10 Mart 2021 Çarşamba

Uşaq ədəbiyyatı 1

   Uşaqlarımıza kitabları sevdirmək üçün ilk öncə həmin kitablarla özümüz tanış olmalıyıq ki, övladımızı oxumağa yönəldərkən onların zövqünə xitab edən kitabları da tanımış olaq. Bu baxımdan mən ötən ilin dekabrında 15 günə 5 belə kitab oxudum. Və həqiqətən, xüsusən, kitab oxumağı sevən Saidimə bunun sayəsində hansı kitabın ona maraqlı gələcəyini bilib, oxuması üçün həmin kitablara yönəltdim. Nəticəsindən həm özüm, həm də balam razı qaldı. Bu arada Saidimin də arabir oxuduğu kitablarla bağlı düşüncələrini paylaşdığı blog səhifəsi var. Ora bir göz atıb, yazılarına yorum atsanız onu necə sevindirəcəyinizi təxmin belə edə bilməzsiniz😊

Saidimin bloq səhifəsi : readersaid10


Qeyd etdiyim kitablarla bağlı düşüncələrimi sizinlə də paylaşmaq istəyirəm.


1. Selma Laqerleyf / Nilsin vəhşi qazlarla qəribə səyahətləri.


   Yaramaz bir oğlan olan Nils həm ata-anasını, həm də evdə saxladıqları heyvanları zara gətirmişdir. Hər kəsi incidən, heç nəyi vecinə almayan bu uşağı ağıllandırmaq üçün nəsə etmək lazımdır. Budur bir meşə cırtdanını da incitdiyi üçün onun sehrinə məruz qalır və barmaq boyda bir uşağa çevrilir. Artıq öncələr at oynatdığı dünya onun üçün qorxu və təhlükələrlə dolu bir yerə çevrilmişdir. Nə hikmətdirsə, artıq heyvanların dilini də anlayır. İncitdiyi heyvanlar bütün elədiklərinin əvəzini çıxmaq istəyirlər. O isə uzun müddətdir vəhşi çöl qazlarına qoşulub başqa diyarlara uçmaq istəyən Martin adlı ev qazının belində uzaqlara qaçmağa müvəffəq olur. Artıq Nils üçün həm çətin bir səyahət, həm də bu yol boyunca bir çox imtahandan keçərək tərbiyələnmə və nəcibləşmə yolçuluğu başlayır. 

  Əsərin müəllifi Selma Leqarlöfün bu əsəri uşaqlara coğrafi bilikləri aşılamaq məqsədi ilə yazdığını bilirsinizmi?

  Biliklərlə yanaşı müəllif tərbiyəvi məsələləri də unutmayıb. Bu kitabda dostluğu, sevgini, fədakarlığı, əzmi, inamı, eyni zamanda deyərdim ki, empatiyanı maraqlı hadisələr fonunda təqdim edir bizlərə. Çətinlikdən keçən yolların sonda qazandırdıqlarını, müəyyən dəyərləri qazana bilmək üçün həyatın sınaqlarına sinə gərməyi öyrədir. Bu məziyyətləri övladınızda görmək istəyirsinizsə kitabı onlara oxudun.

  Əsər hər nə qədər uşaqlar üçün yazılsa da məncə böyüklərin də zövq alaraq oxuyacağı bir kitabdır. 8 yaşına qədər olan uşaqlar üçün bir az çətin gələ bilər. Lakin daha yuxarı yaşda olan uşaqlar rahatlıqla oxuyub, anlaya bilərlər. 



2. Elinor Porter / Polianna böyüyür



Yəqin ki, hər şeydə təsəlli tapmağı bacaran balaca qızcığaz Polliannanı hər kəs tanıyır. Bir neçə il əvvəl Pollianna əsərini oxuyanda məndə elə yüksək bir əhval-ruhiyyə oyatmışdı ki, uzun müddət təsirində qalmışdım. Polliannanın həyatsevərliyi, yardımsevərliyi, hər şeyə pozitiv yanaşması, ən nəhayət, atası ilə kəşf etdikləri "başına gələn bütün pis hadisələrdə yaxşı bir şey tapa bilmək" oyunu və bu oyunla ətrafındakı bir çox insanın həyatına toxuna bilməsi məndə xoş təəssürat buraxmışdı. Bu kitabı uşaqlara oxutmağın önəmini düşünüb, bloqumdakı yazımda dönə-dönə qeyd etmişdim. 


  Hal-hazırda sizə danışacağım kitabda isə biz Polliannanın yeniyetməliyi və gəncliyini görürük. Pozitiv baxışı və öz oyunu sayəsində, həyatında qarşısına çıxan bir çox çətinliklərə rəğmən o yenə həyat dolu və xoşbəxtdir. Öz müsbət aurası və məşhur oyunu ilə  başqalarının həyatına toxunmağa davam edir. Bu kitabda Ceyminin hər gün həyatında mütləq bir sevinc tapıb yazdığı "Sevinclər kitabı" kimi maraqlı bir ideyanı da təqdim edir bizə yazıçı. 


  Fərqli ailələr, talelər, yeni dostlar, yeni duyğular və Polliannanın ilk sevgisini tanıyırıq bu kitabla... Odur ki, elə yeniyetmə yaşda uşaqların oxumağı daha məqsədəuyğundur. İlk öncə özümüz oxuyaq, alacağımızı alaq, sonra isə həyatın çətinləşdiyi, bütün neqativ duyğuların ayaqda olduğu bu günlərdə övladımıza bu kitabla bir kitab ümid, bir kitab hüzur bəxş edək. Qoy həyatı sevsinlər və həyatı həm özləri, həm də başqaları üçün yaşanıla biləcək hala gətirməyi öyrənsinlər... Hər kəsə xoş mütaliələr.



Hiç yorum yok:

Yorum Gönder