18 Ocak 2020 Cumartesi

Tarix qoxulu Praqa1

    

   Salam olsun bütün yazımı oxuyan canlarıma. Bu aralar yenə hədəflərinin arasında sıxışıb çabalayan, bu budaqdan o budağa atlayaraq ortaya bir şeylər çıxarmağa çalışsa da hələ ki, yerində sayan, bərəkətsiz zamanın hərəkətsiz nümayəndəsi olaraq işlərimi çatdırmaqda çətinlik çəkirəm. Bloq yazılarım da bunların içərisində. 

   Bir xasiyyətim var ki, görəcəyim işi planladığımda o plandan qırağa çıxmağı heç sevmirəm. Uzun müddətdir səyahət yazımı davam etdirmək istəyirəm. Bu yazılar digərlərinə nisbətən çox vaxt alır. Tam 3 kitab bitirmişəm bura yazmalıyam və əlimdə başqa yazım da var. Amma mənim ki, planımda öndə səyahət yazısı var, heç cür digərlərinə keçə bilmədim. Nə isə. 

   Bu yazımı bitirdikdə baxdım ki, çox uzundur. Heç kimin hövsələsi çatmayacaq sona qədər oxumağa. Günlük xarakterli olduğundan şəkilləri də bol-boldur. Odur ki, yarıya bölmək qərarına gəldim. Və yazımı bitirən kimi ilk hissəsini elə həftə sonundaca yayınlayıram. Hər kəsə xoş oxumalar. Ümid edirəm ki, yazını bəyənər, xəyalən mənimlə siz də Praqaya səyahət etmiş olarsınız. 
   

Macarıstana gedərkən başqa bir ölkəyə də gedə biləcəyimiz heç ağlımdan keçməmişdi doğrusu. Dunaujvarosa gedəcək avtobusumuza minmək üçün Nepliget avtovağzalındakı  meydançaya daxil olduğumuzda üzərində Berlin, Vyana və b. şəhərlərin adlarının avtobusların sərlövhələrində görmək çox maraqlı gəldi mənə. Sanki eyni ölkənin fərqli şəhərləriymiş kimi  başqa ölkənin başqa şəhərinə getmək bu qədər asan olarmı? 

   Sən demə yoldaş sürpriz olaraq bir jest tutubmuş ağlında. Dunaujvarosun son günlərində mənə istərsəm başqa şəhərlərə də gedə biləcəyimizi deyəndə təbii ki çox sevindim. Vyanamı, Pragamı? - İki seçimim vardı. 

   Əslində Vyana daha yaxın idi. Amma internetdə araşdırınca və Praqanın Avropanın ən fotogenik şəhəri olduğunu da öyrənincə təbii ki seçimim Praga oldu. 

   Pragada yoldaşın tələbələrindən tanış bir ailə də var imiş. Onunla danışıb otel ayarlamağa çalışsalar da alınmadı. Az qala vaz keçəcəkdik ki, bir də mən əl atım dedim. Və əvvəldə uyğun qiymətə mərkəzə yaxın bir otel tapdığımı desəm də yoldaşı heç cür inandıra bilmədim. Sonra özü dediyim yeri araşdırıb baxınca çaşdı qaldı. Bəli bir şeyin olacağına inanıb, səbir və həmin inancınla işə girişdiyində olmayacaq şey yoxdur - bir daha öyrənmiş olduq 😉

   Nə isə başınızı çox ağrıtmayım. Dunaujvarosdan Budapeştə çatanda Bizi Praqaya aparacaq avtobusumuzun çıxışına hələ 4-5 saat vardı. Onacan bir az Budapeşti gəzək dedik. Narazı qaldığım bu qısa gəzintimizdən gələn dəfəki Budapeşt yazısında bəhs edəcəm. 

   Praqaya gedərkən yoldaşla ikimiz sadəcə bel çantalarımızı götürdük, çamadanımızı sağ olsun burdakı həmyerlimiz alıb saxladı.
Nəhayət, Praqaya yola düşdük. 

   Budapeştdən bura səhv xatırlamıramsa 6 saatlıq yol idi. Məncə Avropa türklərdən çox şey öyrənməlidir. O qədər bahalı avtobusda nə bir çay ikram etdilər, nə də kek, peçenye.😒 Bu cəhətdən həqiqətən türklərə çatan yoxdur. 

   Praqaya çatanda gecə saat 12 idi. Sağolsun həmyerlimiz bizi qarşılayıb otelə qədər ötürdü. Yol boyu qaranlıq da olsa səssiz və sakit bir şəhər həyatının Dunaujvarosda qaldığını anlamış oldum. Burada artıq diqqət çəkən təbiət deyil, tarixi və möhtəşəm binalar idi. 

   Otelimiz də kifayət qədər rahat idi. Gecə yatıb səhər erdən oyandıq. Həmyerlimiz bizi evə səhər yeməyinə dəvət etmişdi. Əşyalarımızı toplayıb çıxdıq, sadəcə bir gecə qaldığımız otellə sağollaşdıq. 



Bu şəhərdə ilk diqqətimi çəkən bina 😊

Ah qürbət eldə həmyerlilərlə olmaq necə gözəl duyğudur... Sağ olsun möhtəşəm süfrə hazırlamışdılar bizim üçün. Bərabər olmaq və söhbət elə maraqlı oldu ki, bir də baxdıq saat 11-dir. Bir az da otursaq Praqanı gəzmək üçün sahib olduğumuz bircə günün yarısını qaçıracaqdıq. 


   Həmyerlimiz bizə gəzintidə yoldaşlıq edəcəkdi. Bu çox yaxşı oldu.
Çünki bilən biri ilə gəzmək bizə zaman qazandıracaqdı.
   Praqada ilk diqqətimi çəkən və xoşuma gələn tramvaylar oldu. Bu tramvaylar sanki Praqanın simvolu kimidirlər. Daş küçələrdə uzanan dəmir yolları, tez tez ötüb keçən qırmızı tramvaylar burada nostalgiya havası əsdirərək şəhərin gözəlliyinə gözəllik qatır.  Həm də şəhər içərisində hər yerə gedə bilən bu tramvaylarla rahatca hərəkət etmək olur. 


   İlk əvvəl yenicə təmirdən çıxmış Praqa Milli muzeyinə və önündəki Wanceslas (Vaslav) meydanına getdik. Vaclav Meydanı  Çexiya  cümhuriyyətinin paytaxtı olan Praqanın əsas meydanlarından biridir. Meydanda bir çox tarixi hadisələr baş vermişdir. Və hal hazırda da mitinqlərin, bir sıra tədbirlərin keçirildiyi ənənəvi toplanma yeridir. Meydanın adı Bohemya dükü I Vaclavın şərəfinə qoyulub. Meydan UNESCO Dünya Mirası siyahısına daxil edilən Praqanın tarixi şəhər mərkəzində yerləşir. 


Praqa Milli Muzeyi


Wanceslas meydanı
   Meydandan sonra ara küçələri gəzdik bir az. Hər tərəf turist qaynayırdı. Bu şəhər çox canlı, səsli-küylü və o qədər ecazkar idi.  Üzəri işləməli, rəngarəng, tarixi binalar, çoxsaylı heykəllər, körpülər, tramvay, hətta küçələrdə arabir rastlaşdığımız turistləri gəzdirən antik maşınlar... 






   Bu şəhərdə ən çox hiss etdiyim də elə tarixilik oldu. Hər binaya, divara sanki tarix hopmuş, keçən zaman bu tilsimi qıra bilməmişdi. Bəlkə də bu qədər çox turisti buralara çəkib gətirən də məhz bu tarixilik, ecazkarlıqdır....





   Yol üstü bir poçt binasına girdik. (Sadəcə bir günümüz olduğu üçün bu içinə girib gəzdiyimiz yeganə bina oldu. Qalanlarını sadəcə çöldən izləyəsi olduq). Yenə köhnə illərdən qalmış  böyük binadakı hündür sütunlar, divarlara işlənmiş rəsmlər və səmanın görüləbiləcəyi şəffaf şüşəli tavan... Gözəl idi. 



   Tarix qoxan küçələrdə gəzə-gəzə nəhayət Şəhərin Tarixi Meydanına (Old Town Square) gəlib çıxdıq. Orta əsrlərdə bazar olaraq istifadə olunan bu meydanda eyni zamanda Çexiya üçün önəmli olan bir sıra şəxslərin edamı da həyata keçirilmişdir. 







   Turistlərlə dolu olan bu meydanda həm də Tarixi bələdiyyə sarayı və bu sarayın bir hissəsi olan Astronomik saat(Orloj) da yerləşir. 

   Bəxtimizə saat tamam olacağı vaxtda gəlib çıxmışdıq. Saatın önündə bir çox turistlə bərabər nələr baş verəcəyini gözləməyə başladıq. Saat tamam olunca insanların həyəcanı artdı və kiçik müddətli bir göstəri izlədik. 

Deməli saatın sağ və sol tərəfində dörd heykəl var : Skelet, qızıl kisəli yəhudi, güzgülü və Osmanlı fiqurları.



   Skelet  şəklində olan birinci heykəlin əlindəki zəngi çalıb digər əlindəki qum saatını çevirməsi ilə hər şey başlayır. Bu hər canlının bir gün ölümü dadacağının və keçən zamanla birlikdə bu mütləq sonun yaxınlaşdığının simvoludur. 
Acgözlülüyü təmsil edən yəhudi, kibirliliyi təmsil edən güzgülü və kef, səfanı təmsil edən osmanlı fiqurları başlarını bulayaraq ölümü qəbul etmədiklərini elan edirlər.

   Təbii ki, mən baxanda o fiqurların tam olaraq nə ifadə etdiyini bilmirdim. Sonradan internetdən tapıb öyrəndim.
Bu dörd heykəlin göstərisi müddətində saatın üstündə açılan pəncərədən 12 həvari bir-bir keçib gedir. Və bu təntənə Astronomik saatın ən üstündə yerləşən xoruzun banlayıb yuvasına girməsi ilə sona çatır.
Proses sona çatdıqda izləyicilər alqışladılar.

   Meydanda yenə tarixiliyi hiss etdirən at arabaları və onları idarə edənlərin üzərindəki qədimi paltarlar sanki keçmişdən bir fraqment təsiri bağışlayırdı.

   Meydandan ayrılıb yenə ara küçələrdə gəzdik bir az. Bizi gəzdirən həmyerlimiz dondurma yeyilən bir məkanı çox təriflədi, ora getdik. Kiçik, maraqlı dizaynlı, butik bir yerdi bura. Çiyələkli və şokoladlı dondurmanın hərəsindən bir az qoydurub bu həqiqətən də dadını əsla unutmayacağım (xüsusən, şokaladlının) ləzzətdən yeyib yolçu yolda gərək dedik. 




   Frans Kafkanın şərəfinə qoyulmuş, onun başı formasında hərəkət edən modern heykələ də baş çəkib, izlədik bir az. 


Günorta namazı üçün birtəhər bir cür tapdığımız bir binanın ambarındakı ərəblər tərəfindən düzəldilmiş məscid çox mütəəsir elədi düzü məni. Çünki namaz belə tozlu və qaranlıq məkanda yerinə yetiriləcək bir ibadət deyil. Nə zaman bizim dinimiz layiq olduğu yerə çatacaq bilmirəm. İbadət etmək üçün çətinliklə belə küncdə bucaqda yer tapmaq ağır gəldi mənə. Hamısı da dinini layiqincə yaşamayan bizlərin günahıdır. Vəssəlam.

Ardı gələn postda 🤗❤

   

4 yorum:

  1. Ooo harika kaçamak olmuş Prag. Ben de görmeyi çok istiyorum. (Görmeyi çok istemediğim bir yer var mı bilmem :) Saati çok merak ettim,ilginç birşeymiş.

    YanıtlaSil
    Yanıtlar
    1. Hem de ne gözel qaçamaq olmuşdu aahh ah... Yene olsa kaş ki... Gezib görme isteyi mende de hedd seviyyededir.😄 Daha çoox gezeceyik. Çox istedinmi nesib edir Rebbim, buna eminem artıq.😊❤

      Sil
  2. Saati merak ettim diyerek bloğundan çıktım, instagramı açtım, gördüğğm ilk şey saat oldu :D Bir başka arkadaşım kameraya çekip koymuş, hahaha, bir an neredeyim ben, bloğu kapatmamış mıydım diye şaşkın şaşkın baktım :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😂 Qelbinizin temizliyi... Men de video ile çox şey çekdim. Birleşdirib gezi videosu hazırlayacam deye. Amma nerdee... Zaman tapıb da ede bilmemişem hele de.😑

      Sil