10 Eylül 2019 Salı

Kərbəla ziyarəti və düşündürdükləri



   Hər şey birdən-birə alındı... 

   Qohumlarımızdan bir çox qadını başına yığıb səfərə hazırlaşan anam mənim də getməyimi istədi... Aylar öncəsindən danışılsa da son ana qədər dəqiq bir şey deyə bilmədim...
   
   Rəbbimin həddi-büluğa çatdığı yaşdan etibarən ibadəti qismət etdiklərindənəm... İllər uzunu hər zaman onun yolunda olmağa çalışmışam... Gerçək mənada özünü bu yola adamışlar olub həyatım boyu ətrafımda... Amma fərqli məzhəbdə... Fərqli əqidədə... Bu mövzuya çox girməyəcəm...
   
   Təzəcə addımlamağa başladığım yeni yolda - Əhli beytin yolunda öyrənməm gərəkən hələ çoox şeylər vardı... Bilgisiz idim...
   
   Ona görə tərəddüt keçirirdim... Ora getməyə, Onların hüzuruna çıxmağa layiqəmmi, deyə...
  
   Səfərə bir neçə gün qalmış vaxtı bitmiş şəxsiyyət vəsiqəm və eyni zamanda xarici pasport problemim inanılmaz dərəcədə sürətlə həll olundu... Deməli, Rəbbim yollarımı açdı... Ora getməyimi istədi...
   
   Yalan deməyəcəm, bu səfər üçün yanıb-tutuşan, illərdir fürsət gözləyən və böyük həyəcanla yola düşənlərdən deyildim çox təəssüf ki... Sadəcə qarşıma çıxan imkanı dəyərləndirmək istədim... Ordan mütləq şəkildə mənəvi feyz alacağıma inandım...
  
  Və yola düşdük...
  
  İran sərhəddinə keçər-keçməz... Rəbbim telefonumu aldı əlimdən... Çünki, dünyəvi zövqlərdən sıyırmaq istədi məni... Şəkildir, ailədir başqa heç bir şeylə başımı qatıb, bu dəyərli səfərdən nəsibsiz dönməyimi istəmədi... Bunu da çox gec anladım təəssüf ki...

  İrandan İraqa keçdik...
  Bağdaddan keçdik, Kazimiyyədə uyuyan imamlarımızı ziyarət etdikdən sonra Nəcəfə gəldik...
  Nəcəf...
   İmamlarımızın birincisi, Möminlərin əmiri, mövlası, Allahın aslanı - həzrəti Əlinin hərəmi yerləşən şəhər...
  Digər imamlarımızda olduğu kimi Onu da  ziyarət edərkən sadəcə bir duyğu vardı qəlbimdə : biz sizə layiq möminlər olmadıq... 

   Dəstə rəhbəri imamların həyatından danışdıqca  onların doğru islamı yaşatmaq üçün, bizlərə gerçək müsəlmanlığı miras qoymaq üçün  verdikləri mücadilə və bu yolda etdikləri fədakarlıqları, qatlandıqları əzabları eşitdikcə onların adlarını belə doğru-düzgün bilmədiyim üçün özümdən utanmağa başlamışdım...
   Bu təbii bir hal deyil... Bu qədər mücadilə etmiş və canlarını bu yolda fəda etmiş peyğəmbər nəslinin adını belə bilməmək hələ o vaxtdan başlamış unutdurulma siyasətinin bəlkə də bilincsiz bir şəkildə bu gün də davam edən uzantısının nəticəsidir... Vəssəlam... Bunun başqa bir açıqlaması ola bilməz...

   Nəcəf demişdim... Bu şəhər dünya üzərində mənim həyatımda dərin və unudulmaz bir iz  qoyan şəhər kimi həkk olundu yaddaşıma...

   Dünyəvi bir imtahan... Və Ona açılan əllər... Mən sənin qonağınam dedim göz yaşlarım yumrulanıb aralıqsız bir şəkildə yanağımdan yuvarlanarkən aşağıya... Canım sənə fəda, Ya Əli... Sən ev sahibisən... Məni gözü yaşlımı göndərəcəksən? O anda onun ruhaniyyətinin tam qarşımda olduğunu və məni dinlədiyini bütün iliklərimə qədər hiss etmişdim... Bu duyğu nə sözə sığar, nə yazıya... Sadəcə yaşayaraq anlaşılar...
  
   Bir sutka keçmədən həll olundu problem... Yenə Onun varlığını hiss etdim qarşımda mərhəmətli və gülümsəyən bir sima ilə... "Razı qaldınmı ev sahibliyimdən?" Tam da belə soruşurdu... Bilirəm...
   Dərdimi paylaşdığım bu hər kəsdən gizli sirdaşlığımıza səbəb olan problem Onunla bir bağ oldu aramızda... Məni ona möhkəmcə bağlayan.... Və qəlbimin taa dərinliklərindəki sevgi qığılcımını alovlandıran...

  Onun hərəmi ilə vidalaşarkən  atasından ayrılan bala kimi, balasından ayrılan ana kimi sızıldayan ürəyimin göynərtisi gözlərimdən sellər kimi axıtmışdı yenə göz yaşlarımı...

   "Bir zamanlar məhz Onun həyatından bəhs edən kitabın redaktoru olmağım təsadüfü idimi görəsən?" düşündüm yol boyu...
  
   Nəcəfdə həyatımın ən stressli saatlarını yaşatmağına və ən zəif nöqtəmdən vurub,  heç bir zaman görünmək istəmədiyim bir tabloda məni ətrafıma tanıtdırdığına baxmayaraq, Onu sevməyimə vəsilə olan həmin imtahanla məni sınadığı üçün bu günə qədər də şükür edirəm Rəbbimə... Və də imtahanın səbəbini anlamağıma imkan verdiyi üçün...

   Nəcəfdə ikən Kufəyə də getmiş, Hz. Əlinin mübarək vücudunun yuyulduğu qızının evini və Kufə məscidini ziyarət etmişdik...
   Ah Kufə... Kufə...
   Sən hər zaman dönük çıxdın peyğəmbər nəslinə... Çağırdın, arxa durmadın, yarı yolda buraxdın... Heydəri Kərrarın nəfəsi havana qarışdığı, addımları torpağına dəydiyi üçün Rəbbim səni yerlə-yeksan etmir bəlkə də...

   Yolüstü Müslümün qətl edilmiş iki balaca övladının məzarı yerləşən ziyarətgaha da baş çəkdik. Bu adı və hadisəni də ilk dəfədir eşidirdim. 

   Səfərdə bərabər olduğum yaxın qohum və rəfiqəmin 1 il öncə Məşəd ziyarətindən döndükdən sonra yuxusunda hər ikimizin ziyarətə getdiyimizi və iki uşaq məzarının başında göz yaşı tökdüyümüzü anlatdığı gəldi ağlıma. Çox düşünmüş, çox axtarmışdıq bu iki uşaq kim ola bilər deyə... Fərqli mənalara yozmuşdum... Amma budur iki uşaq məzarı və başucunda göz yaşı tökən biz...

   Bir- bir ziyarət edərək, nəhayət, müsibət səhrasına - (artıq şəhərə çevrilmiş) Kərbəlaya gəlib çıxmışdıq... Sərin, rahat avtobusumuzla o susuz, qupquru çölləri, keçərkən Hz. Hüseyn və onun ailəsinin bu yollarda qanayan ayaqları, susuz dodaqları və yorğun vücudları canlandı gözümüzdə... Bir utanc axdı qanımızda yenə...


   Əbül-fəzl Əl- Abbas
   Yenə bu səfərdə kimliyini öyrəndiyim və Müslümün övladları ilə yanaşı ən çox təsirləndiyim ikinci faciəvi həyat qəhrəmanı... Tək məqsədi uşaqlar üçün su gətirmək olan bu Hz. Hüseynin atabir qardaşının, mərdlər şahının əvvəl su tutan qolları kəsilmiş, dişləri ilə daşımaq istəyərkən də gözündən oxla vurulmuşdu... Bir ömür özünü Hz Hüseynə nökər bilən, özünü ona qardaşlığa layiq görməyən Əbül-fəzl son nəfəsində ilk və son dəfə "qardaş" deyə çağırmışdı Onu...


   Və şəhidlərin başı... 
   Gəlmiş keçmiş ən dəhşətli müsibətlərə düçar edimiş Peyğəmbərin oğlu Hz Hüseyn...
Bu necə ağır imtahandır, Allahım... İgid oğulları, qardaşının əmanətləri gözünün qarşısında şəhid edilərkən, körpə balası qucağında oxlanıb öldürülərkən hansı güc ona dayanma dirayətini vermişdi? Əl atsa çatacaq uzaqlıqdakı Fəratın suyuna həsrət buraxılan, su deyib ağlaşan körpələrin səsinə necə dözmüşdü o şəfqət dolu qəlbi?..

   Ah, sanki Allahın lənətinə gəlmiş kimi qup-quru torpaqlarında ot belə bitməyən, belini dikəltməyə fürsət tapa bilməyən İraq diyarı... İndi küçələrində hər addımbaşı buz kimi su çəlləkləri qoymağın nəyə yarayır? Nəyə lazımdır? Sən ki, peyğəmbər övladlarını suya həsrət göndərdin bu dünyadan... İndi bu günahını yumaq səyi nədir belə? Rahat ürəklə su içə bilərmi möminlər burada?

   Ziyarətimiz hərəmi İranda Məşhəd şəhərində olan şəfa qapısı, şəfqət ocağı İmam Rzanı ziyarət etməklə bitdi...

   Əlbəttə, ziyarətlərimizin çox az qismini sığdıra bildim yazıya... Hər biri haqqında hiss etdiklərimi yazsam bitmək bilməz bu yazı...

   Sadəcə bunu anladım, hər məkanın öz ab-havası var. Və  hansı ziyarətgaha gedirdiksə sanki elə oranın ab-havasına bürünürdük... 

   Uzun müddətdən bəridir ilk dəfə qəlb gözümün açıldığını, içimdə çağlayan eşqi, böyük bir coşqu ilə öyrənmə sevdasını hiss edərkən, bir tərəfdən də Rəbbimə şükürlər edirdim buna səbəb olan ziyarəti heç gözləmədiyim anda nəsib etdiyi üçün... 

   Və qara çarşafın gözəlliyini duyurdum bu əvəzsiz günlərdə... Süni bərbəzəkdən, göstərişdən uzaq bütün qadınlar arasında bərabərlik yaradan çarşafın... Necə oldu sən mövhumatçılığın, fanatizmin, geri qalmışlığın simvolu kimi tanıdılmağa başladın? Necə?
   Sən ki,  o zamandan bu yana qadınlarımızın imamlarımız üçün tutduqları ömürlük matəmin rəmzisən... Sən ki, Hz.Hüseynə ana,  bacı,  qız övladı olaraq ağlayan xanımların simvolusan... Bu da siyasi oyunların nəticəsidirmi yoxsa?

   Və millətimizin illərdir əzizlərinin yasında belə ilk olaraq imam övladlarına ağlamağının gerçək dəyəri anlaşılır burada... Rusiyanın boyunduruğu altında olduğu illərdə  Məhərrəm ayı boyunca toy, əyləncə qurmayıb, evlərdə Aşura günü gizli ehsan verən, mərsiyə deyən və göz yaşı tökən bir millətin nümayəndəsi olmağın haqlı qürurunu yaşadım bütün qəlbimlə...

   Artıq qəbul edək Aşura sadəcə Hz. Adəmin tövbəsinin qəbul edildiyi, Hz. Nuhun gəmisinin Cudi dağına oturduğu, Hz. Musanın qövmünün fironun zülmündən qurtulduğu və s. bayram səbəbi bir gün deyil...
   Aşura eyni zamanda gəlmiş keçmiş ən böyük qəhrəmanlığın, ən böyük adanmışlığın və ən böyük fədakarlığın yaşandığı şərəfli və mötəbər bir gündür...


   Və biz hər il bu gündə o qəhrəmanlığı yad etməyə, o fədakarlığa qarşı qədirşinaslığımızı göstərməyə borcluyuq...
Vəssəlam...

Salam olsun sənə ey Rəsulullah!
Salam olsun sənə ey Əsadullah!
Salam olsun sənə ey Fatimeyi Zəhra!
Salam olsun sənə ey Müctəba!
Salam olsun sənə ey Sarəllah!
Və salam olsun sizə ey Peyğəmbər nəsli!

2 yorum:

  1. Kərbəla səyahətinə hazırlaşarkən,sən gəldin aglima,sənin gedib ziyarət etdiyini bilirdim amma blogunda bu cür möhtəşəm bir yazı sirlediyini bilmirdim. Hər sətrində ağladım, hər sətrində səninlə birgə duydum o.menevi hisleri. Məndə hazırlaşıram, həm də heç gözləmədiyim anda bir möcüzə kimi gəldi bu qərar. Vereceyin hər məsləhətə ehtiyacım var. Allah həm bu dünyada həm də axirətdə xoşbəxt ailələrdən qərar versin sizi və ailənizi....

    YanıtlaSil
  2. Ne gözel bir xeberdir bu. Çoox şanslısan. Bu evezsiz bir lütfdür, inan mene. Getmeden ziyaretname kitabını almağa çalış mütleq. Orda bütün ziyaret edeceyiniz mekanlar ve orda uyuyan böyükler haqqında melumat var. Eyni zamanda her yer üçün ziyaret duası da. Mütleq onu tap, al. Oralarda olarken dualarını ve ibadetlerini bol-bol et. Sevdiklerinin evezine de hediye namazları qılmaq olur. Yeqin ki, deyecekler size. Ve lütfen, dualarının bir köşesine menim adımı da ilişdir, salamımı çatdır. "Bir daha gelmeyi her şeyden çox isteyir, devet gönderin gelsin" de.😔 Ordakı günlerinin her anını deyerlendir birdenem. İnsan orda iken çox ferqinde olmaya bilir. Amma döndükden sonra yuxu kimi gelir her şey. Tekrar getmeyi o qeder çox arzulayırsan ki... Rebbim ziyaretini, dualarını qebul etsin inşeAllah 🤲🤲🤲

    YanıtlaSil