26 Kasım 2018 Pazartesi

...Və bircə kəlimə də demədi / Haynrix Böll



   Salam olsun yazımı oxuyan bütün canlara... Yeni bir kitab rəyi ilə qarşınızdayam. 

   Qəsəbəmizin kiçik kitabxanasının kasıb rəflərində yeni kitab arayışında ikən tanış bir yazıçının - alman yazıçısı Haynrix Böllün əsəri çıxdı qarşıma. Əvvəl oxuduğum, əsərlərindən üslubunu az-çox bəyəndiyim üçün kitabı götürüb oxumaq qərarına gəldim.
   Kitab adından da məlum olduğu kimi iki romandan ibarət idi: " Və bircə kəlimə də demədi" , "Bir təlxəyin düşüncələri". İkinci romanı daha əvvəl oxuduğum üçün sadəcə birincini oxudum mən. Əvvəlki postların birində "Bir təlxəyin düşüncələri" əsəri haqqında rəyimi yazmışdım. Oxumaq istəsəniz buraya toxunun.

   Yazıçının bir çox əsəri kimi " Və bircə kəlimə də demədi" romanını da müharibə ədəbiyyatı nümunəsi hesab etmək olar. Bu romanında da yazıçı müharibədən sonrakı Almaniyanın ağır vəziyyətindən, çətinləşən həyat şəraitindən, aclıq, yoxsulluq və müharibənin insanlarda buraxdığı ruhi düşkünlük, ümidsizlik problemlərini ələ alıb. Evləri müharibədə dağılan 3 uşaqlı gənc bir ailənin kirayə kimi sığındığı bir otaqlı evdə verdikləri çətin həyat mücadiləsi və mücadilədən yorulub özünü içkiyə verən, içki və mənəvi yorğunluqla əsəbləri korlanıb övladlarına kobud davranan və bu davranışını özünə bağışlamayıb küçələrə düşən ata... Atanın gedişilə məcburi barışan, övladlarını vasvası ev sahibinin qəzəbindən qorumağa çalışan və gələcək əndişəsi ilə boğuşan ana... Qanuni ər-arvad olduqları halda onların arada bir parkda, küçədə, oteldə baş tutan görüşləri...
  
   Əsərin belə ürəksıxan və qəmli havasına uyğun olaraq  hadisələrin dövr etdiyi  mövsümü payız olaraq seçib yazıçı və şəhərin, binaların, küçələrin təsvirində bir üstün rəng var - boz rəng... Və arada yanıb-sönən rəngli reklam işıqları insanların bu miskin həyatının içindəki süni və müvəqqəti xoşbəxtliyə bir işarədir sanki...
   
   Romanın mövzusunu yoxsulluq, ümidsizlik və peşmanlıq kimi  3 kəlimə ilə ifadə edib, ümumiləşdirə bilərik. Və hər nə qədər roman iki şəxsin ətrafında dövr edən dar çevrəli hadisələrdən ibarət olsa da maraqlı və oxunaqlı idi. Ətrafımızdakı minlərlə naz-nemətin, rahat yaşayışımızın qədrini bilib, insan həyatını darma-dağın edən müharibənin yaratdığı fəsadlara şahid olmaq üçün əsəri oxumağı hər kəsə məsləhət görərdim.
   Və sonda bir nüansa da toxunmaq istəyirəm. Azərbaycan Tərcümə Mərkəzinin nəşri olan kitabın tərcüməsini o qədər bəyəndim ki, əsəri oxuyarkən tərcümə olduğunu hiss etmədim belə. Kaş ki, bütün nəşr evləri bu əhəmiyyətli məsələni diqqətə alsalar.

4 yorum:

  1. Teknik kitapların dışında bazen roman okuyorum.Bu da aklımda olsun :) Teşekkürler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ahh men de sizin oxuduğunuz kitabları çox sevirem ya. Kaş ki, yaxın olsaq da paylaşa bilsek oxuduqlarımızı😊 Men teşekkür edirem❤❤

      Sil
  2. Hüzünlü bir roman gibi.. Seninle tanımış oldum kitabı. Teşekkürler. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Beli, bu yazıçının bütün eserleri hüzünlüdür deye bilerem. İnsanı ümidsizleşdirir. Amma yene de oxucunu özüne çeken qeribe bir cazibesi var.😊 Sevgiler.

      Sil