22 Eylül 2016 Perşembe

Mücərrəd dünyanın inciləri 1 - Sevgi

 

     Birinə bənd olursunuz ... Ya ilk baxışdan, ya da müəyyən müddətdə... Yavaş-yavaş hər şey dəyişir sizin üçün, həyat daha anlamlı, daha yaşanılır gəlir artıq... İndiyə qədər mənasız bir ömür yaşadığınızı düşünürsünüz... Sonra bənd olduğunuz aşiq olduğunuz insana çevrilir... Artıq onun varlığı bütün həyatınızı istila edir... Xəyallarınız, düşüncələriniz, yuxularınız bütünlükdə ondan ibarət olur... Hər an yanınızda, hər an qəlbinizdədir... Şahid olduğunuz bütün hadisələri qəlbinizdə onunla paylaşırsınız, dinlədiyiniz bütün musiqilərin sanki sadəcə siz ikinizə həsr edildiyini düşünüb heyrətlənirsiniz, baxdığınız hər simada onun cizgilərini arayırsınız... Hər kəs, hər şey sizə onu xatırladır... Onu hər gördüyünüzdə qəlbiniz yerindən oynayır, içinizdə bir həyəcan çağlayır... Səsi, gülüşü, danışığı, hər şeyi sizə qeyri-adi dərəcədə gözəl görünür... Hamıya ondan danışmaq istəyirsiniz ... Bəzən də onun sadəcə sizin, sizin isə onun üçün yaradıldığını düşünürsünüz... Könül dünyalarınız bir-birinə görülməz simlərlə bağlıymış kimi hiss edirsiniz... Eyni duyğuları yaşayıb, eyni hissiyatı paylaşırsınız sanki... Heç kimin anlamayacağı, sadəcə sizin ikinizə məxsus olan hissləri...

    Sonra yavaş-yavaş ondan ayrı qaldığınız hər an böyük bir iztiraba çevrilir sizin üçün... Daim yanında olmaq istəyirsiniz... Və sizə həyatı anlamlı qılan bu eşq artıq ağrılı bir əzaba çevrilir... Həyəcanlı, sevincli əhval-ruhiyyə, öz yerini göz yaşı, kədər, həyatdan küsmüşlüyə buraxır... Hər kəsdən, hər şeydən yorulursunuz, həyat tam mənası ilə mənasızlaşır, az danışan, az gülən, heç nədən zövq almayan bir insana çevrilirsiniz ... Nəticəmi???
   Ya qarşılıqsız bir eşqin, qovuşa bilmədiyiniz sevginin əzbını ömrünüzün sonuna qədər yaşayırsınız... Ara-bir yara üz bağlayıb, qaysağlasa da sevgi ilə bağlı ən kiçik nüans təkrar onu qanatmağa yetir... Beləcə bir ömür yaralı bir qəlblə yaşamaq məcburiyyətində qalırsınız...
   Ya da xəyallarınız gerçək olur... Ona qovuşursunuz... Bir müddət nağıllar aləmində hiss edirsiniz özünüzü... Bütün əzablar bitdi zənn edirsiniz... Artıq siz ona aidsiniz, o isə sizə... Hər şey istədiyiniz kimidir... O həmişə yanınızdadır... Sonra onu daha da yaxından tanımağa başlayırsınız... Tanıdıqca gözünüzdə zirvələrə ucaltdığınız, hər şeydən, hər kəsdən çox dəyər verdiyiniz, yaşamınızı, həyatınızı bütünlüklə varlığına bağladığınız bu adamın hər kəs kimi qüsurları olan, hətta sizin heç sevmədiyiniz bir sıra xüsusiyyətləri özündə daşıyan adi bir insan olduğunun fərqinə varırsınız...Günlərlə özünüzün də anlam verə bilmədən onun üçün axıtdığınız göz yaşlarınıza, həyəcanlı, həzin sevinc hissi ilə atan, çox iztirab çəkmiş qəlbinizə yazığınız gəlir... Həyat yenə də anlamsızlaşır... Keşməkeşlərlə başınızı qatan, sizi məşğul edən eşqinizə min bir əziyyətlə qovuşduqdan sonra yaşamaq üçün bir stimul qalmır sanki... Nəticə hər iki halda hüsran, hər iki halda xəyal qırıqlığı...
     Onu sevib, Ona yönəldiyiniz zaman heç vaxt xəyal qırıqlığına uğramayacağınıza əmin ola biləcəyiniz; Sevərkən həyatınızın əsl mənası ilə anlam qazandığı, əsl mənası ilə dəyərliləşdiyi; Onu sevərkən deyil hər kəsdən, hər şeydən küsmək əksinə bütünlükdə kainatı da sevməyə başlayacağınız; Bu sevgi sayəsində bütün kainatın da sizi sevəcəyi; Qəlbinizdəki həyəcanın ömrünüzün sonuna qədər heç bitməyəcəyi; Qovuşduqdan sonra isə xoş duyğularınızın, sevginizin qatbaqat artacağıHətta bu eşqin mükafatı olaraq sizə müxtəlif sürprizlər hazırlayıb, hədiyyələr təqdim edəcək,  əsl Sevgiliyə qəlbinizi vermək necə, istəməzsinizmi? Onu sevərək həyatın bütün çətinliklərinə sinə gərmək, istəməzsinizmi? Ürəyinizi onun eşqi ilə doldurub qalanları da " yaradılanı, yaradandan ötrü sevmək" məntiqi ilə sevib, beləcə hər cür vəfasız və sədaqətsizliklə qarşılaşmaqdan özünüzü sığortalamaq istəməzsinizmi?
   Kim istəməz ki???
   Cəhd edək, bunun üçün çalışaq, bəlkə Onun sevgisini tam anlamıyla hiss etdiyimiz zaman qəlbimizdəki digər cılız sevgilərə də yer qalmaz, sıxışıb çıxar... Nəhayətində bu sevginin qarşılığında bəlkə biz də Onun sevgisini qazanarıq ki, nəticəsini siz düşünün...
     Hər kəsə layiq olanı, doğru sevmək arzusu ilə...
 

2 yorum:

  1. Esl sevgi Yaradani sevmek,yaradandan otru yaradilani sevmektir. Yaradanin sevdiyi qullardan ola bilmek,gercek sevgini dadmaq arzusu ve duasiyla...

    YanıtlaSil
  2. Doğrudur bacı. Rəbbim hər birimizə gerçək eşqi daddırsın inşallah...

    YanıtlaSil