14 Şubat 2019 Perşembe

Mary Higgins Clark / Sahtekar



   Salam olsun, bütün gözəl qəlbli insanlara! Ümid edirəm ki, yaxşısınız. Məni soruşsanız yeni həyat rejiminə yavaş-yavaş adapte ola-ola bir yığın kitab-dəftər, testlə boğuşaraq keçirirəm günlərimi😊

   Yeni maraqlar, yeni qəlbi gözəl insanlar... Həmişə yeni bir aura, qurulan yeni dostluqlar həyatı sevdirir mənə, yaşam enerjimi artırır. Hələ hələ o insanalarla maraq və düşüncə dünyanız bənzərdirsə, onlarla keçən hər bir an dəyərli və unudulmaz olur sizin üçün...

   Məncə bu hamı üçün belədir. Sadəcə bəzən risk etmirik. Yeni addımlar atmaqdan,  həyatımızda yeni insanlara yer açmaqdan qorxuruq sanki... Nə qədər yanıldığımızın fərqində olmadan...

   Bu gün isə uzun müddət əvvəl oxuyub hələ indi rəyini yaza bildiyim bir kitabla gəlmişəm görüşünüzə.
   Sadə tərtibatlı bu kitabı uyğun qiymətə aldığımda əslində gözləntim o qədər də böyük deyildi.  Lakin oxumağa başladığımda elə ilk səhifələrdən anladım ki, mövzu məni içinə çəkib böyük bir maraqla get-gedə mürəkkəbləşən hadisələrin düyünlərinin açılmasına yönəldəcək. Qeyd edim ki, əsər detektiv janrdadır.
   Conelly Zərif Antik Mebel kompleksinin həyətində gecə-səhərə yaxın iki nəfər - bir qadın və bir kişi görüşüb içəri girirlər. Və birdən kəskin qaz iyi hiss edirlər. Məsələnin nə yerdə olduğunu anlasalar da artıq gecdir. Kompleksdə partlayış baş verir. Adamlardan biri - kişi ölür, digəri - qadın isə ağır yaralanır. Maraqlı orasındadır ki, yaralanan şəxs kompleksin sahibinin  qızı Kate, ölən şəxs isə uzun illər bu kompleksdə çalışmış və Kate'in çağırışı ilə buraya gəlmiş qoca Gusdur. Bəs Kate gecə vaxtı buraya nə məqsədlə gəlmişdi. Gusla nə edəcəkdi? Kompleksi onlarmı partlatmışdır? Bütün bu sualların cavabı yalnız Katedədir. O isə uzun müddət komada qalır.
   Beləliklə, hadisələr dövr etdikcə oxucu üçün yavaş-yavaş hər şey gün üzünə çıxmağa başlayır. Hətta bu cinayət açılmağa başlayınca başqa cinayətlər də üzə çıxır.

   28 il öncə işdən çıxıb evə gedən bir qızın müəmmalı bir şəkildə yoxa çıxması, evsizlərlə bağlı layihə hazırlayan başqa bir gənc tələbə qızın ölümü və Vyetnam müharibəsində travma almış, əsəbləri korlanmış, buna görə ailə başçısı olmaq məsuliyyətindən qaçıb küçələrə sığınmış bir veteranın aqibəti - hamısı yazıçı Mary Higgins Clark tərəfindən çox böyük ustalıqla bir-birinə bağlanmış, eyni zamanda əsər dar hadisə və obraz çərçivəsindən çıxaraq çoxşaxəli bir süjet və zəngin obrazları özündə  ehtiva edən maraqlı və oxunaqlı bir əsər səviyyəsinə çatmışdır.

    Heç dayanmadan oxumaq istəyəcəyiniz sirr dolu bir kitabdır deyə bilərəm. Düzdür, əsərin başından etibarən beynimi qurcalayan "əcəbam" və cinayətkarla bağlı təxminim doğru çıxsa da və adətən belə hallarda həmin əsəri zəif hesab etsəm də (sonuna qədər heç bir təxmin yürüdə bilmədiyim əsərləri daha çox sevirəm) "nə üçün?" "necə?" suallarının axtarışı əsərin sonuna qədər məni kitaba bağlı saxladı və doğru çıxan təxminimə baxmayaraq məndə rəğbət oyada bildi. Detektiv sevərlərə cani-könüldən məsləhətimdir. 😊
   Kitabı çoxdan oxuyub bitirdiyim üçün geniş bir rəy yaza bilmədim. Amma çox bəyəndiyimi bilməyinizi istəyirəm. 

   Belə... Bu günlük də bu qədər...  Gələn yazıda görüşmək diləyilə hamınıza qucaq dolusu sevgilər göndərirəm.❤❤❤

2 yorum:

  1. ay çok severim yaa büssürü okudum polisiyeee bu yazardaaan :)

    YanıtlaSil
  2. Eləmi? Bu cür başqa əsərləri də var demək ki... Çoox istəyərdim onları da oxumağı.

    YanıtlaSil