15 Kasım 2016 Salı

Sarı gəlin

      Rəbbimin öz qüdrətli sənətini sərgilədiyi təbiətə vurğun olduğumu qeyd etmişdim. Bu təbiətin hər mövsümdə fərqli ab-hava, fərqli ovqat və fərqli rəngə bürünməsi isə başlı başına bir möcüzədir... Hər fəsildə hiss etdiklərimi, internetdən topladığım ən gözəl rəsmləri ilə təqdim etmək istəyirəm. İlk fəslimiz isə gözəlliyinin dəyərini yeni hiss etməyə başladığım xəzan fəsli - qızıl payızdır...


      Təbiətin hüzünlü, nisgilli, qırıq qəlbli, nazlı, bir o qədər də ecazkar, cazibədar bir gəlinidir payız fəsli... Eynən Sarı gəlin kimi... Elə sirli-sehirli bir fəsildir ki, yaşa dolub müdrikləşdikcə gözəlliyinin fərqinə varırsan... Hələ qanın coşğun vaxtı, gənc yaşda olanlara sadəcə özünün buludlu, yağışlı, palçıqlı boz üzünü göstərən bu qeyri-adi mövsüm yaş irəlləyib kamala ərdikcə bir-bir pərdələri qaldırır gözlərimizdən... Kim bilir, bəlkə də səbəbi payızın özünün də təbiətin müdrik çağı olduğuna görədir...
     Özünün alışıb yanan sarı, qırmızı, qızılı rəng ahəngi ilə hördüyü mistik çələngi ilə,  torpaq və xəzəl qoxusundan yoğrulmuş ən mükəmməl ətri ilə, rüzgarın hər toxunuşunda aralarında pıçıldaşan, ayaq altında qaldıqca  qurumuş yarpaqların bir musiqi ədası ilə könüllərə xoş ovqat, rahatlıq gətirən xışıltısı ilə qəlbimizdə özünə taxt qurur təbiətin bu Sarı gəlini... 
      Payız sevgi fəslidir - yeni sevgilərin başladığı, 

keçmiş sevgilərin yada düşüb sinələri dağladığı, 
solan çiçəklərin ölən eşqlərə, tökülən yarpaqların uçub gedən xoş günlərə, yağan yağmurları axıtdığımız göz yaşlarına bənzədəcək qədər romantikləşdirdiyi duyğulu bir fəsil...
      Payız rənglər fəslidir - bəzən alov olub aləmə qığılcım səpərcəsinə qırmızı, 
bəzən günəş olub parlaq işığı ilə gözləri qamaşdıracaq qədər sarı, 
bəzən portağal olub ətrafı ecazkar rahiyəsi ilə bürüyəcəkmış kimi narıncı,

 bəzən də Qüdrətli rəssamın tilsimli fırçasından çıxmış, bütün rəng çalarlarını göstərən mükəmməl əsər olaraq rəngarəng bir fəsil...

      Payız yollar fəslidir - solan çiçəkləri, tökülən  yarpaqları, yanıb saralan otları ilə həyatda əlindəkilərini itirib hər şey bitdi zənn edənlərə əslində o bitişdə də bir nemətin, gözəlliyin olduğunu göstərən çıxış yolu,

coşğun bir bahar, çılğın bir yaydan sonra gətirdiyi səssizlik və sakitliklə  gəncliyi əlindən çıxmış bununla barışa bilməyənlərə əbədi gəncliyə doğru bir addım qaldığını göstərən keçid yolu,

yollara naxış salan qızılı yarpaqları ilə arxaya dönüb baxdığımızda qəlbimizdə yara açmaqla ömür dəftərimizdə  dərin iz salan insanların və hadisələrin belə o naxışların arasından bir naxış, bir rəng olduğunu gördüyümüz həyat yolunu göstərən bir fəsil...
Payız günəşin fəsildir - istisi və işığı zəifləmiş olsa da bu qızılı son bahardan güc alan,

şüalarını sarılı-qırmızılı yarpaqların arasından keçirərək sanki onları beləcə itiləyib qəlblərə sancan,

ağacların başından ələdiyi nurları ilə gözəlliyini ən gözəl şəkildə sübut edən,

bəzən də budaqların arasındə şıltaq uşaq kimi gizlənqaç oynayan nazlı günəşin fəsli...

Payız yalnızlığın fəslidir - üstündə oturulan, yan-yörəsində ora-bura qaçan uşaqların, söhbət edən böyüklərin əvəzinə qurumuş yarpaqları özünə sirdaş etmiş park oturacaqlarının

hər zaman sevilib, ətrafında dörd dolanılan, bir az yaşı ötdükdən sonra xatirələrə sarılan qadınları,

vaxtılə sözü qanun olub, daşdan çörək çıxarıb övladlarını xoş gün görsünlər deyə heç nəyə, heç kimə möhtac etmədən böyüdüb, lakin, ahıl yaşında qocalar evində gözünü qapıya dikmiş ataları xatırladan yalnızlığın fəsli...

Payız şəffaf suların fəslidir- yazda bulanıb, yayda çirklənən suların durulduğu kimi,

gəncliyində etdiyi xətaları yaşa dolduqca anlayıb özünə çəki-düzən verənlərə bənzər,

 özünü görmək üçün üzərinə boylanıb baxan təbiətin rəng zənginliyini  eynilə göstərdiyi kimi, eyibləri olduğu kimi qüsursuz göstərən qəlb zəngini bir dostun aynasına bənzər suların fəsli...

Təbiətin Sarı gəlini haqqında daha çox şeylər söyləmək olar, hər rəngindən yola çıxıb fərqli xəyal aləmlərinə qapı açmaq,  hər birisi haqqında duyğularını səhifələrə töküb bitirmək olduqca çox zaman istəyir... Bir post üçün bu qədəri belə çoxdur məncə... Sonda payız haqqında söylənmiş gözəl düşüncələri paylaşaraq bitirirəm. Hər birimizə payız müdrikliyi arzusuyla...
      Yaprak sıkılmıştı ağaçdan, bahaneydi sonbahar...
                                      Necip Fazıl Kısakürek

       Bırakın hayat ilkbahar, ölüm de dökülen sonbahar yaprakları gibi olsun...
                                                      Togore
     
 Bir ölüm vefalı, bir de sonbahar
                                        Cahid Zarifoğlu

Fani ömür biter, bir uzun sonbahar olur...
                                   Yahya Kemal

Sonbahar dağların tepesinden, batacak güneşe benzer.
Artık vakit çok dar, yaşlanmış göçüp gidecek eşe benzer.
Hayali geç kalmış, asla gerçekleşmeyecek düşe benzer.
Beşer hayallerle  koşarken, yarım kalacak işe benzer.
                                    Tarık Torun
Autumn show us how beautiful it is to let things go
(Payız  bəzi şeylərin bizi tərk edib getməsinə izin verməyin də nə qədər gözəl ola biləcəyini göstərir)

Autumn the year's last loveliest smile
(Payız ilin son sevgi dolu gülümsəməsidir)
                                                  William P.

And the sun took a step back, the leaves lulleid is to  themselves to sleep. And autumn was awakened.
( Və günəş bir addım geri atdı, yarpaqlar yuxuya getmək üçün uyuşdular. Və payız oyandı.)
                                     Raquel Franco

I am such an Autumn person. Give me a quite cozy spot with a view of the changing trees on a crisp, late September day, a warm drink, a good book, I will be in all my glory.

(Mən payız adamıyam. Mənə  sentyabrın son günlərində kövrəkləşən ağacları görə biləcəyim sakit və rahat bir yer, isti bir içəcək və yaxşı bir kitab verin. Bu mənim xoşbəxt hiss etməyim üçün kifayətdir.)
                                                    Word Porn

Delicious autumn! My very soul is wedded to it, and if I were a bird I would fly about the Earth seeking the successive autumns.
( Nəfis payız! Mənim ruhum onunla huzur bulur və əgər mən quş olsaydım payızı ard-arda görmək üçün Yer üzünü dolanardım.)
Georgie Eliot.


PS: Bütün rəsmlər Pinteresdən götürülüb.


4 yorum:

  1. Çok güzel bir sonbahar yazısı olmuş. Kaleminize sağlık. Hele "Bir ölüm vefalı, bir de sonbahar" (Cahid Zarifoğlu),"Fani ömür biter, bir uzun sonbahar olur..." (Yahya Kemal) ifadeleri çok hoş.
    Azerice yazılmış bir metni okumak hepsinden güzeldi.

    YanıtlaSil
  2. Çox təşəkkür edirəm. Bir ədəbiyyatçının yazımı bəyənməsi sevindirdi məni. İfadələri mən də çox bəyəndiyim üçün laqeyd qala bilmədim. Burda da yer alsın istədim. Azəri türkcəsinin bir türk tərəfindən rahat anlaşıldığını bilmək də bizim üçün çox gözəl oldu. Sayqılar...

    YanıtlaSil
  3. Heyratamiz tebietin yaziyla bu qeder gozel anladilmasina sadece masallah deyirem.Tefekkurun derin,qelemin iti olsun,ardi gelsin.Oxuduqca inan ki,ruhum ddinceldi....

    YanıtlaSil
    Yanıtlar
    1. Çox çox sevindim bacı beyenmene. Ve üzüldüm yorumunu gec gördüyüme. Teşekkür edirem gözel dileklerin üçün. Sevgiler.❤❤

      Sil