i Budapeştdə hava limanında enib  avtobusla Nepliget avtovağzalına gəldik. Yol boyunca ağacların Azərbaycanda başlamaq bilməyən payız görüntüsü artıq məni valeh etmişdi belə. Vağzaldan Duaujvarosa bilet alıb avtobusumuza mindik. 1-1,5 saatlıq yolumuz vardı. Avtobus böyük olsa da içərisində sadəcə 5-6 nəfər var idi. Və sürücü baqaj yerinə çamadanımızı salona qaldırmağımızı məsləhət gördü.

   Dunaujvarosun mərkəzində endiyimizdə mən şəhərin payız görüntüsünü heyran-heyran izləmək, yoldaş isə əvvəlcədən rezervasiya etdirdiyimiz oteli tapa bilmək dərdində ikən o yekəliyində çamadanımızı avtobusda bir gözəl unutmayaqmı?!😂

    İndi düşündükcə gülməli gəlir amma o anda necə həyəcanlanmış, necə özümüzü itirmişdik təsəvvür edə bilirsiniz yəqin ki. Yaxşı ki, yoldaş tez zamanda, həm də sürücüsü ingiliscə bilən bir taksi tapdı. Və nə yaxşı ki, Duanaujvaros bu avtobusun son dayanacaq yeri idi. Avtobusun son dayanacağına onunla eyni vaxtda çatıb çamadanımızı götürə bildik şükür😊

   Eyni taksi ilə otelimizə gəldik. Mən ağaclardan asta-asta düşən yarpaqların tilsiminə düşmüşdüm elə bil. Gözlərim ancaq ağaclarda idi. Yuxarı qalxıb əşyaların bir qismini yerləşdirdikdən sonra 5 dəqiqəlik yerimə məsafəsində olan universitetə gəlişimizi xəbər etmək üçün getdik və universitet həyəti buradakı ilk gəzinti yerimiz oldu.

   Köhnə, sadə, göstərişsiz bir universitet binası, qarşısında rəngli çiçəklərdən dekorativ bir sahə, hündür, payızın gözəlliyinə bürünmüş ağaclar, kiçik, fontanlı bir hovuz, fərqli millətlərdən tələbələr və sadə macar xalqı. Elə ilk təəssüratlardan qəlbim isindi bu şəhərə. Zaman içərisində macarların bizimlə bənzərliyinin şahidi oldum. Bəlkə də ondandır burda özümü Amerikadakı kimi qərib hiss etmədim. Hələ bir də universitetə yaxın bir yerdə türk lokantası tapıb, plovüstü dönər də yedik. Daha nə olsun 😊 
 Universitet binası (alıntı)


 Universitetin həyəti

Universitetin kitabxanası 😍

Sonra ordan bir başa marketə getdik. Səhər yeməyini oteldə özümüz həll edəcəkdik və arada da yemək üçün meyvə-çərəz aldıq. 

   Nə isə 22-si yoldaşla dərslərə girdim ( dərs prosesini və xarici tələbələri müşahidə etmək istəyirdim), ingiliscə anlatılan dərslərdə bir sıra Makro Ekonomi terminlərini ilk dəfə eşitdiyim halda düsturlarla hesablamalar aparıb düzgün cavabları tapıb yoldaşda sənin "riyazi kafan" da varmış təəccübünü yaratmağa nail oldum(😎).

   Dərsdən sonra otelə gedib bir az dincəlib, yemək yedik və şəhəri kəşf etməyə çıxdıq.

Şəhərin muzeyi

Bələdiyyə binası

    Dunay çayı sahilində yerləşən və elə adını(SSR-in daxilində olduğu zamanlar Stalinvaros adlanırmış) da burdan alan, 52,67 km²-lik ərazisi, 50 minə yaxın əhalisi olan  bu kiçik şəhərin nə elə sən deyən tarixi binaları, nə də əyləncə mərkəzləri vardı. Burada bizə xoş gələn şəhərin qəsəbə dadındakı şirinliyi, təmizliyi, sakitliyi, sovet dövrünü - uşaqlığımızı xatırladan küçələri və yol qaydalarına ciddi əməl edən, gülərüz sakinləri idi. Bir də əlbəttə ki, payızı, xəzanı, sarı-qızılı yarpaqları ilə mənə xəyal dünyasında yaşayırmış kimi hiss etdirən təbiəti.


Dunaujvaros küçələri

   Maraqlısı bunda idi ki, burda küçələri bizdəki kimi hər gün süpürmə adəti yoxdu sanki. Hər səhər sadəcə bəzi yerlərdə topalayıb bir yerə yığırdılar yarpaqları. Odur ki, səkilərdə yeridikcə arabir üstümüzə düşən sarı yarpaqlarla birgə ayağımızın altındakı yarpaqların xışıltısı əsl mənada payızı yaşatdı bizə. Bu görüntü o qədər xoşuma gəldi ki, axı niyə bizdə səhər olan kimi yazıq xalaları soyuq küçələrə töküb süpürtdürürlər yarpaqları, qoymurlar bir dənə də qalsın deyə çox düşündüm. Sonra ağlıma gəldi ki, təəssüf ki, bizdə yerdə sadəcə yarpaq olmur. Bəlkə də yarpaqdan çox gözəl millətimizin laqeydliklə hara gəldi, heç çəkinmədən atdıqları əllərindəki zir-zibillər olur 😑


   Nə isə axşama qədər gəzdikdən sonra  türk restoranında şam edib yorğun amma məmnun halda otelimizə döndük.

   23 oktyabr macarlarda müstəqillik bayramı olaraq qeyd olunur(1956, sovet sosialist rejiminə qarşı hərəkat və mitinqlərin başladığı gün).
Amma otelin yaxınlığında bir qrup insanın tonqal qalayıb gecədən səhərəcən içki içib (macarlar kişili-qadınlı təəssüf ki, çox içki içirlər) mahnı çalıb oxumağından  başqa çox bayram ab-havası hiss etmədik doğrusu.
Universitetdə də dərs olmayacağını bildiyimizdən  Dunayın sahilinə enməyi həmin günə planlamışdıq.

   Dunay və onun mərtəbə-mərtəbə meşəlik olan sahili... Sən nə gözəl yer idin elə... Bulvar kimi uzanan sahildən pilləkənlərlə enirsən Dunayın sahilinə...

Dunayın sahilinə enən pillələr

 Yuxarıdan sahilə qədər 4-5 mərtəbə ətrafı ağaclarla çevrələnmiş yürüyüş yolları...
 Ən aşağıda piknik üçün taxta oturacaqlar, uşaqlar üçün 2-3 yelləncək falan... Sadə, göstərişsiz, amma bir o qədər təbii və gözəl... Bir daha anladım ki, təbiətin gözəlliyi qədər heç bir insan əməyinin məhsulu adamın qəlbini sevinclə doldurmağa, huzur verməyə yetmir.

   Ərtaf o qədər səssiz, sakit idi ki, bir ara arxamdan yüngülcə bizə tərəf qaçan bir şey hiss elədim. Nədənsə ağlıma it gəldiyi üçün diksinib qorxaraq kənara tullandım. Sən demə idman üçün qaçan bir adam imiş. Gülümsünüb yoluna davam etdi. Onsuz da burda ya qaçanlar, ya itini gəzdirənlər çıxır hərdən bir qabağına.

   Sahil boyu yeriyib yeni yollar kəşf etmək istəsək də, bu bir az bəla oldu başımıza. Belə ki, həmin o mərtəbələrdəki yürüyüş yollarında azdıq da bir ara. Amma elə gəzintinin də dadı-duzu belə şeylər olmurmu?! Bir təhər fərqli, daha maraqlı yollar tapıb gəzintiyə başladığımız yerə qayıda bildik.




 2 saatdan çox ara vermədən gəzmişdik, artıq dincəlmək vaxtı idi. Təkrar aşağı - sahilə yaxın yerə qayıdıb oturduq payızın tilsiminə düşmüş hündür ağacların altındakı və topuğa qədər xəzəllərin arasındakı  taxta oturacaqlardan birinə.



Çantamızda götürdüyümüz termos, paket çay, meyvə, çərəzi stola düzüb, yedik-içdik... Ətrafda çox az adam vardı. Meşə sakit, səssiz...


Yoldaş dayana bilməyib uzun oturacaqda əməllicə uzanıb yatdı. Mən isə 10-15 dəqiqə sadəcə səssizcə seyr elədim önümdəki valehedici mənzərəni, ağaclardan arabir tökülən yarpaqları... Mən cənnətdəyəm... Bura əsl payız cənnətidir deyə düşündüm. Rəbbimin yaratdığı gözəlliklərlə təfəkkürə dalarkən, ilkbaharda deyil də illərdir bu cür payız mənzərələrini görməyi arzulayan biri olaraq mənə məhz sonbaharda buralara gəlmək imkanı yaradan Rəbbimin sonsuz rəhmətinə şükürlər etdim minlərcə dəfə...


   Sonra bu fürsəti əldən verməyib yarım saata qədər saralmış yarpaqların arasından göz vuran günəşin altında, arabir ötən quşların payız nəğməsi ilə xəzəl qoxusunun ecazkar ahənginin sehrində kitabımı oxudum... Ömrümün sonuna qədər bu pozisiyada qalsam yenə də doymaram deyə düşünərkən, burda həyatımın ən huzurlu və verimli kitab oxuma anlarını da yaşamış oldum.



Artıq günəşin yavaş-yavaş batmağa doğru getdiyini görüb biz də yavaş- yavaş yol aldıq türk restoranına axşam yeməyi üçün. Burdan ayrılmağı heç istəməsəm də... Ürəyimin böyük bir parçasını Dunayın sahilində buraxsam da...



   Ertəsi gün yenidən dərsə girdik və çox istiqanlı, həyatcanlı bir qadın müəllimə ilə tanış olduq. Bizi otağında bitki çayına qonaq edən müəllimə Azərbaycan və Bakı haqqında çox eşitdiyini mütləq gəzməyə gəlmək istədiyini dedi.

   Hətta sonra otağa gələn başqa bir kişi müəllim də bunun bu aralar ən böyük xəyalı olduğunu, Azərbaycana gəlməyi çox istədiyini söyləyib bərabər gələcəklərini qeyd etdilər.

   Biz də təbii ki, xalqımızın qonaqpərvər nümayəndələri olaraq mütləq gəlin, biz sizi gəzdirərik sözünü verdik(dekabrda gəlməlidilər).

   Müəllimə bizi restorana axşam yeməyinə dəvət etdi. Bir neçə saat sonra görüşmək üçün sağollaşıb çıxdıq.

   Yenə şəhəri bir az dolaşdıq,  kafedə oturub meyvəli bir milkshake içdik və universitetə yaxın bir yerdə həftənin müəyyən günlərində qurulan bazarlarına getdik.

   Burda macarların da almaya bizim kimi alma dediklərinə təəccübləndim ( macarların da qədim hun budağından olduqlarını bilirsiniz yəqin ki), dayana bilməyib dəzhahlardan üzümüzə gülən mükəmməl turşularından bibər, xiyar, göy pomidor aldıq(dadı mükəmməl idi 😋). Bir də ən xoşuma gələn bəlkə də elə yeyinti qədər satılan əl işləri, yeni ilə aid aksesuarlar və s. oldu.



Şəhər bazarı
 
  Bazardan çıxdığımızda artıq görüş vaxtına az qalmışdı. Universitetə tərəf irəliləyib müəllimə ilə görüşdük və çox  "şık" bir restoranda şam elədik( soyuq limonlu kartof salatının üzərində qızardılmış balıq). Və restoranda bizə xidmət edən qarson kim olsa yaxşıdır? Dünənki gün Dunayın sahilində gəzərkən arxamızdan qaçaraq gəlib məni qorxudan adam 😊 Biz tanımamışdıq, özü tanışlıq verib xatırlatdı bizə.

   Müəllimə sağ olsun yeməkdən sonra içəcəyimiz qəhvənin yanında  nıx deyənəcən doyduğumuz halda (😊)  macarların bir desertini dadmağımızı istədi - somloi galuska... Çoxxx ləzzətli idi və sonuna qədər yedik...😊

Somloi galuska

   Beləcə Dunaujvarosda bir günümüzü də başa vurduq. 

   25-i səhər erdən durub əşyalarımızı toparladıq. Duanujvarosdan, bu huzur dolu, şirin, payız cənnəti olan şəhərdən ayrılırdıq artıq. Otelimizlə sağollaşıb, hər gün dolaşdığımız, artıq bizə doğmalaşmış küçələrlə avtobus dayanacağına getdik. Avtobusumuz şəhərin çıxışına doğru irəlilədikcə  küçələrə son dəfə doyunca baxmaq üçün şüşəyə yapışmışdım hardasa. Bir daha buraları görmək ümidilə sağollaşırdım Dunaujvarosla...

  Növbəti səfərimiz Budapeştə, ordan da avtobusla Praqaya doğru idi.
Bu uzun yazımdan sıxılmadınızsa yoldaşın mənim üçün sürpriz etdiyi, hər küçəsi tarix qoxan Praqa səfəri haqqındakı xatirələrimi oxumaq istəyirsinizsə növbəti postları  qaçırmayın... 😉 

Və sağlıqla qalın...💓

19 yorum:

  1. Ah, gerçekten de iyi ki sonbaharda gitmişsiniz. Doğa öyle güzel ki el yapımı şeyler kötü bir taklitten öteye gidemiyor ne yazık ki :) Harika fotoğraflar.

    YanıtlaSil
    Yanıtlar
    1. İyi ki... Eynen her şey, hetta insanlar bele bu qeder süretli bir şekilde sünileşerken insan yalnız tebietde nefes ala bilir... Bir az çox oldu amma, buralarda qalsın istediyim üçün bir çoxunu qoydum fotoların 🙈❤

      Sil
    2. Bu arada kıyafetinin rengi de çok uymuş ortama, bayıldım :)

      Sil
    3. 😄 Teşekkür edirem. Beli, bu il payıza emellice hazırlıqlı girdik. Payız rengleri favorim oldu.😊❤

      Sil
  2. Resimler harikaa. :) Kız kardeşim de Macaristan'da şuan. Yazını da okuyunca bir tebessüm ettim. ^-^

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem. Ne gözel🤗 Macarıstan Avropaya addım atmaq üçün en uyğun ölkedir mence. Hem qiymetler münasibdir, hem insanları daha bir istiqanlıdır.❤

      Sil
  3. Fotoğraflara da bayıldım.Bisikletli fotoğraf da favorim :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Teşekkür edirem. Men de çox sevmişdim o fotoğrafı.❤😘

      Sil
  4. ah mükemmel anlatmışsın ya bayıldım annatttıklarına da fotilere dee. özellikle üstten üçüncü sonbahar fotisi :) hiç duymadığım bi yermiş. ama ne güzel hem dinlenmişsin hem gezmişsin hem de ders. makro ekonomi okudum ben deee, ama mikro ekonomi daha zor :) türk restoranı varmış ha ne güzeel :)

    YanıtlaSil
  5. Cansan. Beyenmene çox sevindim. Çox tanınmayan bir şeherdir Dunaujvaros. Amma könlümü feth etdi doğrusu. Ekonominin her türlüsü zordur mence😊 Sebirle bu uzun yazımı oxuduğun üçün teşekkürler gözel arkadaşım.❤❤😘

    YanıtlaSil
  6. Muhteşem bir doğa ve harika bir yazı olmuş :)

    YanıtlaSil
  7. Fotoğraflar bir harika 💐
    Deep sayesinde buldum sizi bende beklerimmm 🌹 🌹

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem. Sağ olsun Deep. Bloq aleminin meleyidir o ❤

      Sil
  8. Aa ben zaten takip ediyormuşum senii🤣🤣
    Sen ediyomuydun bilmiyorum bekliyorum takipte değilsen canım 😍

    YanıtlaSil
    Yanıtlar
    1. Men de izleyirem sizi uzun zamandır meyersem.😊❤

      Sil
  9. Yazı harika
    Avrupa'ya seyahat etmiş kadar oldum :)

    YanıtlaSil