Fürsətdən istifadə edib, diqqətini çəkmək üçün bir az da hündür səslə:
--- Heç nə Sayad xala, mən də sabahdan işə başlayıram - dedim.
Sənubər bir anlıq əl saxlayıb, bir saniyəlik o iri, donuq gözlərini üzümə dikdi, sonra dərhal gözlərini qaçırıb işinə davam etdi. Amma ani də olsa söhbətimə diqqətini çəkə bilmək ləzzət etmişdi mənə.
--- Bıyy, sən canı? Nə yaxşı ay, Dilbər. Adil qoydumu axır işləməyə? - Sayad xala sevincək soruşdu.
--- Həə, Adil nə deyəcək ey? İndiyənəcən uşaqlara görə özüm də çox üstələmirdim, amma daha, maşallah, böyüyüblər. Baxıram ki, daha işləməyimə heç bir əngəl yoxdur. Elə oturdum danışdım, razı elədim Adili də.
--- Həə, şükür, şükür. Harda işləyəcəksən bəs?
--- ... Hmm??...Şşeyydə... Özəl poliklinikada resepşında oturacam. Poliklinikanın sahibi Muxtar müəllim papamla yaxın dost olublar. Özü xəbər göndərib ki, mən hər kəsə etibar edə bilmirəm, gəlsin Dilbər otursun burda.
Niyə belə dedim? Necə uydurdum, bilmirəm. Tək bildiyim nə yoldaşımdan aylardır hər gün ağlayıb, dava edib, axırda zorla işləmək icasəsi aldığımı, nə rəfiqəmi yalvar-yaxır edib tanışlarından birinin restoranında qardirobda işləmək üçün vasitəçi etdiyimi Sənubərin bilməsini istəməməyim idi. O əlindəki çay dolu iri fincanla çoxdan öz otağına keçmişdi, amma qəsdən hündürdən dediyim sözləri çox güman ki, eşitmişdi.
Bu həyatda heç kim məni Sənubər qədər qıcıqlandırmırdı. Ona görə yox ki, o məndən daha gözəl və baxımlıdır, məndən daha savadlıdır və ya aramızda cəmi iki yaş fərq olsa da öz işi-gücü, karyerası var, həkim işləyir. Şükür heç nəyim olmasa da mənim də gül kimi ailəm, iki dünyalar gözəli balam var. Vaxtında Adil qoysaydı işləməyimə, Allah bilir indi haralarda idim. Məsələ burasındadır ki, Sənubərlə az qala eyni yaşlarda və qapıbir qonşu olduğumuz halda heç vaxt mənimlə düz-əməlli kəlimə kəsmir. Bəzən soyuqqanlı, adamayovuşmaz xasiyyətinə görə belə olduğunu düşünsəm də, çox vaxt özünü məndən ağıllı hesab etdiyini, məni özünə tay bilmədiyini hiss edirəm. Məsələn, hərdən onlara keçəndə (mənim də Sayad xaladan başqa heç bir qonşu ilə yaxından əlaqəm yoxdur) Sənubər də evdə olur və anası ilə xeyli söhbət etdiyimiz halda, öz otağına çəkilir, gəlib qətiyyən bizim söhbətimizə qoşulmur, "sanki sizin, iki evdar xanımın boş-boş söhbətləri mənlik deyil, mən daha ciddi işlərlə məşğulam" deyirmiş kimi. Bu da əməllicə əsəbləşdirirdi məni. Odur ki, bu gün artıq mənim də işləyən bir qadın olacağımı bilməsini istədiyim üçün iki daşın arasında bu söhbəti də salmışdım araya.
Ertəsi gün dayanacağa getmək üçün məhəllədə addımlayarkən özümü çox başqa cür hiss edirdim. Bu bağçaya, məktəbə uşaq dalınca və ya marketə nəsə almaq üçün getməyə qəti bənzəmirdi. Mən artıq işə gedən bir qadın idim. Bir tərəfdən qürur içində yeriyərkən, digər tərəfdən "necə olacaq, bacararammı?" qorxusu ilə ayaqlarım əsirdi. İlk dəfə idi ki, evdən başqa bir yerdə hanısısa bir məsuliyyəti öz üzərimə alacaqdım.
İş yerində xoş qarşılandım, işçilərdən biri məni qardirob olan yerə yönəldib bəzi izahlar verdi. "Çox çətin iş deyil, dedi, narahat olmayın, bu qədər həyəcanlanmağa dəyməz. Bircə bu gün diqqətli olun. Asılqan nömrələrinin bəzisi it-bata düşüb, bəzisi qırılmışdı deyə, ləğv edəsi olduq, yenilərini sifariş etmişik. Əslində, sən deyən elə də çox adam olmur. Bu gün canlı ifa var deyə bir az daha tünlük olacaq. Sadəcə diqqətli olun, onsuz da hər kəs öz paltosunu tanıyır."
İnsanlar bir-bir, iki-iki gəldikcə əvvəl əlim-ayağım əsə-əsə alıb paltoları, gödəkcələri asır, sahiblərinin üzünü də dönə-dönə gözümün qabağına gətirirdim ki, yadımdan çıxmasın. Qısacası, heç bir səhv və xətaya yol verməmək üçün əlimdən gələni edirdim. Vaxt keçdikcə bir az rahatlamağa, beynimdəki dəhşətli senarilər yumşalmağa, özüm də aramlaşmağa başlamışdım.
--- Bunu da alın, zəhmət olmasa,-
əlimdəki gödəkcəni asarkən bir kişi arxadan səsləndi. Səsə doğru dönərkən birdən, başımdan qaynar su tökdülər sanki. 30-35 yaşlarında cavan bir kişi və yanında paltosu qolunda dayanmış Sənubər.
Mən özümü itirmiş bir şəkildə bir tərəfdən kişinin verdiyi paltoları alarkən, bir tərəfdən isə nə deyəcəyimi sürətli bir şəkildə beynimdə çək-çevir edərək bir təhər baxışlarımı qaldırıb Sənubərə baxdım. Onun donuq gözlərində çox cüzi təəccüb hiss olunurdu.
--- Salam, dedi sadəcə.
Cavan kişinin:
--- Keçək əzizim, canlı ifanı qaçırmayaq, sözündən sonra isə üzünü çevirib salona keçdi.
Sadəcə "salam"... Nədənsə ən çox bu təsir etdi mənə. Nə yalançı çıxmağım, nə düşdüyüm vəziyyət... Sənubərin mənim harda, necə işləməyimin açıq-aydın vecinə olmadığını hiss etdiyim, bütün emosiyalardan uzaq bu "salam"ı...
Halım necə təlx olmuşdusa, sonradan gələn müştərilərin nə üzlərinə, nə də paltolarına baxmaq yadıma düşdü. Bütün axşam ürəyimdə onun qarasına deyindim. "Niyə, bax niyə mənim ilk iş günüm ona görə məhv olmalı idi? Nə haqqı vardı bu günün sevincini əlimdən almağa?! İlahi necə bədbəxtəm mən. Bircə gün də üzümün gülməyini çox gördün mənə."
Salonda müğənninin ifası bitəndən sonra, insanlar yavaş-yavaş çölə çıxmağa başladılar. Bir-bir paltolarını verib, təşəkkürlərini qəbul edirdim ki, heç istəmədiyim an gəlib çıxdı. Bayaqkı kişi yanında Səbubərlə yaxınlaşıb paltolarını istədi. Dinməzcə paltolarını verərkən, Sənubərin astadan təşəkkür etdiyi dəydi qulağıma. Amma acığımdan üzünə baxmadım.
Bir neçə nəfəri də yola salmışdım ki, eşmə bığ bir kişi yaxınlaşıb öz paltosunu istədi. Onsuz da 3-5 palto-gödəkcə qalmışdı. Bu idi deyilmi, paltosunu göstərdim:
--- Həə, odur- xırıltılı səsiylə təsdiqlədi. Amma paltosunu geyinib, əllərini cibinə atan kimi, yenə o xırıltılı səslə - Bəs mənim pullarım hanı? - deyə soruşdu.
--- Nə-ə-ə pulu? - birdən quruyan boğazımı yumşaltmaq üçün udqunaraq soruşdum.
--- Pul da, mənim pulum. Burda mənim 800 manat pulum var idi, axı - səsini yüksəltdi bir az.
--- Qardaş vallah-billah, mənim puldan xəbərim yoxdur. Aaa həə, bəlkə paltonu səhv salmışıq?! - birdən ağlıma gələn fikirdən sevincək oldum, - dayanın, dayanın, indicə tapıram.
Dönüb qalmış 3-5 palto - gödəkcənin hamısını asılqandan alıb baxdım, yox bunların onsuz cəmi 3-ü palto idi, onların da ikisi qadın paltosu, 1 isə tamam fərqli rəngdə, fərqli biçimdə bir kişi paltosu...
"Bu nə iş idi, düşdüm ay Allah, bu nə bəla idi, gəldi başıma?!"
Salonda qalmış 3-5 adam da paltolarını almaq üçün qardiroba yaxınlaşmışdılar. Kişi isə dil boğaza qoymadan, o zəhlətökən səsi ilə:
--- Bu, ümumiyyətlə, mənim paltom deyil ey, cibində nədirsə açar var bunun. Mənim paltomu kimə vermisiniz, neyləmisiniz siz? Belə iş olar?! Adam güvənib sizə paltosunu əmanət edir, necə səhv sala bilərsiniz? Verin görüm öz paltomu.
Bütün bədənim əsim-əsim əsirdi. Nə deyəcəyimi, neyləyəcəyimi bilmirdim. Qardirobun önünə yığışmış adamlar da öz aralarında pıçıldaşır, danışır, məzəmmət dolu gözlərini mənə dikmişdilər. Restoranın işçiləri də bir-bir gəlib yığıldı, kimsə xəbər etdi, administrator da gəldi... Hamı sual dolu baxışlarını mənə zilləyib, hər kəs bir tərəfdən açıqlama gözləyirdi, mən isə o anda heç nə eşitmirdim. Ürəyimdən başlamış səs-küy beynimə dolmuş, gözlərimə, qulaqlarıma partladacaqmış kimi təzyiq edirdi... Axırda dayana bilməyib hönkürdüm.
--- Vallah mən heç nə eləməmişəm, mənim heç bir günahım yoxdur.
--- Yox ey, təkcə 800 manat deyil. Təkcə o olsa dərd yarıdır, o biri döş cibimdə də 700 manat vardı. Qaynımın kreditini ödəyəcəkdim. Kişi rayondan mənə etibar edib göndərmişdi pulu... - Öz hıçqırıqlarımın arasında arada o eşmə bığ kişinin səsi gəldi qulağıma.
--- Sonra maşınımın açarları... Booy mən nağayrım a kişi, belə şey olar? Bələ məsuliyyətsizlik, harda görülüb?!
Administrator bir ucdan nəsə deyirdi mənə, amma mənim qulaqlarım, ancaq bu get gedə itkisini çoxaldan kişinin səsinə açıq idi sanki...
--- Dilbər xanım, eşidirsiniz məni? Bir az toxdayın, sakitləşin. Biz aydınlaşdırmağa çalışacağıq məsələni. Amma polisə xəbər ediblər. Qardaşınız, yoldaşınız varmı? İstəyirsiniz çağırın birini gəlsin, tək olmayın.
"Yoldaşım? Yox ay Allah, yox! Mən indi hansı üzlə ona zəng edim, nə deyim? Aylardır başının ətini buna görəmi yemişdim? Bu axşam vaxtı evi, uşaqları ona tapşırıb "bir az da sən çək əziyyətlərini" deyə minnət qoymağım bunun üçündümü?
--- Alo, Adil...- deyə bildim ancaq, möhkəm hönkürdüm deyə davam edə bilmədim.
--- Həə, Dilbər? Nə olub? Niyə ağlayırsan? - Adilin həyəcan dolu səsi xəttin o biri ucunda titrədi.
--- Nə olar tez gəl də bura, nə olar, qurban olum...
Polis bölməsindən qayıdanda gecə saat 4 idi. Yaxşı ki, mən zəng vuranda uşaqlar yatıbmış. Bölmədə izahatımızı alandan sonra evə buraxmışdılar şükür. Yol boyu Adilin üzünə baxa bilmirdim. Öz gücümü, bacarığımı isbat etmək üçün atdığım ilk addım ola biləcək ən pis şeylə nəticələnmişdi. Bu da mənim işləməyim... Anam yaxşı deyir, adamın gərək bəxti olsun. Bədbəxtin elə hər işi bədbəxətliklə qurtarır.
Bütün gecə səhərə qədər ağladım. Adil nə yolda, nə evə gələndən sonra bir kəlmə də demədi mənə. Amma onun susqunluğu bacarıqsızlığımı, fərsizliyimi daha çox üzümə vururdu, sanki... Gecə boyu ağladığımı bildiyi halda belə bir kəlmə sözlə təsəlli etmədi məni.
Səhər qapı zənginin səsinə oyananda, divardakı saat 09:23-ü göstərirdi. Səhərə yaxın yuxu aparıbmış, deməli, məni. Ətrafa boylandım, uşaqlar yox idi. Deyəsən Adil səhər məni oyatmağa qıymayıb, özü aparıb uşaqları baxçaya, məktəbə. Qapının zəngi bir daha basıldı. Xalatı əynimə keçirib qapıya yaxınlaşdım. Divardakı güzgüdə özümü qayaya salmaq istədim, şişmiş, az qala güclə açılan gözlərimi görüb qorxdum.
Sənubəri qarşımda görəndə özümü itirdim, məni bu vəziyyətdə görməsini əsla istəməzdim.
--- Sabahın xeyir, dedi,- bir dəqiqəlik keçə bilərəm sözüm var sənə.
"Sənin? Nə əcəb? Sənin nə sözün ola bilər ki, mənə?" içimdən keçirsəm də, "hə, əlbəttə buyur", deyib onu içəri buraxdım. Sənubər qapını örtüb elə koridordaca soruşdu:
--- İlk iş günün necə keçdi.
--- Lap qəşəng keçdi - dedim, acığa - işimi çox bəyəndilər. Baxma, elə sadə iş kimi görünə bilər, amma məsuçiyyərli işdir, camaat sənə əşyalarını əmanət edir.
--- Hə , əlbəttə - Sənubər bir anlıq üzümə baxıb, nəzərlərini yerə dikdi, yenə.
--- Dilbər, Anar müəllim yadındadır? Dünən yanımdakı adamı deyirəm.
--- Anar müəllim? - birdən beynimdə işıqlar yandı sanki... "Həə, mən də deyirəm bu Sənubərdən çıxmayan iş, nə əcəb gəlib qapıma? Nə istəyir məndən? Belə əlimə düşərsən. Deməli, qorxursan ki, Sayad xalaya danışaram hər şeyi hə? Ehh... Bəxtəvərin qızı, mən nə hayda, sən nə hayda..."
--- Bilirsən, bir az əvvəl danışdıq. Deyəsən, onun paltosu kiminləsə səhv düşüb. Deyir dünən fikir verməyib. Səhər əyninə geyəndə baxıb ki, ofisin açarı yoxdur cibində. Üstəlik də döş cibində pul var. Düzdür o qədər də çox deyil, hardasa 150 manat imiş, amma yenə də... İstəyirdi restoranın müdriyyətinə yığsın, qoymadım. Dedim əvvəl sənə deyim, baxma paltoları sən verirdin, sonra başın ağrıyar...
Bundan sonra bir neçə cümlə daha dedi, Sənubər, amma mən artıq heç nə eşitmirdim... Ürəyimdə, aylardır "iş-iş" deyib dad eləyən özümə də, 150 manatı şişirib 1500 edən o eşmə bığ kişiyə də, bu şəhərdə başqa restoran yoxmuş kimi ilk iş günümdə məni Sənubərlə qarşıladırıb, indi də onun mərhəmətinə möhtac edən bəxtimə də lənət oxuyurdum.
Hiç yorum yok:
Yorum Gönder