7 Ekim 2019 Pazartesi
Günəş və çiçəyin nağılı
Qönçəsindən ləçəklənib gözlərini mavi səmaya açar-açmaz görmüşdü onu. İlk gördüyü andan da aşiq olmuşdu. Əzəməti, yaraşığı, şəfqəti sehirləmişdi elə bil çiçəyi.
Hər səhər ləçəklərini oxşayan isti, mehriban barmaqları onu günü-gündən bağlamışdı özünə...
Onsuz bir həyat düşünə bilmirdi... Hər gün axşama yaxın, sevdiyi bütün istisini, işığını da toplayıb qarşıdakı dağın arxasına istirahə çəkiləndə ertəsi səhərəcən kiçicik qəlbində aşıb-daşan özləmlə gözləyərdi yolunu...
Bir müddət sonra sevgisinin təktərəfli olmadığını anlamışdı. Sanki günəş də onu görmək üçün daha erkəndən aydınladırdı göy üzünü.
Sonsuz saylı barmaqları ilə bir-bir bütün yer üzündəki çiçəklərə xəfifcə toxunub onları yeni bir günə oyadanda bizim çiçəyə toxunuşu bir başqa olardı sanki ... O qədər xəfif, o qədər sevgi dolu idi ki bu toxunuş çiçək ləçəklərindən köklərinə qədər axan sevginin coşğusuyla bütün gününü dünyanın ən məsud canlısı olaraq keçirərdi.
Günəş isə yerindən tərpənmədən vəzifəsini qüsursuz bir şəkildə yerinə yetirərkən çiçək olurdu hər zaman ağlında, qəlbində... Hara baxsa onu görürdü sanki... Uçan kəpənəklər, əsən küləklər, rəqs edən yarpaqlar hamısında çiçəyi görürdü.
Nə zaman nəzərini ona çevirsə çiçəyin ona zillənmiş məsum baxışlarına şahid olurdu. Və bu ona elə bir sevinc, elə bir qürur hissi bəxş edirdi ki, o baxışlardan başqa heç nə düşünə bilmirdi...
Günəş hamıya aid idi... Hamının ona ehtiyacı vardı. O da bunu bilirdi. Var olduğu gündən hər zaman məsuliyyətinin və önəminin fərqində idi. Lakin indi ilk dəfə idi ki, kiçicik bir qəlbdə ehtiyacın çox üstündə, bambaşqa bir duyğunun ona qarşı bəsləndiyini görmək həyatına fərqli bir rəng qatırdı... Sanki o hər gün dünyanın indiyənəcən dadmadığı ləzzətlərini kəşf edirdi.
Bu duyğu onu ağuşuna elə bir almışdı ki, zamanla çiçəyin tək sahibi hiss etdi özünü. Bu əvəzsiz, məhrəm hissləri ondan başqa birinə yaşada bilməzdi çiçək... Bu sadəcə ikisinin də qəlblərində gizlicə qurduqları sevgi dünyasına aid duyğulardı, hər kəsdən uzaq, hər şeydən arınmış...
Bütün günü ona baxan baxışların başqa yerə yönəlməsi qəbuledilməz idi günəş üçün. Çiçək sadəcə ona baxır, o da bütün sevgisi ilə gur şüalarını yağdırırdı çiçəyin üzərinə...
Bir zaman sonra bu işığın istisindən çiçəyin bəzi ləçəkləri ucundan yanıb saralmağa başladı... Başı böyük eşqinə qarışmış çiçək yavaş-yavaş bu eşq sərxoşluğundan oyanmağa başladı. Bütün gün sadəcə günəşə boylanmağın ona zərər verdiyini anlamağa başladı...
Bu böyük eşq çiçəyin həyatının sonu ola bilərdi... Eşqini daha çox yaşamaq, sevdiyinin simasına daha çox baxa bilmək, ona olan duyğularını daha çox elan edə bilmək üçün çiçək bəzi zamanlar gözlərini günəşdən çəkməli idi. Ötən buludların, yanındakı ağacın rüzgarla xış-xış nəğməsini oxuyan yarpaqlarının kölgəsində gizlənməli, özünü qurumaqdan xilas etməli idi...
Bunu anlatdığında üzüntü və qəzəbdən rəngi tutulan günəş heç bir anlam verə bilməmişdi bu istəyə... Necə ola bilərdi... Çiçək ondan başqasına necə baxa, arada onsuz qalmağı necə istəyə bilərdi... Hər şeyə həyat verən işıq və istisinin necə zərəri dəyə bilərdi axı çiçəyə... Anlamamışdı günəş... Çiçəyin bambaşqa bir yaradılışı olduğunu unutmuş, onun istəyini bu eşqdən yorulmuşluq kimi dəyərləndirmişdi öz aləmində... Deməli çiçək artıq ondan bezmişdi... Deməli indiyə qədər sadəcə özünə aid olduğunu düşündüyü çiçəyinin ondan başqa, onun olmadığı bir həyatı da olmalı imiş...
Özü hər axşam çiçəkdən ayrılıb istirahətə çəkilsə də çiçəyin ondan ayrılıb onsuz bir neçə an istəməsi ağır gəlmişdi günəşə...
Həyatının onun olmadığı başqa yönlərini kəşf etdikcə, onsuz bir dünyada yaşadıqca soyuyacaqdı çiçək ondan, bilirdi... Bəlkə də zamanla unudacaqdı onu, boylanmayacaq, baxmayacaqdı üzünə... Bəlkə də ona daddırdığı o ecazkar hissləri başqa birinə də bəsləyəcəkdi...
Yox, çiçək bu aidlik duyğusunu başqasına da hiss etdirə bilməzdi... Çiçək sadəcə ona aid olmalı idi, sadəcə ona...
Odur ki, qəti şəkildə etiraz etdi bu təklifə: "Sən mənimsən. Məndən başqa bir an da keçirməyini istəmirəm."
Çiçək nə qədər başa salmağa çalışsa da günəş anlamaq istəmədi... Sevdiyinin qəlbini daha çox qırmamaq üçün susdu çiçək.
Günəş eşqi ilə birgə artan istisi ilə hər gün sarıldı çiçəyə... Sadəcə ona aid olan çiçəyi dünyanın ən xoşbəxt canlısı etdiyinə inandı... Çiçəyin hər gün bir az daha solduğunu, quruduğunu isə görə bilmədi...
Çiçək günəşin yandırıcı istisindən vaxt keçdikcə halsızlaşır, bütün vücudundan suyu çəkildikcə ayaqda qalacaq gücü qalmırdı... Ləçəkləri yarıya qədər saralmış, yarpaqlarının ucundan da yanmağa başlamışdı. Sonunun yaxınlaşdığını anlayırdı...
Qısa zamanda ətrafında bütün gün onun eşqini öz aralarında pıçıldaşan yüzlərlə rəngbərəng çiçəklərlə dolu yaşıl çəməndən, qonşuluqdakı yarpaqları hər zaman rəqs edən, qırmızı almalarla bəzənmiş məğrur, hündür ağacdan, bəyaz buludları ordan-oraya qovalayan mavi səmadan və ən əsası gözlərini ona açdığı və qısacıq ömründə sadəcə ona bağlandığı sevdiyindən ayrılıb gedəcəyini görürdü...
Bir neçə dəfə təkrar günəşlə bu məsələ haqqında danışmağa cəhd etsə də günəş ardını gətirməsinə izin verməmişdi belə...
Beləcə, sonunu gözləyə-gözləyə ayaqda durmağa çalışırdı çiçək... Zaman ötür, hər gün 2-3 ləçəyini və 1 yarpağını itirir, solduqca solur bizim kiçicik çiçək... Bütün qəlbi ilə ona bağlanmış sevdiyinin onun bu ölümünü görməməsinə isə üzüldükcə üzülürdü...
Bir gün yenə istirahətə çəkilərkən son işığı və istisi ilə artıq boynu bükülmüş çiçəyinə boylandı günəş..."Sabahacan sevdicəyim, görüşərik can çiçəyim" -dedi şən səslə. Yeni bir günə ilk olaraq sevgilisini işıqlandırıb, onu görərək başlamaq ümidi və təmənnisi ilə dağın arxasında yavaş-yavaş görünməz oldu günəş...
Çiçək isə başını qaldıra bilməsə də baxışlarını son dəfə yuxarı qaldırıb, kədərli, xəfif gülümsəmə ilə yola saldı ilk və son eşqini...
Ertəsi gün günəş yenə sevdiyini görmə həyəcanı ilə yüksəldi göy üzünə... Çiçəyin heç dəyişməyən yerinə saldı nəzərlərini... Və o anda qəlbi oynadı yerindən... Əvvəl görə bilmədisə də çiçəyini, sonradan yerə sərilmiş solğun vücuduna ilişdi gözləri... Nə olmuşdu, nə olmuşdu sevdiyinə?!
Çox səsləndi, çox çağırdı... Bütün nəvazişi, bütün şəfqəti, sevgisi ilə səsləndi... Amma artıq gec idi... Çiçəyin sadəcə ona yönəlməsini istədiyi üzü əbədi olaraq torpağa düşmüşdü...
O anda anlamağa başladı çox sevməyin hər şey olmadığını, o anda anladı bəzən vaz keçməyin, öz duyğularında fədakarlıq etməyin əsl eşq olduğunu... Və o anda anladı qiyamətə qədər sürəcək həyatında çiçəyin öz qısacıq həyatını ona bağlamasının dəyərini... Bu fədakarlığın qarşısındakı qısqanclığının hədərliyini və öz eşqinin o kiçicik qəlbdəki eşqdən kiçikliyini indi anladı...
Göy üzü günəşin utancını bütün dünyaya elan edərcəsinə qıpqırmızı rəngə bürünmüşdü...
Həyat isə qaldığı yerdən davam edirdi - çəmən çiçəkləri pıçıldaşır, alma ağacının yarpaqları rəqs edir, buludlar yenə mavi səmada qaçdı-tutdu oynayırdı...
Kaydol:
Kayıt Yorumları (Atom)
İyi çalışmalar Emeğinize sağlık
YanıtlaSilTeşekkür edirem. Var olun.
Silnasıl güzel düşünmüşsün ya doğanın sevgisi, güneşle çiçeğin sevgisi, mükemmel olmuş :)
YanıtlaSilBeyenmene çoox sevindim canım. Minnetdaram ❤
Sil