27 Ağustos 2023 Pazar

Kinli ürək (Şeir)



Ürəyim soyudusa gözləmə tez isinə 

Don tutmuş qapıları çətin açıla bir də

Qoymur ilıq hissləri girsin buzdan qəsrinə

Yığıb əlin-ətəyin çəkilir öz içinə


İlk baharı gecikir, açmır gülü-çiçəyi

Rənglərini itirir, solğun düşür ürəyim.

Qarışır bir-birinə uydurması, gerçəyi

İnanıb yanılmaqdan yorğun düşür ürəyim.


Xəyalların unudur, buz tutur arzuları

Dərinlərə basdırır puça dönmüş diləyin

Rola girə bilməyir, soyudur duyğuları

Sonra da adı qalır "Nə kinlidir ürəyin!"


Umman Aslan


Şeiri səsli dinləmək üçün : İnstagram


16 Ağustos 2023 Çarşamba

Qəlb qırıqlığı (Hekayə)



-Oy aman dondummm... Buzdur ey hava buzzz... Bıy evdəsən? Nə yaxşı tez gəlmisən?! İşdə bir problem yoxdur?

-  ...

Qadın paltosunu asıb, önündə dayanmış həyat yoldaşına döndü. Kişinin üzündəki ifadədən sarsılıb dili topuq vura-vura :

-Nə olub, Nazim? Niyə elə baxırsan? -deyə soruşdu, - qorxutma məni, de görüm nə olub?

   Kişinin burun pərləri şişmiş, qaşları düyünlənmiş, zəhrimar yağan gözləri qıyılmışdı.

-Sən canı nə... 

   Qəfildən üzünə dəyən şiddətli şillə ilə sözü ağzında qalan qadının bütün bədəni uçalandı. Gözləri böyümüş halda əlini üzünə qoydu, yanağı qızdırmalı kimi od tutub yanırdı. Kişi isə dönüb sürətli addımlarla vanna otağına yönəldi, girib içəridən qapını bağladı.

   Qadın uzun müddət olduğu yerdən tərpənmədi, sanki ayaqlarından yerə mıxlanmışdı. Elə qapının ağzındaca donub qalmışdı. Bir müddət sonra yavaş yavaş ürək döyüntüsü və nəfəsi yavaşladı, donu açılmış kimi bir az qımıldadı. Sonra ayaqlarını sürüyə-sürüyə qonaq otağına keçib divanın üstünə çökdü. Hələ də vanna otağından çıxmayan həyat yoldaşının çıxıb bir açıqlama etməsini gözlədi.

   Nəhayət, otağa gəlib çıxan kişi əsəbi halda keçib kresloda əyləşdi. Telefonu əlinə alıb qurdalanmağa başladı.

   Bir müddət sakitcə gözləyən qadın:

- Nə üçün şillə yediyimi öyrənə bilərəm? - deyə titrəyən bir səslə soruşdu.

- ...

- Səninləyəm, cavab ver mənə.

- ...

- Niyə dillənmirsən? Niyə dəli edirsən adamı?! Danış deyirəm sənə! Eşitmirsən məni? Danış deyirəm danışşş dəəə... - qadın özünü idarəni itirib var qüvvəsi ilə qışqırırdı.

   Kişi isə ağzına su alıb oturmuşdu sanki. Arabir dillənmək istəsə də sonradan nədənsə vaz keçir. Yenə dinməz söyləməz telefonunda qurdalanırdı.

- Sən danışana qədər burdayıq. Nə yatmağa qoyaram, nə dincəlməyə. Sən mənə vurduğun şillənin cavabını verməlisən, eşidirsən? Verməlisən.

   Uzun bir süküt çökdü araya... Qadının bayaqdan tutub saxladığı göz yaşları bundan artığına tab gətirə bilməyib sel kimi boşalırdı yanaqlarında. Əvvəl boğulsa da səssizcə, sonra isə hıçqıra-hıçqıra ağlamağa başlamışdı.

   Kişinin də tutqun rəngi yavaş-yavaş açılmış, hətta avazımış, telefonu əlindən yerə qoymuş, bir-birinə kip sıxılmış dodaqları aralanıb küsmüş uşaqlarınkı kimi aşağı sallanmışdı.

   - Məni bütün məhəlləyə, dosta-tanışa rüsvay elədin. Heç kimin üzünə baxa bilməyəcəm. Papağımı yerə soxdun- nəhayət, dilləndi kişi.

   Qadın başını qaldırıb, təəccüb dolu baxışlarını yoldaşının üzünə dikdi. 

- Heç nə başa düşmürəm. Neyləmişəm mən?! 

- ...

   Yenə uzun səssizlik. Qadın öz aləmində götür-qoy edir, kişinin sözlərinə anlam verməyə çalışırdı.

- Dünən işdən gec gələndə nə dedin mənə?

- Nə dedim? - qadın bir anlıq özünü itirdi, yanaqları allandı.

- Demədin mənə ki, Sürəyya ilə qadın salonuna getmişdik?

- Hə, nnoolsun ki...

- Sürəyya dünən Rüfətlə rayona toya gedibmiş, özü də sübhdən.

- Həə? Onu kim dedi?

- Bu xəbəri mənə kimin dediyinin bir əhəmiyyəti var, Sənubər? Burda önəmli olan bircə şey var - mənə yalan danışmısan!

- İndi sən nə deməyə çalışırsan, Nazim? Məni nə ilə günahlandırırsan? Dediyim yalana görə idi o şillə?

- Tək yalan olsaydı dərd yarı idi...

- Hə de də, niyə dayandın? Başqa nə var ki? Başqa hansı günahı işləmişəm?

- Bunu danışmağa utanıram ey mən, vallah utanıram... Mən sənə inanmışdım, kim eləsə, Sənubər heç vaxt mənə xəyanət eləməz deyirdim.

- Xəyanət?! Sən nə danışırsan ay kişi? 

- Dünən Kamilin maşınında görüblər səni. Axşam mən sənin yolunu gözləyən vaxtı özü də...

- Bu nə deməkdir?

- Heç nə danışma, Sənubər! Danışıb bir az da gözümdən düşmə... Çox heyif deyirəm sadəcə, çox heyif... 

- ...

- İki gün əvvəl Ənvər irişə-irişə mənə deyəndə ki, "Sənubər bacını Kamillə şirin-şirin danışan yerdə gördüm. Sən bilərsən də nə barədə imiş söhbətləri?" az qaldım ağzının üstünə bir yumruq ilişdirim. Özümü zorla saxladım. Fikirləşdim yalandan mənə sataşır it oğlu... Heç inanmazdım...

- ...

- Hə niyə dinmirsən? Bayaqdan səsin-küyün götürmüşdü buraları?

   Sənubər ala gözlərini ətəyində birləşdirdiyi əllərinin bir-birini didən baş barmaqlarına zilləmişdi. İçində nəsə qaynayırdı sanki, amma çöldən sakit görünürdü. Bütün günahları üzə çıxdıqdan sonra daha pisinin olmayacağı düşüncəsi ilə rahatlamış adamları xatırladırdı.

"Dillən də, niyə susursan?! De ki, yalandır, de ki, böhtandır. Belə sakit qalmaqla mənim ürəyimi partladırsan axı! Üzün gəlmir hə danışmağa?.. Eh Sənubər, çox heyif..." fikrində öz-özü ilə danışan Nazim ayağa durub yataq otağına keçdi. Pallı-paltarlı özünü yatağın üstünə atdı.

   On beş illik evlilik həyatlarında Sənubərdən bu qədər inciyib, qırıldığı heç olmamışdı. Övladsız qalmaqları belə Nazimə bu qədər yer etməmişdi. Onların bir-birindən gizli, ayrı heç bir sözləri, hərəkətləri olmamışdı. Sənubərin dəyəri Nazimin gözündə çox idi, lap çox. Həkim övladlarının olmamasının səbəbkarının o olduğunu söylədiyi halda, Sənubərin hər kəsə problemin özündə olduğunu deməsi bu qadını onun gözündə daha da ucaltmışdı. Yer-yataq bilən, hər kəsin hörmətini saxlayıb, hamının da hörmətini qazanan qadınlardan idi o. İndi bu xəyanətinə heç cür inana bilmirdi. Deməli, belə olurmuş deyə düşündü... Yaşlandıqca adam dəyərdən də düşürmüş... Bu düşüncələrlə necə yuxuya daldığından özü də xəbərdar olmadı. Qarmaqarışıq yuxularla səhərəcən boğuşdu.

   Gözlərini açanda günün ilk işıqları pəncərədən içəri süzülməyə başlamışdı. 

   Əvvəl axşam olanları tamamilə unutmuş halda yeri boş qalan Sənubərin mətbəxdə olduğu düşüncəsi ilə uzandığı yerdən yataq otağının qapısına boylandı. Sonra birdən olanları xatırlayınca ürəyi sıxıntı ilə doldu. 

Ev səssiz idi. Sənubər deyəsən qonaq otağında yatmışdı axşam. Nazim durub yavaşca qonaq otağına keçdi. Otaq boş idi. Ətrafı nəzərdən keçirərkən masanın üstündəki kağız və kiçik bir hədiyyə paketi diqqətini çəkdi. Bir anda qəlbi qorxu və həyəcan hissi ilə çırpındı. Cəld masaya yanaşıb kağızı götürdü. Sənubərin çox yaxşı tanıdığı xətti ilə yazılmış bir məktub idi bu. Hədiyyə paketini də götürüb divana yanaşdı, oturdu, paketi yanına qoyub məktubu oxumağa başladı.

"Bir gün belə bir məktub yazacağım heç ağlıma da gəlməzdi, Nazim. Düzü nə yazacağımı da bilmirəm. Hardan başlayacağımı da... Biz 15 ildir bir yastığa baş qoyuruq. 15 ildir yediyimiz-içdiyimiz ayrı getmir. Bir-birimizdən gizli-saxlı heç bir söhbətimiz olmayıb. Mən elə bilirdim bu ömrümüzün sonuna qədər elə beləcə də davam edəcək. Amma deyir sən saydığını say, gör fələk nə sayır... Nə isə... Çox uzatmaq istəmirəm.

     Dilbərin halına necə yandığımı bilirsən. Cavan yaşda yoldaşını itirib, illərlə onun yasını saxlamaqdan necə solduğunu, gəncliyinin necə əldən getdiyinin fərqində olmamasına necə ürəyim ağrıdığını həmişə danışmışam sənə. Kamil də yazıq Vüsaləni itirəndən sonra heç cür özünə gələ bilmirdi, bilirsən. İki balası ilə tək başına bu həyata sinə gərmək ona da çox ağır idi. Sağ olsunlar Vüsalənin ana-atası ona məsləhət görüblər ki, belə tək qalmasın, heç olmaya uşaqlarının xatirinə özünə bir həmdəm tapsın. O da əvvəl qəti etiraz edib. Sonra vaxt keçdikcə böyüklərin nəsihətlərində haqlı olduqlarını anlayıb. İlk ağlına da Dilbər gəlib. Mənim onunla yaxınlığımı bildiyi üçün o gün işdən gələndə qabağıma çıxdı. Utandığından qızarıb-bozarsa da mənimlə bu haqda məsləhət eləmək istəmişdi. Düzü mən də çox sevindim. Çünki Kamili də azdan-çoxdan tanıyıram. Mənim də bu işə müsbət baxdığımı görüb bu haqda Dilbərin ağzını aramağımı xahiş etdi. Ənvərin bizi gördüyü o "şirin-şirin" söhbətimiz bu olub. Bu söhbət haqqında sənə heç nə demədim. Düşündüm ki, məsələ dəqiqləşmədən kiməsə danışmaq doğru olmaz. Yerin qulağı var deyirlər. Dilbərin adının hallanmasını heç vaxt istəməzdim.

   Dilbəri də söhbətdən hali elədim. Bir az nəm-nüm eləsə də axırda heç olmaya bir dəfə görüşüb danışmağa razı saldım onu. 

   Mən paltomu aldığım gündən hər əynimdə görəndə "Ay Sənubər bacı, bu palto çox gözəldir ey, çox. Rəngi, duruşu əla yaraşır sənə. İstəyirəm eynisindən alım mən də" deyirdi. O gün də sevincək yazmışdı ki, bəs paltomun eynisindən tapıb alıb. Çox güman Kamillə görüşə təzə paltosunu geyinib gedib, maşında gördükləri də mən yox, Dilbər olub. 

Nə isə... And olsun Allaha, bunları sənə özümə bəraət qazandırmaq üçün yazmıram, Nazim. Bu indi o qədər mənasız və yersiz gəlir ki, mənə... Mənim tanıdığım Nazim, bütün dünya bir tərəfə durub mənə qara yaxsa da, tək başına əks tərəfdə durub mənə inandığını hayqıran Nazim idi. Mənim tanıdığım Nazim, qəlbində 15 illik həyat yoldaşına qarşı zərrə qədər şübhənin yer tapmasına aman verməyəcək qədər içi güvən hissi ilə dolu Nazim idi... İndi bayaqdan düşünürəm... Sən demə, biz bir-birimizi heç vaxt tanımamışıq, Nazim... Nə sən məni tanımısan, nə də mən səni... 15 il özümüzü aldadaraq yaşamışıq sən demə... İçimdəki yanğını və xəyal qırıqlığımın acısını, sınan qəlbimin ağrısını sənə heç cür təsvir edə bilmərəm, Nazim... Belə... Nə yazsam artıqdır deyə düşünürəm...

   Yadımdan çıxmadan bunu da deyim. Bilmirəm sənin yadındadırmı?! Bizim evliliyimizin 15 ili tam da bu gün tamam olur. Neçə aydır, gizlicə maaşımdan bir az pul ayırırdım, dünən Sürəyya ilə qadın salonuna getməmişdik əlbəttə, sənə o çox sevdiyin saatı almaq üçün getmişdim. Sürpriz eləmək istəyirdim sənə, ona görə yalan deyəsi oldum...

    Belə...

    Düşündüm ki, bir-birini tanımayan iki insanın, bir-birinə güvənməyən iki insanın bir yerdə yaşamağından daha pis heç nə ola bilməz. Əlvida..." 


Umman Aslan

 16.08.2023

  Lənkəran