6 Ocak 2017 Cuma

Mövlud Süleymanlı - Köç

   

                          

     Utanaraq da olsa qeyd edim ki, Mövlud Süleymanlı adını eşidib heç bir əsərləri ilə tanış olmadığım bir yazıçı idi. Ta ki, onun oxumağım üçün məsləhət görülən "Üç roman" adlı kitabı gəlib əlimə çatanacan. Adından da məlum olduğu kimi kitab üç romandan ibarətdir.  Lakin mən sadəcə birinci romanı həyatımda ilk dəfə kaş ki bitməsəydi dediyim "Köç"ü indicə bitirdim. Əsərdən o qədər çox təsirləndim ki, bu təsir keçməmiş, həmən təəsürat və hisslərimi yazmaq istədim. Hər əsərə ayrıca post yazmaq daha yaxşı olacaq zənnimcə. Belə həm yazı çox uzanmaz, həm də hər əsər haqqındakı təəssüratlarımı ətraflı bir şəkildə yazmış olacam. Hisslərim soyumadan keçək əsər haqqındakı düşüncələrimə...

  Oxuduqca insana elə gəlir ki, yazıçı əsəri heç dayanmadan, düşünmədən düzəliş etmədən, aldığı möhtəşəm bir ilhamla bir nəfəsə yazıb... Çünki oxuduqca dayanmaq istəmirsən, sözlər elə axır ki, səni alıb götürür...Və maraqlıdır ki, alışılmışlığın əksinə bu axıntı səni əks istiqamətə - sona deyil,  əvvələ alıb götürür...
Köç ilə sözün sirrinin, sehrinin tilsiminə elə düşürsən ki, bir anda oxuduğunu unudursan... Sözlərin içində axırsan... Axa-axa yüz illiklər öncəsinə gedirsən... Qarakəllələrin dədə -babası ilə çiyin-çiyinə köç edirsən... Yollar keçib, dağlar aşırsan... Gəzib-gəzib Əyriqara çatırsan... Ocaq yandırıb, yurd qurursan... Qanıqoğulları ilə düşmən olub, kin bəsləyirsən... Qurtan ağanın cah-cəlalına uzaqdan baxıb nifrətlə köks ötürürsən... Ölən hər qarakəlləyə ağlayıb, doğulan hər qarakəllə ilə bir daha ümidlə bağlanırsan dünyaya... İmirin yuxuları ilə qanın çəkilib, Hürü nənənin duaları və gözyaşları ilə özünə gəlirsən... Bəkilin ulu babası Alayı xatırladan əzəmətinə qürurla baxıb, Domrulun qismətinə qeyzlənirsən... Qayıdıb gələn Ardıcla, Oralın törəmələriylə ürəyində yığılıb qalan hönkürtülər, boğazında tıxanıb qalan hıçqırıqlar muma dönüb, ovxalanıb içinə tökülür... Orda köz bağlamış yaralarına məlhəm olur...
     Köç ilə adət-ənənələrin, türkəçarələrin, milli kimliyimizin kökünə gedib çıxırsan... 
     Köç ilə ilk paxıllığın, ilk oğurluğun, ilk peşmançılığın, ilk düşmənçiliyin, ilk yalançılığın, ilk yaltaqlığın, ilk satqınlığın və daha bir çox ilklərin ucunu yaxalayırsan...
    Sadəcə bu mu? Deyil!!!
    Köç dilimizin küncdə-bucaqda qalmış, tərk edilmiş, qədri bilinməyən sözlərini, kəlmələrini dartıb gün işığına çıxarır... Köç ilə dilimizin zənginliyinə, axıcılığına, sehrinə heyrətlənib bayatılaşırsan, dastanlaşırsan... Köç ilə şeirləşib, musiqiləşirsən... Köç ilə tarixiləşirsən, müasirləşirsən...
   Bilmirəm daha necə yazım ki, öz hisslərimi tam şəkildə təsvir edə bilim?! İndiyə qədər "Köç"ü oxumadığım üçün təəssüflənirəm. Sanki qəlbimə yaxın, bir-birimizi ən yaxşı anladığımız bir dostuma vəfasızlıq etmiş, onu arayıb-axtarmamış kimi... Görəsən daha neçə dostum var belə varlığından xəbərsiz olduğum???
    Digər iki romanı bir an öncə oxuyub qurtarmaq üçün səbirsizlənirəm. Onlar da eyni təəssürat oyadacaqmı məndə? Kim bilir? Oxuyaq görərik.
    
Sevgilər...

10 yorum:

  1. Benim de sayfam yeni sizi sayfamı takip etmeye davet ediyorum kardeşim..:)

    YanıtlaSil
    Yanıtlar
    1. Xeyirli uğurlu olsun inşallah. Məmnuniyyətlə mən də həmən gəlirəm ziyarətinə.

      Sil
  2. Ay MaşaAllah,ne gözel ifade etmisen.cox merak oyandırdın bu kitaba qarşı mende .ilk fürsetde oxumaga çalışacam mende...goresen istediyimiz bedii eseri internetden oxumaq olurmu??

    YanıtlaSil
    Yanıtlar
    1. Hə bacı çox fərqli əsər idi.Bilmirəm hər kəs eyni təəssürat yaşayarmı? Amma mən çox təsirləndim. Oxuyanda özümü əsərin içində hiss edirdim.İnternet məsələsi mənə də maraqlıdı. Araşdıraq məncə.

      Sil
  3. Yazı ile öğrenmiş oldum. Teşekkürler.

    YanıtlaSil
    Yanıtlar
    1. Bizdə türk yazıçıları çox oxunur. Kaş ki, Türkiyədə də Azərbaycanlı yazıçılar tanınsa.Çox bəyənəcəyinizdən əminəm bizim əsərləri.Mən təşəkkür edirəm ziyarətiniz üçün.

      Sil
  4. duymamıştım yazarı bi bakıyım. ama sen ne güzel yazıyon bi de yaa :)

    YanıtlaSil
    Yanıtlar
    1. Kaş ki, bizim yazıçılardan bəzilərini oxuma şansınız olsa. Gələcəkdə bloqda çəkiliş edib qazanana bizim yazıçıların kitabındanmı göndərsəm əcaba? İltifatınız üçün çox-çox təşəkkürlər...

      Sil
  5. Oldukça merak ettim bir bakacağım:))

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah siz də sevərsiniz.Sevgilər...

      Sil