Sayfalar

22 Eylül 2020 Salı

İlhami Algör / Fakat Müzeyyen Bu Derin Bir Tutku

 


✔ "Hikayelerimin başka hikayelere benzemesi ağırıma gidiyordu... Her şey benden önce olmuşsa, bana olacak bir yer, durum kalmıyormuydu?"

   Bəzi kitabları ayıq başla, fikrini tam toplayıb oxumaq lazım olduğunu, əks halda heç bir şey anlamadan bitirib, bəyənməyərək kitaba haqsızlıq edə biləcəyimizdən daha öncə buradakı yazımda bəhs etmişdim. Bu günlərdə yenə belə bir kitabı oxumaq nəsib oldu. 

   İlhami Algörün "Fakat Müzeyyen bu derin bir tutku" əsərini də oxumağa başlayırsan və birdən özünü sel kimi axan düşüncə və cümlələrin arasında görürsən. Ha əl atıb tutunacaq bir budaq arasan da əgər fikrin aydın, diqqətin yerində deyilsə o selə qarışıb əvvəli və sonu bilinməyən bir yerlərə doğru sürüklənərək qeyb olursan. 

   Oxucu nə konkret bir zaman, nə də konkret bir məkan tapa bilir oxuduğu hekayənin içərisində.

   "Tütünümü anahtarımı aldım, evden tam çıkıyorum, bir şeyin eksik olduğunu, eksik olanın ruhum olduğunu farkettim. Önemsemedim. Yol, bana uygun bir ruh önerebilirdi" cümləsi ilə başlayan və roman yazmağa çalışan bir  adamın İstanbulun məhəllə arası küçələrində dolaşarkən birdən Müzeyyenlə evdə əsərin mövzusu üzərində müzakirə apardığına şahid oluruq. Burdan etibarən Müzeyyenlə tanışlıq, eşq münasibətlərində üçüncü şəxs, əlaqələri sona çatdıran "Çıt" səsi, həyatın içindən bir-birindən fərqli və rəngli tablolar, portretlər, yazılmağa çalışılan hekayənin müxtəlif süjetləri, qəhrəmanları, musiqi sözləri, iç səsi, dəniz səsi, quş səsi kimi konkret- mücərrəd bir çox məfhumun uçuşduğu fikir burulğanında dönüb durduğumuzu görürük. 

      Qarışıq bir kitab yorumudur deyilmi?! İnanın əsər bundan çox daha qarışıqdır. 

   Sona çatdıqdan sonra bu bulanıq hekayənin bengüsuyunu duruldub mən nə oxudum, nə anladım deyə baxdığımızda ilk romanını yazmağa çalışan və əslində öz həyatının başdan başa qəribə bir roman olduğundan xəbərsiz bir adamın axtarışları, çırpınışları, anlaşılmaz  bir qadın olan Müzeyyenlə münasibəti, ayrılığı və yenə məchul bir finalı qalır sadəcə əlimizdə. Bəs Müzeyyen gerçəkdə vardırmı? Yoxsa qapının kilidindən tutmuş, evin bütün əşyaları ilə söhbət edəcək qədər geniş bir xəyal dünyasına malik  insanın sadəcə təxəyyülünün məhsuludurmu? Kim bilir?

   Oxuyun özünüz qərar verin. Kitabdan nəsə alacaqsınızmı bilmirəm. Verdiyi mesaj nə idi? Və ya bir mesaj verirmi? Açığı bir az mübahisə ediləcək mövzudur. Amma fərqli bir şey oxuyub, düşüncə və diqqətinizi, anlama qabiliyyətinizi səfərbər edəcəyinə əmin ola bilərsiniz. Xoş mütaliələr...


Seçdiklərim:


✔ "Dağıtmazsam toparlayamazdım. Dağıtmaya çalıştığım tarafım, dipte bir yerlerde, sislerin arasına gizlenmiş bir deniz feneri gibi uzak ve basir gibi sinsice, sessiz sedasız çakıp dönüyordu."


✔ "Garibanların, garibanlık nedenleri karşısında sarsak ve telaşe olmalarını affedemiyordum."


✔ "Fazlaca iyiydim. Bunun acısı sonra çıkacak, kainatın tüm yangın tarihleri bir araya gelip tek cilt olacaklar, kapakta da kendi külünden yeniden doğan, aldırma gönül kuşunun resmi yer alacaktı."


✔ "Ben sözlerden değil, bakışlardan tırsardım. Bakışların arkalarını sezer, sezgilerim doğrulanana kadar mecburen bekler, beklerken kafayı yerdim."


✔ "Belki de bu yüzden gözler, kendisi tarafından ve çocukluğa giden bir tarihte oluşmuş, artık "kendine rağmen"e dönüşmüş bir kabuklanmanın içine hapsolmuş, çıkış yollarını yitirmiş bir kimliğin yardım çağrısı gibi bakıyordu.


✔ "Aslında tam diye bir şey yoktur," dedim, "her tam, bir üst yarımın alt basamağıdır. Yani yarım da bir bütündür." 

17 Eylül 2020 Perşembe

Mən qadınam

 



Mən qadınam 

Dünyalarca xəyalları olan...

Uçuşsun xəfif rüzgar

bu xəyallarımın arasında,

Xoş olmayan hər anımı alsın,

götürsün... 

Genişləsin oralar 

gözəl anlarıma yer açılsın...


Bəlkə başdan alaq, dünya?!

Dəyərimi çox bilmədin...

Mən ki, tərtəmiz, 

yazılmamış bir səhifə kimi 

başlamaq istəyirəm yenidən.

Sadəcə xoş xatirələr yazılacaq  səhifəmə

İncidilmədiyim, gülümsədiyim, 

xoşbəxt hiss etdiyim anlarım...


Başdan alaq hər şeyi

Zərafətimə nəzakətinlə həmdəm ol,

Şəfqətimə rəhmətinlə.

Qadının döyülmədiyi, 

Öldürülmədiyi, bir yer ol!


Artıq xoşbəxt olacam, 

Mən daim seviləcəm,

Və hər zaman güləcəm,

Buna inanmaq istəyirəm.


Deyilsə, qorx məndən dünya...

Hər gün daha güclənirəm.

Nə tələlərinə düşəcəm,

 nə yalanlarına aldanacam.

Mən daim məsud olacam.

Çünki mən qadınam...


Həyat mənlə başlayır,

Xoşbəxtlik də məndədir...

Bir gülüşümə bənddir bahar

Bir damla göz yaşımla qopur fırtınalar...


Cənnət ayaqlarıma döşənib, dünya!

Fərqində deyilsən, amma 

düyün nöqtəsi mənəm...

Qədrimi bilib, dəyərimi anlayınca

Bitəcək sənin də izdirabların...

İnanıram, o vaxt yaxın...




13 Eylül 2020 Pazar

Adem Güneş / Bırak ve rahatla

 

 

✔ "Evrende biyolojik ritmi bozulan tek canlı insandır. Biyolojik ritminizin bozulduğunu hissettiğinizde evrenin sakinliğine kendinizi bırakın."

   Adəm Günəşin bir psixoloq olaraq düşüncələrini o qədər çox sevirəm ki, ən sadiq azarkeşlərindən biriyəm deyə bilərəm. Hər psixoloqun öz dəst-xətti,  özünəməxsus üslubu var. Adəm Günəş  həqiqətən insanların dərdinə dərman olmaq, problemləri aşmaqda hər bir valideynə yardımçı olmaq baxımından mənə çox səmimi gəlir. Uzun müddətdir youtube-dakı Pedagoji Okulu kanalına abunəyəm və vaxtım olduqca əvvəldən başlayaraq tək-tək seri şəklindəki videolarını böyük məmnuniyyətlə izləyirəm. 

   Adəm Günəş eyni zamanda bir çox kitabın da müəllifidir. Uşaq psixologiyası ilə bağlı yazı və videolarla valideynlərə yol göstərməklə yanaşı, Adəm Günəş yetkin insanlara da uşaqlıqda uğradıqları psixoloji travmalardan, həmçinin şüuraltlarında qalmış mənfi duyğulardan arındırmaq üçün  bir çox faydalı məsləhətlər verərək həyatlarını daha məsud və xoşbəxt yaşamalarına səbəb olur.

   "Bırak ve rahatla" kitabı da məhz bu qəbildən olan kitablardandır. Kitabda uşaq vaxtı duyğuları zərərə uğramış yetkin insanların həmin duyğularını bərpa etmək, gücləndirmək, insanı özü ilə, həyatı ilə barışdırmaq, dolayısı ilə, insanın özü kimi olmasına köməklik etmək, həmçinin duyğularını idarə etməsinə, özünü hər şey üçün gərginləşdirmədən rahat hiss edib, bir növ axışına buraxmasına yardımçı olmaq üçün konkret həll yollarını irəli sürür. 6 həftəlik evdə öz-özünə ediləcək bir terapiya ilə tam arınmış, rahatlamış bir şəkildə həyata dönərək həyatınızı yeni başdan yaşayacaq,  ətrafdakıların diqqətini çəkəcək qədər rahatlayıb bir iç huzuru əldə edəcəksiniz deyir müəllif. Və mən Adəm Günəşə çox inanıram. Çünki sadəcə ondan dinləyib əməl etdiklərim qədəri ilə belə əvvəlki məndən nə qədər çox öndə olduğumu görə bilirəm. 

   O ki, qaldı bu terapiyanın detallarına, kitabdan oxuyub öyrənmək daha yaxşı olar, amma mən yenə qısaca məlumat vermək istəyirəm. 

   Bu terapiya, duyğuların bərpası müddətində 4 həftə ailəndən(yəni sadəcə həyat yoldaşı və uşaqlarından) başqa hər kəslə əlaqəni kəsirik, telefon, televizor, internet, musiqi dinləmək, hətta kitab oxumaq kimi bəzi alışqanlıqlarımızdan müvəqqəti olaraq ayırlırıq. Bir həftə sadəcə bu düşdüyümüz boşluqda özümüzlə baş-başa qalaraq içimizdəki üsyanlarla mübarizə aparırıq. İkinci həftədən etibarən kitabda tövsiyyə olunan məşğələlərlə duyğularımıza yönəlir, basdırdığımız, zərərə uğradılmış hisslərimizi, incikliklərimizi yavaş-yavaş bərpa edirik. Detallar çoxdur. Dediyim kimi ən yaxşısı kitabı oxuyub öyrənmək. Sonda bu terapiya ilə yeni bir həyata başlayanların öz dilindən öz terapiya mərhələlərini və təsirlərini anlatması çox yerinə düşüb. Sadəcə kitabı oxumaq belə məndə elə xoş bir ovqat oyatdı ki, mən də özümü sanki, kiçik bir terapiyadan çıxmış kimi hiss etdim. 

   Və doğrusu sözü gedən bərpa kampına başlamağı düşünür və çox istəyirəm. Şərtlər imkan versə təbii ki. Edə bilsəm təəssüratlarımı buraya yazmağa söz verərək bitirirəm yazımı. Sevgilər və xoş mütaliələr...


Seçdiklərim: 


✔ "Zihin, bastırılmış duyguları yönetemez...

Çünkü duygular bastırıldıkça güçlenir...

Zihin, sadece gelişimi normal devam etmiş duyguları yönetebilecek yeteneğe sahiptir..."


✔ "Oyalanma davranışları, bir bilinçaltı savunma aracıdır..."


✔ "Örneğin, arkadaşları tarafından sürekli dışlandığını düşünen bir çocuğun oyalanma davranışı arkadaşlarının eşyasını çalma şeklinde ortaya çıkabilir..."


✔ "...kaygı ile yaşanılan bir olay, duygusal yoksunluk içinde geçen günler, çocukluk yıllarında yaşanan ilgisizlikler, bireyin geçmişini hatırlayamamasının temel sebebidir."


✔ "öfkeli bir bireyin ortaya koyduğu çılgınca davranışlar, ‘çocuklukta hassaslaşmış duyguların’ bireyi acı içinde kıvrandırmasından başka bir şey değildir..."


✔ "Müzik insana iyi gelir, ruha gıda veren bir yanı vardır... Ancak birçok kişi müziği iyi gelen yanı için değil, duygularım bastırmak için bir oyalanma aracı olarak kullanmaktadır. "


✔ "Birçok kişi duygularının zarara uğramış yanını sürekli beslemek için aynı duyguyu yaşatacak dizilerin peşinde koşar."


✔ "...kitap okumak oldukça faydalı bir davranıştır, ancak kişi kitap okumaya kendini duymamak ve dinlememek üzere yönelmişse, kitap okumayı bıraktığı anda hayatında bir boşluk oluşuyor, canı sıkılıyorsa bu faydalı davranış kişinin kendiyle baş başa kalmamak üzere tutunduğu bir oyalanma aracıdır."


✔ "Uyku, müzmin depresyon ve iç bunaltıları yaşayan, kendini var etmekte zorluk çeken kişilerin sıklıkla başvurduğu bir oyalanma davranışıdır..."


✔ "İnsanın kendiyle baş başa kalmaya, içe doğru derinleşmeye, yaşamı telaşsız gözlerle seyretmeye, duygusal bir dinginlik içinde kahve yudumlamaya ihtiyacı vardır... Bu lüks değil, ihtiyaçtır. Bu ihtiyaç giderilmediğinde kişi gergin ve huzursuzdur."


✔ "Organizma, her an gelebilecek dış tehdide o kadar alışmıştır ki bir an olsun kendini bırakmayı emniyetsizlik olarak görür."


✔ "Affetmek, bizi zarara uğratan birini bağışlamak, onunla artık iyi olmaya çalışmak demek değildir... Affetmek; zarara uğradığımız bir bireyin duygularımız üzerinde bıraktığı olumsuz hislerden kurtulmaktır..."


12 Eylül 2020 Cumartesi

Körpülər şəhəri Budapeşt 1

   

   Nəhayət, az qala bir il sonra yarım qalmış Avropaya səyahət yazımı bu pandemiya günlərində həm xatırlayıb xəyalən o günlərə dönmək, həm siz oxuyan canların bir az olsun könlünü açıb əyləndirmək, həm də o unudulmaz günləri bloqumun yaddaşına həkk etmək üçün davam etdirirəm. Doğrusu, internetdə öz dilimizdə Budapeştdə gəziləcək yerlərlə bağlı az məlumat olduğunu görüncə bu yazımı gəzdiyimiz yerlərlə bağlı bir sıra qeydlərlə hazırlamaq qərarına gəldim. Bəlkə axtarış edən birinin qarşısına çıxıb faydalı ola bilər deyə. Odur ki, yazı çoox uzun alındı. Ona görə hissə-hissə yayımlamağa qərar verdim.

   Avropaya səyahət yazılarımın əvvəlini oxumaq istəyərsiniz bəlkə deyə aşağıya linklərini qoyuram:

 1. Payız cənnəti - Dunaujvaros

  2.Tarix qoxulu Praqa 1

  3. Tarix qoxulu Praqa 2


Əvvəl Budapeşt haqqında qısa məlumat :

Bildiyimiz kimi Budapeşt Macarıstanın paytaxtıdır. Əslində bu şəhər Dunay çayının hər iki sahilində yerləşən Buda və Peşte şəhərlərinin 1873-cü il 17 noyabrda birləşməsindən yaranmışdır. İki sahili bir- birinə bağlayan uzunlu qısalı 10-a yaxın körpü var. İkinci Dünya Müharibəsində bu körpülərin bir çoxu zərər görmüş lakin sonradan əslinə uyğun yenidən bərpa edilmişdir.

Budapeşt Berlindən sonra Mərkəzi Avropanın ən böyük ikinci şəhəridir, hətta bura Mərkəzi Avropanın Parisi də adlandırılır. Bir ara Osmanlının hakimiyyəti altında olarkən Osmanlının nazlı Budini belə demişlər.😊 Eyni zamanda coğrafi mövqeyi, tarixi memarlıq abidələri və bir çox cəhətdən Avropanın ən gözəl şəhərlərindən biri hesab olunur.


   Budapeşti ilk gəzişimiz bir az ürəyimcə olmamışdı demişdim xatırlayırsınızsa bir əvvəlki yazıda. 

   Deməli, bizim avtobusla Praqaya gediş biletimiz günortadan sonra, hətta axşamçağına idi. Artıq Dunaujvarosda işimiz bir gün öncə  bitdiyi üçün yoldaşı elə səhərdən yola düşüb Budapeştə gəlməyə çətinliklə də olsa razı saldım. Çünki Praqadan sonra Budapeştdə də cəmi 1 gün gəzmə imkanımız olacaqdı. O vaxt nə qədər yorğun və ya həvəsli olacağımızı də əvvəlcədən təxmin etmək olmazdı. Mən isə mümkün qədər çox yer görmək istəyirdim. Odur ki, bu fürsəti dəyərləndirib bir neçə saat da olsa Praqaya getmədən bu şəhərdə gəzmək istədim. 

   İnternetdən araşdırıb xəritədən gedəcəyimiz yerləri əvvəlcədən müəyyənləşdirmişdim. Nəzərdə tutduğum gəziləcək yerlərin demək olar ki, hamısı bir-birinə yaxın məsafədə yerləşirdi. Bir tək görməyi çox çox istədiyim tarixi New York kafe bambaşqa yerdə idi. Vağzalda bizi sağ olsun yenə yoldaşın burda magistratura oxuyan tələbələrindən biri qarşıladı. Və gedəcəyimiz yerləri öz aramızda danışarkən şiddətli israrlarıma rəğmən getmək istədiyim New York kafenin uzaq olduğunu vurğulayıb, Praqadan sonra bir günlük Budapeşt gəzintimizdə fürsət olsa gedə biləcəyimizə qərar verdilər.Deyim ki, sonradan fürsət də olmadı. Və mənə bu kafeni çox istəsəm də görmək nəsib olmadı. Ah bu kişilər... 😤 

New York Cafe (alıntı) 😪

   Sonra guya gəzməyə çıxdıq. Deməli, öndə ikisi söhbət edə-edə özləri də hiss etmədən sürətlə gedirlər, arxada da mən gah ətrafa baxmağa çalışıram, gah foto çəkməyə... Sonra bir baxıram xeyli aralı düşmüşəm, qaça-qaça çatmağa çalışıram. Qısacacı, o qədər əsəbləşdim ki... Bir şey deyə də bilmirəm... Onsuz da New York kafeyə də gedə bilmədim... Qaş qabağımı elə sallamışdım ki, çox güman ki, tələbə həmyerlimizin zəhləsi getdi məndən 😅 

1. Saint Stefan Bazilikası

   Bircə yaxşı şey o oldu ki, Saint Stefan Bazilikasını rahatca gəzə  bildik.

Saint Stephen's Basilica  

Kilsə haqqında:

   Macarıstanın ilk kralı Stefanın şərəfinə tikilmiş bu bina Parlament Binası inşa edilənə qədər 96 metr yüksəkliyindəki qübbəsi ilə şəhərin ən yüksək binası idi. 1851-ci ildə inşa edilməyə başlansa da qübbədə yaranan çöküntülərə görə tikintisi ancaq 1906-cı ildə başa çatmışdır. Kilsənin 364 pillə ilə və ya liftlə çıxa biləcəyiniz qübbəsindən şəhərin möhtəşəm mənzərəsini seyr edə bilərsiniz (Bizdə fürsət olmadı😒). Eyni zamanda xəzinə bölməsində adını daşıdığı Macar kralının müqəddəs sayılan sağ əli də daxil olmaqla bir çox dini əşya sərgilənir.

Saint Stefan Bazilikasının içərisindən bir görüntü

    İçinə girib qısa bir tur atdıq. Və nəyi hiss etdim bilirsinizmi? Kilisələr hər nə qədər divarlarından tavanına qədər əl işləmələri ilə bəzənmiş, möhtəşəm sənət əsərləri olsa da məscidlər qədər insana huzur vermir. 



   Ordan ayrılıb sonradan da gəzəcəyimiz yerlərdə bayaq dediyim şəkildə arxadan qaça-qaça çatmağa çalışaraq bir az gəzişib, həmyerlimizdən ayrıldıq. Yoldaşa rahatca əsəblərimi dilə gətirəcəyim(😑) vağzala gəldik. Avtobusa minmədən buranın məşhur küçə şirniyyatlarından sayılan kürtös kalacs (Makara şirniyyatı və ya baca keksi) də aldıq (haram halallığına görə digər yeməklərdən yeyə bilmirik, barı bunun dadına baxaq dedik).  Sonra bir baxdıq ki, bu şirniyyatı çexlər də özünküləşdiriblər. Gerçəkdən macarlara yoxsa çexlərə aid bir şirniyyatdır, anlamadıq. 🤷‍♀️

Və beləcə Praqaya yollandıq.

Kürtőskalács

    Praqadan dönüş biletimizi gecəyə almışdıq. Vaxt itirməmək, həm də boşuna otelə pul ödəməmək üçün gecə yatmaq işini də avtobusda etdik. Və təbii ki, nə qədər olmaya rahat yata bilmədik. Budapeştdə düşəndə ikimiz də əzinik və yorğun hiss edirdik özümüzü. Bu yorğunluq sonradan səyahətimizə də təsir etdiyinə görə tam qənaət gətirdik ki, bir şəhəri gəzmək üçün mütləq ən az iki gün və heç olmasa gecəni oteldə keçirmək lazımdır. Ağlınızda olsun. Amma o qısa zamanda və yorğunluqla bir çox yeri görməyə müvəffəq olduğumuz üçün də şanslıyıq, məncə.


   Vağzalda qəlyanaltı üçün ayrılmış xüsusi yerdə, Praqada qonaq getdiyimiz canım qonaqpərvər həmyerli xanımın bizə yol üçün büküb qoyduğu poğaça, kek və aldığımız qəhvə ilə səhər yeməyini həll etdik. 2 fincan qəhvə məni xeyli özümə gətirmişdi. Artıq səyahətə hazır idim.😊


   Budapeştdəki həmyerlimiz də axşam bizimlə birgə Azərbaycana dönəcəyi üçün xeyli işləri vardı. Odur ki, onu bir az gözəlməli olduq. Və bu vaxtı vağzalda keçirəcəyimizə çıxıb özümüz şəhəri kəşf edək dedik. Deyim ki, bu indiyə qədər təkbaşına çox gəzmədiyimiz üçün o qədər də asan deyil. Mən həmişə xəyal edirdim ki, belimdə səyahət çantam, əlimdə xəritə (və ya telefonumda naviqatorum) ilə hər yerə gedə bilərəm. Amma yox... Bu o qədər asan deyilmiş... Ən azından təcrübəsiz olduğumuz üçün və vaxtımız az olduğuna görə... 

2. Elizabet körpüsü (Bəyaz körpü)

   Nə isə gəzərək gəlib çıxdığımız ilk körpü Elizabet Körpüsü və ya Bəyaz Körpü oldu. 


Körpü haqqında :

   Elisabeth Bridge(və ya White Bridge) Buda və Pest'i Dunay çayı boyunca bir-birinə bağlayan Budapeştin və Macarıstanın üçüncü ən yeni körpüsüdür. 

   İmperator Franz Josephin xanımı və Macarıstan kraliçası  olan kraliça Bavyera Elizabeth-in adını daşıyır. Ümumi uzunluğu 380 metrdir. Dunay çayının ən dar qismində olduğundan çay üzərindəki uzunluğu isə sadəcə 290 metr uzunluğundadır. Körpü 1897-1903-cü illər arasında inşa edilmişdir (daha sonra ikinci dünya müharibəsi zamanı uçmuş və 1964-cü ildə yenidən tikilmişdir). Digər körpülərdən fərqli olaraq bu körpü əslinə uyğun şəkildə bərpa olunmayıb. Sadə ve modern görüntüsü ilə digər körpülərin kölgəsində qalsa da məncə yenə də görülməyə dəyər bir körpüdür.



   Səhərin ilk işıqları və günboyu davam edəcək xəfif dumanla şəhərin körpülü mənzərəsi mükəmməl görünürdü. Bir xeyli körpüdən şəhəri və Dunayı izlədik. Sonra körpünün piyada keçidindən keçərək Dunayın digər sahilinə gedib çıxdıq. Qeyd edim ki, səyahət zamanı təəssüf ki, körpülər, onların tarixi, hekayələri haqqında çox bir bilgim yox idi. Yazı üçün araşdırdıqca bir çox şeylərdən xəbərsiz şəkildə səyahət etdiyim üçün özümü çoox qınadım.

3. Saint Gellert abidəsi



   Və burada tam bitişdə şəlaləli, pilləli və qırmızı sarmaşığı, qızılı yarpaqlı ağacları ilə və hündürdə görünən yaşıl bir heykəllə çox gözəl bir yer bizi qarşıladı. Bu yazını hazırlamaq üçün axtarış edərkən bunun məşhur Saint Gellert heykəli olduğunu öyrəndiyimdə şok oldum. Yarıya qədər çıxıb yoldaşın "boş ver gecikirik axıra qədər getməyə ehtiyac yoxdur" dediyi üçün vaz keçib, sonra bütün gün adını internetdən gördüyüm üçün Gellert təpəsini axtardığımı (hələ də eyni yermi dəqiq bilə bilmədim) xatırladığımda isə "dəli bir ağlamaq keçir könlümdən" 😭.

Abidə haqqında:

   Saint Jerard Heykəli Gellert Təpəsinin şimal-şərq tərəfində, Dunaydan 235 m yüksəklikdə ucalan bir qayalıqda yerləşir. Abidə, ilk Macar yepiskopu və erkən xristian müjdəçisi Saint Gellert Sagredonun (980-1046) şərəfinə yüksəldilib. Heykəl bürüncdən hazırlanıb və hündürlüyü 12 metrdir. Bura Dunay, Elisabeth Bridge, Pest və kənarındakı təpələrə panoramik mənzərə təqdim edir.


   Pillələrlə qalxdıq, şəlalənin üstündən dolandıq, yüksəkdən şəhərin mənzərəsini bir xeyli seyr etdik. Deyim ki, Bəyaz Körpünü də uzaqdan seyr edə biləcəyiniz ən gözəl yerdi bura.Nəhayət, bura ilə vidalaşıb zəng edən həmyerlimizlə görüşmək üçün piyada digər körpüyə yola düşdük. 



Ps: Hal-hazırkı duyğularım : Axı niyə, axı niyə bu təpəni axıra qədər çıxmadıq ?!

Çıxarılan nəticə : Bir yerə səyahət etmədən öncə sadəcə yerlərin adlarına baxma. Ətraflı araşdır, öyrən, əzbərlə ki, sonra belə yanıb tökülmə!!!  

Ardı növbəti yazılarda... 🥰