20 Mart 2016 Pazar

Neçə gözəl bayramlara...



    Novruz bayramı uşaqlığımdan bəri ən çox sevdiyim bayram olub. Çünkü bu bayramı yalnız insanlar deyil oyanaraq, qup-quru ağaclara gül çiçəklə, boz çöllərə yamyaşıl otlarla bəzək vuraraq təbiət də qeyd edir sanki. Novruz əsl bahar bayramıdır.
Hər zamankı kimi bu bayram axşamında da sevdiklərimizə zənglə, mesajla bayram təbriklərimizi göndərib, bir çoxlarından da eyni şəkildə təbriklər aldıq. Mənim demək olar ki hər kəsə bir arzum oldu : " Neçə gözəl bayramlar nəsib etsin Rəbbim inşallah.." Olduqca klassik və şablonlaşmış görünən bu cümlə əslində bir çox arzuları içində gizlədən çəyirdək hökmündədir mənim gözümdə...Hansı bayram gözəl bayram hesab olunur?
Məsələn, hər hansı bir vacib xərcliyimizdən ayırıb sonrası bəlirsiz sabahın narahatçılığını çəkmədən, sırf süfrədə olsun, uşaqlar sevinsin deyə içində min dəfə gəl-get yaşayıb, qəlb sıxıntısı və tərəddütlü bir şəkildə deyil, market və bazar dəzgahında gördüyümüz, istədiyimiz hər şeydən rahatca səbətimizə ataraq bir  bayram alış-verişi ediriksə gözəl bir bayram qeyd edirik deməkdir... Bir parça quru çörəyə möhtac tək bir insanın olmadığı dünyada yaşayırıqsa və ona görə bişirdiyimiz bayram şirniyyatlarını rahatca düzə biliriksə süfrəmizə gözəl bir bayram qeyd edirik deməkdir...Ətrafımızda yardıma möhtac, ehtiyac içərisində tək bir insan yoxdursa və buna görə yediklərimiz düyünlənmirsə boğazımızda gözəl bir bayram qeyd edirik deməkdir... Dünyada min bir oyunla müsəlmanların arasında açılan savaşlar, bu savaşlarda günahsız öldürülən uşaqlar, qadınlar, qocalar - ümumiyyətlə insanaların varlığı və süfrə ətrafında deyib-gülüb şənlənərkən içimizdə vicdan əzabı çəkib, utanacaq səbəblərimiz yoxdursa gözəl bir bayram qeyd edirik deməkdir... Yumurta döyüşdürən uşaqlarımıza baxıb gələcək əndişəsi daşımır və onların oynuna qoşulub uşaqlaşa biliriksə gözəl bir bayram qeyd edirik deməkdir... Atılan papaqlara qoyacağımız bayram payının dərdini çəkmiriksə, uşaqlarımızı qonum-qonşunu utandırıb, narahat etməmək üçün bu adətdən məhrum edib, sevinclərini ürəklərində qoymuruqsa gözəl bir bayram qeyd edirik deməkdir...
Elə isə neçə gözəl bayramlara...

Hiç yorum yok:

Yorum Gönder