5 Temmuz 2017 Çarşamba

Dodaqdan qəlbə


        
   Hər kəsin böyük canfəşanlıqla yeni ədəbiyyat nümunələrini oxuduğu, yeni-yeni yazıçılar axtarışında olduğu bu günlərdə mən köhnə (amma şəxsən mənə görə əsla gündəmliyini itirməyən) əsərlərlə davam edirəm oxuculuq həyatıma :) Yeni bir təvafüq yenə hər kəsin bəlkə də əzbərə bildiyi, lakin, mənim indiyə qədər oxuma fürsətim olmayan bir əsəri Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə romanı"nı oxumaq üçün əlimə verdi.
   Əslində mənim qəribə bir xasiyyətim var bir dəfə baxdığım filmə bir daha əsla baxma marağı duymuram. Və ya məzmununu bildiyim bir əsəri oxumaq mənə boşuna vaxt itkisi kimi gəlir. 

   Vaxtilə eyni yazıçının "Çalıquşu" əsəri də əlimə keçdikdə əvvəl qəti oxumağı düşünməmişdim. Nə də olsa, Aydan Şenerin baş rolu canlandırdığı eyni adlı seriala uşaqlıqdan bəri heç bezmədən onlarca dəfə baxmışdım(qeyd etdiyim kimi, bir filmə ikinci dəfə baxmaq adətim olmadığı halda). Dolayısı ilə məzmununu artıq əzbərə bilirdim. Amma elə ki, kitabı maraq üçün oxumağa başladım Çalıquşunun bambaşqa dünyasına daxil oldum. Əsərdən o qədər çox təsirlənmişdim ki, bir neçə həftə beynimdə, dolandı bir çox hissəsi.
   Elə bu təcrübəmdən yola çıxıb xırda detallarını bilməsəm də ümumi süjet xəttindən xəbardar olduğum " Dodaqdan qəlbə" əsərinə də bir şans vermək qərarına gəldim. Hələ bir də bu aralar romantik bir əsər axtarışında ikən...

   Və nə yaxşı ki, o şansı verdim. Əsəri əlimə aldım və 2-3 günə bitirdim. Nə yalan söyləyim  günlərdir bitirməyimə baxmayaraq hələ də təsirindəyəm. Oxuyarkən göz yaşlarımı tuta bilmədiyim səhnələr yadıma düşdükcə qəlbimdən bir nisgil, bir sızıltı keçir.
   Başlarda Kənanın hərəkətlərinə əsəbləşib Lamiəyə ürəyimiz yandı, sonlarda hər nə qədər bağışlanması mümkün olmasa da Kənana qarşı mərhəmət yarandı içimizdə. Və çox gözəl ola biləcək bir eşqin başlamadan bitməsinə, gül açmadan solmasına böyük təəssüf hissi ilə şahidlik etdik.
   Əsər bir çoxunuza məlum olduğu üçün haqqında çox danışmaq istəmirəm. Sadəcə öz düşüncələrimdən bəhs edəcəm.
Lamiənin mütiliyi, Kənanın qeydsiz-şərtsiz hər istəyinə boyun əyməsi əsərin əvvəllərində əsəbləşdirir insanı. Lakin oxuduqca onun təmiz qəlbini tanıdıqca bunların saf sevgisindən irəli gəldiyini görə bilirsən. Kənanın onunla istəməyərək, özünün məcbiri borcu olduğu üçün evlənmək istədiyini bildikdə qəti etiraz etməsi bunun sübutudur əslində.
   Yazıçı bu əsəri ilə həm də insanların ruhi - psixoloji hallarına aşinalığını da ortaya qoymuşdur. Həm Lamiənin, həm Kənanın, həm onların ətrafındakıların və ən əsası da cəmiyyətin psixologiyasını incə məqamlarla üzə çıxarır və özünü usta yazıçı kimi sübut edir.
   Lamiə atasını-anasını itirmiş, əmisi evinə sığınmış və sevgiyə həsrət, sevgiyə möhtac bir qızdır. Yaşının az olmasını də yazıçı səbəbsiz seçməyib. Lamiə təcrübəsizdir, hər kəsə inanır. Kənan isə onun əslində həyatdakı ən böyük, ağır və acı təcrübəsi olur. Saf sevgi bəslədiyi bu insan qızın ona olan hisslərinin dərinliyini duyduqda öz fəlsəfəsini dilə gətirir: ... Gərək, sevginin dodaqdan qəlbə zəhər kimi işləməsinə yol verməyəsən... Mən çiçəklərə "torpağın sevgisi" deyirəm, Xınalı yapıncaq... Onlar da torpağın dodaqlarında bir busə olaraq açılıb solurlar... Ancaq onlardan hansı biri torpağın qəlbinə girməyi düşünür?... Bu, sadəcə məsum bir könül əyləncəsindən ibarətdir, eləmi?
   Lamiyə isə yenə saflığı və təcrübəsizliyindən doğan bir cavabla qarşılıq verir : Mən bundan sonra da yalnız bu əyləncə üçün yaşamaq istəyirəm, Kənan bəy...

   Lamiənin həyatını izlədikdə ən çox təsirləndiyim nüanslardan biri də qarşısına çıxan əks cinslərin demək olar ki, hamısının sonda başqa məqsəd güdməyə başlaması idi. Bu dünya yaranandan belə gəlib, belə də gedəcək deyəsən. Bir qadın təkdirsə, köməksiz, əlacsızdırsa qarşısına çıxan hər bir kişi mütləq sahiblənmək, öz himayəsinə almaq fikrinə düşür. Çünki kənardan kömək etmək cəmiyyətdə çox baş ağrıdan söz-söhbətlərin yaranmasına səbəb verir. Təəssüf ...
   
   Kənan isə məhrumiyyətlər səbəbi ilə uşaqlıq yaşamamış, özünü hər zaman əksik, hər kəsdən aşağı görərək böyümüşdür. O qədər aşağı ki, qarşılıqlı duyğular bəslədiyi ilk eşqindən belə özünü layiq bilmədiyi üçün vaz keçmişdir. Elə ki, kamanı və bəstələri ona şöhrətin qapısını açmış, ətrafdakılar ona başqa nəzərlərlə baxmağa başlamış Kənan sanki bütün yaşaya bilmədiyi uşaqlığının, qaçırdığı şanslarının acığını çıxarmağa başlayır həyatdan və ətrafından. O artıq nə sevgiyə inanır, nə də saf duyğulara... Hər gün başqa budaqda ötən bülbül misalı davam edir həyatına. Lamiəyə tam başından bəri aşiq olduğu fikrini və hissini qəti şəkildə yaxın qoymur özünə. Çünki bu həyatda Cavidan kimi əsil və mötəbər bir xanım var ikən, sadə və saf Lamiəni seçmək çox böyük "ağılsızlıq" olardı.  Əslində bu balaca qızı tam anlamıyla sevdiyini və bəstələrinin ilham qaynağı məhz Lamiənin olduğunu öyrəndikdə, daha doğrusu öz-özlüyündə qəbul etdikdə isə artıq çox gecikmiş olur.
Və əsərdə ən təsirləndiyim, məni kitabı bitirdikdən sonra tez-yez ürək ağrısı ilə xəyala daldıran hissə ilə o bunu çox ağır və acı şəkildə öyrənmiş olur. Qonaq gəldiyi dostunun evindən bir az aralı yaşayan Lamiənin hisslərini oyadacağından əmin bir şəkildə gecənin səssizliyində, açıq pəncərə önündə öz kamanını bəlkə də həyatında heç olmadığı qədər ürəkdən çalaraq son bir çırpınışla sevgisini dilə gətirir. Lakin böyük ümidlə çaldığı bu parçanın əslində eşqinin sonunu gətirdiyindən xəbərsizdir. Lamiə məhz bu musiqi ilə Kənana olan eşqinin artıq bitdiyini, bütün duyğularının öldüyünü anlayır.
   Son vaxtlar ən çox dinlədiyim və sanki məhz bu hissəyə ithaf olunmuş bir musiqi parçası ilə günlərlə gözümdə canlandı o səhnə. Musiqini dinləyin mütləq məncə. Əsəri oxumuşsunuza haqlı olduğumu görəcəksiniz...
Kaş ötən günlər geriyə dönəydi 
                                    Bir göz qırpımında
Kaş keçən günlər dadıma çataydı 
                                   Ömrümün sonunda
Kaman ayrılıq nəğməsin çalır
                                   Gecələrin pıçıltısında...  
Qəlbim odlarda alışıb yanır
                                   Yer ilə göyün arasında...



   Sonda bir şeyi də qeyd etmək istəyirəm. Dodaqdan qəlbə əsərinin serial olaraq ekranlaşadırıldığını bilirdim.  Lakin doğrusu heç izləməmişdim. Əsəri bitirdikdən sonra maraq üçün youtube-dan ilk seriasının 10-15 dəqiqəsini izlədim. Məncə  Kənan roluna çox doğru aktyor seçilib. Tam əsərdə təsvir edildiyi kimidir. Lakin Lamiə rolundakı aktrisa qəti nə əsərdə, nə də mənim xəyalımda təsəvvür etdiyimə uyğun deyil. Başdan sona yenə ekrandan tanıyıb, adını bilmədiyim bir aktrisa canlanırdı gözlərimin önündə hər Lamiə haqqında oxuduğum hissələrdə. Axtardım adını tapdım həmin aktrisanın - Ecem Uzun :) Sizcə də sarı saçları, çilləri və balaca-malacalığı ilə bu qız daha uyğun deyilmi rola :)
        
Həm kitab, həm də serial təhlili etdiyimiz bir yazının da sonuna gəldik :)))
Tezliklə başqa bir kitab təhlili ilə qarşınızda olmaq ümidilə ayrılıram sizdən canlar... Qucaq dolusu sevgilər...


15 yorum:

  1. Mən də sizin kimiyəm çox nadir hallarda 1 dəfə izlədiyim filmi təkrar izləyə və ya 1 dəfə oxuduğum kitabı təkrar oxuya bilərəm. Uşaq vaxtı serialı izləmişdim amma axırı yadımda qalmayıb. Axırı xoşbəxtmi qutardı ??? Kitabı axtarmağa başlayım ən qısa vaxtda oxuyum. 😊☺😊

    YanıtlaSil
    Yanıtlar
    1. Məncə kitabı mütləq oxu bacı. Axırı xoşbəxt sonluqlamı bitir, bədbəxt sonluqlamı özün şahid ol. Desəm maraqsız olar :) Sevgilər.

      Sil
  2. Çok teşekkürler. Bu analizinle beni çocukluğuma götürdün. Sanırım bu kız Lamia rolüne çok uygun.

    YanıtlaSil
    Yanıtlar
    1. Nə gözəl. Xəyallarınızın keçmişə getməsinə səbəb olduğuma sevindim. Təşəkkür edirəm.♡♡♡

      Sil
  3. Ben de şu an çalıkuşu romanını okuyorum ve dudaktan kalbe eserini çok sevmiştim :) Bence kitabın da dizi-filmin de yeri ayrı olabiliyor özellikle kitapta duygu yoğunluğunu daha fazla hissediyorum Umman Hanımcığım, sanki yazarla sohbet ediyorum havasını hiçbir şeye değişmem :)) Harika yorumlamışsınız, kaleminize sağlık :))

    YanıtlaSil
    Yanıtlar
    1. Kitabla film arasındakı duyğu fərqiylə bağlı düşüncələrinizə sonuna qədər qatılıram Məryəm xanım. Çox haqlısınız. Kitabı oxuyarkən qəhrəmanları, hadisələri özün canlandırırsan xəyalında və ən gözəli bu xəyalındakı dünyanın bir parçası ola bilirsən. Yorumu bəyəndiysəniz nə mutlu bizə:)) Sevgilər.

      Sil
  4. Ben de Kiralık Konak'ı okumak istiyorum yeniden, yıllar yıllar geçmiş okuyalı, unutmuşum.

    Aynı kitabı bir kaç defa okumayı severim. Mesela klasikleri yeniden okumayı düşünüyorum, çoğunu ergenlik çağımda okumuştum şimdiki aklımla bir daha okuyup şimdiki bakış açımla bir daha bakmak çok güzel olacak :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox haqlısınız. İnsan oxuduğu əsərdən yaşına görə, dünyagörüşünə görə bir nəticə çıxarır. Çılğın gəncliklə, müdriklik çağında oxunan kitabın əlbəttə fərqi olacaq. Yorum üçün təşəkkürlər.

      Sil
  5. Yanıtlar
    1. Təşəkkür edirəm. Çox sevindim bəyəndiyiniz üçün.♡

      Sil
  6. Aslında eski eserler yeniden okunmalı yıllar evvel okumuştum ama unuttum gitti hafızamda hiç bişey kalmamış kitaba dair.

    YanıtlaSil
    Yanıtlar
    1. İlk öncə xoş gəldiniz :) Sizə qatılıram. İllər sonra təkrar oxuduğun kitabda bəzən bir öncə oxuduğunda diqqətini çəkməmiş çox önəmli nüansları heyranlıqla kəşf edir insan. Yorumunuz üçün təşəkkürlər.

      Sil
  7. Türk edebiyatının en önemli yazarlarından ve en güzel eserlerinden biri,çok güzel seçim.

    YanıtlaSil
    Yanıtlar
    1. Məncə də. Ən əsası insan psixologiyasını yaxşı bilən və əsərlərini buna görə yazan bir yazıçıdır Rəşad Nuri Güntəkin. Təşəkkürlər.

      Sil