11 Şubat 2016 Perşembe

Kitab sevdam






       5 yaşında oxuyub, yazmağı həll etmiş uşaqlardan olmuşam mən də. Anamın müəllimə olmasının bunda böyük rolu var zənnimcə. Evdə əlimə keçən bütün kitabların şəkillərinə baxıb özlüyümdə hekayələr qurardım.Oxumağı öyrəndiyimdən sonra əvvəllər maraqla baxdığım şəkillərin ətrafındakı sözləri oxumağa başladım. Təəssüf ki, uşaqlıq xatirələrim çox bulanıq beynimdə.Amma bunu damağımda qalmış bir dad kimi, qəlbimi isidən uzaq bir xəyal kimi xatırlayıram. Sonra məktəbə başladım. Bir çox şeydə özümü minnətdar hiss etdiyim canım nənəm kitab oxumağa olan sevgimin ilk toxumlarının cücərməsində ən böyük dəstəkcim oldu.Bağçada tibb bacısı olan nənəm bağçaya uşaq qoyan valideynlərdən birinin kitabxanaçı olduğunu öyrənmiş, ondan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. Beləliklə anamın mənə sirli-sehirli görünən biologiya kitablarından sonra ilk dəfə yaşıma və maraq dairəmə uyğun uşaq kitabları ilə tanışdım.
    O kitabxanadan mənə uzun illər bir-birindən maraqlı kitablar gələcəkdi bəlkə...Amma müharibənin başlaması bütün xəyal və arzular kimi bu istəyi də yarım qoydu...Kitabxanadan 3 kitab mənə hədiyyə qaldı. Çünkü öz torpaqlarımızdan ayrı düşmüş, kim bilir bəlkə də həmin kitabxanadan geriyə salamat qalan çox az kitablardan 3-ü mənimlə birgə didərgin olmuşdu.Uzun müddət onlar mənə doğulduğum torpaqlardan, uşaqlığımdan şirin xatirə kimi sirdaş oldular. Lakin çox təəssüf ki, ordan-ora köçərkən bir çox şey kimi kitablarım da itib getdi.Amma adları hələ də yadımdadı : " Ü-ü-ü" , "Əkil-Bəkil" , "Qəbirstanlığa gedən yol"...
       Sonra bir müddət kitab oxumaq yada düşmədi.Çünkü daha önəmli problemlərimiz vardı. Harda yaşayacaq, necə yaşayacaq, necə dolanacaqdıq...
      Bakıya köçüb artıq sabit bir məkana qovuşduqdan, normal insanlar kimi həyatımızı davam etdirə biləcəyimizi yavaş-yavaş, yaşayaraq öyrənməyə başladıqdan, məktəbdə özümüzü uşaqlar arasında qərib hiss etməyi tərgitdikdən sonra yenidən kitab sevdası baş qaldırdı içimdə. Məktəbi bitirməyə az qalmış son illərdə bu sevda kuliminasiya nöqtəsində idi. Ədəbiyyat kabinetindəki bütün kitabları müəllimədən icazə alaraq bir-bir evə aparıb oxuyaraq bitirmişdim. Sinifdəki qızlar mənə bələd olduqlarından bir-birinə kitabı gizli ötürürdülər. Bilirdilər ki, xəbər tutan kimi yalvar-yaxar tutub əllərindən alıb, söz verdiyim kimi bir gecədə oxuyub qaytaracaqdım.  
         Rəbbimin hikməti...Elə oldu ki, 11-ci sinifdə Tibb universitetinə hazırlaşmaqdan vaz keçib, üçüncü qrupa hazırlandım. Universitetin filologiya fakültəsini qazandım. Tələbə olduğum zaman bu ixtisası seçməklə nə qədər doğru qərar verdiyimi bir daha anladım. Ən çox sevindiyim hal isə dərslərlə əlaqədar, antik yunan ədəbiyyatından tut, sovet, avropa, türk xalqları və başqa bir çox ədəbiyyat nümunələrini oxuyub tanıma fürsətim oldu. Həmin illərdə can yoldaşımın mənim üçün kitabxanaları gəzib siyahıdakı kitabların hamısını tapıb gətirməyə çalışması da təqdirəlayiq bir hal idi təbii ki. Burdan ona da təşəkkürlər. Beləcə kitablarla daha da yaxınlaşdıq. Universiteti bitirdikdən sonra da fasilələrlə də olsa kitab oxumaqdan yan qaçmadım. Əlimə keçdikcə bədii, dini hər mövzuda kitab oxudum. Sonradan magistraturada dil üzrə mütəxəssisləşdiyim üçün daha çox dərs kitabları həmdəmim oldu. Magistratura bir az məni ədəbiyyatdan uzaq saldı doğrusu. Sonradan başqa bir ölkəyə 6 aylıq səfər və yeni bir körpəmin dünyaya gəlməsi məni kitablar aləmindən daha da bir qaçaq saldı. Arada oxuduğum ingilis dilində bir neçə sadə kitabları, 1-2 dini kitab və təzəlikcə oxuduğum "Qan ləkəsi" adlı əsəri nəzərə almasaq 1 ildir düz-əməlli kitab oxuya bilməmişəm deyə bilərəm. Lakin bu yeni ilin başlanğıcında bu il yenidən bol-bol kitab oxumağı qarşıma ciddi bir məqsəd olaraq qoydum.Xüsusilə də mənə çox yad olan müasir ədəbiyyat nümunələrini oxuyub bu ədəbiyyat haqqında müəyyən anlayışlara sahib olmaq ən böyük amalım. Sağ olsun ki, bu işdə mənə kömək edəcək bir tanışımız var. Kitabları o mənim üçün təmin edəcək. Mənə də qalır oxumaq. Universitetin son illərində oxuduğum əsərlərin qısa məzmununu kiçik bir bloknotuma qeyd edirdim.Bu əsəri yadımda saxlamağa çox kömək olmuşdu. Bu dəfə isə oxuduqlarımla bağlı təəssüratlarımı bloqumda yazmağa qərarlıyam. Bunu səbir və səbatla davam etdirəcəyimi ümid edirəm. Bu qədər...Mənə kitab oxumaqda uğurlar...Yeni bir yazıda görüşmək diləyi ilə...










2 yorum:

  1. Kitaplar Kitaplar Hayatlar hikayeler hepsi içinde hepsi bizdenler :) Güzel yazı Okurken biraz zorlandım ama yine de değdi :)

    YanıtlaSil
  2. Kitablar bizi dünyanın sıxıntılarından uzaqlaşdırıb yeni aləmlərə götürən vasitələrdir əslində. Xoş kitab oxumağı sevənlərin halına. Çətinlik çəkdiyiniz halda yazımı oxuma gayretində bulunduğunuz üçün təşəkkürlər:)

    YanıtlaSil