10 Mart 2021 Çarşamba

Mən Rəbbimi görürəm (şeir)

 




Mən Rəbbimi görürəm


Gündüzlər gecə olur, ay görünür səmada,

Qara rəngli örtüyü çəkir üstünə dünya.

Göyə zillənir baxış, heyrətlənir baxdıqca,

Mən Rəbbimi görürəm hər ulduz işığında.


Qış keçir, bahar olur, cana gəlir ağaclar,

Nə hikmətlər gizlənir çiçək tumurcuğunda.

Yaşıllığa bürünür düzənliklər, yamaclar

Mən Rəbbimi görürəm baharın  coşğusunda.


Bir yağmur damlasında, kiçik qar dənəsində,

Dağların zirvəsində, dənizlərin dibində

Mən Rəbbimi görürəm, onu xatırlayıram,

Baxdığım hər varlığın var oluş səbəbində...


Umman Aslan


Uşaq ədəbiyyatı 1

   Uşaqlarımıza kitabları sevdirmək üçün ilk öncə həmin kitablarla özümüz tanış olmalıyıq ki, övladımızı oxumağa yönəldərkən onların zövqünə xitab edən kitabları da tanımış olaq. Bu baxımdan mən ötən ilin dekabrında 15 günə 5 belə kitab oxudum. Və həqiqətən, xüsusən, kitab oxumağı sevən Saidimə bunun sayəsində hansı kitabın ona maraqlı gələcəyini bilib, oxuması üçün həmin kitablara yönəltdim. Nəticəsindən həm özüm, həm də balam razı qaldı. Bu arada Saidimin də arabir oxuduğu kitablarla bağlı düşüncələrini paylaşdığı blog səhifəsi var. Ora bir göz atıb, yazılarına yorum atsanız onu necə sevindirəcəyinizi təxmin belə edə bilməzsiniz😊

Saidimin bloq səhifəsi : readersaid10


Qeyd etdiyim kitablarla bağlı düşüncələrimi sizinlə də paylaşmaq istəyirəm.


1. Selma Laqerleyf / Nilsin vəhşi qazlarla qəribə səyahətləri.


   Yaramaz bir oğlan olan Nils həm ata-anasını, həm də evdə saxladıqları heyvanları zara gətirmişdir. Hər kəsi incidən, heç nəyi vecinə almayan bu uşağı ağıllandırmaq üçün nəsə etmək lazımdır. Budur bir meşə cırtdanını da incitdiyi üçün onun sehrinə məruz qalır və barmaq boyda bir uşağa çevrilir. Artıq öncələr at oynatdığı dünya onun üçün qorxu və təhlükələrlə dolu bir yerə çevrilmişdir. Nə hikmətdirsə, artıq heyvanların dilini də anlayır. İncitdiyi heyvanlar bütün elədiklərinin əvəzini çıxmaq istəyirlər. O isə uzun müddətdir vəhşi çöl qazlarına qoşulub başqa diyarlara uçmaq istəyən Martin adlı ev qazının belində uzaqlara qaçmağa müvəffəq olur. Artıq Nils üçün həm çətin bir səyahət, həm də bu yol boyunca bir çox imtahandan keçərək tərbiyələnmə və nəcibləşmə yolçuluğu başlayır. 

  Əsərin müəllifi Selma Leqarlöfün bu əsəri uşaqlara coğrafi bilikləri aşılamaq məqsədi ilə yazdığını bilirsinizmi?

  Biliklərlə yanaşı müəllif tərbiyəvi məsələləri də unutmayıb. Bu kitabda dostluğu, sevgini, fədakarlığı, əzmi, inamı, eyni zamanda deyərdim ki, empatiyanı maraqlı hadisələr fonunda təqdim edir bizlərə. Çətinlikdən keçən yolların sonda qazandırdıqlarını, müəyyən dəyərləri qazana bilmək üçün həyatın sınaqlarına sinə gərməyi öyrədir. Bu məziyyətləri övladınızda görmək istəyirsinizsə kitabı onlara oxudun.

  Əsər hər nə qədər uşaqlar üçün yazılsa da məncə böyüklərin də zövq alaraq oxuyacağı bir kitabdır. 8 yaşına qədər olan uşaqlar üçün bir az çətin gələ bilər. Lakin daha yuxarı yaşda olan uşaqlar rahatlıqla oxuyub, anlaya bilərlər. 



2. Elinor Porter / Polianna böyüyür



Yəqin ki, hər şeydə təsəlli tapmağı bacaran balaca qızcığaz Polliannanı hər kəs tanıyır. Bir neçə il əvvəl Pollianna əsərini oxuyanda məndə elə yüksək bir əhval-ruhiyyə oyatmışdı ki, uzun müddət təsirində qalmışdım. Polliannanın həyatsevərliyi, yardımsevərliyi, hər şeyə pozitiv yanaşması, ən nəhayət, atası ilə kəşf etdikləri "başına gələn bütün pis hadisələrdə yaxşı bir şey tapa bilmək" oyunu və bu oyunla ətrafındakı bir çox insanın həyatına toxuna bilməsi məndə xoş təəssürat buraxmışdı. Bu kitabı uşaqlara oxutmağın önəmini düşünüb, bloqumdakı yazımda dönə-dönə qeyd etmişdim. 


  Hal-hazırda sizə danışacağım kitabda isə biz Polliannanın yeniyetməliyi və gəncliyini görürük. Pozitiv baxışı və öz oyunu sayəsində, həyatında qarşısına çıxan bir çox çətinliklərə rəğmən o yenə həyat dolu və xoşbəxtdir. Öz müsbət aurası və məşhur oyunu ilə  başqalarının həyatına toxunmağa davam edir. Bu kitabda Ceyminin hər gün həyatında mütləq bir sevinc tapıb yazdığı "Sevinclər kitabı" kimi maraqlı bir ideyanı da təqdim edir bizə yazıçı. 


  Fərqli ailələr, talelər, yeni dostlar, yeni duyğular və Polliannanın ilk sevgisini tanıyırıq bu kitabla... Odur ki, elə yeniyetmə yaşda uşaqların oxumağı daha məqsədəuyğundur. İlk öncə özümüz oxuyaq, alacağımızı alaq, sonra isə həyatın çətinləşdiyi, bütün neqativ duyğuların ayaqda olduğu bu günlərdə övladımıza bu kitabla bir kitab ümid, bir kitab hüzur bəxş edək. Qoy həyatı sevsinlər və həyatı həm özləri, həm də başqaları üçün yaşanıla biləcək hala gətirməyi öyrənsinlər... Hər kəsə xoş mütaliələr.



9 Mart 2021 Salı

Sonsuzluq arzumuz



 "Biz hər şeyin sonsuzluğunu istəyirik. Var olan hər şey bizi özünə cəzb edir, yoxluq və məhdudluq isə bizə xoş gəlmir. Ölümdən nə üçün qorxuruq? Elə bilirik sondur. Xəstəlikdən, yoxsulluqdan, zəiflikdən, cahillikdən niyə xoşlanmırıq? Çünki bütün bunlar məhdudiyyətlərdir. Hər dəfə bir arzumuza çatdıqda niyə qane ola bilmirik və daha artığını arzulayırıq? Tamahkar olduğumuza görə yox, sonsuzluğa can atdığımız üçün. Deməli, indiki durumda bizi narahat edən məhdudluq və naqisliklər, arzuladığımız isə məhdudiyyətsizlik və sonsuzluqdur. Beləliklə, biz əldə etməyin ləzzətini istəyir və itkinin əziyyətindən qaçırıq." (c)

Hacı Şahin "Hardan başlamalı?" kitabından bir parça...

Ayfer Tunç / Aziz Bey Hadisesi

 


✔"Toprağına düşememiş, iki taş parçası arasında kuruyup kalmış bir tohum gibi yalnızdı artık."

     Ayfer Tunçu əziz bloqdaşlarımın başlatdığı "Hər aya 1 kitab, 1 film" etkinliyi sayəsində kəşf etmişdim. Və təbii ki, bu müəllifdən oxuduğum ilk kitab idi.

   Kitabdakı hekayələrin az qala hamısının qəhrəmanları  həyatının xəzanını yaşayan, küncdə-bucaqda diqqətdən kənarda qalmış, həyat enerjisi tükənmiş, ölümü gözləyərək yaşayan silik insanalardır. Onlar o qədər əzik, silik insanlardır ki, simaları belə bulanıq təsəvvür yaradır beyində. Amma nə sirdirsə o sıxıcı, yeknəsəq həyat yazıçının qələmi sayəsində cəzb edir insanı. Hər oxumağa ara vermək məcburiyyətində qaldığımda bütün fikrimin-zikrimin qəhrəmanın yanında qaldığını hiss edirdim. Onların yalnızlıqlarını, acizliklərini ürək ağrısı ilə duyub, dərindən hiss edirdim. Bu da məncə yazıçının mərifətidir. Tək mənfi cəhət olaraq söyləyə biləcəyim şey  pessimizm hədd səviyyədədir bu kitabda. 

   Ümumilikdə isə mən Ayfer xanımın qələmini sevdim. Ümid edirəm 2021-də müəllifin başqa kitablarından da oxumaq qismət olar. 

Seçdiklərim

▪︎O zaman da uyumak ve uyandığında, hayatının acı veren o safhasının hiç olmamış olduğunu görmek istemişti. Ömrünü pişmanlıkların damgaladığı bir yığın insan gibi..

▪︎“İşte böyle kâtip efendi,” dedi. “Ümit beni bir gün daha aldattı, bak.”

▪︎Dil yaresini andıracak yare bulunmaz. 

Dünyada gönül yaresine çare bulunmaz.

▪︎Düz, uzun ve ince bir çizgiyi andırırdı hayatım. Bir hastanın ölüm ânı gibi bir şeydi bu. Sanki ben bu uzun ve ince çizgi üzerinde, sonsuza kadar yürüme cezalısıydım.

▪︎Kayıp çocuklardan biriydim. Yenilmişliğin, geleceksizlikte kaybolmuşluğun hastalıklı duygularına varlığımı teslim etmiştim.


8 Mart 2021 Pazartesi

Hacı Şahin / Haradan Başlamalı

 


✔"Həyat amansız deyil. Həyat bizə aşiqdir deyə, biz varıq."

   Hacı Şahin bizim dünyaya, İslama baxışımıza yepyeni bir nəfəs gətirənlərdəndir. Onu dinlədikcə hər zaman məsuliyyətləri ilə bizi qorxudan dinimizə bambaşqa bir gözlə baxa bilir, həm dünya, həm axirət həyatı nəzərimizdə gözəlləşir,  içimizdə rəngarəng ümid çiçəkləri açır...

   Hacı Şahini digər din adamlarından fərqləndirən ən önəmli xüsusiyyətlərindən də biri budur məncə. Hər şeyə pozitiv yanaşır.

  Odur ki, kitabını da çox böyük maraqla oxudum. Və moizələrində adətən çox bəsit dildə, hər bir avamın belə anlayacağı nitq ilə danışan bu insanın savadına, tarixi, fəlsəfi bilgisinə və dünyagörüşünə heyran qaldım. Kitabdakı dili bambaşqadır və o burada dünyaya quş baxışı baxan və bizim görmədiyimiz, içində itib-batdığımız həyatı, zamanı, dövrləri, düşüncələri kənardan izləyə bilən, hər birini düha süzgəcindən keçirib bizlərə anlaşıqlı şəkildə təqdim edən həqiqətlərə aşina, bəsirət gözü açıq bir bələdçi rolundadır. Deyim ki, bu rolunun da öhdəsində layiqincə gəlməyi bacarıb.  Hər kəsə bu kitabı oxumağı şiddətlə tövsiyə edirəm.

(Kitabdan seçdiyim bir çox sitatlar var idi. Axtardım, deyəsən yazıya köçürməmişəm. İlk fürsətdə bura onları əlavə edəcəm.)

▪️ İnsanı istəklər arasında parçalayan, səthi ləzzətlərlə ruhunu doyuzduran və daha böyük ləzzətlərə yer saxlamayan işin adına dində "günah" deyilir.

7 Mart 2021 Pazar

Tükənməyən arzularımız...

 


   İnsanoğlunun istək və arzuları tükənməzdir. Arzularımızın arxasınca getmək, bu uğurda maneələri aşmaqdır bəlkə də həyatımıza rəng qatan, "yaşamağa dəyər" dedirtən. Dünya yaranandan bu yana nə qədər fərqli arzular, nə qədər rəngarəng diləklər gəlib keçib qəlblərdən kim bilir?!...

  Günümüzdə isə arzularımız  qəlibləşib, ucsuz-bucaqsız xəyallar sanki tikanlı məftillərlə çevrələnib. Kapitalizmin hər yerdən gözümüzə soxub, beynimizə yeritməyə çalışdığı geyimlər, yeyəcəklər, əşyalar və hətta "mükəmməl" həyatlar o rəngbərəng arzu və xəyalların yerini alaraq bizi dəyərsiz diləklərin ovçusuna çevirib. Ehtiyacımız olmayan bir çox şey təmtəraqlı reklamları ilə gözümüzü boyayıb dolabımıza, evimizə, həyatımıza girməyə müyəssər olurlar. 

  Bəs bu ucuz arzuları əldə etmək bizi tətmin edirmi?- Etmir. Dərhal yeni bir arzunun ardınca düşürük. Əldə edə bilmədiyimiz zaman nə baş verir? - Başqalarının həyatına baxıb, onlarla özümüzü müqayisə edib, həyatda bir çox şeydən məhrum qalmış kimi hiss edərək qəm dəryasına qərq oluruq. Bu bitməyən döngüdə dolanıb dururuq. Nəticədə bədbəxt hiss edən, həyatından narazı insanlara çevrilirik.

  Çünki unuduruq, bunun üçün yaradılmadığımızı unuduruq. Biz daha ali məqsədlərə can atmaq, daha dəyərli olanları arzulamaq üçün yaradıldıq. 

  Bircə duyğularımızın yaradılış hikmətinin mahiyyətinə vara bilsək, inanın, yaşamaq çox daha asan olar...


Sait Faik Abasıyanık / Alemdağ'da Var Bir Yılan


   "Yalnızlık dünyayı doldurmuş. Sevmek, bir insanı sevmekle başlar her şey. Burda her şey bir insanı sevmekle bitiyor."

   Başdan bu kitabı heç bəyənmədiyimi deməliyəm. Sürrealist tərzdə yazılmış, zaman, məkan, həqiqət, yalanın iç-içə girdiyi, bitirdikdən sonra ağlında heç bir şey buraxmayan 17 hekayədən ibarətdir kitab. Sırf özümə heç bir şeyi yarım qoymamağa söz verdiyim üçün sona çatdırdım.Bitirə bilmək üçün özümü çox zorladım. Qələmindən, üslubundan içkisevər və fərqli cinsəl seçimləri olan, yalnız, miskin həyat yaşayan bir yazıçı canlandı gözümdə. Bilmirəm bəlkə də bu sadəcə yaratdığı obrazların dünyasıdır. Amma o dünya mənə çox ürküdücü, soyuq və uzaq gəldi.

Seçdiklərim:

▪️ O masaya otursam o masaya. İnsanlar gelse otursa çift çift kadınlı erkekli. Ben tek başıma. Milyonlar içinde tek başıma. Acı gitgide acıyor. Kavun acısı gibi, zehir gibi bir acı. Kaybettikten sonra bulduğumuz şey.


▪️ Rüyamda hiçbir şeyi görürdüm. Hiçbir şeyi. Hiçbir şey kadar güzel şey var mı? Varsa ver bir lokma. Şu saatte. Hiçbir şey ölüm gibi güzeldir.


▪️ Sokakların içinde sırtımda talihim, sırtımda kendim, yürümeliyim.


▪️ Önce kafasını gösterdi:

— Kafa dediğin eskir, ihtiyarlar, ölür bile insan ölmeden, dedi.

Sonra kalbini gösterdi:

— Eskimeyen, eksilmeyen şey buradadır.


▪️ Körlük ne kadar modası geçmiş bir edebiyata benziyor. Kılı kırk yaran bir edebiyata...


▪️ İnsanoğlu gülünç olmak için doğmamışsa gülünç etmek için doğmuştur. 


▪️ İnsanoğlu için yasaklı hayvandır da diyebiliriz. Mikroplar bile birer yasak değil mi? Aşklar yasaktır. Gün olur, sular, yemişler bile yasaktır. İnsanlar birbirine yasaktır.