2 Şubat 2017 Perşembe

Mövlud Süleymanlı - Ceviz qurdu


                   
    Dünən Mövlud Süleymanlının Üç roman adlı kitabındakı ikinci əsəri də oxuyub bitirdim nəhayət. Vaxtsızlıqdan kitabları bu qədər gec bitirməyim də hər dəfə yer edir ya mənə, nə isə...
    "Ceviz qurdu" adlanan ikinci romanın "Köç" qədər təsirli olmayacağını az-çox təxmin etmişdim.Çünki kitabı verən özəlliklə "Köç"ü oxumağı tövsiyə etmişdi. Lakin əvvəli bir az darıxdırıcı gələn "Ceviz qurdu"nu oxuduqca sujet xəttinin içindən keçən sarı simi yaxalayınca elə bir dalırsan ki, əsərə bir də sonda oyanırsan.

    "Ceviz qurdu" mənə əslində "Köç"ün bir növ davamı kimi gəldi. Düzdü burda həm hadisələr,  həm də obrazlar tamam fərqli ampulada, fərqli ab-havadadır. Lakin nədənsə bu fərqliliklər arasında bir yaxınlıq da duydum mən.
    Əsərin qısa məzmunu belədir. Vaxtilə kənddə iki düşmən ailədən olan Narıncla Xalıl bir-birinə könül verirlər. İllər öncə qanlı olan, lakin, zaman keçdikcə nifrətləri soyumuş, yalnız sözdə qanlı qalmış hər iki ailə əslində bu birlikdəliyə pis baxmır. Elçi gəlinir qız verilir. Lakin qızın 90-dan çox yaşı olan nənəsi bu işə qəti razı olmur. Hər gün qızın başın doldurur. Toydan əvvəl qarı ölsə də dedikləri artıq çoxdan öz təsirini göstərmiş olur.  Toyla, dəm-dəzgahla köçən Narınc oğlana heç vaxt onun arvadı olmayacağını söyləyir. Normalda gözlənilən odur ki, qızı tez qaytarıb bu biabırçılıqdan canlarını qurtarsınlar. Amma bu heç də asan olmur. Çünki yeni qurulmuş Sovet hakimiyyəti millətə məxsus bir çox  adəti yox etməyə çalışdığı kimi köhnədən qalmış bu düşmənçiliyin də ortadan qalxmasını istəyir. Hətta toya dövlət adına 1-2 nümayəndə də gəlir. Həm Xalılın, həm də Narıncın ailəsi çıxılmaz vəziyyətdə qalır. Toy tam 3 gün uzanır. Nəhayət, gizlicə qızın az yaşlı bacısı Sarıcanı onun yerinə gətirib Narıncı isə başqa kənddən evlənmək üçün gəlmiş uzaq qohum olan bir gəncə qoşub qaçırdırlar. Xalılın anası Narınca elə bir qarğış edir ki, qız bir ömür boyu bunun əzabını çəkir. Bircə qızı dünyaya gəlir. Oxumaq üçün Bakıya göndərdikləri qız elə kəndçiləri olan Xan tərəfindən aldadılıb sevgi toruna düşür. Əsərin sonunda qeyri-qanuni dünyaya gətirdiyi övladını xəstəxanada qoyub qaçır.
    Əsərin ümumi məzmunu bundan ibarət olsa da içində onu zənginləşdirən, mənasına dərinlik qatan kiçik hadisələr və obrazlar var ki, onlara toxunmadan keçmək olmaz. Yuxarıda qeyd etdiyim "Köç"lə yaxınlığı da məhz bu kiçik nüanslarla sezilir. "Köç"ün sonunda Sovet hakimiyyəti qurulur. Və əsəri 30-cu illərdə yazan ədib təbii olaraq bunu millətin qurtuluşu kimi göstərir. Lakin "Ceviz qurdu"nda biz məsələyə fərqli pəncərədən baxmağa başlayırıq. Qurulan hökümətlə millətin mənəviyyatı, xarakteri, milli psixologiyası korlanmağa üz tutmuşdur. İnsanlar qorxaqlaşmış, yalançılaşmış, satqınlaşmış və miskinləşmişdir. Qarakəlləoğlu cılızlaşıb bir kiçik ailə olaraq davam edir həyatına. Və maraqlısı budur ki, o hələ də köç etməkdədir. Özünə ədalətin, saflığın, halallığın olduğu bir yer axtaran Qarakəlləoğlu bu kənddən o kəndə, o kənddən bu kəndə köçərək bir yerdə qərar tuta bilmir.
     Hökümətin qorxusundan Ağ aşıq aşıqlığını, Molla Qara Allah adamı olduğunu danır. Tarımar edilən Ayaz ağanın varı dövləti kənd camaatını poçtalyon Tanrıverdinin sarı sulu oğlunun timsalında xəstə edib, dilə-dişə salır.
    Yeni sistemin yaratdığı qolçomaqların özbaşınalığı, camaatın bu iki qorxu arasında sıxışıb qalması... Və bir çox hadisələr...
           
    Əsərin anlatım tərzi yenə heyran qoydu məni. Yazıçı bu işi çox gözəl bilir. Onu anladım təkrar. Əsərdə bütün hadisələr bir ceviz qurdunun həyatı ilə paralel götürülür. Və hər iki dünya arasında o qədər gözəl əlaqə qurulur ki, sanki əsər bununla tamamlanır. Ac cılız qurd torpaqda sürünərək ağaca dırmaşır. Ağac onun üçün nə qədər uca və əlçatmaz olsa da qurd səbirlə sürünə-sürünə onun ən yüksək budaqlarından birindəki, qoxusuyla ona yollar aşdırıb cəzb edən bir qoza daxil olmağa müəssər olur. Həmin qozun içinə girərək bəslənməyə və onu çürüdüb məhv etməyə başlayır. O qədər şişir ki,  orda sıxışıb qalır.  Yazıçı təbiətdən seçib ümumiləşdirdiyi bu obraza əslində o qədər məna yükləyir ki,  hansı tərəfdən yanaşsan bu kiçik qurdun həyatını bir çox incəlikləri əks etdirən  böyük bir ayna olaraq görə bilirsən. Qurd həm şəxsi , həm də ictimai qüsurların timsalıdır. Şəxsi planda daxili aləmdəki mənfi xüsusiyyətlərin bütövlükdə mənəviyyatı necə çökərtdiyini göstərərkən. digər tərəfdən onun timsalında cəmiyyət həyatındakı "parazitləri" görürük əslində. İnsanların mənəvi dünyasını korlayıb çürüdən "parazitləri". Və əsərin sonunda çürümüş qozdan çıxıb özünə pup hörüb yeni bir həyata başlaması ilə onların məhv olunmazsa tükənmədən həm daxili aləmdə, həm də cəmiyyətdə hər zaman var olacaqları da öz isbatını tapır beləcə. Əsərin bu hissəsini yazıçının dilindən dinləyək : "...Ceviz qurdu qozun dibinə sıxılmışdı. Qozun içi vulkandan sonra yanmış dağlar, təpəliklər kimiydi. Ləpənin külü-tozu qalmışdı ki, qurd ara-sıra gücsüz-güzcsüz külü yalayırdı. İki ay bundan qabaq açdığı deşikdən necə girmişdisə, arıqlayıb o hala düşməkdəydi. Əvvəllər tox idi, səs-küy eşitmirdi, acandan sonra hər pıçıltıya gözlərini açırdı. İndi də Əsmərin səsinə sarı gəldi. Birdən-birə bütün canıyla hiss elədi ki, bu dəfə deşikdən çıxacaq. Başını deşikdən çıxardıb boylandı. Əsmərin barmaqlarının arasından süzülüb stolun üstünə düşdü. Stolun ayağıyla üzüyuxarı çıxırmış kimi üzüaşağı endi. Enib toza-torpağa qarışdı. Bu yerdəcə bürüşüb tüpürcəyi, seliyi ilə özünü mumlamağa başladı. Bu, bir ağac boyu olan yol qurdunun min-min illər boyu keçdiyi yol idi ki, heç yana gedib çıxmamışdı. Hələ də yol gedirdi..."
    Söylədiyim kimi, üç romanın bir-birilə əlaqəli olduğuna inanıram. Digər romanda bu əsərlərdən iz tapacammı maraqlıdır mənim üçün. Üçüncü romanı tez bitirəcəyimi bütün qəlbimlə arzu və ümid edərək bitirirəm bu yazımı da. Sevgilər.


10 yorum:

  1. baksanaaa, sizin edebiyattan en sevdiklerini sölesene, türkçeye çevrilmiş de olsun, alıp okuycam kii :)

    YanıtlaSil
  2. Bağışlayın, yorumunuza çox gec cavab verirəm. Bu aralar çox ola bilmirəm buralarda. Doğrusu mənim sevdiyim bir çox yazıçımız var amma onların əsərləri türkcəyə çevrilibmi bilmirəm. İki yazıçı var Anar və Çingiz Abdullayev bunların əsərlərinin türkcə variantlarının da olduğunu bilirəm. Bir də 1920-lərdə ortaq türkcə yaratmağa çalışan ədiblərdən Hüseyn Cavid var əsərlərini Türkiyə türkcəsinə yaxın yazan. Onun çox məşhur əsərləri var. Onları tapıb oxuya bilərsiniz. Əgər hər hansı birini tapsanız və mənə fikirlərinizi yazsanız çoox məmnun olaram. Sevgilər.

    YanıtlaSil
    Yanıtlar
    1. tamam bakıcam bulurum herhalde :)

      Sil
    2. Ya ben seni ekledim saniyodum meğer google da tkip ediomusum simdi farkettim ve ekledim hemen 😃 yorumlamanda güzel olmus 😃

      Sil
    3. Çox təşəkkür edirəm. Amma inanın mənim üçün arada bir ziyarət edib, yazılarımı oxumağınızdır əsl önəmli olan. Sevgilər.

      Sil
  3. Tanitim için tesekkürler.

    YanıtlaSil
    Yanıtlar
    1. Oxuduğunuz üçün mən təşəkkür edirəm. Bütün dünya yazıçılarının əsərlərini oxuyuruq. Bir az da Azərbaycan yazıçılarını tanıyaq deyilmi? :)

      Sil
  4. Günaydın hayırlı sabahlar hayır dolu huzur dolu bir Cuma günü dilerim.

    YanıtlaSil
  5. Merhaba Ses bölümünü okudunuz mu ?

    YanıtlaSil
    Yanıtlar
    1. Salamlar. Xoş gelmisiniz😊 Beli oxudum. Bir yazı sonra "Ses" romanı ile bağlı düşüncelerim de var bloqda.

      Sil