30 Nisan 2020 Perşembe

Həmidə nənə



- 11 övlad böyütmüşəm.... dedi,... nə bilim?! 

"Nə bilim?!" ... 

   İki kəliməlik bir ifadəyə nələr sığdırmırdı Həmidə nənə... 
İllərin əziyyəti, yorğunluğu, qayğıları və incikliyi... Fəda etdiyi bütün ömrünün səmərəsiz nəticəsi... 

-18 yaşında gəlin gəlmişəm bu həyətə... Bağ salmışdım, bostan becərirdim, bir dəqiqə oturmurdum vallah, bircə dəqiqə də... 

  Baxımsız, sahibsiz qalmış, otu dizə çıxmış bağ bostanının xəcalətini çəkir bu yaşında, yerindən dura bilməməyinin üzürxahlığını edir bizə Həmidə nənə...

   "11 övlad..." Dodaqları içində qeyb olmuş, dibsiz bir quyunu andıran  dişsiz ağzından asta-asta, zəif çıxan səsi ilə onu yoxlamağa gələn qonaqların darıxmaması üçün ordan burdan danışan nənənin söhbətinə qulaq asa-asa ətrafı gözdən keçirirəm hiss etdirmədən. "11 övlad" deyə hayqırıb heç susmayan iç səsimlə... 

   Otağın alatoran havası ürək sıxır. Şüşəbəndə açılan kirli, yerdən pəncərələr pərdəsizdir nə yaxşı ki... Heç olmasa işıq düşür... 

   Yeri örtmək üçün sərilmiş hissə-hissə köhnə kovralit və xalçaların üstü yəqin ki, aylardır süpürülmür... 

   Küncdə üç stul yanyana qoyulub, üzərində çox güman ki, içində nənənin paltarları olan parça bir çanta, iki ədəd də üzü kirli yastıq... 

   Bir divara niyə isə başdan başa nə vaxtsa ağ olmuş indi isə kirdən bozarmış tül çəkilib... Üstündə bu otaqda ən çox diqqətimi çəkən bir şey var - nənənin asılqandan asılan bir əlbisəsi... Görəsən bunu Həmidə nənə özümü asıb?.. Bəlkə də ən sevdiyi paltarıdır - qara, qısaqol, üzəri ağ güllü əlbisə... Yəqin ki, bütün qış orda asılı durub... Bu nənənin yaya çıxmaq   arzusudurmu? Yoxsa doğurdan da ən sevdiyi paltarının o çantadakıların arasında əzilməyinəmi qıymayıb?...

   Bir divarda üzərində elektrikli pilitə, yanında bankalarda bir şeylər, qab qaşıq... Bəzən özünə yemək bişirir burda nənə... 

   Bir divarın önündə isə nənənin çarpayısı.  Postelsiz yatağında durub oturub bizə görə... Önündə bir stul, üzərində kirli, yarısı su ilə dolu, içərisində 2-3 çay qaşığı olan bir stəkan. Yenə üstünə salfetka qoyulmuş kirli bir qəddan... Və bir boşqabda nənənin özü bişirdiyi, buz kimi soyumuş yağsız, quru, ağappaq plov...

   Qırışların arasında itmiş gözləri parıldayır nənənin danışdıqca... Hər kəlimənin arasına bir dünya dua sığdıraraq danışır... Həmsöhbət tapa bilməyin sevincini yaşayır... Öz yaşındakı qoca nənələri xəbər alır bir-bir...

   Gözümdə canlanır... Nənələrin gənc gəlin halları gəlib durur gözlərimin önündə... Zirək, qıvraq vücudları ilə hər işin öhdəsindən gələn - bütün gün ev-eşik, həyət baca ilə məşğul olub yorulsa da körpə balalarının gülümsəyən üzlərində özlərinə xoşbəxtlik tapan, toylarda bəzənib-düzənib, heç olmasa belə gündə özlərini qadın kimi hiss edən, evdən, qayınanadan bir-birlərinə şikayətlənən, övladlarını yedirən, geydirən, götür-qoylarını edən o gənc gəlinlərin indi başqalarının yedirməsinə, geydirməsinə möhtac, yeriyə bilmədikləri üçün bir kənd içində belə ancaq uzaqdan, başqaları vasitəsilə hal-əhval tutan nənələrə dönmüş halını gənc yaşımda müşahidə edərkən nələr gəlib keçmir ki beynimdən... 

   Həyat bundan ibarət olmamalıdır... Övladları üçün özündən, bütün zövqlərindən vaz keçmiş, həvəslərini basdırıb, hər şeyləri ilə fədakarlıq etmiş anaların, ataların sonu alatoran, tozlu otaqlarında ac, qayğıya möhtac, gözləri pəncərədə onu yoxlamağa gələcəklərin yolunu gözləməməlidir. Gözü başqalarından gələcək bir qab yeməkdə olmamalıdır... 

   Onun naz edən, "onu yemirəm, bunu yemirəm" deyib şıltaqlıq edən zamanıdır, necə ki, vaxtı ikən övladlarının nazını eynilə çəkmişdir... Valideynin övladının hər cür yükünü heç qarşılıq gözləmədən çəkdiyi halda valideyn niyə övlada bu qədər ağır gəlir bəs??? Anlamıram... Mən bunu anlamıram... 

   Ana-ata heç bir zaman mən bu uşağa yemək verib paltar alım, oxudum ki, o da gələcəkdə mənə baxsın deyə düşünmür... O sonrası məchul övladına tamamilə içdən gələn, qarşılıqsız sevgi ilə hər şeyini fəda edir...

   Övladın  bütün bu fədakarlığa şahid halı ilə bir ananın, bir atanın qayğısını çəkməyi özünə yük bilməsi anlaşılmazdır həqiqətən də, anlaşılmaz...

   Ah, Həmidə nənə... 18 yaşında gəlin gəlib, 11 övlad böyüdən, indi oğlu, gəlini, nəvələri ilə ömrünü sürdüyü köhnə evinin tozlu otağında tənha yaşamağa məhkum edilmiş, uzaqdakı qızının hər adını andığında ağlayıb, onu arzulayan Həmidə nənə, sən heç üzülmə... Həyatın bu anlaşılmaz, ədalətsiz qanunu sənin kimi neçə nənə-babaya işləyir bir bilsən... Səni  övladlarının anlamağına heç də çox qalmayıb... Həyat o qədər qısadır ki... 

   Yaşlı hallarında ürək sözlərini danışmaq üçün adam axtaranda sən düşəcəksən yadlarına... Qalxıb bir stəkan çay tökməyin çətinliyini yaşadıqlarında, sözləri qulaqardı edilib, istəkləri qarşılıqsız qaldıqlarında sən gəlib duracaqsan gözlərinin önündə...

   Ətrafdakılar öz dünyalarında yaşayıb, öz aləmlərinə onları almadıqlarında məcbur çəkildikləri dünyalarında uşaqlıq, gənclik xatirələri olacaq tək təsəlliləri... Onda gənc Həmidə ana onlara yemək yedirərkən, saçlarını darıyarkən, üst-başlarını geydirərkən görünəcək gözlərinə...

   Elə bir özləm dolacaq ki, qəlblərinə əl atıb sarılmaq istəyəcəklər sənə, şəfqətli ana qucağının istiliyini duymaq istəyəcəklər, eynən sənin indi duymaq istədiyin övlad qayğısı kimi... Amma o böyük boşluqdan əllərinə keçən yeganə bir şey olacaq - son nəfəslərini verənə qədər içlərində hər gün artan yanğı ilə  PEŞMANLIQ !!!


4 yorum: