6 Şubat 2016 Cumartesi

Ah bu analar...





      Hər keçən gündə, yaşımıza yaş qalanıb əbədi dünyamıza bir addım da yaxınlaşdıqca yeni-yeni şeylər öyrənib, yeni-yeni kəşflər edirik.Həyatın hər sahəsində əldə etdiyimiz yeni təcrübələr bizi təəccübləndirməyə bilməz.Çünkü hər şeyin mahiyyətinə vardığını düşündüyümüz anda etdiyimiz yeni bir kəşf əslində məzara qədər öyrənəcək çox şeyimizin olduğundan xəbər verir."Kəşf" deyirəm...Bəli məhz "kəşf"...Biz bəlkə Amerikanı kəşf eləmirik amma, tanışdığımız və xasiyyətini tanımağa başladığımız hər bir kəs yeni bir dünya deyilmi?! Rəbbimin sonsuz hikmət və qüdrətlərindən biri: eyni materialdan-ətdən, sümükdən, qandan ibarət olan insanların bu qədər müxtəlif xarakterlərə malik olmaları məni heyrətləndirən səbəblər içərisindədir. Xasiyyətlər fərqli, arzular fərqli, həyata baxışlar fərqli...

       Diqqətimi son zamanlar eyni adı daşıyıb, lakin rolunu tamamilə bir-birindən fərqli ifa edən analar çəkir. Analıq məncə qadının ən qutsal vəzifəsidir.Rəbbim cənnəti onların ayaqlarının altına məhz buna görə sərməyibmi?! Hər birisi övladı üçün canından keçməyə heç tərəddüt etmədən razı olar.Bütün analar fədakardırlar, övladlarının qoruyucu mələyidirlər. Lakin hər ananın sevgisini izhar şəkli, övladını tərbiyə şəkli fərqlidir. Bəllidir ki, bu rəngarənglik də məhz xarakter müxtəlifliyindən yaranır.  
        Məsələn, tanıdığım, müşahidə etdiyim anaların bir qisminə kənardan baxanda məndə belə təəssürat oyanır ki, sanki bu xanımların həyatda övladlarından başqa heç kimi, onların qayğısını çəkməkdən başqa heç bir işi yoxdur. Çünkü bu anaların bütün günü övladlarının üzərinə proqramlanır. Onların yemək, yatmaq,oyun saatları bir dəqiqə də oynaya bilməz yerindən. Bu analar hər dəqiqə başı uşağın belinə əlini salıb tərini yoxlayırlar ki, bir parça bezi kürəklərinə qoysun və ya alt köynəyini dəyişdirsinlər.Elə bil uşağın sağlamlığı bütünlükdə o bir parça bezdən asılıdır:) Hələ uşağın yemək saatı tam bir işgəncədir. Oynamadıqları oyun, qabağına tökmədikləri əşya qalmır.Məqsəd bir loxma çörəyi uşağın ağzına qoymaqdır. Bu analar övladları ilə bir yerə qonaq getdikdə bütün ehtimalları düşünüb bir həftə qonaq qalacaqmış qədər övladına pal-paltar, əşya ehtiyatı götürür. Övladının digər uşaqlarla oynaması ona çox təhlükəli görünür.O anda ola biləcək bütün fəlakətləri gözünün önündən keçirir.
      Bir də uşağa özü qədər sərbəstlik haqqı verən analar var ki, bir başqa aləmdir onlar.Övladlarının evdəki bütün divarları rəsm albomuna çevirməyinimi deyim, gecə saat 2-lərə qədər yatmıram deyib valideynləri ilə oturmağınamı, mən bunu yemirəm deyib hər dəfəsində ikinci çeşid yeməyi bişirtdirməsinimi...Və təbii ki bütün bu əziyyətlərə qatlanan yenə də anadır... Hətta bəziləri övladına o qədər sərbəstlik verir ki, qonaq getdikləri ev sahibinin ən dəyərli əşyasını qıran balasına güldən ağır söz deməyə, onu yüngül də olsa tənbeh etməyə belə qıymır və bayaqdan boğaza yığılıb, dişi bağırsağını kəsən ev yiyəsini bir az da yandırıb-yaxır.
      Bunlar sadəcə bir-iki nümunədir. Bu maraqlı siyahını bir az da uzatmaq olar.Amma bu yazı da çox uzanmış olacaq o zaman.
     Mən bununla qəti yazdığım xasiyyətləri daşıyan anaları tənqid etmək fikrində deyiləm.Dörd övlad böyütdüyümə baxmayaraq heç vaxt bu haqqı özümdə görməmişəm. Çünkü başda da qeyd etdiyim kimi hər kəsin həyata baxışı fərqlidir.Həmçinin hər bir ananın övladına davranışında özünün böyüdülmə tərz və şəraiti də çox mühüm rol oynayır ki, bu başqa bir yazının mövzusudur artıq. Mən sadəcə öz fikirlərimi bölüşürəm. Bu fikirlər mənə görə doğru bir başqasına görə yalnış görünə bilər.
     Müasir pedaqoq və psixoloqların bir çoxu uşaqlara sərbəstlik verilməsindən yana olsalar da açıqcası bu mənə o qədər də məntiqli gəlmir.
      Rəbbim Qurani-Kərimdə bizə hər zaman orta yolu tövsiyə edir. Həyatımızın hər bir sahəsinə bunu şamil edə bilərik. Eləcə də analığa...
      Məncə övladlarımıza verdiyimiz sərbəstliyin də, göstərdiyimiz fədakarlığın da mütləq bir ölçüsü olmalıdır. Övlad bizim həyatımızın ən dəyərli parçasıdır.Amma diqqət edək "parçasıdır". Bütünlükdə həyatımız demək deyil.
      Biz bu dünyaya çox ali məqsədlər üçün göndərilmişik - Təkamül edərək ən yüksək məqamı, kamil insan mərtəbəsini, Rəbbimizin rızasını, nəticədə də Cənnəti qazanmaq üçün... Bunları qazanmaq üçün bizə verilən bütün əmanətlərə layiqincə sahib çıxmaq, O'nun rızasını qazanacaq çərçivədə davranmaq lazımdır. İlk başda canımız, həyat yoldaşımız, malımız, işimiz, ana-atamız, əqrabalarımız və eləcə də övladımız bu əmanətlərdən bir neçəsidir. Bunlardan hər hansı birinə dəyərindən artıq qiymət verib üstündə əsdiyimiz zaman Rəbbim mütləq cəza olaraq imtahanımızı da həmin tərəfdən çəkdirir.
    Dilimdə əzbər olmuş bir duam var "Rəbbim sən bizi övlad acısı ilə imtahan etmə"...
Rəbbim heç bir ananı övladı ilə imtahan etməsin inşallah...Bunun üçün də gəlin orta yolda olaq...
   İfratdan və təfritdən uzaq orta yolda... Övladımızı Rəbbimizin ən böyük lütfü olaraq görək, onun bütün qayğılarını çəkək, qəlbimizdəki sevgini olduğu kimi aşılayaq, həyatı həm ona, həm də özümüzə gözəlləşdirək...Amma ətrafımızdakıları unudub sadəcə övladımıza bağlanıb onun hər addımını izləyib, yeməyinə, oyununa, əldə etdiyi dostlarına, seçəcəyi ixtisasa, qısacası hər şeyinə xeyrini düşündüyümüz üçün müdaxilə edərkən əslində həyatı həm övladımız, həm də özümüz üçün çətinləşdirdiyimizi unutmayaq...
     Onlar üçün əlimizdən gələn gözəl işin bolca dua etmək olduğunu da unutmayaq...
    Sevgilərlə...




4 yorum:

  1. Gozel ve maraqli bir yazi cox beyendim.

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkürlər bacı. Bəyənmənə sevindim..

      Sil
  2. Çok anlamli bir yazi olmus 😊

    YanıtlaSil
    Yanıtlar
    1. Niye ise men yorumunuzu indi görürem😑
      Teşekkür edirem.❤

      Sil