29 Nisan 2023 Cumartesi

Günahkar (hekayə)


 

   Gecədir. Böyük səsli-küylü şəhərin hündür mərtəbəli binalarının gur işıqlarının arasında köhnə beşmərtəbəli binalardan birinin pəncərəsindən közərən bir işığın da payı var. Pəncərənin önündə əlləri qoynunda dayanmış bir qızın gözləri yol çəkir. 

   Sabah tətil bitir, universitetdə dərsləri başlayırdı. Amma onun əvvəllər dərs başlayacağı üçün, tələbə yoldaşlarını təkrar görəcəyi üçün sevinən qəlbi, indi bir pencər kimi sıxılır, ona iztirab verirdi. Evdəkilər məcbur etməsə qəti şəkildə getməyəcəkdi,  hətta təhsilini yarıda saxlamağı, universitetdən sənədlərini götürüb birdəfəlik getməyi çox istəyirdi. Sadəcə evdəkilərə gücü çatmırdı. İlk dərs günü düşdü yadına. Qızı ali məktəbdə oxuyacaq deyə qürurlanan, sevinci yerə-göyə sığmayan atası taksi olaraq işlətdiyi maşınında özü aparmışdı onu dərsə. Yol boyu bol-bol gəncliyindən, o vaxtkı imkansızlıqlardan danışmış, bu günün imkanlarına şükür etmişdi ata.

- Şükür bu günə... Sən oxu mənim balam. Oxu iş-güc sahibi ol. Qardaşın baxmadı sözümüzə. O qədər əlləşdim, dil tökdüm, oxumadı ki, oxumadı. Sözümü eşidən sən oldun bircə. Atan qurban olsun gözlərinə...

 - Ay bala niyə uzanıb yatmırsan? Sabah dərsə gedəcəksən.Nəyə baxırsan orda? - deyib pəncərəyə boylanan ananın səsi Aytəni xəyalından ayırdı.

-Eşşş... Yatıram da, əl çəkmərsiniz aaa... - deyib, hirslə yatağa doğru addımladı qız.

   Son vaxtlar qızının kobudlaşan cavablarına artıq alışmağa başlayan ana bir söz demədən çıxdı otaqdan.

   Universitetin həyətində gözləri sevinc və həyəcanla parlayan qrup yoldaşları ilə rastlaşdı. Qızlar uzun bir yay tətilindən sonra darıxdıqları tələbə yoldaşları ilə qucaqlaşıb görüşür, uzun-uzadı hal-əhval tuturdular. Aytən onlara görünmədən yanlarından sivişib keçmək istəsə də alınmadı. Qızlar onu dövrəyə alıb bir-bir görüşdülər. Can dərdi qızlarla görüşən Aytən onların suallarını cavabsız qoyub universitetin binasının qapısından içəri atdı özünü. 

   Bundan sonra isə onun qaradinməz günləri başladı. Heç kimsə ilə kəlmə kəsməyən, dərs boyu, tənəffüs boyu dinməzcə gözlərini pəncərəyə dikib oturan, dərslərinə hazırlıqsız gələn Aytənin halı tezliklə bütün sinifin diqqət mərkəzinə çevrildi. Onsuz da əvvəldən soyuqqanlı və iti dilli olan, lakin dərslərində çalışqan olan bu qız indi demək olar ki, qrupda heç kimsə ilə ünsiyyət qurmurdu, adamayovuşmaz və acıdil birinə çevrilmişdi. Qızlar öz aralarında çox baş çatlatdılar "görəsən, Aytənə nə olub?" deyə çox müzakirə etdilər. Axırda bu qərara gəldilər ki, Aytən tətildə nakam bir eşq macərası yaşayıb. 

 - Hətta qızın halına baxsaq, bu elə belə gəldi-gedər bir macəra da olmayıb, demək ki, çox yaxın olublar - deyə nöqtəni qoymuşdu qızlardan biri. Aytənlə danışmağa can atdılar, zarafatyana, ciddi eşq macərasına eyham da vurdular hətta, amma qız elə sərt və kobud şəkildə qarşılıq verdi ki, axırda onunla münasibət qurmaqdan, dərdinə yanmaqdan vaz keçdi hər kəs.

- Heç nə, daha maraqlanan deyiləm. Özü bilər. Elə bil bircə bunun dərdi var. Bah böyük şey olub, sevgi oxu daşa dəyib. Dünyada bircə sən deyilsən ki... Adam da bu qədər acıdil olar?!

- Demə day. Vallah bir söz deyim, mənim onun atası kimi bir atam olsaydı, heç nəyi özümə problem etməzdim. Kişi yazıq əldən-ayaqdan gedir qızı üçün. 

-Heç demə...

   Qısa bir müddət sonra isə müəllimlərdən biri Aytənin universitetdən çıxmaq istədiyini, bunun üçün rektorla görüşdüyünü qaçırdı ağzından. Beləcə, bu söhbət yenidən qızışdı. Qrupdakı xətri sayılan qızlar, təkrar danışmaq istədilər Aytənlə. 

- Yaxşı dərdini bizə danışmadın, özün bilərsən. Amma təhsili yarımçıq qoymaq nə deməkdir, Aytən?! Sən axı elə-belə də oxumurdun. Hayıf deyil əziyyətlərinə?  

- Özünə heyfin gəlməsə belə evdəkiləri, atanı düşün. Yazıq deyil o kişi? Yadımdadır hər imtahan günü işin-gücün atıb gəlib qalırdı həyətdə. Çıxan kimi sən də qaçırdın onun yanına. Kişinin yaxşı yazdığını biləndə sevinci yerə-göyə sığmırdı. İndi sən kiməsə, nəyəsə görə həm özünə yazıq edirsən, həm də o kişinin arzularını ürəyində qoyursan. 

Bu dəfə acı cavab vermədi Aytən. Sadəcə pəncərəyə zillənmiş gözlərindən yaş diyirləndi aşağıya. Heç bir həftə keçməmiş Aytən qızlarla həmişəlik sağollaşmaq üçün dərsə gəldiyini bildirdi. Artıq sənədlərini götürmüş, universitetlə yollarını birdəfəlik ayırmışdı. Sakitcə heç bir şey demədən görüşdü qızlarla. Heç kim də heç nə soruşmadı. Çünki deyiləcək hər bir sözün artıq olacağını anlamışdı hamı. Hətta Aytənin bu qərarını yerinə yetirməklə sanki bir az yüngülləşdiyini hiss elədi qızlar.

   Bir vaxtlar onunla yaxın olan Gülnarə aşağıya düşüb ötürmək istədi Aytəni. Həyətdə qızın əllərindən tutub bir kənara çəkdi:

-Aytən,- dedi, sənin xətrini necə istədiyimi bilirsən. Elə hamımız istəyirik səni. Heyif ki, son vaxtlar pozdun münasibətləri. Belə ayrılmaq istəməzdik səninlə... Nə isə... Ümid edirəm ki, bu addımına sonra peşman olmayacaqsan. Hələ də bilmirəm ki, Şamxal dayı necə imkan verdi sənə, onu necə razı sala bildin bu qərarına...

   O anda Gülnarə əlində tutduğu qızın hər iki əlinin bir anda buz kimi soyuduğunu hiss etdi. Yaşlar Aytənin gözlərindən yaz yağışı kimi boşalmağa başladı.

- Hanı Şamxal dayın, Gülnarə? Haradadır? İki ay yarımdır yoxdur o... İki ay yarımdır, heç yuxumda da görə bilmirəm onu...

- Necə, necə yəni? Nə danışırsan Aytən? - Gülnarənin təəccübdən irilənmiş gözləri kiprik belə çalmadan Aytənin üzünə dikilmişdi. 

- Sonuncu imtahan günü... Söz vermişdi mənə... Hamısı "beş" olsun, demişdi, gəlib səni götürərəm, ata-bala yeməyə gedərik, bütün axşamı bərabər vaxt keçirərik demişdi... Həyatımın ən gözəl günü olacaqdı o gün, Gülnarə... Ən gözəl günü... Geyindim, bəzəndim, zarafatyana qısqanc sözlər atan anama, bu gün atamla mənim günüm, bağışlayın, sadəcə ikimizin günü deyib güldüm. Sonra pəncərənin önündə durub həyətə girməsini, siqnal verməsini gözlədim. Necə gözlədim, ilahi! O yolunu gözlədiyim köhnə sovet maşını mənim üçün necə dəyərli idi o anda... Hardan bilərdim ki, bir az sonra əzilmiş, sıradan çıxmış halda gətiriləcək o maşın həyətimizə... Atam tələsmişdi, o da mənim kimi səbirsizlənmişdi, bir an öncə qovuşmaq istəmişdi qızına, sürət həddini aşmış, bir yük maşının altında qalıb əzilmişdi... Elə ordaca tapşırmışdı canını... Mənim ucbatımdan... Mənə görə yarımçıq qaldı atamın həyatı... "Universitetə girməsəydim, o "beş"ləri almasaydım, yaşayırdı bəlkə də atam, eybi yox arzusu ürəyində, amma özü bizimlə qalardı" deyə düşünməkdən o gündən bəri nə gecəm var, nə gündüzüm. İndi, səncə, mənim burda oxumağımın nə mənası var?! Deyə bilərsən? Bilirsənmi, Gülnarə, hələ də inanmıram, bəlkə pis bir yuxu görmüşəm deyə düşünürəm. Pəncərədən gözümü yığa bilmirəm heç cür. Atam o köhnə maşını ilə indicə gələcək, indicə siqnalı basacaq deyə hələ də gözləyirəm... Hələ də...


01.03 2023


Tapşırıq : Girişi məhdudlaşdırma ilə başlayan bir hekayə yazmaq (məndə tam alınmasa da... 😅)

Hiç yorum yok:

Yorum Gönder