1 Kasım 2018 Perşembe

Gözümü haramdan necə qoruyum? / 1



   Salam yazımı oxuyan dəyərli  oxucu. Bu günkü yazımın teması bir az fərqlidir. Bildiyiniz kimi, adətən, oxuduğum kitablar haqqında düşüncələrimi  bazar ertəsi günləri yayınlayıram. Cümə axşamları isə fərqli-fərqli mövzularla qarşınızda oluram. Bu gün isə çox bəyəndiyim bir kitabdan xülasələrlə gəlmişəm.
Əslində  kitabı yayda oxuyub qurtarsam da bununla bağlı yazı yazmaq bir az uzun çəkdi.  Yazı sizi çaşdırmasın. Bu kitab rəyi deyil. Gözümüzü haramdan necə qoruyacağımıza dair bir kitabdan götürdüyüm qeydlərdir, deyə bilərik.
    Çünki mən kitabı oxuyanda elə böyük zövq aldım ki, əlimdən qoymaq istəmirdim. Hər cümləsini acgözlüklə, bəzən təkrar-təkrar oxudum. Çox gözəl qələmə alınmış, sadə və başadüşülən şəkildə haramdan qorunmağın yolları anladılıb. Bunu hamı oxumalıdır deyə düşündüm. Az qala kitabın hər cümləsini önəmli sayıb bu da olmalıdır dediyim üçün bu yazım bir az uzun alındı. Mən də bezmədən diqqətli oxumağınız üçün hissə-hissə yayımlamaq qərarına gəldim. Bu gün birinci bölmədən seçdiklərimi oxuyacaqsınız. Və bu bölmədə gözümüzü haramdan çəkə bilməmə səbələri, doğru bildiyimiz yalnışlar və bu yalnışlardan qurtulma yollarından və bir çox maraqlı məsələlərdən bəhs olunub.

 1.Gözümü haramdan niyə çəkə bilmirəm?

* Eynilə əlində kibrit olan bir uşağın böyük bir imarət yanmadan əvvəl "nə olacaq ki" deməsi kimi, kiçik görülən davranışların nəticəsində neçə həyatlar var ki, çoxdan yandı, bitdi, kül oldu.
  Bir düşünək fiziki sağlamlığımızdan söhbət gedəndə heç "Nə olacaq ki? Kiçik bir mikrob və ya virus mənə nə edə bilər?" deyə bilirikmi?
   Bəs mənəvi vücudumuz? Bir baxış, bir toxunuş, bir öpüş və bir dadış- ruhumuzu darmadağın edəcək kiçik gördüyümüz viruslardır, əslində. Heç bir günahı kiçik görmədən minalı tarlada yeriyirmiş kimi diqqətli olmalı, istəmədən işlənmiş hər günah üçün dərhal tövbə etməliyik.

 * Harama baxmaq bir alışqanlıqdır. Eynilə siqaret, içki, narkotika, hətta qiybət, dedi-qodu xəstəsi olmaq kimi. Çünki bütün haramlar oxşar xüsusiyyətlərə malikdirlər. İlk məsum görünən baxışdakı utanma hissi, zamanla aradan qalxır və vicdan mexanizmasının xəbərdarlıqları eşidilmir. Və baxan özünün də xəbəri olmadan bu xəstəliyə mübtəla olmuşdur. Çarəsi, ilk öncə bu alışqanlığa yaxalandığını qəbul edib, müalicəyə ehtiyacı olduğunun fərqinə varmasıdır.

 * İnsanın başına nə gəlsə hər şeyə maraq göstərməsindən gəlir. Uşaqlıq dövrü maraq duyğusunun ən zirvədə yaşandığı bir dövrdür. Uşağın marağını doğru yerə yönəltmək lazımdır. Nəzarətsiz bir şəkildə televizor və internetə tərk edilmiş uşaqlar təbii olaraq bütün kanal və saytları görmək istəyirlər. Burada məsuliyyət ata-anaların üzərinə düşür. Gənclik dövründə isə ata-anadan çox mühit əhəmiyyət kəsb edir. Bəzən pis mühitdə olan gənc sırf yoldaşlarına görə bir sıra haramları işləyə bilir. Burda ən önəmli nüans gəncin doğru və yanlışları bilməsi ilə bərabər öz dəyərlərinə duyduğu güvəndir. Gənc sahib olduğu iffət, namus, həya, heysiyyət kimi dəyərlərinin mütləq üstünlüyünü dərk etməlidir. Bunu dərk etməyi həmin dəyərləri daşımaq və təmsil etmək baxımından kompleksə girməmək, hətta öz içində bunları təmsil edib, yaymaq kimi bir arzu daşımaq deməkdir.

 * Günah işləyən bir insan əslində bu halından məmnun deyildir, peşmandır və özünü ovutmaq üçün ən çox "Əşi neyləyim hamı edir də" məşhur cümləsinin arxasına sığınır. Lakin unutmayaq hər kəsin xəstə olmasının bizim müalicəmizə heç bir təsiri yoxdur. Peşman olub tövbə etmək istəyən insana bu dəfə də şeytan onun tövbəyə layiq olmadığını, bu üzlə Allahın hüzuruna necə gedəcəyini pıçıldamağa başlayır. Peşmanlıq insan üçün təmizlənmə duşuna qaçması üçün verilmiş bir yanacaq kimidir. Ancaq çox heyif ki, günahkarların çoxu bu yanacağı Allaha fərar etmək üçün deyil, Allahdan fərar etmək üçün istifadə edirlər.

 * Halal dairəsinin daraldılmaması və halalların müasir dövrə uyğun, estetik qəliblər içərisində təqdim edilməsi gənclərin öz dəyərlərinə sahib çıxıb, yaşamaqları baxımından çox önəmlidir. Mühit faktorlarından psixoloji baxımdan təsirlənən gənclərin öz dəyərlərini aşağı mədəniyyətin ünsürləri olaraq görüb görməməsi təqdimatla da əlaqədardır.

 * Ata-anaya qarşı laubali, hətta üsyankar uşaqların boy göstərdikləri film və serialların mübtəlası olan uşaqlar eyni davranışları evdə göstərdiklərində nəzarətsiz bir şəkildə TV pultunu onların sərəncamına vermiş valideynlər "Bu uşağa nə olub? ", "Bu kimə çəkib? " deyil "Bu uşaq hansı seriala çəkib?" sualını verməlidirlər özlərinə. Bu serial və filmlərlə gənclər "aşiq olmalıyam" deyərək şüurlarına yeridilmiş məsum görünən hormonlu duyğularının ardınca saatlarını, xəyallarını, duyğularını tükətməkdədir.

 * Maddi xəstəliklərdə olduğu kimi haramlar xüsusunda da ən gözəli ilk  öncə xəstəliklərdən uzaq qalmaqdır. Quran-i Kərimdə də " Zina etməyin" deyil, "Zinaya yaxınlaşmayın"  buyurulub. Bəli, yaxınlaşmaq batmağa gedən yolun ilk addımıdır.  Və zinaya gedən yolu açan qapı baxmaqdan keçir. Hər günah kimi zina da zehində başlayır. Haramlar nöqtəsində zehin nə qədər təmiz tutula bilərsə xəyal gücü də bir o qədər təmiz qala bilər və insanın harama qarşı arzu və istəyi olmaz.

 * Bəziləri harama baxmağı məşrulaşdırmaq üçün "Gözələ baxmaq savabdır" sözünü dəlil qəbul edir. Bəli Allahın yaratdığı gözəlliklərə, gözəl canlılara baxmaq təfəkkürə vəsilə olduğuna görə savabdır. Gözəl demək məşru və təbii olan gözəlliklər deməkdir. Bu gözəlliklərin sərhədləri dinimizdə çəkilmişdir. Və insan imanının qüvvətinə görə bu sərhədlərin daxilində qala bilir.

2 yorum:

  1. Haramların normal şeyler gibi gösterildiği ve ulaşmanın çok kolay olduğu bu zamanda, gözü haramdan sakınmak gerçekten büyük çaba istiyor. Özellikle genç nesle Rabbim şuur nasip etsin. Çok güzel tesbitler yakalamışsınız. Yüreğinize sağlık :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox haqlısınız. Təşəkkür edirəm oxuyub rəy bildirdiyiniz üçün. Təsbitlər kitabdan götürülüb. Kitabın hər bölməsində o qədər maraqlı və önəmli yazılar yer alıb ki. Ən azından bir qisminə yer vermək istədim bloqumda.

      Sil