27 Mayıs 2017 Cumartesi

Ramazanla yeni həyata...

       
   Şükür, bir Ramazana da çıxardı bizi Rəbbimiz. Günahlı savablı bir ili də geridə qoyduq.
  
  Yeni ilimiz Ramazanla başlayır əslində. Ramazan yeni bir həyata, tərtəmiz bir səhifəylə başlamağa imkan yaradır çünki. Bütün ildə üzərimizə çökən kiri-pası bu ayda təmizləmək şansı verib Rəbbim bizə.
   
   Bircə ay... On iki ayın bircə ayı... Etdiyin savablara digər vaxtlardan fərqli olaraq 70 qata qədər artıq savab yazıldığı ay...

   Bizə Rəbbimizi, onun qulu olduğumuzu ən çox xatırladan ay... Nəfsimizə ən yaxşı hökm edə bildiyimiz ay... Quranı haqqıyla oxuyub anlaya biləcəyimiz, mənəvi feyzlər ala biləcəyimiz bir ay...
   
   Aylardır yüklədiyimiz mədəmizin şəfa bulduğu bir ay... Acların halını anlaya bildiyimiz, nemətlərin dəyərini gördüyümüz,  bir qurtum suyu belə sevdiyimiz, bütün qəlbimizlə Ona döndüyümüz bir ay...
   
   Salavatlarımızla yer üzü üzü suyu hörmətinə yaradılmış gül üzlü Peyğəmbərimizə daha da yaxınlaşdığımız bir ay...
   
   Bu bircə ayı dəyərləndirməmək necə böyük nəsibsizlik, necə böyük bir itkidir düşününcə...
  
  Ramazanı haqqıyla yaşamaq, yalnız mədəmizlə deyil, dilimizlə, gözümüzlə, qulağımızla oruc tutmaq və bu bir ayda qazandığımız fəzilətləri digər Ramazana qədər sürdürmək bir başlanğıc deyilmi?

   Ramazanla yeni bir həyata başlamağa nə deyirsiniz? Günahlarımızın bir çoxundan arınmış bir şəkildə yeni bir səhfə açaq önümüzdə... Digər Ramazana qədər diqqətli yaşamaq üçün söz verək özümüzə... Mən verdim belə... Siz necə??? Verdinizsə sizin də yeni iliniz, yeni həyatınız mübarək olsun...

23 Mayıs 2017 Salı

Gülümsə yetər...


        
   Bəzən sevincimizin, xoş əhval-ruhiyyəmizin səbəbi elə kiçik şeylərə bağlı olur ki, biz özümüz fərqində belə olmuruq. Dünən daha yaxşı hiss etdim bunu. 

   Evdən çıxıb marketə gedərkən hər zamankı günlük qayğılar vardı üzərimdə. Düşüncəli halda bir-bir ehtiyacları atarkən səbətə bir xanım gəldi yanıma. Gülümsəyən üzüylə indicə səbətə atdığım məhsulun keyfiyyəti haqqında bir şeylər soruşdu. Bir az söhbət etdik. Onun təbəssüm dolu simasından bir istilik axdı qəlbimə.

    Sonra süd məhsulları reyonundan pendir alarkən satıcı qadın istədiyim pendir növünü mehribanlıqla və yenə də təbəssümlə baxan gözləri ilə təqdim etdi mənə. Suallarıma nəzakətli bir şəkildə cavab verdi. 

   Aldıqlarımın pulunu ödəmək üçün yaxınlaşdığım kassir qızın üzündə də bir gülümsəmə vardı nədənsə. İtirdiyimiz kartı bərpa edə bilib- bilmədiyimizi xəbər aldı. Yəni bir qayğıyla yanaşdı. Onunla da qarşılıqlı təbəssümlərlə bir iki söz kəsdik. 
   
   Maraqlıdır ki, meyvə-tərəvəz satan dayı da hər zamankından daha mehriban idi. İstədiklərimi canla başla verərkən yaşıldan daha bahalı olan və sadəcə iki ədəd qalmış qırmızı bibərləri eyni qiymətə verdi "mənim xətrimə".
   Marketdən çıxarkən içimdə elə bir yüksək əhval-ruhiyyə, elə bir yüngüllük var idi ki, ətrafımdakı hər kəs gözümə xoşbəxt, şad görünürdü. İndi səmada son saatlarını yaşayan günəşin ətrafı bürümüş sarı işıqları, buludsuz mavi səma daha gözəl görünürdü mənə, artıq ötən quşların cəh-cəhini daha yaxşı duyurdum, yol qırağında uzanıb özünü günə verən sarı iti, balaca qəssab dükanın qapısının yanında yediklərindən sonra pəncələrini yalayıb təmizləməyə çalışan ala-bula pişiyi sığallamamaq üçün özümü güclə saxlayırdım. Yolumun üstündəki məktəbin həyətində yana-yana düzülmüş və çiçək açmış iydələrin qoxusu daha bir bihuşedici gəlirdi mənə. 
        
   Evə gəlib çoxdandır zəng vurmaq istədiyim, lakin hər dəfəsində bir bəhanə ilə vaz keçdiyim yaxınlarıma zəng vurub danışdım. Səsimdəki xoş ovqat telefon telləri ilə qarşıdakılara da sirayət edirdi sanki. Sağollaşarkən əminəm onların da üzündə mənimki kimi qosqocaman bir təbəssüm yer etmişdi özünə.

   Uşaqlarla daha səbirli davranıb, işdən gələn yoldaşı daha  xoş əhvalla qarşıladım. Və o axşam evimizdəki ab-hava tam arzuolunan bir ailə tablosunu xatırlatdı.

   Və mən bunu anladım. Kiçik gördüyümüz, önəm vermədiyimiz, hətta bəzən lüzumsuz gördüyümüz bir gülümsəmə, xoş bir söz o qədər çox şeyə qadir imiş ki...
   Deməyim odur ki, sevgili oxucu, üzünüzdəki təbəssümü, dilinizdəki şirin sözü ətrafınıza çox görməyin. Gülümsəyin... 

   Siz gülümsədikcə ətrafda xoş əhvala bürünən insanlar artacaq, rəngbərəng çiçəklər açacaq, quşlar daha şövqlə ötəcək, günəş də təpəmizdən gülümsəyərək yağdıracaq nurunu...

   Bəlkə də hər şey sənin gülümsəməyindən asılıdır. İnan ki, bir təbəssümünlə bir çox qaşqabağı açacaqsan, qəlblərdəki kini siləcək, yerinə empatik duyğular buraxacaqsan...Beləcə ətrafdakı gülümsəyən simaları artıracaqsan... 
        
   Gülümsəyək... Təbəssümümüzü çox görməyək ətrafımıza... Və təbəssümün Rəbbimizin rızasını qazandıracaq bir sədəqə olduğunu unutmayaq...



17 Mayıs 2017 Çarşamba

Aramızda yeni bir bloq



  Sevgili dostlar bir sevincimi sizinlə paylaşmaq istəyirəm. Bir müddət əvvəl təsadüfən bir bloq çıxmışdı qarşıma. Azərbaycan dilində yazılmış həmin bloqdakı yazıları oxuduqca necə sevindiyimi bir bilsəniz. Ülviyyə xanım (Ulyanın renkleri) və Ayselimizdən (Blue things) başqa da azərbaycanlı bir bloqqeri kəşf etməyim məni çoox həyəcanlandırdı. 

    Bir neçə dəfə belə bloq tapsam da hamısının uzun müddət əvvəl tərk edildiyini, artıq yazılmadığını görüb çox üzülürdüm. Azərbaycanda bloq yazan doğurdan da yox səviyyəsindədir ( Mən hələ də bir gün bir qrup bloq kəşf edib,  "aaa sən demə mənim qarşıma çıxmayıb, baxsanıza nə qədər çox bloq varmış" deyəcəyim günlərin xəyalını qururam)
 
   Cəsur sevgi mələyi adlı bloqun sahibəsi gənc riyaziyyatçı bir xanımdır. Bildiyim qədəriylə hələ ki tələbədir. Öz daxili hisslərindən, düşüncələrindən yazan Sevgi mələyi bir yazısında heç kimin onu dinləmədiyi üçün yazmaq qərarına gəldiyindən bəhs edir.

  Təbii ki yazıları oxuyan kimi yorum yazdım. Burdayam, tək deyilsən deyə :) Çünki mən özüm belə bir yorumu o qədər çox gözləmişdim ki. 

   Uzun bir müddət sonra cavab aldım. Azərbaycanlı bir bloqqer tapdığına çox sevindiyini, heç kimin oxumadığını düşündüyü üçün həvəsdən düşüb yazılarını uzun aralarla yazdığını söyləmişdi bir yorumunda. Yəni bir çoxumuzun keçdiyi yollardan o da keçib :)
 
   Bu gənc dostumuzun yazıları hələ ki azdır. Bu yolda yeni-yeni addım atmağa başlayıb. İnanıram ki, yazımı oxuyan hər bir kəs ziyarət edib dəstəyini əsirgəməyəcək və dəstəyimiz artdıqca sevgi mələyi yazılarını daha da təkmillədirərək saylarını artıracaq.

   Bir çox bloqqerlərə öncü olub işıq tutan gözəl qəlbli insanlar sizə səslənirəm : Qayğınızı və dəstəyinizi gözləyən bir bloq da var aramızda.  Haydı bir bloqqer də qazandıraq bu aləmə... Ümidsizliyə qapılıb bloqunu tərk etməsinə izin verməyək... 


                                                 Ziyarət üçün tıklayın:
                                 Cesur sevgi meleyi

14 Mayıs 2017 Pazar

Uşaqlığıma səfər



    Salam olsun sevgili bloqqer olan və olmayan məni oxuyan hər kəsə. Neçə vaxtdır aranızda ola bilmirəm yazmışdım keçən yazımda. Şükür yaxşı səbəblərə görə vaxtım olmurdu. İnstagramdan təqib edənlər bilirlər bu aralar həm balacamızın ferma konseptli ad gününü keçirdik, həm də xeyli gəzdik :)

10 Mayıs 2017 Çarşamba

Blog partisi

         
   Hər kəsə qucaq dolusu salamlar... Bilirəm bu aralar çox az oluram aranızda. Yeni yazı yayımlamaq və dostlarımın bloqlarını ziyarət etmək üçün zaman qıtlığı yaşayıram. Səbəbləri haqda növbəti yazıda bəhs edəcəm. 

   Bu yazımda isə qatıldığım bir etkinlikdən danışacam. Yepyeni və maraqlı ideyaları olan gözəlimiz Annesinin Prensesi Bloqlar arası reportaj etkinliyindən sonra bir də bloq partisi keçirmək qərarına gəldi :) Ee qatılmamaq olmazdı təbii ki.

6 Mayıs 2017 Cumartesi

Xınalı sona


     Yenə Rəbbimizin cənnətdən bağçalar bəxş etdiyi bir mövsümdəyik. Fəsillərin ən bərli-bəzəkli, ən nazlı-qəmzəli, ən füsunkar, ən gözəl qoxulusu olan bahar yurdumuzun qonağıdır. Başında gül-çiçəkdən çələngi, zümrüd libası, çəhrayılı-ağlı naxışları ilə, zərif, işvəli, bir az da utancaq yeni gəlinlərə bənzər xınalı sonamızdır bahar.