1 Haziran 2020 Pazartesi

Söhbətləşək...



  Həyatın yeni bir axınına doğru istiqamət dəyişdirmiş ikən yazmaq istəyirəm sizlərə canım yazımı oxuyan hər bir oxucu... Uzun müddətdir yazıb dərdləşmirəm sizlərlə... Əslində bu dərdləşməyə çox ehtiyac duyduğum zamanlarım oldu, amma türklər demiş "huyum kurusun"
özümü pis hiss etdiyim zamanlarda özümə qapanıb, duyğularımı təkbaşına yaşamaq daha rahat gəlir nədənsə mənə. Nə isə... 

   "Nə var nə yox?", "həyat necə gedir?" deyə soracaq olsanız yəqin ki, ilk dəfədir hər kəsinki kimi deyəcəyəm... Karonavirus və karantin bütün dünyadakı insanları ortaq bir qədərdə birləşdirdi ötən iki ayda. 

   Yadınızdadırsa 2020-ci ildəki hədəflərimdən və yeni çizdiyim həyat yolumdan bəhs etdiyim "Köhnə ildən yeni ilə" adlı yazımda bir çox yeniliklərdən danışmış, atacağım addımların həyəcanını bölüşmüşdüm sizlərlə... Gəlin əvvəl o gündən bu günə baş verənlər haqqında məlumatlandırım sizləri. Maraqlıdırsa təbii ki... 😊 

   2020 mənim üçün möhtəşəm başlamışdı. Yepyeni bir həyatın astanasına qədəm qoyurdum demək olar ki... (Sonradan olacaqlar kimin ağlına gələrdi?)
   
   Ən başda bir rəfiqəmdən təklif aldım. Mənə gənc analar üçün həyata keçirmək istədikləri layihədən bəhs elədi. Yadımdadır telefonda danışdıqca tam da istədiyim və arzuladığım bir işin içində ola bilmək imkanı məni çox həyəcanlandırmışdı. 

   Az sonra həmin layihəmizi layiqincə hazırlayıb ortaya çıxarmaq üçün təlimlərə başladıq. Müxtəlif mentorlardan çox maraqlı və faydalı bilgiləri əldə etdiyimiz həmin təlimlərə ilk gedişimdə ağzım açıq qalmışdı :) 

   Buradakı bütün xanımalar ayrı-ayrılıqda mənim xəyallarımı həyata keçirmək üçün toplaşmışdılar sanki. Rəssam qrupu, gənc tələbə qrupu, yaşlılar üçün çox maraqlı layihə həyata keçirmək istəyən xanımlar, yeni övlad dünyaya gətirmiş analar üçün mənəvi, psixoloji dəstək dərnəyi, evdar xanımlar üçün xüsusi kafe düşünənlər və s, və ilaxir...

  İlk dəfədir aid olduğum yerdə görürdüm özümü. Eyni amal və bənzər hədəfləri olan bu xanımlarla o qədər səmimi və isti münasibətlər yaranmışdı ki, təlim arasındakı coffee breaklardakı söhbətlərimizdən çətinliklə ayırırdı bizi təlimin təşkilatçıları. Hamımızın ürəyi dolu idi. Durmadan Azərbaycan qadının bugünkü gününü müzakirə edir, özümüzə görə müxtəlif həll yollarını irəli sürürdük. 
 Bir ara rəfiqəmə yavaşdan "Sanki cənnətdəyəm" dediyimi belə xatırlayıram :)

   Əlbəttə ki, bütün həyatım boyu digər işlərimdə olduğu kimi bu təlimlərə getmək də o qədər də asan olmurdu mənim üçün. Adətən həftəsonu hər kəsin evdə olduğu bir vaxtda evin bütün yükü üstündə olan ananın səhərdən axşama kimi olmamağı istər-istəməz  evdə gərginlik və narazılıq yaradırdı. Amma hamısına dişimi sıxırdım. Çünki missiyamız çox gözəl idi. 

   Əslində bir az fərqli məcrada həyata keçirməyi düşündüyümüz layihə mentorların məsləhəti və keçirdiyimiz sosial sorğu, intervyular sayəsində bir az dəyişikliyə uğrayası oldu. 

   Eyni zamanda komandamız da formalaşdı. 3 xanım, 2 kişidən ibarət olan komandamızda biz 3 xanım arasında elə gözəl münasibət var idi ki, tam arzuladığım kimi :) Kitablardan, həyati məsələlərdən danışa biləcəyin, rahatlıqla fikirlərini bölüşə biləcəyin rəfiqələrinin olması ən böyük xoşbəxtlikdir məncə...

   Beləliklə, 2 aylıq təlimlər və çalışmalarımızın nəticəsində mart ayının 1-də Park İnn oteldə keçirilən təqdimetmə mərasimində, elə burda yaxından tanıyıb şəxsiyyətini, xanımlığını çox sevdiyim Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assossiyasının idarəetmə heyətinin, eyni zamanda "Bakı Tekstil Fabrikinin"(o gün karonavirus dövründə tikəcəkləri maskalarla sonradan adını daha çox duyuracağından xəbərsiz idik) sədri Səkinə Babayevanın da içərisində olduğu jüri tərəfindən bizim layihə bəyənilərək onlarla layihə arasından seçildi və 2-ci yerə layiq görüldü.


   Beləcə həmin gün həyatımın ən maraqlı və həyəcanlı günlərindən biri olaraq ömür səhifəmə yazıldı. 

   Artıq yavaş-yavaş layihəni həyata keçirmək üzərində danışırdıq ki, məlum koronavirus və karantin hər şeyi alt-üst etdi :( İşlərimiz yarım qaldı. Başlaya bilmək üçün komanda yoldaşlarımızla görüşmə imkanımız olmayınca təxirə salası olduq. Hər şey yoluna düşdüyündə yeni başdan başlayacağıq biz də...

   Bütün bunlarla yanaşı yuxarıda linkini paylaşdığım yazıda qeyd etdiyim kimi şəxsi biznes üçün də müəyyən addımlar atmağa başlamışdım. İlkin nəticə gözləntimin çox altında, başdan sona xəyal qırıqlığı olsa da, əvvəlcədən özümə söz verdiyim kimi zərrə qədər ümidsizliyə və pessimistliyə qapanmadım. Səbirlə davam etdim. Və yavaş-yavaş hər şey qaydasına düşməyə başladı. Hətta vəziyyət gözlədiyimdən daha sürətli bir şəkildə yaxşılaşdı. Sadəcə, çox yorucu və səbir istəyən bir iş olduğundan sona doğru tükənməyə başlamışdım... Sonra məlum koronavirus, karantin və yenə yarım qalan işlərim...

   Özümü bu dövrdə tanımış oldum bir baxımdan da... Məsələn yuxarıda saydığım məsələlərlə bağlı qəti ümidsizliyə düşmədim. Pozitiv olmağın, həyata pozitiv yanaşmağın mükafatı oldu mənə bütün bunları sakit və təbii qarşılamağım.


   Martın 15-də həm Novruz bayramını qeyd etmək, həm də müəyyən bir müddət qalmaq üçün Lənkərandakı kəndimizə gəldik. Və qısa müddət sonra bütün yollar bağlandı. Yoldaş və uşaqların qeydiyyatı rayonda olduğuna görə tam 2 ay yarımdır biz bura məhkum olunmuşuq sanki. 



   Şükür ki, ən sevdiyim fəslə baharın gəlişinə düşdü burda olmağımız. Həyətdə, bağda ağacların bəyaz, çəhrayı çiçəkləri arasında gəzişib xəyallara dalıb məst olaraq bol-bol şəkil çəkdim. Pəncərə önündə oturaraq quşların cəh-cəhinə qulaq asmaq, ağacların arxasında batan günəşin son şüalarının yenicə açmış firuzəyi yarpaqları bir mücəvhər daşı kimi parlatmasını heyranlıqla müşahidə etmək, o şüaları barmaqlarınla tutmağa çalışmaq, hamının evə qaçıb sığındığı bir zamanda arxa bağdakı hündür armud ağacının altında dayanıb yarpaqlara dəyib süzülən yağmurun tap-tup səsi ilə söhbətləşmək kimi ətrafa dəlicə görünən, məni isə mən edən bir çox gözəllikləri daddım burda.
  

    Həyatın səsindən-küyündən, qarışıqlığından bir az arındığımız üçün, məktəb, kurs arasında yol ölçən, sistemin yorucu boyunduruğu altında ömür sürməyə məcbur edilmiş balalarımın üzünü doyunca görə bildim. Söhbətlərimiz bollaşdı, ortaq maraqlarımız formalaşdı, duyğularımız bənzəşdi... Və bu karantindən bizə qalan ən böyük qazanc oldu...
   
   50-dən çox dünyada öz sözünü demiş və mütləq mənada izləyənə bir şeylər qatan filmlər  izlədim. Bol-bol kitab oxudum. İzlədiklərim və oxuduqlarım sayəsində beynimdə bambaşqa üfiqlər açıldı. O qədər şey dəyişdi ki, məndə...Bununla bağlı ayrıca yazı yazacam inşallah...


   Və Ramazan... İlk dəfədir iftara qonaq çağırmadan, qonaq getmədən bir Ramazan başa vurduq. Düzdür burda yaxın qohumlardan 1-2-si dəvət etdi. Biz də 3-4 dəfə qonaq çağırdıq, amma bu həmişəki Ramazanlardan deyildi yenə də... 

   Evdə çox adam olduğu üçün iftarlar, sahurlar maraqlı oldu şükür. Sahura qədər yatmaq yox idi. Bir şeylər hazırlayır, izləyir və ya Quran oxuyur və göz açıb yumana qədər sahur vaxtının çatdığını görürdük. 13-14 nəfərlik açılan uzun süfrədə ailəmizin hər yaşdan olan üzvləri ilə iftar, sahur edirdik. Bu il evdə biri 4, biri 5 yaşında olan iki balacalarımızdan başqa hər kəs oruc tutdu. 

   Və yenə həvəslə qoğal, paxlava bişirərək hazırlıq gördüyümüz bayramı da yola verdik.  

Bu müddət ərzində hər dəfə karantin təkrar-təkrar uzadıldı. Hər şey, əslində, görünürdə çox yaxşıdır. Və deyərdim ki, bu virusadan ən az zərər görmüşlər arasında sayıla bilərik. 
    

   Lakin insanıq biz, zamanla ən yaxşı şeylər belə yor bilir insanı. İlk zamanlar səbirlə əvəz etməyə çalışdığım qayıtma arzum son günlərdə zirvəyə çıxdı. Artıq evə dönmək zamanı idi. Evimi, düzənimi, gündəlik adi yaşayışımı, yatağımı, fincanımı qısacası evimin hər şeyini özləməyə başladım. 

   Bu özləyiş anlayışlı bir həmdəm tapmayınca, həlli baxımından çarəsizlik duyğusu yaratdığından və uzandıqca uzandığından yavaş-yavaş depressiya quyusuna itələdi məni... Tam düşməyə qoymasam da o quyunun ağzında asılı qalmışam günlərdir... 

   Amma hər şeyin bir hikməti var axı... Bu müddətdə  gözümün önündəki bir çox pərdə qalxdı, dəyər anlayışı, sevgi anlayışı və empatiya duyğusu ilə bağlı bir çox yeni şeylər dərk etdi beyin... Bir çox yeni qərarlar aldım bu sayədə, həyatım və bundan sonrakı mövqeyim, davranışlarımla bağlı... 

   Nə isə ki bu gün qismət olsa evimizə dönürük... Bir çox şeyin artıq əvvəlki kimi olmayacağını bildiyimdəndir bəlkə dörd gözlə gözlədiyim bu gündə zərrə qədər sevinc və həyəcan yoxdur içimdə... Bomboşdur duyğularım da... 

   Mənə tək həyəcan verən yarım qoyduğum işlərimi yenidən yoluna qoymaq imkanımın olacağıdır...

   Beləcə, canım oxucu, həyatın sürətli axan selində sürüklənib dururuq. Biz çox planlar qursaq da bu sel bizi hara istəyir, ora götürür ... Aldığım yeni qərarlar məni hara götürəcək bilmirəm, amma yenə də üzməyə məcburam... Çünki üzərək var oluram... 


Yenə bir axının götürəcəyi naməlum yerlərdən yazana qədər sağollaşıram sizlərlə... Sizin həyatın axını hansı istiqamətədir?.. Bu öz istədiyiniz yönədirmi, yoxsa məcbur sürüklənirsiniz o sel ilə... 

Yorumlarda yazın bilək... Sevgilərlə...

4 yorum:

  1. N: Gözəl bacım,bütün yaşadıqlarımız bizim,alın yazımız,taleyimiz,qismətimizdir!Əgər nə isə alınmırsa,inan ki,orada bizə zərər verə biləcək nələrdənsə Allah bizi qoruyur.Çünki mən öz həyatımda bunun dəfələrlə şahidi olmuşam!Müəyyən müddət keçəndən sonra Allah tərəfindən daha gözəl mükafatlandırılırsan! Sən də hər zaman cəhd edirsən,əziyyət çəkirsən ,müəyyən məqsədlərə nail olmaq üçün.İnan ki,deyərdim ki,artıq sən öz yolunu müəyyən etmisən-gözəl yaradıcılıq nümunələri ərsəyə gətirməklə...Bu fasilə,düşdüyün mühüt,gözəl məkan həqiqətən də yaradıcılığında böyük təkan oldu.İnanıram ki,digər işlər də qısa zamanda yoluna düşəcək..Sənə hər zaman ruhyüksəkliyi verən gözəl ortam arzulayıram ki,biz oxucularını da yeni-yeni dəyərli əsərlərinlə sevindirəsən!

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Can, çox sağ ol bacı. Bezen heyatın sürükleyici burulğanına qapılırsan istemeden. Bir yerlere sürüklenirsen. Her defesinde qurtulmağı bacarmışam çox şükür. Allahın inayeti olub tek desteyim. Çox vaxt içimde yaşadığım fırtınalardan en yaxınlarımın bele xeberi olmur. En böyük desteyin menimle olduğunu bilmek cesareti ile o burulğanın meni sahil-i salamata çıxarmasına nail olmuşam her defesinde. Şükürler olsun... ❤

      Sil
  2. Bəzən insan o qədər yeni hadisələrdən, olanlardan, üstünə-üstünə gələn gözləmədiyi hadisələrin çoxluğundan yorulur ki, nəyin yaxşı, nəyin onun üçün xeyirli olub-olmadığını aydın görə bilmir. Ta ki, fırtına yatır, duman çəkilir. Və bir də baxırsan sən demə heç də hər şey pis deyilmiş.
    "Allahım, mənə dəyişə bildiklərimi dəyişmək üçün güc, dəyişə bilmədiklərimi qəbul etmək üçün səbr və birincini ikincidən ayırmaq üçün müdriklik ver." bu sözləri çox sevdiyim və daim mənə motivasiya verən rəfiqəm tez tez xatırladır mənə özü də hiss etmədən.

    YanıtlaSil
  3. Bezen de sakitlik, deyişmezlik insanı uyuşdurur sanki. Her şey normal kimi gelir, ele bele olacaqmış kimi. O zaman da eslinde bir sarsıntı, terpeniş, ya ne bilim ele fırtına oyada bilir insanı. Her şeyin yeri deyişince altda qalanlar, göre bilmediklerin çıxır üze. Görmeye başlayırsan. Ona göre heyatda her şeyi heqiqeten yetkin bir müdriklikle qarşılamaq lazımdır. Sakitce olacaqları müşahide edib özüne ders çıxararaq. Sadece tek duam ve tek temennim yalnış görmemek, yalnış deyerlendirmemek ve yalnış qerar çıxarmamaq.
    Teşekkürler semimi yorumunuza göre.❤

    YanıtlaSil