26 Mayıs 2020 Salı

Hər aya 1 Kitab, 1 Film




   Uzanmaqda olan, artıq səbirlərimizi tükədən karantina günlərindən hər kəsə salam. 
Bu ayın həm kitabını oxuya, həm də filmini izləyə bildim çox şükür. Belə hər ikisini edə bildiyimdə özümü yaxşı hiss edirəm. Digər halda yarımçıq qalmış kimi gəlir.

  Bu arada uzun müddətdir sizinlə söhbətləşmirəm. Son günlərin bir hesabatı mahiyyətində, həm də bir az bloquma, yazılara istilik gətirmək üçün gələn yazımda açacam sandığı, tökəcəm pambığı... 😊 Çünki çox-çox darıxmışam mən də. Əminəm sizlər üçün də o yazılar daha maraqlı olur. Tez-tez yazmaq istəyirəm əslində amma... Əmması çoxdur... Nə isə, keçək əsas mövzumuza.

May ayı 

▪️ Kitab: Zülfü Livaneli - Huzursuzluq
▪️ Film: The Godfather (Xaç atası)

Zülfü Livaneli : Huzursuzluq



✔ "Her şeyini yitiren bir insanın son sığınağı insan onurudur."

   İlk dəfədir kitabın adı ilə hiss etdirdikləri arasında bu qədər güclü bağ gördüm. Oxuduqca içim həqiqətən də huzursuzluqla dolub daşdı. Bir anda özümü metafizik, mistik bir aləmin içərisində gördüm, Qırmızı və qara tonların üstün olduğu bu aləmdə heç bilmədiyim, eşitmədiyim yepyeni məlumatları da öyrənmiş oldum. Yezidiləri tanıdım. 

   Əvvəl yazıçının təxəyyülünün məhsuludurmu deyə şübhəyə düşdüm. İnternetdə araşdırınca belə bir topluluğun həqiqətən də var olduğunu heyrətlə öyrənmiş oldum. 

   Əslində adları Ezidi olan bu topluluq bir mələk olan şeytanın sonradan əfv olunduğuna və Tanrı tərəfindən ən yüksək məqama yüksəldiyinə, ibadət və duaların da məhz ona yönəldilməsinin gərəkliliyinə inanırlar. Əsərin içərisində bu inancın bütün xırda detallarını belə öyrənmə imkanınız var. 

   Belə bir inanışın qəribəliyi hər nə qədər insanı təəccübə düşürsə də, oxucunu bu inancdan daha çox sarsan bambaşqa məqamlar var.  Adını müsəlman qoyub, müsəlmanlıqla heç bir əlaqəsi olmayan, bütün İslam aləmini zənn altında buraxdığı üçün bu dinin hər bir nümayəndəsinin  haqqını alıb, hesab günü altında qalxa bilməyəcək günahlarla ətrafda terror əsdirən, insanlığın üz qarası, əsfəlis safilində sürünən bir qrup hədd bilməz bir çoxları kimi Yezidilərə də qan uddurur. Yolunuzu azmısınız, dindən çıxmısınız bəhanəsi ilə Allahın verdiyi canı Allahın adı ilə, din adı ilə alır, amma necə alır... Kişilərini zülülmlərlə öldürdükdən sonra qadın, qız, uşaqları (oğlan-qız fərq etmir) öz cinsi ehtiraslarının alətinə çevirir, əsir edib əşya kimi pul ilə aralarında alış-veriş obyektinə çevirirlər.

   Beləcə şeytana səcdə edən kiçik bir qrupun inanclarına olan təəccübümüz kölgədə qalır... Bizə huzursuzluq verən də bu fərqli inanış deyil, onlara insanlıqdan kənar münasibət göstərənlərin davrananışlarıdır. 

   Bu arada şeytana tapan bir topluluğun adının Hz.Hüseyni tarixdə gəlmiş-keçmiş ən böyük amansızlıqla qətlə yetirən, İslamı aradan götürməyə çalışan Yezidin adı ilə tanınması təvafüqmü görəsən? İndi guya İslamı qorumaq adına əslində İslamı belə bəd əməlləri ilə qaralamağa çalışanlar da elə o vaxt özünü müsəlman göstərib İslam və insanlığın ən böyük üz qarası olan Yezidin davamçısı olaraq həmin şeytana tapanların özləri deyilmi? 

   Başdan sona insanın içini qaraldan, daraldan da məhz bu huzursuzluqdur... Başqası deyil...

PS: Əsərdə yazıçının Yezidi qızla sirli bir münasibət içərisində olan qəhrəmanın adını Hüseyn seçməsi də qəribə məqamlardan biridir məncə.

   Kitabı həm yeni bilgilər əldə etdiyim üçün, həm də insanlığı mühakimə etdirdiyi, insanın dönüb öz qəlbinə, iç aləminə baxmasına, anlayış və düşüncəsindəki boşluqları müşahidə etməsinə  imkan yaratdığı üçün çox sevdim.

Seçdiklərim:

✔ "O kök salmıştı, ben rüzgârda savruluyordum; büyük şehrin yüzünü silerek birbirine benzettiği, kimliksiz kalmış milyonlarca insandan biriydim."

✔ "Diken yedikçe kanayan, kanadıkça yemeye devam eden, kendi kanında boğulan develer gibiyiz."

✔ "İnsan her acıya bir sorumlu bularak rahatlama yolunu seçmez mi zaten."

✔ "Tüketen insanın üreten insandan daha değerli olduğu bu yanlış ve ahlaksız döneme tahammülüm kalmamıştı artık."

✔ "Merhamet keskin bir kılıç; merhamet gösterenin kabzasından tuttuğu ama karşı tarafı yaralayan bir kılıç."


Film - The Godfather


   Uşaqlıqdan adını eşitdiyim amma bu vaxta qədər izləmək nəsib olmayan bir filmdir Xaç atası. Doğrusu dünya film tarixində önəmli bir yerə sahib olduğunu bildiyim üçün izləməyi düşünsəm də mövzusu mafya olduğuna görə, içərisində silahlı, qanlı səhnələr olduğunu düşünmüş və  mənə izləmək üçün heç cür cazib gəlməmişdi.

   Sağ olsunlar, bloqdaşlarımın bu etkinliyi sayəsində film siyahımdakı bir filmi də izləmiş oldum.

   Film haqqında çox bir şey yaza bilməyəcəm. Amerikada yaşayan italiyalı bir mafya ailəsinin bu aləmdə sağ qala, etibarını qoruya bilməsi üçün verdiyi mücadilə,  bu aləmə məxsus raconlar, ailə içi və dost xəyanətləri, ən təsirlisi isə  bu aləmə qatılmaq istəməyib, normal həyat yaşamağa çalışan evin kiçik oğlunun sonda ailənin qurtarıcısına, mafya dünyasındakı ən güclü ailə olmasının səbəbkarına çevrilməsi kimi mövzusu haqqında qısa məlumat verim sadəcə. Filmin 1972-ci ildə çəkildiyi nəzərə alındıqda keyfiyyəti həqiqətən də heyran edir izləyicini. Hal-hazırda bu tərz film seriallar çox olduğu üçün artıq mafya, dərin dövlət mövzusu hər kəsə məlum məsələlərdir. Lakin Xaç atası filminin bu mövzunu film tarixinə ilk dəfə gətitdiyini düşündüyümüzdə filmin önəmi bir daha bizlərə məlum olur. 


   Filmdə bəzi məqamlar mənə tələsik işlənmiş kimi gəlsə də ( məsələn, Michaelin Sicilyadakı həyat yoldaşının ölümündən sonra nə hiss etdiyi, bu ağır dövrü necə atlatdığı, Amerikaya dönüşü falan...) ümumilikdə həqiqətən də izlənməyə və sevilməyə dəyər film olduğunu söyləyə bilərəm.

   PS: Bu arada bizim oğlanların sevərək izlədiyi yeganə türk serialı olan "Çukur"un ssenarisi ilə bu film arasında xeyli bənzərliklərin olduğu da gözümüzdən qaçmadı.

   Belə... Bu ayın kitab və filmi haqqındakı düşüncələrim bu qədər... Heç biri üçün xərclədiyim zamana heyfim gəlmədiyinə görə bloqdaşlarıma təkrar təşəkkür edərək bitirirəm yazımı... Sevgilər...

Bloq dostlarımın da yazılarını oxumaq üçün ⤵️
 



21 Mayıs 2020 Perşembe

Şükrüm...

   


   Dörd möcüzəm, dörd cəngavərim və dörd yaşam səbəbim, hər birinizə ayrılıqda xitabımdır :

   "Həyatımı anlamlı qılan, dünyama ilk baharı gətirən, canım oğlum! Hər gün varlığına şükür edirəm. Bir bilsən səni gözləyişim nə acılı olmuşdu. Yolunu necə gözləmişdim. O ilk səni gördüyüm anın ülviliyini, möhtəşəmliyini əvəz edəcək bir an gəlmir ağlıma... Qəlbimdə körpəcik varlığına qarşı aşıb-doşan sərhədsiz sevgim, şəfqətim heç bitmədi, bitməyəcək... 

   Hər gəlişin göyqurşağıma bir rəng daha qattı, hər gəlişin həyatla aramdakı bağı bir qat daha artırdı.
İlk baxışın, ilk gülüşün, ilk sözün, ilk dişin, ilk oturuşun, ilk iməkləyişin, ilk yerişin... hər biri təntənəli bayram oldu... 
   
   Körpəcə əlini əllərimin arasında tutduğumda ürəyimin düz özəyinə ilıq duyğular axdı ovuclarının içindən... Heyrətlə hiss etdim hər dəfəsində...
    
   Düzənli və yeknəsək evimdə birdən rəngarəng oyuncaqlar çıxdı ortaya, arada ayağımın altında qalaraq məni dəli edən :)  Dizlərimin üstündə oturub bərabər oynadığımız oyuncaqlarınla hekayələr qurduq, rəsimlər boyadıq. Plastilinlə nələr düzəltmədik?!... Səninlə yenidən uşaqlaşdım, səninlə uşaq saflığının ləzzətini daddım... 

   Varlığına nə çox şükür etdim... Hər gün o ən məsum, ən şirin halınla uyuduğunda səni seyr etməkdən doya bilmədiyim anlarda, təkrar-təkrar şükür ettim... 

   İlk məktəb çantanı eyni həyəcanla hazırladıq, ilk dərs günündə hər ikimizin göz yaşları yanaqlarımızdan süzüldü... Sən bu yeni başlayan həyatın həyəcan və qorxusu ilə, mən balamın böyüyüb yavaş-yavaş qanadlarımın altından uçmasının sevinc və üzüntüsü ilə... 

  Bir tərəfim bir an öncə böyüməyini istədi, məktəbə, universitetə getməyini... Xəyalım oldu bir gün boynunu barmaqlarımın ucuna qalxaraq qucaqlamaq...

   Bir tərəfim heç böyüməsin dedi... Həmişə qucağımda, qollarımın arasında olsun... Körpəcə əlləri ovuclarımda...

   Sən mənim həyatımın ən özəl parçası, ən məhrəm dünyası... Başqaları ilə paylaşmaq istəməyəcəyim qədər özəl... 

   Sizi nə qədər sevdiyimi bir gün valideyn olduğunuzda daha yaxşı anlayacaqsınız. Və sevgimin dörd parçaya bölündüyündə azalmadığını, hər dəfəsində bir qat daha artdığını da... 

   Rəbbim gözəl günlərinizi göstərsin hər zaman, qarşınıza yaxşı insanlar çıxarsın... Həyat üzünüzə gülsün, sıxıntılar sizdən uzaq olsun... Daim sevin, sevilin...

   Və sonda həyatımda olduğunuz üçün, məhz sizin ananız olduğum üçün çox şanslıyam çoox..."

   



18 Mayıs 2020 Pazartesi

Cek London / Martin İden

 


  Cek Londondan bir çox əsərlər oxumuşam. Və doğrusu, bu yazıçının qələmini çox-çox bəyənirəm. Onun orta məktəbdə dərsliyimizdə də olduğu üçün oxuduğum "Həyat eşqi" əsərinin günlərlə təsirində qaldığımı xatırlayıram. Universitet vaxtlarında isə daha çox əsərləri ilə tanış olmuş, oxumuş və sevmişdim. 

  Amma mən necə olub indiyə qədər "Martin İden"i oxumamışam deyə, əsəri bitirəndən bəri hələ də özümə sormaqdayam. Haqqında çox eşitmişdim, niyəsə oxumağı o qədər də arzulamamışdım. Oxuyunca isə bu mənim indiyə qədər  oxuduqlarım içərisində  bu qədər mənə, iç dünyama xitab edən bəlkə də yeganə kitab olduğuna tam qənaət gətirdim. Və əslində, kitabın onu anlayıb, duya biləcəyim zamana qədər məndən uzaq durduğunu düşündüm.

   Martin sadəcə bir əsər qəhrəmanı deyil... O həyatda həmişə fikrən, ruhən başqa buudlarda yaşayan, xəyalları zirvələrdə dolaşan, həyatın hər cür bəsitliyindən, sıradanlığından uzaq düşüncələrə sahib, fərqli olan, fərqli duyan, gücünə inanan, ətrafındakıların basmaqəlib düşüncələrindan yorulsa da əzmindən taviz verməyən və buna görə də anlaşılmayan, kənarlaşdırılan, özgələşədirilən, tənhalaşan bütün Martinlərin simvolik obrazıdır sanki.

   Hər cümləsində içim yandı, hər cümləsində yanındayam deyə hayqırmaq istədim Martinə... Amma nə fayda... Martinlər tənhalığa məhkumdurlar, bu onların alın yazısıdır.

   Əsərin nə mövzusu, nə də digər qəhrəmanlar haqqında heç nə yazmayacağam. Çünki bu Martinin hekayəsi, bu Martinin içində qərib olduğu dünyası...

   Əsəri hər kəsin sevəcəyinə də əmin deyiləm. Amma hər kəsin Martində öz içindən bir şey tapacağına əminəm. Odur ki, oxuyun deyə şiddətlə tövsiyə edirəm. Və məncə bundan  çox yazmaq artıq olar. Sözü buraxıram "Martin İden"dən seçdiklərimə...

                          Seçdiklərim:



"Eh bircə həqiqətən yaxşı danışmağı bacarsaydım - dedi. Başımda o qədər müxtəlif fikir vardır ki, bütün varlığımla onları demək istəyirəm. Lakin bunların hamısı o qədər böyükdür ki, münasib sözlər tapa bilmirəm. Bəzən mənə elə gəlir ki, bütün dünya, bütün canlı xilqət mənə üz tutub ; bizim əvəzimizə sən danış deyə tələb edir. Mən bunu duyuram, lakin necə bunu ifadə edim? Mən hər şeyin əzəmətini hiss edirəm, lakin elə ki, danışmağa başlayıram dilim dolaşır, uşaq kimi kəkələyirəm."


✔ "İlin gözəl bir çağı, günah işləyib peşman olmamış gözəl bir qadın kimi yaşamış, indi belə bir qadın kimi də can verirdi." (Sonbaharın təsviri)

✔ "... yaradıcılıq nəşəsi yer üzündə ən nəcib bir nəşədir. Bu nəşə bütün məhrumiyyətlərimin əvəzini verdi."

✔ "Məhəbbət addımbaşı büdrəyən və yıxılan cılız, eybəcər bir xilqət deyil, əsl böyük məhəbbətdirsə, heç bir zaman yolunu azmaz."

✔ "Gertruda, özümdən başqa heç kəs mənim qüvvəmə inanmır..."

✔ "Dünya qüdrətli olduqları qədər də nəcib olan qüvvətlilərindir, bu qüvvətlilər isə bütün ömürləri boyu alğı-satqı bataqlığında ilişib qalmırlar. Dünya əsl kübarların, sarışın vəhşilərin, heç bir sazişə getməyən və həmişə yalnız "hə" deyən adamlarındır."

✔" O sükansız və kompassız qalmışdı, bir yerə də tələsmirdi. O, baş  alıb gedən axına qoşulanda həyatı daha az duyurdu, həyatı duymaq isə onu incidirdi."


✔❗"Onların hamısı eyni dərəcədə ümumi meyarlara uyğunlaşırlar, hamı həyatını hazır, basmaqəlib miskin bir timsal əsasında qurur. Həm də daim bir-birlərinə baxan, bir-birlərini yamsılayan bu miskin məxluqlar uşaqlıqdan əlində əsir olduqları mənasız qaydaları yalnız pozmamaq xatirinə öz fərdi xüsusiyyətlərini silib atmağa, canlı həyatdan üz döndərməyə razıdırlar." (bu ən ən sevdiyim :))

13 Mayıs 2020 Çarşamba

Sınıq - salxaq xatirələr...



Kölgəm oynayır 
suvağı tökülmüş köhnə evin divarlarında...
Və xatirələr oyanır
sevinci bitmiş uşaqlığımın
yaddaşında...
Atam var yanımda, anam var,
Qardaşım var, nənəm var...
Bir də mən varam...
Kiçicik ailəm, kiçicik dünyam...

Hardan gəldi bu xəzan, 
sapsarı yarpaqlar?!..
Nə vaxt bitdi bu yuxu,
şipşirin xülyalar ?!..

Mən ki, uyuyurdum 
bir az öncə
nənəmin isti dizlərində...
Qardaşımla küsüşmüşdüm...
Atam könlümü alırdı,
Anam qapıdan baxırdı.
Dəymədüşərliyimi yenə
Dərd edirdi özünə...

Tut ağacından asılmış 
yelləncəyimlə külək oynayırdı ,
Ağacın altında qoyulmuş 
yaylı çarpayıda biz atlanırdıq...
Bir aşağı, bir yuxarı...
Budaqlara, yarpaqlara,
Uzaqlara...
Hoppanırdıq...

Somavar poqquldayırdı kənarda,
Toyuqlar qaqqıldaşırdı...
Hovuzun suyu şırıltıyla axırdı...

Çalıquşunun nəğməsini 
zümzümə edirdim yavaşdan...
"Bir gün yağış yağırdı,
Kamran məni çağırdı..."
Ardını xatırlamıram...

Çəpərdən bir qız boylanırdı,
Qonşuya qonaq gələn.
Görmürmüş kimi davranırdım
Nəğməmə ara vermədən...
Sonra isə yavaş-yavaş
Dostlaşırdıq hiss etmədən...

Kiçicik bir xatirə eləcənə,
Hardan ağlıma gəldiyini bilməsəm də.

Niyə bu qədər şəffaf,
Bu qədər saf o görüntülər...
Yaddaşımdakı tonlarla 
Anılara rəğmən?!..

İndi əlimdə qalmayıb,
Nə o ağac, nə çarpayı,
Nə o həyət, nə yelləncək.
Nə də o kiçicik ailəm.
Sadəcə qırıq - qırıq xatirəm...
Bir yanıb bir sönən
İldırım kimi üzə çıxan 
Məni keçmişə aparan
Sınıq-salxaq xatirələr...