"Cəhənnəmə olsun... Ölmək ölməkdir, xırıldamaq nə demək..." Siqaretinə sonuncu dəfə dərindən qullab vurub, bir tərəfdən gözünü acışdıran tüstünü havaya buraxarkən, bir tərəfdən də əlindəki artıq kötüyünə çatmış siqareti yerə atıb ayağının altında əzib söndürdü. Öskürüb boğazını arıtladı, bununla sanki evə girmək üçün bir güc tapdı özündə.
Köhnə dəmir qapıya yanaşıb zəngi basdı. Balaca qızı qapını açdı, içəriyə "atam gəldi" deyə səslənib yarım qalmış oyununun ardınca qaçdı. Burnu didilib bozarmış ayaqqabılarını qapının ağzında çıxaranda yadına düşdü ki, bu ay təzə ayaqqabı almalıydı özünə."Yaman da aldım..." deyə keçirdi içindən. Vəsilənin mətbəxdə başı qarışıq idi deyəsən. Arabir böyük qızına göstərişlər verirdi, "taxta qaşığı ver", "çaydanın altını söndür", "boşqabları çıxar"... Əynindəki gödəkcəni çıxarıb girişdəki asılqandan asdı. Divardakı boy aynasından üzündəki ifadəni görüb dayandı. Alnındakı, ağız ətrafındakı qırışları artmış, qocalmışdı sanki... İri qəhvəyi gözlərinin parlaqlığı sönmüş, kül rəngli saçlarının arasında bəyaz tüklər çoxalmışdı. Yad dərdli bir adamın baxışlarının soyuqluğu altında hiss etdi özünü...
- Hə, nə oldu, doymadınmı özündən?
Vəsilənin səsinə diksindi. Əlləri qoynunda mətbəxin qapı çərçivəsinə söykənmiş həyat yoldaşının kinayəli baxışları xoşuna gəlmədi.
- Axşamın xeyir.
- Neynək, xeyir deyək, xeyir olsun.
- Nə olub yenə?
- Heç nə, nə olacaq? Nə problemimiz var ki, şükür? İki gündən bir qapısına evin yiyəsi dirənib pul istəyən biz deyilik ki... Üzümüzün suyu töküldü day... Nə qədər "sabah, sabah" demək olar.
Tərlikləri geyinib əlini yumaq üçün vanna otağına keçərkən arvadının üzünə baxmadan:
- Gəlmişdi yenə? - deyə soruşdu.
- Bəliii, gəlmişdi, - Vəsilə onun ardınca gəlib, bu dəfə də vanna otağının qapısına söykəndi. Sanki çox önəmli bir suala cavab gözləyən baxışlarını dikdi yoldaşının üzünə.
- Yaxşı, həll edərik, inşəAllah... Üz-gözünü dəsmalla qurulayıb, mövzunu bir an öncə dəyişmək üçün:
- Yeməyə nə var? -deyə soruşdu.
- Makaron eləmişəm, qovrulmuş soğanla. Hə nədir, bəyənmədin? Bəxtəvərin balası, gərək başqa şey olsun ki, bişirəm də. Dayan ey, dayan. Sən danışdın Kazım müəllimlə, başa saldın ona vəziyyətimizi?
- Yox imkan olmadı.
- Nə oldu ey, bir həftədir o imkanı tapmadın sən? Sən nə təhər adamsan? Özünü fikirləşmirsən, bir bizi fikirləş. Bir az buzlarını ərit, bir az dilini şirin elə, bir danış dərdini-məramını anlat. Kazım müəllim dünyagörmüş adamdır halından anlayar əlbət. Bir ətrafına bax da, hamı özün bir yerə çıxardı, a zalım, sən elə olduğun yerdə sayırsan ey. Bu sosurluğun evdə öldürür məni, nə isə... Heç olmaya işdə yalandan da olsa özünü işə-gücə canıyanan göstər ki, səni də çəksinlər də qabağa... Neməti görürsən? Səndən sonra gəldi ey o idarəyə. İndi gör hardadır? Elə bilirsən sən oturub gözləyəcəksən, deyəcəklər buyur sən Allah keç başa?
- Yeməyimi gətir.
Vəsilə bir az hirslə yoldaşının üzünə baxdıqdan sonra köksünü ötürüb mətbəxə keçdi.
- Ata, xoş gəlmisən, - axır ki, araya girmə şansı yaxalayan 12 yaşlı böyük qızı masa arxasında oturmuş atasının boynunu qucaqladı.
- Xoş gördük, mənim balam,- qızının saçlarından öpərkən ürəyində "Eybi yox bu gün də qalsın" dedi. "İndi desəm dəli olar. Amma sabahdan geci yox, deyəcəm. Daha uzatmağın adı yoxdur. Onsuz da əvvəl-axır öyrənməlidir də işdən çıxmağımı..."
Son.
Umman Aslan
Özümə qeyd:
Bu hekayə"Uğurlu yazarın sirləri" adlı yazıçılıq kursu üçün tapşırığımdır.
Qəhrəmanı fleqmatik tempramentə sahib bir hekayə yazmaq.
Hiç yorum yok:
Yorum Gönder