8 Mayıs 2023 Pazartesi

Kəpənək ömrü (şeir)




Boynubükük bənövşənin 

küskünlüyündədir qəlbim,

Körpə bahar yarpağının

  kövrəkliyində,

Kəpənəyin titrək qanadının

  zərifliyindədir, bəlkə də.

Fırtınalara o qanadlarla 

  sinə gərdim çarəsizcə...

Azadca uçmaqdı tək diləyim...

Sığarmı qəlb qəfəsə?

Əsir oldu ürəyim,

Yalan dolu nəfəsə...

Kəpənəyin ömrünün 

bu qədər qısa olduğunu 

hardan bilim?!

Tələsmişəm sevinməyə.

Axı mən sonsuzca sevməyə niyyətliydim!

Və əbədən sevilməyə... 


Umman Aslan


Şeiri səsli dinləmək üçün : İnstagram

6 Mayıs 2023 Cumartesi

Bir günlük ömür... (Hekayə)


 

   Pupundan yenicə çıxmış kəpənək bir yarpağın üzərində qanadlarını qurudurdu. Ara-ara xəfif bir şəkildə titrədib açmağa çalışdığı qanadının əlvan rəngləri ətrafdakıların diqqətini çəkir, çiçəklər, böcəklər heyranlıqla onu izləyirdi. Kəpənək isə gözlərini yenicə açdığı dünyanı hələ bulanıq şəkildə olsa da duyur, çəmənin, meşənin simfonik səsi onu valeh edirdi.

- Bura necə gözəldir! - deyə düşündü kəpənək, - günəş necə mərhəmətli, hava necə xoş əsintilidir. Hələ bu baharın qoxusu... 

- Vızzzz, bu nədir eyyy, belə də iş olar?! Bu günəş lap təngə gətirdi məni. Elə hey işığını verir, verir... Bəsdir də! Qanadlarımı yandıracaq az qalsın, - qara bir milçək kəpənəyi görmədən deyinə-deyinə vızıltıyla uçub keçdi yanından. 

Kəpənək isə matdım-matdım arxasınca baxa-baxa qaldı. 

   Artıq qurumuş qanadlarını rahat açıb bağladığını görüncə uçmaq üçün bir-iki cəhd etdi əlvan kəpənək. Və budur o uçur artıq... 

   Əvvəl çəmənlikdə, şehli yaşıl otların üzəri ilə uçub, torpaq qarışıq yaşıllıq qoxusunu çəkdi içinə:

- Necə gözəl, necə gözəl! 

Sonra çiçəklərin üzərindən, bir az da yuxarı qalxıb ağacların üstündən uçub süzüldü o yan bu yana.

Qanadları günəşin ilıq şüalarının altında sanki daha da əlvanlaşır, zərifcə titrəyərək baxanları heyran qoyurdu.

   Uçub-uçub yoruldu kəpənək. Hiss elədi ki, acıb. Üzərindən uçduğu günəş kimi sapsarı çiçəkliyə endi. Bir çiçəyin ləçəyinə xəfif bir şəkildə qondu. Nəzakətlə çiçəyin şirəsindən içmək üçün icazə istədi. Belə bir gözəlliyi qonaq etməyin qürurlu sevincini yaşayan çiçək canla-başla razılıq verdi. Kəpənək şirədən sadəcə bir-iki qurtum içib doydu. 

- Vızzz toz oldu ki, ayaqlarım. Elə yalandan görünüşün var ey sənin, vallah. Bu nə pintilikdir! Nədir? Çiçək tozudur? Bahh... Nə fərqi var?! 

İcazə belə istəməyi artıq bilərək qəfildən yaxınlıqdakı çiçəyə qonan qara milçək yenə qəfildən narazı-narazı deyinərək uçub getdi.

   Kəpənək də təşəkkür edib uçmaq istəyərkən sarı çiçək saxladı onu, yaxınlıqdakı ağacın dibində bitən çəhrayı çiçəyi göstərib ona olan eşqindən danışdı həyəcanla. Amma bu hissindən çiçəyi xəbərdar edə bilmədiyindən şikayətləndi. Kəpənək gülümsədi, istəsə onun hissləri haqqında çəhrayı çiçəyə xəbər apara biləcəyini söylədi. Sarı çiçək necə sevindisə, ətrafa yaydığı ətir birə beş artdı.

   Kəpənək zərifcə qanadlandı havada süzülüb çəhrayı çiçəyin yanına qondu. Onun qulağına sarı çiçəyin eşqini pıçıldadı. Eşitdiklərindən utanan çiçəyin rəngi az qaldı ki, qırmızıya dönsün. Çiçəyi beləcə məsud görməkdən məmnun qalan kəpənək vəzifəsinin başa çatdığını anlayıb yenidən havalandı.

   Bahar mehi rəngli qanadlarına sığal çəkə-çəkə uçan kəpənəyin gözü çəmənlikdə ağlayan körpə bir uşağa sataşdı. Anası nə illah etsə də uşağı sakitləşdirə bilmirdi. Uşaq ananın qucağında elə hey çırpınır, yüksək səslə ağlayırdı. Kəpənək bir az o tərəf, bu tərəfə süzüb düşündü. Sonra yavaşca körpəyə yaxınlaşdı, bir az da ona yaxın uçub birdən əlinin üstünə qondu. Körpə səsini xırp kəsdi. Kəpənəyin açılıb yumulan əlvan qanadlarına heyran-heyran baxdı. Kəpənək əvvəl yavaşca, sonra bir az sürətlə qanadlarını çırpdı. Yaranan çox xəfif meh balacanın üzünü yaladı. Yanağından axan yaşı burnunun suyuna qarışmış körpə gülümsədi, əvvəl qığıldadı, sonra səsli gülməyə başladı. Bu möcüzəyə heyranlıqla tamaşa edən ana da körpəyə qoşuldu. Kəpənək yavaşca havaya qalxdı, körpənin burnuna toxunub başının üstündə bir az da o yan- bu yana uçub uzaqlaşdı. Körpə gülümsəyən, anası isə təşəkkür və minnət dolu baxışlarını gözdən itənə qədər kəpənəkdən ayırmadı.

   Günboyu uçub durdu kəpənək. Özü də boş-boş uçmadı, yuvadan düşmüş balasını tapmaqda bir quşa kömək etdi, ləçəkləri qopmuş çobanyastığına gözəl sözləri ilə təsəlli verdi, üfürərək bir parabüzənin gözünə qaçmış tozu təmizlədi, qarışqalar üçün bir yarpağı onların yuvalarının ağzına daşıdı. Baharın gözəlliyi onu elə məst etmiş, gördüyü işlər başını elə qatmışdı ki, zamanın necə keçdiyinin fərqində belə deyildi. 

   Günəş yavaş -yavaş enib səmanı qıpqırmızı rəngə boyadığında kəpənək gücünün tükəndiyini hiss etdi. Gölməçənin yanındakı bir yarpağa qondu. Onun qırmızıya boyanmış səmanı əks etdirən şəffaf suyuna baxıb:

- Sən necə parlaq, necə gözəlsən belə! - dedi.

- Gözəldir??? Vızzz... Sən nə danışırsan?! Heç bilirsən o nə qədər təhlükəli düşməndir bizim üçün? - kənardan kəpənəyin sözlərini eşidən qara milçək tez dilləndi.

- Düşmən?!

- Bəs nə! Qanadlarımıza dəysə, islansaq bilirsən nə baş verir. Nə uça bilirik, nə qaça. Dərhal yem oluruq qurda-quşa. Gözəlsən... Gözəlsən... Eh, axmaqsan, axmaqqq... Vızzz...- öz-özünə danışa-danışa uçub getdi qara milçək. 

   Kəpənək isə qorxmadan, ehtiyatla suya yanaşdı. Əyilib bir-iki qurtum su içdi. Son qüvvəsini toplayıb yuxarı uçdu, bir ağacın yarpağının üzərinə qondu. Get-gedə tükənən gücü ona sona çatdığını hiss etdirirdi.

- Deməli, bircə gün...- dedi. Qismətinə sadəcə bircə gün yazılmışdı, bu həyatdan bircə gün idi alacağı... Artıq ayın süd kimi işığı ilə aydınlanan, ulduz səpələnmiş səmaya baxdı:

- Heyif, mən bir daha bu gözəllikləri görə bilməyəcəm. Bir daha günəşin şəfqətli işığını, çiçəklərin məstedici qoxusunu duya bilməyəcəm - deyə düşündü, - amma olsun, nə yaxşı ki, bu bircə günü yaşadım, bu gözəllikləri heç görməməkdən, onları hiss edə bilməməkdən daha yaxşı deyilmi?

   Kəpənək bu aydın gecəyə gözlərini birdəfəlik yumarkən qara milçək vızıldaya-vızıldaya növbəti günə oyana bilmək üçün yuvasına tələsirdi...


Umman Aslan

02.05.2023

2 Mayıs 2023 Salı

Sənsiz (şeir)

 



Elə bir həsrət ki, bu yandırır gözlərimi...

Kimsəyə söyləmədən car çəkir özləmimi.

Siz hardan biləsiniz nə yaşayır ürəyim?!

Necə arxasız qalıb buza dönən kürəyim...


Nə sevinə bilirəm, nə gülmək bacarıram,

Sürdürürəm həyatı yaşayan ölü kimi...

Qaçmağa, gizlənməyə bəhanə axtarıram,

Səndən başqa hər şeyə qapatmışam könlümü.


Gözlərim pəncərədə, xəyalım yanındadır,

Hələ də gözləyirəm sən gələcəksən deyə...

İçim məhşər meydanı, arzularım qan dadır, 

Gəlməsən ümidlərim qərar verib ölməyə...


Umman Aslan

1.05.2023