Gözlərimi açanda bir it yanağımı yalayırdı. Nəmli, yumşaq dilin təması ətimi ürpəşdirir. Başımı yana çevirəndə sağ qulağımda kəskin ağrı hiss edirəm. Deyəsən qulağımın dibi qanayır. Bir anda harda olduğumu xatırlamağa çalışıram. Heç nə alınmır. Başımın üstündə hündür ağaclar ucalır. Günün alatoran vaxtıdır. Uzandığım yerin nəmi bədənimi üşüdür. Durub oturmaq üçün cəhd eləyirəm, bacarmıram. Bu çarəsizlik hövsələdən çıxarır məni. Heç olmasa xatırlasam, nə baş verdiyini anlaya bilsəm... Gözlərimi yumub dərindən ağrılı bir nəfəs alıram. Sinəm, kürəyim hamısı ağrı içindədir. Səsimi çıxarıb, kimisə haylamağa belə gücüm çatmır. Bayaq yanağımı yalayan it indi kənarda ləhləyə-ləhləyə şonquyub oturub. Arada bir mənə baxıb astadan zingildəyir, sonra yenə ləhləməyinə davam edir. Başımı ona çevirdiyimdə qəfil beynimdə şimşək çaxır sanki. Onun tullanaraq kiminsə qolunu qapdığı səhnə gəlir gözümün önünə. Ətrafda adamlar var. Amma üzləri buğlu şüşə arxasından baxır sanki. Heç birini xatırlaya, tanıya bilmirəm. Ürəyimi sıxır bu görüntü. Gözlərimi möhkəm yumub təkrar açıram. Hündür ağacların arasından görünən bir parça göy üzünə baxıram. Yağış çisələməyə başlayıb.
"Alçaq!" bir fəryad gəlir qulağıma bu dəfə də... Amma səsin zehnimin dərinliklərindənmi, yoxsa kənardanmı gəldiyini anlamıram. İtə nəzərlərimi çevirirəm təkrar. Oturduğu yerdə ləhləyir yenə. Yox dəyəsən səs zehnimdən gəldi. Bir anda tənginəfəs ağacların arası ilə qaçdığımı xatırlayıram, arxamca kimsə qaçır... Yox-yox, kimsə yox, kimlərsə... Yoxsa mən hücuma məruz qalmışdım?! Yoxsa oğrular tərəfindən qarət olunmuşdum?! Məndən nə istəyirdilər? Yavaş-yavaş görüntülər çoxaldıqca yorğunluq basır məni. Yatmaq istəyirəm. Onsuz da gözlərim axır, bütün vücudum da onunla birgə harasa sürüklənir sanki... Nə qədər yatdığımı bilmirəm. Gözlərimi açanda görürəm ki, it yanımda yoxdur. Yenə qışqırıq, ah-nalə səsləri... Kimdir görəsən qışqıran? Bəlkə sevgilimdir? Mənə edilənlərəmi parçalanır ürəyi? Bəs indi hardadır? Niyə burda tənhayam? Görəsən axtaran varmı məni? Bəs birdən tapmasalar?.. Heç nə tapmasalar elə burdaca ölüb gedəcəm. Səssiz -səmirsiz...
Bir az zehnimi işə salmağa, hər şeyi xatırlamağa çalışıram. Amma niyəsə içimdə hər şeyi yadıma salmağa çalışan tərəflə mübarizə aparan bir digər tərəf var sanki...
"Sənin kimi övlad olmaz olsun!"... Dayan dayan... Kim dedi bunu?! Atam... Atam... Qəzəbdən üz-gözü əyilmiş halda önümdədir... Xatırlayıram, atamı xatırlayıram... Bəs niyə elə dedi mənə? "Ocağımızı söndürdün balaaa!..." anamı görürəm bu dəfə də... Bir küncdə dizlərinə döyə-döyə zarıyır...
" - Bircə günün qalıb! Ya gəlib kişi kimi ödə borcunu, ya da olacaqlara hazır ol!
- Niyə başa düşmürsən? Dedim ki, tapıb gətirəcəm!
- Xoruzlanma əəə üstümə, nə deyirəm tap gətir də, mən nə deyirəm ki, guya?
- İki-üç gün də vaxt ver.
- Sən nə danışırsan əə... Daha nə qədər uzatmalıyam?!"
Ziyaaa... Terminator Ziyaa... İndi düşdün yadıma... Neylədin sən? Neylədin mənə? Dayan... Niyazi?! Yox yoox... Yox yuxudu, səhv xatırlayıram. Ola bilməz! Olmamalıdır!
Bir tərəfdən anamın həmişəki "A bala bir dəfə arayıb axtarmırsan, soruşmursan halımızı. Sən kimə oxşadın belə? Bu qədər də soyuqqanlı olar adam? Bilmirik nə iş görürsən, haralardasan. Nə dərdini bilirik, nə sevincini..." şikayəti gəlir qulağıma, bir tərəfdən isə mənim tam əksim olan qardaşım Niyazi...
Yenə etmişdi edəcəyini. Məsələni öyrənib səssiz səmirsiz gedib qumar borclarım üçün danışıb həll etməyə çalışmışdı hər şeyi...
Nə danışmışdılar, necə dönmüşdü söhbət bilmirəm... Niyazinin cansız bədəni evə gətiriləndə anam havalanmışdı az qala...
İlahi... Xatırlayıram, dəliyə dönüb necə Ziyanın məkanına hücum çəkdiyimi xatırlayıram... Hansı ağılla tək başına getmişdim ora?! Bircə Mişa vardı yanımda. Bu həyatda qayğısını çəkdiyim yeganə varlıq... Dayanmadan hürürdü. Nə edəcəkdim ki?! Həə ölmək istəyirdim... Qoy vursunlar ölüm... Qurtarsın canım bir dəfəlik... Bəs niyə ölmədim? Bəs niyə indi burdayam?
Havadakı son işıq zərrələri yox olmağa başlamışkən, bədənimdə həyat əlamətlərini də yavaş-yavaş itirdiyimi hiss edirəm... Mişa hardansa qaçıb gəlib yenə, oturub başımın üstündə. Və tənhalığın anlamını ilk dəfədir bu qədər dərindən anlayıram... Mən həmişəmi belə tək olmuşam?! Yoxsa təklik də, belə bir son da öz seçimimdir? İndi zehnimdə, içimdə acı dolu sadəcə bir səs dolanır: "Kaş ki..."
Hiç yorum yok:
Yorum Gönder