14 Mayıs 2018 Pazartesi

İlqar Fəhmi - Akvarium



Əsərin müəllifi yenilikçi və müasir ədəbiyyat ənənələri əsasında yazmağa çalışan və dəst-xəttini bəyəndiyim yazıçımız Ilqar Fəhmidir. Yazıçını "Qarğa yuvası"əsəri ilə tanınmışdım. Və əsəri çox bəyənmişdim. Bundan başqa əsərin özünü oxumasam da izlədiyim yazıçının yazdığı ssenari əsasında çəkilmış eyni adlı "Aktrisa" film də son dövrlərdə çəkilən ən uğurlu filmlərdən biri kimi təsir bağışlamışdı.
Keçək Ilqar Fəhminin ən son oxuduğum romanı olan "Akvarium"a.

Əsər teatral bir romandır. Bütün hadisələr bir pyesin səhnələşdirilməsi ətrafında qurulur. Və romanın hissələri də primyera gününə əsasən adlandırılır(məs; Premyeradan bir ay əvvəl; Premyeradan 4 gün əvvəl və s.)
Əsərin qəhrəmanı Sahib Akvarium adlı bir klubun qurucusu və idarəçisidir. Fərqli bir quruluşa malik olan bu klub 3 mərtəbədən ibarətdir. 1-ci mərtəbəsində restoran, 2-ci mərtəbəsində teatr zalı və sərgi salonu, 3-cü mərtəbəsində isə Sahibin evi yerləşir. Sahib əslində gənc yaşda nəaliyyət qazanmış, bir çoxlarına nümunə olacaq fəal və zəhmətkeş bir insandır. Həm müəyyən əxlaqi dəyərlərə malik, dünyagörüşlü və standard həyat yaşayan biridir.
Lakin birdən onun həyatı dəyişməyə başlayır. Çünki onun özü artıq başqa adamdır. Böyük həvəslə qurduğu kluba, səhnələşdirdiyi pyeslərə olduqca biganə yanaşmağa başlayır. Yeniyetmə yaşında istifadə etdiyi narkotikaya yenidən meyl yaranır içində və bu ağ ölümü mütəmadi qəbul edir. Beləcə həyatı da, özü də, işləri də dağınıq bir insana çevrilir. Və getdikcə istər mənəvi, istərsə də fiziki bir çöküş yaşayır. Oxucu bu dəyişikliyin səbəbini dərhal öyrənə bilmir. Əsər boyunca yavaş-yavaş açılır hər şey.
İnsanoğlu elə bir məxluqdur ki, əli çatmayan hər bir şeyi gözündə böyüdür. Həmin o əlçatmazlıq onun xəyallarını, arzularını, duyğularını istila edir. Həyatda ən böyük hədəfi məhz o əlçatmaz zirvəyə yetişmək olur. Lakin elə ki, min bir zəhmətlə o zirvəyə çatır, bir anda hər şey gözündə adiləşir. Çünki nəhayət ki, əldə etdiyi bu uğurun çəkdiyi iztirablara dəymədiyini və sırf onun üçün irəlilədiyi zaman daha çox dəyərli olanları görməzlikdən gəldiyini, əlindən qaçırdığını anlayır. Nəticədə, bu dünyada fani olan heç bir şeyin bu qədər dəyərə layiq olmadığını dərk edir. Amma təəssüf ki, artıq gecdir...
Əsərin ana damarı da həyatın məhz bu qanununu üzərinə qurulub. Sahib gənc ikən sevdiyi lakin qovuşa bilmədiyi Aybənizi nəzərində elə bir nöqtəyə qoyub ki, həyatında əsl yaşanılacaq bir çox şeylərə biganə qalıb. Ailəsinə və qızına layiqli ata ola bilməyib. Elə ki, asanlıqla Aybənizə sahib olur bir anda bütün həyatı gözündə anlamsızlaşır. Artıq onun nə işləmək, nə də yaşamaq üçün stimulu yoxdur. Qızının ona söylədiyi bir cümlə isə  Sahibin həyatının istiqamətini müəyyənləşdirir.
Dialoqlar hədsiz uzun və darıxdırcı, bəzi hissələr yersiz açıq-saçıq gəlsə də, daha ilk cümləsindən final səhnəsini anlayıb, bütün əsər boyu fərqli bir sonluqla qarşılaşacağımı ümid edib, amma tam təsvir etdiyim kimi bitməsinin  xəyalqırıqlığını yaşasam da çox təəccüblüdür ki, bu romandan da təsirləndim.

Hiç yorum yok:

Yorum Gönder